Kemal Sunalı anırıq...

Kemal Sunalı anırıq...
11 noyabr 2014
# 12:27

Şahin Xəlil

11 noyabr 1944-cü ildə İstanbulun Küçükpazar ərazisində Mustafa və Saimə cütlüyünün övladı dünyaya gəlir. Kasıb həyat tərzi sürən Sunal ailəsinin ağlına gəlməzdi ki, soyuq noyabrda doğulmuş bu körpə illər sonra milyonların qəlbini fəth edərək məşhur bir aktyora çevriləcək. Körpəyə Kamal adı verildi. Kamalın Çingiz və Cəmil adlı iki qardaşı da var idi.

Getdiyi ilk məktəb “Memar Sinan", məzun olduğu təhsil ocağı isə “Vəfa Liseyi” oldu. Ali təhsilini Mərmərə Universitetinin jurnalistika fakültəsində alan aktyor həm də fabrikdə işləyirdi. Hələ “Vəfa Liseyi”ndə oxuyarkən aktyorun fəlsəfə müəllimi, onu Türkiyə teatrının öndə gedən simalarından olan Müşfiq Kentər ilə tanış edir. Məhz bu tanışlıq aktyorun gələcək həyatına təsir edən məqamlardan biri olur.

1964-cü ildə əsgərliyini orkestr heyətində bitirdikdən sonra aktyor fəaliyyətinə başladı. Yenə “Vəfa Liseyi” ona bu şansı verdi.

Özü ilk teatr rolunu belə xatırlayır: “İlk teatr rolum 3 dəqiqə idi. İndi yadıma gəlmir. Heç nə etdiyimi də tam xatırlamıram. Bir onu bilirəm ki, səhnənin bir başından girib, o biri başından çıxdım, vəssalam. Amma tamaşaçılar gülməkdən ölürdü. Bu məni sevindirdi. Bundan sonra qərara gəldim ki, nəyin bahasına olursa-olsun bu insanları güldürəcəyəm!”

Həvəskar aktyor kimi ilk rolunu teatr səhnəsində aldı. Daha sonra Müşfiq Kəntər onu öz teatrına (Kəntərlər teatrı) dəvət etdi. Burada aktyor təcrübəsini xeyli artırdı, yüksəliş dövrünə qədəm qoydu. Daha sonra “Ülvi Uraz”, “Ayfer feray” və “Dəvəquşu kabare” teatrlarında işlədi. Amma aktyorun arzusu böyük kino idi. O özünü kino aktyoru kimi görürdü. Bu illər ərzində bu amal uğrunda çalışmışdı. Nəhayət rejissorlardan birinin diqqətini cəlb etdi. “Dəvəquşu kabare” teatrında tamaşaların birində onu izləyənlər arasında o dövr Türkiyə kinosunun ən məşhur rejissoru var idi- Ərtəm Əyilməz. Kamalı bəyənən rejissor ona filmdə çəkilməyi təklif etdi və bununla da Kamalın arzusu çin oldu. 1973-cü ildə aktyor Ərtəmin “Dadlı dilim” filmində ikinci dərəcəli rol aldı. Amma elə debütdəcə diqqəti cəlb etdi. Heç kimin tanımadığı bir aktyor birdən-birə Tarık Akın kimi sənətkarla eyni filmdə rol aldı. Rolunun öhdəsindən isə sanki yüzlərlə filmə çəkilmiş aktyor kimi çox asanlıqla gəlmişdi. Kamal olduqca səmimi görünürdü ekranlarda. Kobud üz cizgilərinə malik, yekədiş bu aktyor birdən-birə Türkiyə kinosunun nazlı-qəmzəli aurasına girmiş, ora rəng qatmışdı.

1974-cü ildə subaylıqla vidalaşdı. Güllə evlilikdən iki övladı dünyaya gəldi: Əli Sunal və Ezo Sunal.

1974-cü ildə filmdə ilk baş rolunu (“Salako” filmi) ifa etdi. Ardınca isə məşhur “Hababam sınıfı” filmləri trilogiyası aktyora böyük şöhrətlə bərabər, ləqəb də qazandırdı-Şaban. Şaban kimi sevilməsi aktyoru qətiyyən narahat etmirdi. Rejissorlar da bundan istifadə edirdilər. Şaban obrazı Türkiyənin qəhrəmanına çevrilmişdi.

1977-ci ildə Antalya film festivalında “ən yaxşı kişi rolu” nominasiyasında “Qapıçılar kralı” filmindəki Seyid obrazı ilə laureat oldu.

On bir il sonra daha bir uğur qazandı. Bu dəfə “Düttürlü dünya” filmi aktyora “Qızıl portağal” qazandırdı. Həyatı boyunca 82 filmdə rol almışdı. Filmlərinin bir çoxunda Türkiyənin sosial vəziyyəti göstərilirdi. Məhz bu məqam aktyoru xalqın gözündə fenomenə çevirmişdi. Kamal olduqca intizamlı və prinsipial aktyor kimi tanınırdı. Heç vaxt oynayacağı rola görə hər hansı rejissor və ya film şirkəti ilə müqavilə bağlamazdı. Ümumiyyətlə müqavilələri sevməzdi. Özünün dediyi kimi onun üçün “Kamal” adı bütün müqavilələrdən üstün idi. Ailəsinə sadiq və millətini sevən insandı. Zahiri görünüşünə görə Zeki Müren onun haqda “Fernandel və Belmandonun qarışığı sanki...” söyləmişdi. Fernandelə bənzədilmək Kamalın özünün də xoşuna gəlirdi. Aktyor müsahibələrində özünü tənqid edirdi: “Mən yaraşıqlıyam? Əlbəttə deyiləm. Mən atsifətəm...”

Aktyor karyerası ərzində Ərtəm Əyilməz, Zəki Ökten, Kartal Tibet kimi rejissorlarla işləmişdi. Rejissorların hər biri Kamalı möhtəşəm aktyor adlandırırdı.

Emel Sayın isə deyirdi: “Varlığı ilə yoxluğu bilinməzdi. Amma rejissor “motor” qışqıran kimi qarşımızda devləşən aktyoru görürdük!”

1995-ci ildə yarımçıq buraxdığı Mərmərə Universitetinin məzunu oldu. 1993-97-ci illər aralığında seriallarda rol aldı. O vaxt üçün rekord göstəriciyə çatdı serialların izlənmə sayı.

3 iyul 2000-ci il. Aktyor “Balalayka” filminin çəkilişi üçün Trabzona uçmalı idi. Aktyorun biletində oturacaq yeri 1D göstərilsə də, o 4D-də əyləşir. Həyəcanlı olması gözdən qaçmırdı. Çünki aktyor o vaxta kimi heç vaxt təyyarəyə minməmişdi. Bu, onun fobiyası idi. Təyyarə Trabzona enən vaxt aktyor başını ehmalca sağa əyib, elə o vəziyyətdə də qalır. Təcili yardım 21 (!) dəqiqə sonra gəlir. Amma artıq aktyor dünyasını dəyişmişdi. Onun ölümü milyonlarla insanı sarsıtdı. Türkiyədə qeyri-rəsmi matəm günü keçirildi. Ölən zaman 55 yaşı var idi.

Onunla bir çox filmlərdə tərəf müqabili olmuş Zəki Alasya Kamalı belə xatırlayır: “O olduqca kübar və ciddi insan idi. Həyatda tam başqa bir Kamal vardı. Həqiqətən dahi idi. Zahirən çox güclü görünsə də uşaq kimi qorxuları vardı. Sadəcə onları hamıdan gizlədərdi. Onun ölümünə səbəb qorxduğu təyyarə oldu. Bir də çox təəssüflənirəm ki, o Şaban kimi yadda qaldı. Rejissorlar sanki ondan sui-istifadə etdilər. Saf olduğundan o bunları duymadı. O, daha ciddi və dərin rollarda sözünü deməli idi. Təəssüf ki, tez getdi aramızdan.”

Kamalın adını əbədiləşdirməkdən ötrü Vakıfbank, sənət mərkəzinə onun adını verib. Bundan əlavə aktyorun məzun olduğu “Vəfa Liseyi” hər il ən istedadlı tələbələrinə “Kamal Sunal mədəniyyət və sənət” diplomu təqdim edir.

Ötən il İMDB-nin sorğusuna əsasən “Bütün zamanların ən yaxşı komediya filmi” sorğusunda məhz Kamal Sunalın baş rolu ifa etdiyi “Şaban oğlu Şaban” filmi birinci oldu. Aktyor, Çarli Çaplin, Lyu de Fines kimi ünlü komediya ustalarını üstələmişdi.

Aktyorun ölümünün doqquzuncu ildönümündə oğlu Əli Sunal əsgərlikdə olduğundan aktyorun xatirə tədbirinə qatıla bilmədi, amma onun göndərdiyi məktub tədbirdə iştirak edənləri kövrəltdi.

Məktubun son hissəsi bu cür idi...”... baxdıq ki, belə olmur, bir ümid işığı yoxdur və bizi səndən başqa anlayan yoxdur, məcbur qalıb sən varmışsan kimi yaşamağa davam etdik. Yaşamalıydıq. Sən getdin, biz burda qaldıq. Narahat olma, rahat uyu. Yeni doğulan və səni heç tanımayan bacı və qardaşlarımız da baxır, Hababam sinifinə, Tosun Paşaya, Salakoya... Onlar xoşbəxt edir. Həyata ümid işığı salır. Sənin adını sənin şərəfinə milyonlara qoyurlar. Sən getdin. Bizsə qaldıq. Bizmi? Hələ də bir yanı sınmış, amma dimdik ayaqlar üstə. Sənin açdığın cığırla, sən buyurduğun kimi yaşamağa davam edirik. Yalnız bu gün ayrıyıq. Biz indi burda, əldə silah vətənə xidmət edirik. Anamın, mənim, Ezomun, sevənlərinin qəlbi birləşmiş halda sənin qəbrin üstədi, ata. Bizə miras qoyduğun gözəlliklərə görə minnətdarıq. Çox darıxmışıq, amma ağlamayacağıq. Gözün arxada qalmasın, heç ayırmayıb səni özümüzlə daim yaşadacağıq. Yaxşı... Sən getdin. Bizsə burda qaldıq...”

# 3795 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #