İmperiya və dəli Abas

İmperiya və dəli Abas
16 may 2011
# 12:12
“Kənddəki kənd” silsiləsi

Cadugər Messinqin Stalinə “Siz Rusiyanı kəndli ölkəsindən atom ölkəsinə çevirdiniz, tarixdə necə qalacağınız sizi niyə narahat edir” dediyi sovet imperiyasından dünyaya həm də xeyli dəli qaldı; tayı-bərabər olmayan sovet dəliləri – gündəlik qəzetləri oxuyan, televizorda, radioda ancaq xəbərləri izləyən, Amerikaya nifrət edən, yolda, küçədə öz-özünə danışan, dünya malında gözü olmayan ictimai-siyasi “məzmunlu” proletar dəlilər.

Dağbasan kəndində də belə bir dəli var idi; adına “dəli Abas” deyirdilər. Bütün günü harada olursa-olsun dövlətdən gizlənirdi, ona elə gəlirdi ki, sovet imperiyası işini-gücünü buraxıb onu izləyir. Heç vaxt öz evində yatmazdı, günlərlə zəmilərdə, kolluqlarda gizlənərək, guya, onu izləyən dövlətin izini azdırardı. Heç vaxt adam arasına çıxmaz, hamının gedib-gəldiyi kənd yolunda görünməzdi.

İmperiyanın xəyalı onu qarabaqara izləyən bir kabusa çevrilmişdi və bu siyasi-ictimai gizlənqaç oyununda Abas tək-tənha idi. İmperiya ilə Abasın münasibətini o zamanlar sarı qutularda, üstündə fil şəkli olan Hindistan çayı korlamışdı. Belə ki, Abas gənc yaşlarında varlanmaq üçün bu çayın qeyri-qanuni yolla alverinə girişmiş və bundan duyuq düşən imperiya öz “dələduz” vətəndaşını 3-4 illik qazamat həyatı ilə cəzalandırmışdı. Yatıb çıxandan sonra Abas hamıdan, hər şeydən şübhələnirdi; arvadından tutmuş Allaha qədər. Buna görə də bütün günü boynundan asdığı əl radiosunda xəbərlərə qulaq asır, özü haqqında yuxarıların nə danışdığını bilmək istəyirdi. Kənddə söz-söhbət gəzirdi ki, ona qazamatda iynə vurublar, elə bir iynə ki, insanı dəli edir, ağlını zədələyir.

Nəhayət, Abas insanlar arasında yaşamaqdan biryolluq imtina etdi və dağda bir tülkü kanını qazıb ozünə mağara düzəltmək qərarına gəldi. Elə bundan sonra da o, dağda qoyun-quzu otaran biz uşaqların əyləncəsinə çevrildi. Yuvanı qazarkən qarşısına nəhəng bir daş çıxmışdı; nə qədər qazırdısa, oyurdusa daşı yerindən tərpədə bilmirdi. Bütün günü ağır çəkiclə daşı döyəcləyirdi, xeyri yox idi, daş qabırğasının qalın yerinə salıb qopmaq bilmirdi. Daşla Abas arasında əməlli-başlı müharibə gedirdi; Abas daşa onun hətta dağda, tülkü kanında yaşamaq xoşbəxtliyini çox görən bir düşmən kimi baxırdı. O, daşdan, elə bil, nəyinsə - taleyininmi, imperiyanınmı qisasını alırdı.

Oxucu soruşa bilər ki, bəs bu adam nə yeyib-içirdi?

Deyim: oğlanları hər gün ona dəstərxana bükülmüş soğandan, qatıqdan, çörəkdən-zaddan gətirirdilər, hərdən biz də tamahımızı saxlaya bilməyib onun soğan-çörəyinə şərik olurduq. Abas çeynəyə-çeynəyə hərdən qayğılı-qayğılı, hərdən də kin-küdurətlə gözlərini daşa zilləyir, heç birimizlə kəlmə kəsmirdi. Günlərin bir günü Abas daşı yandırmaq qərarına gəldi, əlinə balta alıb qaratikan kollarını doğradı sürüyüb daşın həndəvərinə yığdı və daşa od vurdu. Abas lap Prometeyin tanrılardan oğurlayıb gətirdiyi od kimi daşın ətrafında qaladığı ocağın sönməməsi üçün gecə-gündüz əlləşir və ovaxtlar bizim anlamadığımız dildə öz-özünə deyinə-deyinə qapqara hisin içində daşın başına hərlənirdi. Elə ki təpələrin hansındansa toz qalxır və maşın səsi eşidilirdi o, daşı yana-yana qoyub kolluqlara tərəf götürülürdü, ta maşının səsi və tozu çəkilənə qədər.

Bir neçə dəfə oğlanları onu dilə tutub evə aparmaq istəsələr də, Abas doğma övladlarından da şübhələnmiş, burada hökumətin barmağının olmasından duyuq düşərək evə qayıtmaqdan qəti imtina etmişdi.

Nəhayət, günlərin bir günü sovet imperiyası dağıldı və bu arada gözlənilməz bir hadisə baş verdi; dəli Abas da qəfildən kənddən yoxa çıxdı, izini-tozunu görən olmadı. Sanki ərşə çəkildi.
Onların hər ikisindən Dağbasan kəndinə dağın döşündəki kolluqda, baxanda güclə sezilən yanıb qaralmış bir daş qaldı.
# 3723 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #