Professor Zahid Məmmədov: “ Toyda dedim 10 dəqiqəmə nə qədər verəcəksən?”

Professor Zahid Məmmədov: “ Toyda dedim 10 dəqiqəmə nə qədər verəcəksən?”
28 iyun 2013
# 07:00

Kulis.Az iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla müsahibəni təqdim edir.

- Zahid müəllim, ənənəvi sualdan başlayaq. Bir az özünüz haqda məlumat verərdiniz.

- Mən Zahid Fərrux oğlu Məmmədov. İqtisad elmləri doktoru, professoram. Türkiyədə doktorluq müdafiə eləmişəm. Daha sonra Rusiyada və Azərbaycanda təhsilimi davam etdirmişəm. Uzun müddət Sankt-Peterburq Fond Birjasının Depozitar, Klirinq-Trast Mərkəzinin direktoru vəzifəsində işləmişəm.

Sovet dövründə qiymətli kağızlar bazarında həm praktik, həm də nəzəri olaraq çalışmalar həyata keçirmişəm. Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetində məzun olduqdan sonra müəllim vəzifəsində saxladılar. 1993-cü illərdə ölkəyə qayıtdım. Bir müddət burada çalışdım. Daha sonra Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinə dəvət aldım.

Məni orda xəbərdar etdilər ki, məndən əvvəl bizim ölkədən o universitetə gedən çox olub, amma müdafiə edə bilməyiblər. Və mən özümü doğruldaraq 1873-cü ildən fəaliyyət göstərən universitetdə maliyyə və bankçılıq üzrə 11-ci doktorluq diplomuna sahib oldum.

Elmi rəhbərim bir müddət Türkiyə Cümhuriyyətinin baş nazirinin müavini vəzifəsində işləmiş Nazim Ekren olmuşdu. Bu müddətdə orda çeşidli şirkətlərdə müşavirlik xidməti göstərdim, Türkiyənin məşhur elmi dərgilərinə məqalələr yazırdım.

1998-ci ildə Azərbaycan rəsmilərinin Türkiyəyə səfəri vaxtı “Zaman” və başqa qəzetlərdə “Azərbaycan şahlanışda” adlı məqaləm dərc olundu. O məqalə geniş əks-səda doğurdu. Bundan başqa Türkiyənin “Finans dünyası”, “Kapital” kimi jurnallarında məqalələrim çıxıb.

- İndi də çap olunursuz?

- Əlbəttə. Son kitabım Almaniyada çap olunub. Hətta “Amazon.com”da da var. Bu kitab böyük sensasiya doğurdu. Təəssüf olsun ki, Azərbaycanda bir müğənninin kiminsə zirzəmisində keçirdiyi tədbirdən hamı danışır, amma alimin kitabının nəşrindən danışılmır. Amma mən bunu təbliğ eləmirəm. Niyə? Çünki “amazon” ortada, internet ortada. Yəni özüm haqqında mən niyə deməliyəm? Bu kitabda Azərbaycan iqtisadiyyatı haqqında çox geniş danışmışam. Bu gün mənim əsərlərimə ən böyük banklar istinad edirlər. Kimsə özünə böyük alim deyə bilər. Amma bir alimin ən böyük göstəricisi onun əsərlərinin praktikada istifadəsidir.

- 2000-ci illərin əvvəllərində verilişlərə dəvət alırdınız. Qısa zamanda da məşhur oldunuz. Bir iqtisadçının aşağı-yuxarı bütün mövzulara dəvət alması və hər mövzuda danışacaq bir şey tapması, üstəlik mövzuların iqtisadi tərəflərini olduqca anlaşılan bir dillə deməsi maraqlı idi.

- Bir dəfə Mirşahin dedi ki, sizdən öncə iqtisadiyyat ekspertləri çox darıxdırıcı idi. Televizora çıxanlar ancaq rəqəmlərlə danışırdılar. Siz ilk dəfə bunu insana xitab edəcək, insanın düşünə biləcəyi səviyyədə söylədiniz. Hətta mən ədəbiyyatı da iqtisadiyyata bağladım. Mən Cəfər Cabbarlının əsərləri ilə bağlı iqtisadi etüdlər danışdım. İslam bankçılığı ilə bağlı konfransda Əbdürrəhim bəy Haqverdiyevin islam bankçılığı ilə əlaqədar fikirlərini söyləyəndə dəhşətə gəldilər. İslam bankçılığı fikri 1957-ci ildə meydana gəldiyi halda Haqverdiyevin bu fikirləri 1923-cü ildə yazmasına inana bilmirdilər. Haqverdiyevin seçilmiş əsərlərinin ikinci cildində islam bankçılığının mahiyyəti yazılıb. Mən bunu deyəndə ərəb, türk, iranlı inana bilmirdi ki, bir azərbaycanlı bunu yazıb.

Ümumiyyətlə biz əsərlərə baxsaq görərik ki, Azərbaycan sahibkarlığının ən gözəl örnəyini Cəfər Cabbarlı verib. Azərbaycan sahibkarının işçilərinə qarşı laqeyd münasibətini, onun əməyini istismar etməsini göstərib. Neft quyusunda neft fontan vurur. Sahibkara xəbər verirlər ki, bəs Məmmədhəsən ölüb, o da deyir ki, cəhənnəm olsun, deyin görüm quyudan neft çıxıbmı? Bax, bu dəhşətdir, tragediyadır. Bunu oxuyanda o sahibkarın obrazı canlanır. İnsan necə bu qədər maddiyatçı ola bilər axı. Nə yazıq ki, biz bu kimi əsərlərə bəzən romantik hisslərlə yanaşırıq. Belə deyil, orda elə iqtisadi məsələlər var ki. Sədi Şirazinin “Gülüstan” əsəri başdan-ayağa iqtisadiyyatdır. Şirazi deyir ki, bir nəfərin 25 kiloqram qızılı var, amma meşədə kimsə qəbul etmədiyindən aclıq-səfalət içində öldü. Şirazi demək istəyir ki, qızıl o zaman qızıl olur ki, bunu kimsə qəbul etsin, tədavüldə iştirak etsin.

Biz bəzən deyirik ki, varım-dövlətim olsa... O varı-dövlət qəbul edəcək, tanıyacaq biriləri olmasa nə edəcəksən o dövləti? Məsələn, bu gün Fransada milyonun olsun, ağlın yoxdursa heç kimə lazım

deyilsən. İnformasiya cəmiyyətində insan kapitalın köləsi deyil, kapital insanın köləsidir. Kapital insana xidmət etməlidir. Avropada, Amerikada pul bilik insanına xidmət edir, biznesmen sənə xidmət edir. Elə sən deyən mövzuya gəlirəm. Bir gün məni ekspert kimi kanalların birinə dəvət etdilər. Orda çıxış etdim. Bundan sonra qısa müddətə tanındım.

Zaman-zaman neqativ hallar da olur. Dünyada belə bir şey var ki, verilişə əgər professor dəvət edirsənsə, digər qonaqlar da onun səviyyəsində olmalıdır. Bəzi hallarda görürsən ki, tamamilə uyğunsuz, kitab oxumayan, bilik səviyyəsi olmayan adam söz sahibi olmaq istəyir. Ən böyük problem bilgi sahibi olmayan insanın söz sahibi olmasıdır. Dünyada qəbul olunmuş standarta görə heç vaxt nazirliyin işçisi proqrama ekspert statusunda dəvət edilməz, o icraçıdır. Yəni verilişdə tədqiqatçı ekspert çıxış etməlidir.

- Danışığınızın Türkiyə türkcəsinə bənzəməsi, türk sözlərinin geniş istifadəsi birmənalı qarşılanmır. Eyni zamanda bu tərz populyar olmağınızda az rol oynamadı.

- Mən uzun müddət Türkiyədə yaşamışam. Mən rusca danışanda elə bilirlər rusam. Dünyada belə bir standart var ki, hər kəsin bəlli üslubu olmalıdır. Məsələn, hamamda belə danışsa onun danışığından kim olduğu hiss olunmalıdır. Bizdə bəzən elə qalstuklu, gözəl geyimli insanlar olur ki, danışığından bilmirsən hansı peşənin sahibidir. Kiçik bir açıqlama belə verə bilmir.

Mən “gəliyorum”, “gediyorum” bu kimi sözlərdən istifadə etmirəm. Hüseyn Cavidin, Cəfər Cabbarlının istifadə etdiyi dildə danışıram. Məncə standartdan qaçmaq lazımdır, hər kəsin bir xətti olmalıdır. İnsan təqlidçi olmamalıdır. Bizim böyük yazıçılarımızdan biri mənim haqqımda demişdi ki, Zahid müəllimin üzünü görmədən, səsini eşidəndə, ya yazısını oxuyanda o dəqiqə bilirsən ki, odur. Amma bəzən radioda saatlarla bir adamı dinləyirsən, amma heç cür müəyyənləşdirə bilmirsən ki, o kimdir.

- Sizin geyiminizdə də fərqlilik var. Adətən bizim alimlər bu cür şık, parlaq rəngli qalstuk, köynək geyməz, yaxasına dəsmal taxmazlar. Amma siz etdiniz. Bu da imicinizin bir hissəsi idi?

- Dünya ölkələrində ən zəngin fikir sahiblərinin geyimləri heç də bəsit, yıpranmış olmaz. Mən Fransada Monpelye Universitetində oldum. Bu mənə çox təsir etdi. Misal üçün, məndil taxmağı mənə ilk dəfə rektor Sərvar Armağan öyrətdi. Fransada bir ay Jan Mari Russonun yanında qaldım. Necə də şık geyinirlər. Zəngin, zadəgan kimi görünürlər. Mən də onlara baxdım, çox xoşuma gəldi. Mən onda Hüseyn Cavid, Cəfər Cabbarlı kimi bəy əfəndilərimizi xatırladım. Sən demə bizdə qədimdən əsilzadəlik, bəy əfəndilik var imiş. Bu nədi bizə öyrətmişdilər; alimin cırıq papkası olmalıdır, başında şapka, nimdaş kostyumda gəzməlidir. Bu yanlış bir təfəkkürdür. Siz təsəvvür edin, mən Rusiyaya gedəndə onlar məni necə qarşılayırlar.

Təbii ki, hər şey geyimlə ölçülmür. Siz başqalarına örnəksizsə, ictimai adamsızsa, deməli geyiminizlə də önəmli olmalısız. Bizdə bəzən müğənnilər elə bilirlər ki, soyunmaqla məşhur olacaqlar. Amma başa düşmürlər ki, dünyada belə şey yoxdur, bunun tam tərsidir.

- Dünyada Ledi Qaqa örnəyi də var.

- Onlar müğənni deyil axı, söhbət gerçək müzikdən gedir.

- Deməli yerli şou-biznes sizi qane etmir?

- Əgər Azərbaycan Respublikasının fəxri adlarını alan müğənnilər gündəmə gəlmək üçün bir-birlərinə olmazın həqarətlər edirlərsə, nə örnək olacaqlar. Xalqın nümayəndəsi elementar məsələləri müzakirə etmək gücündə deyilsə, örnək ola bilməz. Bu qədər pulun, var-dövlətin qarşılığında bir toyda bu qədər pul istəmək nə qədər etikdir, mənəviyyata sığarmı?

- Toy qiymətlərinin bu qədər yüksək olması normaldır?

- Mən bilirsiz ki, toylara getmirəm. Amma bu yaxında çox sevdiyim bir insan məni toya çağırdı. Bu dəfə prinsipimi pozmağa məcbur oldum. Orda mənə söz verdilər. Mən müğənniyə dedim ki, bax bu toya siz 10-15 minə gəlmisiz. Mən indi burda 10 dəqiqə çıxış etsəm siz mənə o pulu verəcəksizmi? O özünü itirdi. Dedim nədən sən pul almalısan, mən yox. Mən üstəlik toya pul da atmalıyam. Mənə izah etsinlər otuz il, əlli il əvvəl yazılmış mahnını bu gün də oxuyan adamlar niyə bu qədər pul almalıdırlar.

Mən və başqalarının dünən ABŞ və ya Azərbaycan iqtisadiyyatı haqqında oxuduğumuz mühazirə bu gün keçərsizdir. Elm saatlarla aktuallaşır. Dünən bildiyin mövzu bu gün keçərsizdir. O zaman sual olunur, 40 il bundan əvvəl yazılmış mahnını oxuyub milyon qazandığın halda mən niyə qazanmamalıyam?

Mən bunu bir dəfə verilişdə söylədim, müğənnilərdən birinin acığına gəldi. Dedi, biz əziyyət çəkirik. Dedim, 40 il bundan əvvəl yazılmış bir mahnını oxuyub pul qazanırsız. Alim kitab alır oxuyur, sonra onu satır, əgər o da sata bilsə. Bəs qarşılığı hanı? Türkiyədə bir insanın göstərgəsi vergi ödəyicisi olmasıdır. İbrahim Tatlısəslə Sibel Can rəqabətə girir ki, görək kim daha çox vergi ödəyicisidir. Bizdə isə vergi ödəməkdən qaçırlar.

- İnsanın vergidən qaçması nə qədər etikdir?

