Qarabağ qazisinin ayaqları

Qarabağ qazisinin ayaqları
1 may 2013
# 07:00

Taleh Eminoğlu

Qarabağ qazisi

( hekayə )

Yuxudan tez durmuşdu. Daha doğrusu həyat yoldaşı oyatmışdı. “Qalx, əl – üzünü yu, hazırlaş, axı bu gün vacib tədbirdə iştirak etməlisən ” – demişdi. Könülsüz olsa da durmuşdu. Səhər yeməyindən sonra uşaqlar məktəbə getmiş, həyat yoldaşı isə həvəslə onun tədbirə geyəcəyi kostyumu ütüləməyə başlamışdı.

Özü də televizoru işə salıb kresloda yerini rahatlayıb, xəbərlərin səhər buraxılışının başlamasını gözləyirdi. Reklamın ardından xəbərlər proqramı başladı. İlk məlumat qara xəbər oldu – “bu gün gecə saat 03:35 radələrində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində milli ordumuzun bir əsgəri şəhid olmuşdur. Allah rəhmət eləsin. ”

- Allah cümlə şəhidlərimizə rəhmət eləsin.

- Ay kişi, yenə də əsgər ölüb?

- Hə.

- Dinc durmurlar da bu ermənilər, dinc durmurlar. Yəqin onlardan da ölən olar.

- Yəqin.

- Belə də iş olar? Əziyyət çək, uşaq böyüt sonrada bir dığanın gülləsinə şəhid olsun.

Həyat yoldaşının nə danışdığını eşitmirdi. Qara xəbərdən sonra ölkədəki iqtisadi inkişafdan, söz azadlığından dəm vuran məmuru ürəyində söyürdü. Başqa əlindən nə gəlirdi ki? Bacardığını iyirmi il əvvəl Qarabağ savaşında eləmişdi. Onun bacarmadığını isə başqası edib satmışdı torpaqları.

- Ay kişi paltarın hazırdı, gəl geyin vaxta da az qalıb.

- Gəlirəm.

Həyat yoldaşı kostyumu elə ütüləmişdi ki, elə bil yenicə almısan. Bircə şalvarın bir ayağını ütüləməmişdi axı heç buna ehtiyacda yox idi. Paltarını dəyişib otağa qayıdanda səhər verilişində sarışın bir “maskanın ” mahnıya bənzər nə isə oxuduğunu görüb dodaqaltı “heyf ölənin öz canına ” pıçıldayıb ayaqqabısını geyinib yola düşdü…

İcra hakimiyyətinin akt zalında arxa sıralardan birində əyləşib döyüş yoldaşıyla söhbət edirdi:

- Günü gündən azalırıq.

- Hə, qardaş. Dostlarımızın yarısını savaşda itirdik, yarısını da əcəl aparır.

- Hər tədbirdən sonra düşünürəm görəsən gələn il görüşə biləcəyik?

- Ehh... Dərd orasıdı ki, ölənlər də, Qarabağda sağlamlığını itirənlər, canını sipər edənlərdi. Erməniyə benzin satanlar, evləri qarət edənlər yeyib yoğunlayır.

- Darıxma. Haqq mövcud...

İcra başçısının nitqə başlaması onların söhbətlərini dayandırmalarına səbəb oldu:

- Əziz Qarabağ qaziləri! Sizləri burada görməkdən böyük şərəf duyuram. Gəldiyiniz üçün sizə təşəkkür edirəm. Əvvəlki illərdən fərqli olaraq bu il tədbirimizdə rayonumuzun tələbə gəncləri, məktəbliləri də iştirak edir. Sizin kimi insanların dilindən o dövrün ağır vəziyyətini, keçdiyiniz çətin və qürurlu döyüş yolunu eşitmək onlar üçündə böyük fəxarətdir. Sizin kimi qəhrəmanlarla söhbət etmək, dərdlərinizi eşitmək, kömək etmək bizim borcumuzdur.

Dostu onu dirsəyi ilə silkələyib, pıçıldadı:

- Danışdıqlarına özü inanır görəsən?

- Hardan? Hamısı pafosdu. Həmişə olduğu kimi dörd – beş səhifə nitq yazdırıb qoyub qabağına oxuyur.

- Hamısı belədi. Hələ gözlə bu nitqini bitirsin, sən o birilərinə bax. Hər il eyni şeyi deyirlər. Heç olmasa mətnin sözlərini dəyişsinlər.

- Özləri yazır ki, özləri də dəyişsin. Görmürsən, deyir: “Sizə kömək etmək borcumuzdu ”. Yalançıya lənət. Meyvə - tərəvəz satmaq üçün evimin qabağında bir balaca yer vardı, icazə almaq üçün düz üç dəfə qəbulunda oldum. Axırda oğlana nazlanan qız kimi dodağını büzüb “ hə ” dedi.

- Adamın ürəyi partlayır. Döyüşən biz, özünə kişi deyən belələri.

- Darıxma. Haqq mövcud.

İcra başçısı nitqini bitirib, Qarabağ qazilərinin çox hissəsindən başqa yerdə qalanlardan ürəkdən gələn “ yaltaq ” alqışlarını alıb yerinə keçdi. Ardından icra nümayənədlərinin uzun və pafoslu, Qarabağ qazilərinin isə qısa və sadə çıxışından sonra icra başçısı yenidən çıxış edib son təşəkkürlərini bildirəndən, binanın çıxışında onlara hədiyyələr veriləcəyini deyəndən sonra tədbir yekunlaşdı...

Çıxışda hər kəs öz pay-puşunu alıb evinə gedirdi. Öz pay-puşunu deyəndə ki, hamıya eyni şeylərdən verirdilər. Amma hamı evinə eyni cür getmirdi. Kimi son model maşınıyla, kimi avtobusla.

Dostunu yola salıb dayanacaqda avtobus gözləyirdi. Dizinin üstünə qoyduğu ayaqqabı qutusunun üzərindəki yazını oxuyurdu. Belə bir markanı indiyə kimi nə görmüşdü, nə də eşitmişdi. Hər halda yəqin ki, brend deyildi. Amma onun üçün nə fərqi. Onsuz da ayaqqabının sağ tayını geyinəcək, sol tayını isə iyirmi ildir elədiyi kimi dolaba – digər sol ayaqqabı taylarının yanına – atacaqdı.

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #