Bacısının qisasını erməni əsirindən niyə almadı?

Bacısının qisasını erməni əsirindən niyə almadı?
6 may 2013
# 09:11

Gənc yazarın ilk romanından parça

Gənc yazar Sərdar Aminin hələ başlamayan II Qarabağ müharibəsinə həsr olunan romanı işıq üzü görür. Romanda müharibənin acıları humanist bir gəncin taleyi üzərindən göstərilib. “Qaratoyuq nəğməsi” adlı romanın qayəsini humanizm, insansevərlik təşkil edir.

Əsərdə göstərilir ki, baş verən bütün hadisələr kimi müharibə də insanların həyatında, taleyində bir xətt cızır. Ancaq müharibənin digər hadisələrdən fərqi ondadır ki, onun cızdığı xətt milyonlarla insan taleyinin üzərindən keçir və onları pozur.

Roman yaxın günlərdə “Qanun” nəşriyyatında çap olunacaq. Kulis.Az “Qaratoyuq nəğməsi” romanından bir parçanı təqdim edir.

Yeni tağım komandiri əsgərlərə əmr etmişdi ki, o oğlana tağımda xüsusi qayğı göstərilsin. Qaradinməzliyinə, ermənilərdən ailə dağı gördüyünə görə elə bilirdilər ki, o, qarşı tərəfə hamıdan çox nifrət edir.

Səhər dan yeri söküləndə tağımın ən cəld əsgəri Samir onu sakitcə yuxudan oyadıb tez bayıra çıxmağını xahiş etdi. Samir yaxşı oğlan idi. Belə oğlanlara el arasında “canlara dəyən” oğlan deyirlər. O, bilirdi ki, Samir onun xətrini çox istəyir. Onun “yaşına-başına” ən çox hörmət qoyan əsgərdir.

Odur ki, nəsə mühüm bir hadisə baş verdiyini anlayıb mümkün qədər tez paltarını geyindi. Bayıra çıxdıqda gördü ki, Samir siqaret yandırıb səngərin çıxışında gözləyir. Silahını çiyninə atıb onun yanına getdi. Samir başı ilə “arxamca gəl” işarəsi göstərib səngərdən arxa tərəfə çıxdı. Bir az təpəylə aşağı enib sonra köndələn getdilər. Samir aralarındakı məsafəni yoxlayıb sözə başladı:

- Amin, sənin ailənin başına gətirilən müsibəti eşidəndən sonra, bacının qabağıvızda öldürüldüyünü biləndən sonra, bunlardan qisasını necə alacağımı düşünürdüm. Sənə sürprizim var.

Bunu deyib Samir yaxınlıqdakı çalaya yön aldı. Dan yeri sökülmək üzrə idi. Ancaq qaranlıq nəinki ağ sapı qarasından seçməyə, ümumiyyətlə, sapı görməyə imkan vermirdi. Ətraf qaranlıq olsa da, çalada nəyinsə olduğu sezilirdi. Amin əvvəlcə qaraltının meyit olduğunu zənn etdi. Samirin qaraltıya təpik vurub ardınca söyüş söyməsi fikrini alt-üst etdi. Çaladakı erməni əsgəri idi. Amin əsgərə yaxından diqqət edib gördü ki, Samir məftillə onun boynunu dizinə, ayaqlarını bir-birinə, qollarını arxasında çarpazlaşdırıb sarıyıb. Məftil demək olar ki, əsgərin hər yerinə dolanmışdı. Əsgər durmadan içində inildəyirdi. Samir isə, onun üzərinə dolanan məftili aça-aça, iniltisinin ahənginə uyğun olaraq söyüşlər yağdırırdı. O, əsgərə dolanan məftili açandan sonra arxasında çarpazlanan qollarını dirsəyinə kimi yenidən möhkəm sarıdı. Aminə sarı dönərək təngnəfəs halda dedi:

- Düz 3 gecə idi ki, o tərəf keçirdim. Bu dəfə az qala zibilə düşəcəkdim. Yaxşı ki, qoduq yatmışdı. Yoxsa, işim əngəl olacaqdı. Götür bunu apar uzaqlara. Nə komandir, nə də uşaqlar bilsin. Qisasıvı al. Sənə görə gətirmişəm küçüyü. Öldür, sonra tikələyib at özləri tərəfə. Al bu “ştik”i də. Bunu deyib o, avtomatının ucundakı süngünü çıxarıb Aminə uzatdı.

Amin donub qalmışdı. Samir danışdığı müddətdə nə edəcəyini təxmin etmişdi. O, əsgəri öldürməkdən imtina etsəydi, Samir özü əsgəri əzabla öldürəcəkdi. Odur ki, Amin heç nə demədən süngünü ondan aldı.

- “Çox sağ ol, Samir” - deyib, əsgərə baxdı.

Samir əsgərin belinə dizilə zərbə endirib onu ayağa qaldırdı. Sonra ağzını əsirin qulağına yaxınlaşdırıb rus dilində: “Bu oğlanı görürsən? O, ananı belə-belə edəcək” – dedi.

Bu sözləri deyəndə sol əlini yumruqlayıb, sağ əlinin içi ilə yumruğunun “ağzını” bir neçə dəfə şappıldatdı.

Sonra əlini Aminin kürəyinə vuraraq – “Hə qardaş, hava açılana qədər işini bitir, qayıt!” – dedi. Samir bir addım atıb yenidən geri qayıtdı. Həyatda belə şansı bir daha əldə etməyəcək kimi əsgərin dalına möhkəm bir təpik vurdu. Əsgər qıvrılıb inildədi. Sonra Aminə “mənim döyüş növbətçiliyi saatım başlayır” – deyib, qaçaraq “blindaj”a qayıtdı. Amin avtomatını üst ayağa gətirib ucu ilə əsgərə istiqamət göstərdi. Onun “davay” sözündən sonra əsgər irəliləməyə başladı.

Onun addımlarını yalnız ölümə gedən insanın addımlarına bənzətmək olar ki, buna da ehtiyac yoxdur. Onsuz da ölümə getdiyini bilirdi. Sanki cığırla addımlamır, cığırı tapdalayırdı. Amin əsgəri olduqları yerdən təxminən 200 metr aralı apardı. Onlar gəlib qarşı tərəfə ən yaxın səngərə çatdılar. Artıq hava açılmışdı. İti qurddan seçmək olurdu. Amin əsgərə “stop” dedi. Əsgər cəld Aminə sarı dönüb sızlamağa başladı. Dizlərini yerə atıb ümidsiz-ümidsiz yalvarırdı: - “ Pojalusta, ne ubivay, pojalusta...” (Xahiş edirəm, öldürmə!)

Amin əsgərin üzünə baxdı. Gözlərinin mavi olduğu da sezilirdi. Balaca uşağa oxşayırdı. Əgər o, oğlan yox qız olsaydı, çox qəşəng qız olardı. Üzündə qız göyçəkliyi var idi. Amin bir daha əmin oldu ki, ermənilərin hamısı Azərbaycan filmlərində olduğu kimi burnu, saqqalı uzun, bədheybət olmur. Bu sadəcə bir obrazdır ki, onu həm Azərbaycan, həm də, erməni aktyorları qarşılıqlı olaraq yaradırlar.

O, nə edəcəyini əvvəlcədən qət etmişdi. Nə əsgərin yeniyetməyə oxşayan siması, nə yalvarışları fikrinə təsir etmədi. Avtomatı üst-ayaqdan salmadan süngünü sağ əlinə aldı. Ağır-ağır əsgərin üstünə getdi. Başını göyə qaldıran əsgər bir az ucadan - “Net-net...” (Yox-yox) – dedi.

Amin onun arxasına keçib aramla qollarındakı məftili açdı. Sonra əsirə qalx komandası verdi. Qarşısına keçib ona yaxın gəldi. Əsgərin qolları açılsa da, heç nə etmək fikri yox idi. Ümidsiz şəkildə zarıyır, yalvarırdı. Amin onun gözlərinin içinə baxıb yavaşdan danışmağa başladı:

- Kak tebya zavut? (Adın nədir?)

Əsgərin gözlərinin dərinliyində azca ümid cücərdi. Uşaq kimi udqunub:

- Vitalik – dedi.

- Vitalik, xoçu çtobı tı znal, mı ne vse zlıe. (Vitalik, istəyirəm biləsən ki, biz hamımız zalım deyilik)

Bunu deyib Amin susdu. Bəlkə də, əsgər düşünürdü ki, o bu sözləri deməklə onu əzab vermədən öldürəcəyini bildirmək istəyir.

Ancaq Amin düşünürdü ki, bu əsgərin ölümü ona heç nə qazandırmır. Onsuz da istənilən an onun köksünü nişan almağa bir erməni əsgəri tapılacaq. Olmasın Vitalik, olsun Valik. Vitalik ölsə də, onu erməni əsgəri vəzifəsində əvəzləyən tapılacaq. Ancaq o ölsə , dünyasını yaşayan başqa biri tapılmayacaq, onun anası üçün Vitalik tapılmayacaq. “Bütün anaların göz yaşları eyni rəngdədir”. Bu rəngi görmək lazımdır. Aminin dünyası bu rəngdə idi. Odur ki, bəzən insan üçün bacarmadığını etmək yox, bacardığını etməmək mümkün olmur.

- İdi Vitalik, beqi! (Get Vitalik, qaç)

Vitalik elə bil yuxu görürdü. O, pişik kimi qısılaraq dal-dalı getməyə çalışırdı. Guya, belə gedəndə atıla biləcək güllədən qorunacaqdı. Sonra geriyə dönüb qaçmaq istədi. Ayaqları dolaşıb yıxıldı. Nə edəcəyini bilmirdi. Yıxıldığına görə, Amindən dəfələrlə üzr istədi. Ayaqları tutulmuşdu. Vitalik yıxıla-yıxıla getdi.

Səngərdən keçəndə titrəyən əllərini bir-birinə sığıb Aminə təşəkkür etməyi də unutmadı. Yəqin ki, Vitalikin “İdi Vitalik, beqi” cümləsi yaddaşından heç vaxt silinməyəcək. Amin də bu sözləri deyəndə silahını yerə qoyub əlləri ilə göstərdiyi qarşı tərəfin bir vaxtlar çubuqdan at çapdığı Qarabağ olduğunun fərqində idi. Ancaq bu dəfə babalarından fərqli olaraq Qarabağa düşmən yox, insan buraxdığını da gözəl bilirdi.

# 1808 dəfə oxunub

Oxşar xəbərlər

# # #