- Vergi ödəmək böyük mədəniyyətdir, əxlaq məsələsidir. Doğurdan da bu gün bir biznesmen yüz minlik maşın sürür, amma vergi ödəmir. Hər kəs də bilir ki, o müftə torpaq satır. Biz gecə-gündüz çalışdığımız halda vergi ödəyiriksə, o nədən vergidən qaçmalıdır. Onun da oğlu məktəbə gedir, onun övladları da səhiyyə xidmətlərindən yararlanır. O da dövlətin təhlükəsizlik xidmətlərindən istifadə edir. Bəs nə üçün bəs vergi ödəməməlidir? Bəs ədalət hanı? Buna görə də hər bir vətəndaş bu məsələni qaldırmalıdır.

- Bəlkə bu insani münasibətlərdən qaynaqlanır?

- Baxın, əgər Amerikada bir insan balkon uzadarsa, heç bir qonşu ona hörmət etməz. Bizdə qonşu qonşunun işığını kəsir. Qonşu həyətdə qaraj tikir. Halbuki, o stadion minlərlə uşağın istirahət yeridir. Bu, biabırçılıqdır. Siz gedin Yasamal rayonuna Zərdabi küçəsi tərəfdə həyətlərə baxın. Nə qədər qaraj tikilib. Sual olunur, XXI əsrdə qarajmı olar? Nə üçün onun qarajı olmalıdr, mənim yox. Müasir şəhərdə qaraj olmamalıdır. Dayanacaqlar olmalıdır. Hamı bərabər hüquqlu olmalıdır. Bu həm də zövq məsələsidir. Balkondan baxanda gözünün qabağında ancaq qarajlar görünür. İnsan rahatsız olur.

- Pul bir insanı o birindən üstün edirmi?

- Baxır hansı cəmiyyətdə. Məsələn, Amerikada, Avropada pul insana xidmət etmək üçün yaxşı bir vasitədir. Qərbdə insan pulun əfəndisidir. Nə yazıq ki, Şərq dünyasında bunun tam tərsidir. İnsan pulun köləsi olmamalıdır. Nə yazıq ki, bəzən bunların şahidi oluruq. Təsəvvür edin iki maşın gəlir, biri yoxsul o biri varlı. Üstəlik kasıb maşın birinci gəlib. Amma tez qaçacaqlar varlı maşının, iti tutumlu maşının qabağına. Özü də bunu edən də kasıb adamdır. Özü kasıblığına qiymət vermək yerinə varlının qabağına qaçır. Məsələn, bizdə balkon uzadana, qeyri-qanuni yollarla vəzifə tutanlara, bilik sahibi olmayan adama hörmət edirlər. Amma bilik və qabiliyyəti olmayan adam söz sahibi olamaz. Mən 60 yaşında adam görmüşəm hələ də özünü tapşırtdırır.

- Universitetdə sizə tələbə tapşırtdıran var?

- Bizdə imtahanlar kompüter sistemi ilə olduğu üçün belə şeylər olmur.

- Bəs əvvəllər necə?

- Qabaq o sistem var idi. Amma mən onları görməmişəm. Türkiyədə idim onda. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində imtahan sırasında müəllim-tələbə münasibəti bir qayda olaraq yoxdur. Tam obyektiv və şəffaf qaydada.

- Zahid müəllim, xarici universitetlərdə dərs keçmisiz. Onların tələbələri ilə ünsiyyətdə olmusuz. Bizim tələbələr ilə xarici tələbələr arasında hansı fərqlər var?

- Universitet bilik mərkəzidir. Təbii ki, həm də şəxsiyyət yetişdirir. Bizdə bir az fərqlidir. Övladlar valideynlərindən çox asılıdırlar. Sərbəst deyillər. Məni həmişə bilirsiz nə

təəccübləndirib, Rusiyada tələbə valideynin köməyi olmadan Vladivostokdan gəlib Moskvada oxuyub və prokuror olub. Biz uşaqlarımızı əlimizdə tuturuq. Bizdə sağlamlığını itirmiş və əmək fəaliyyəti yararsız olan adamlar var ki, deyir nəvəmə ev almalıyam ona görə işləyirəm. A bala, nəvənə ev almalısan deyə uşaqların evini yıxmalısan? Biliyin yox, qabiliyyətin yox, çıx get də, niyə getmirsən? Nəvən özü ev alacaq da. Biz niyə oğlumuzun, nəvəmizin özünün ev alacağına inanmırıq? Mənim rəhmətlik anam gecə-gündüz çalışdı, özü yemədi, nəvələrinə cehiz aldı. Axı onun o vaxtı alıb yığdığı cehizlər indi keçərsiz oldu, dəbdən düşdü. Sadəcə gənclərə güvənmək lazımdır.

- Bizim tələbələrin geyim-keçimi sizi qane edir?

- Əslində Amerikada tələbə uzaqdan seçilir. Bəzən bizdə görürsən tələbə qalstukda, rəsmi geyimdə olur. Biz hələ geyim sahəsində bəlli məsələləri öyrənməmişik. Məsələn, dağıstanlıları necə tanımaq olar? Dağıstanlı idman paltarında restorana girir. Sonra deyirlər ki, Rusiyada dağıstanlıları tutdular. Axı idman paltarında restorana girməzlər? Bar paltarı başqadı, bağ paltarı başqa. İnsan evdən çıxanda özün sual verməlidir ki, hara gedir.

- Zahid müəllim, Almaniyada çap olunmuş kitabınızda dünyadakı böhran və Azərbaycanın antiböhran təcrübəsindən danışırsız. Sizcə Azərbaycanın antiböhran təcrübəsi ABŞ, Rusiya, Fransa, Almaniya kimi nəhəng iqtisadi güclər üçün nümunə ola bilərmi?

- Təbii ki, bu ölkələrin iqtisadiyyatı bizimkilərdən fərqlənir. Bizim örnəklər daha çox Gürcüstan, Moldova və əski Sovet ölkələri üçün nümunə ola bilər.

- Biz neftdən gələn gəlirlər vasitəsilə başqa sahələrdəki kəsirləri bağlaya bilirik. Bu gəlirləri başqa sahələrə yönəltmək gücündəyik. Gürcüstanda neft yoxdu axı?

- Bu kitabda təkcə neft sahəsindəki təcrübələr cəmlənməyib. Bank sektoru, inşaat, təhsil sektorundakı təcrübələr yer alıb. Məsələn, bu gün universitetə qəbul ola bilməyən

Azərbaycan tələbələri Gürcüstan, Ukrayna kimi ölkələrə üz tutub orada təhsil alırlar. Təsəvvür edin, mən neft satıram, pul əldə edirəm. Sonra bu pulları təzədən aparıb xarici ölkələrdə kiminsə oxuması üçün yatırıram. Elə aldığım bu pulları ölkəmdə dəyərləndirərəm ki, Gürcüstandan gəlib burda təhsil alsınlar. Bu gün heç bir türk tələbəsi gedib İranda, İraqda təhsil almaz. Türkiyənin gücü ondadır ki, iranlısı, ərəbi gəlib orda təhsil alır.

Azərbaycan olaraq o təhsili biz burda yaratmalıyıq, kimin istəyi var gəlsin oxusun. Türkiyədə olduğu

kimi universitetlərə giriş asan olsun, diplom almaq çətin olsun. Əgər bir adamın pulu varsa, oxumaq istəyirsə, biz ona necə qadağa qoya bilərik?

- Universitetlərə testlə qəbulun ləğv edilməsini istəyirsiz?

- Xeyr. İmtahanlar olsun, kim qəbul ola bildi, olsun. Yerdə qalanlar da pulla təhsil almaq istəyirlərsə, ona pulları çatırsa gəlib pullarını ödəyib oxusunlar.

- Yeni təhsil nazirinə bu barədə təkliflərinizi vermisizmi? Ümumiyyətlə yeni nazirdən gözləntiləriniz nədir?

- Təhsilin inkişaf konsepsiyası ilə bağlı məqalələrim oldu. Mən orda qeyd etmişəm ki, müasir universitet 3 şərtə cavab verməlidir; əmək bazarı ehtiyacı qarşılamalıdır, universitetdə bilik istehsal olunmalıdır, yeni ixtisaslar yaradılmalıdır. Mən hesab edirəm ki, bəzi universitetlər bağlanmalı və ya birləşməlidir. Dünyanın heç bir ölkəsində fakültə səviyyəsində kiçik universitetlər yoxdu. Əmək bazarının ehtiyaclarını çox ciddi təsbit etməli, bu yöndə işləməliyik. Hesab edirəm ki, yeni nazir hazırlıqlı, bacarıqlıdır və təhsildəki bir sıra problemləri aradan qaldırmaq gücündədir.

- İpoteka kreditlərinin verilməsi qaydaları dəfələrlə dəyişdirilərək sadələşdirilsə də vətəndaşlar yenə narazıdırlar. Bu qaydalar reallığı əks etdirmir. Sizcə qaydalarda hansı təkmilləşdirmələr aparıla bilər.?

- Azərbaycan şərtləri nəzərə alınaraq ilkin ödəniş ləğv edilməlidir. Zabit, jurnalist, müəllim 8 min, 10 min məbləğində ilkin ödənişi haradan tapsın? Mən hesab edirəm ki, bələdiyyələr torpaq satmaq yerinə öz ərazilərində binalar inşa etməlidirlər. Sonra bu mənzillər çox ucuz qiymətə satılmalıdır. Bundan həm özü pul qazanmalı, həm də evə ehtiyacı olanlar ucuz ev ala bilməlidir. Mən bu konsepsiyanı işləyib təqdim etmişəm. Lakin heç bir cavab gəlməyib. Təkcə ipoteka ilə bağlı deyil, başqa sahələrlə bağlı təkliflərimi də yazılı şəkildə göndərmişəm.

- Nazirlik və ya başqa iqtisadi qurumlarda iş təklifləri olurmu?

- Təbii, zaman-zaman bəzi təkliflər olsa da nəticə yoxdur. Əvvəla mənim səviyyəmə uyğun şərtlər nəzərə alınmalıdır. Xarici ölkələrdə belədir ki, təklif qarşı tərəfdən gəlməlidir. Bizdə belə bir düşüncə formalaşmayıb. Biz elə gəlir ki, insan özü istəməlidir. Bizdə biliyi, qabiliyyəti olmayan hər kəs vəzifə istəyir. Hamı millət vəkili olmaq istəyir.

- Bəs siz necə millət vəkili olmaq istəyirsizmi?

- Bunun real şərtləri olmalıdır. Dünyada millət vəkilliyi namizədliyi parti sıralarından verilir. Bizdə millət vəkilinə bir az fərqli baxırlar. Adicə mən indi yolda gedəndə yaxınlaşıb deyirlər ki, qızım işsizdi, oğlum işsizdi. Başa düşmürlər ki, bu mənə aid olmayan məsələdir. Bu düşüncə qalxmalıdır.

Hər bir adam bilməlidir ki, iş tapmaq üçün, su çəkmək üçün xüsusi qurumlar var. Millət vəkili Azərbaycan insanının rifah səviyyəsini artırmaq üçün gözəl qanunların qəbulu ilə məşğul olmalıdır. Daha Milli Məclisdə müzakirə ediləcək mövzunu TV proqramına çıxıb orda səsləndirməli deyil. Belə təklifin varsa get Milli Məclisdə ver o təklifi. Verilişdə niyə deyirsən? Ona görə deyirəm ki, dünyada standartlar başqadır.

- Milli Məclisdə sizin də dəfələrlə toxunduğunuz toy, yas mərasimləri ilə bağlı müzakirələr aparılmışdı.

- Hesab edirəm ki, bu məsələlərə bir dəfəlik son qoymaq lazımdır. Yolun ortasında çadır quran cəzalandırılmalıdır. Bir nəfər ölənə görə minlərlə insanın haqqını pozulmamalıdır. Öldü, bitdi, Allah rəhmət eləsin. Bələdiyyələrin mərasim zalları olmalıdır, gedib orda mərasim keçirsinlər.

- Bütün bu narazılıqlardan sonra Azərbaycanda yaşamaq sizin üçün çətin deyil ki?

- Öz ölkəmizdə hamının üzərinə düşən vəzifəni yerinə yetirməsi gərəkir. Mən bəzi hallarda bu vəzifələri yerinə yetirdiyimə görə qürur duyuram. Məsələn, mənim vəzifəli qonşum vardı, blokda “sklad” düzəltmişdi. Mən o blokda nə qədər “sklad” vardısa hamısını sökdürdüm. Hərə özünə bir “sklad” düzəltmişdi.

- Qonşuların münasibəti necə oldu?

- Əla. Həyətdə tikilən qeyri-qanuni qarajlar sökülsə, qonşuların münasibəti daha da yaxşı olacaq.

Məni ən çox narahat edən məsələ heç bir bilgisi olmayan adamların vəzifə söz sahibi olmasıdır. Əsl korrupsiya budur. Mən korrupsiyanın tərifini belə verirəm: Korrupsiya bilik və qabiliyyəti olmayan adamın söz, vəzifə sahibi olmasıdır.

# 9206 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #