Zəngilan yoxdursa, yoxdur ünvanım

Zəngilan yoxdursa, yoxdur ünvanım
22 aprel 2013
# 12:10

Hüseyn Zalıyev

Ağlama Zəngilanım

Həsrətin qəlbimi yandırıb-yaxır,

Dərdlərin şimşək tək göylərdən çaxır.

İndi məsum-məsum düz mənə baxır,

Nə olar ağlama ,ay Zəngilanım!

O gözəl torpağı görməsəm də mən

Amma ürəyimdə yaşayırsan sən.

Yadıma düşəndə laləli çəmən,

Coşur damarımda axan bu qanım,

Nə olar ağlama ,ay Zəngilanım!

Səninlə ağlayıb, sənlə gülmüşəm,

Dərd-sərin nə olub mən də bilmişəm.

Dərdimi səninlə yarı bölmüşəm

Ay mənim aşinam, dərdə yananım.

Nə olar ağlama, ay Zəngilanım!

Nə vaxtsa sən mənə qayıdacaqsan,

O köhnə anlara unudacaqsan.

Bilirəm sən mənə qayıdacaqsan,

Görəsən gələcək həmin zamanım?

Nə olar ağlama ,ay Zəngilanım!

De səni mən necə qaytarım necə

Çoxları sənsizliyi heç almır vecə.

Sənsizlik evində qalım hər gecə,

Onsuz da yoxumdur mənim ünvanım,

Nə olar ağlama ,ay Zəngilanım!

Gözəl çinar meşən, gözəl bağların,

Yayı gözəl keçən o yaylaqların

Hər gün su içdiyim buz bulaqların

Yadıma düşdükcə yanırdı canım

Nə olar ağlama ,ay Zəngilanım!

İnana bilmirəm bu yoxluğuna

İnana bilmirəm bu yoxluğuna

Bu elə dərddir ki, inanmaq çətin

Elə bil baxıram gün işığına

İçində batıram qara zülmətin.

Mən axı sənə yad adam deyildim

Zülmündən nə bezdin ,nə də ki doydun

Arxanı çevirib gedəndə bildim

Mənli günlərini arxada qoydun.

Demişdik ayrılsaq ölərik daha

Mənasız söz imiş qoy unudulsun.

Hələ ki, mən sağam şükür Allaha

Sən ölüb eləsən xəbərim olsun.

Sən mənə nə etdin, elə düz etdin

Kimsəsiz adamı yıxan çoxdur, çox.

Özgədən gəlmişdin özgəyə getdin

Mənimsə gedəcək bir yerim də yox.

Gözüm bir nöqtəyə baxır anbaan

Diqqət et haradan hara gəlmisən

Ən uzun cümləyə sığmayan adam

Kiçik bir nöqtəyə sığa bilmisən?

Nazınla oynadım nə vaxt darıxdın

Ürəyin istəyən vaxtda görüşdüm

Sən axı çıxanda başıma çıxdın

Bəs niyə düşünəndə gözümdən düşdün?

Gedənə ağlamaq qəribə işdir

Gülümsə gələndə, ağla gedəndə

Səndən də heç gözüm su içməmişdir

Bu qədər göz yaşı hardandır məndə

Mən sevə bilmirəm bağışla məni

Gözlədin yolumu mənsə gəlmədim

Dərdin kədərin var? Bunu bilmədim

Səni tərk edəndə niyə ölmədim?

Mən sevə bilmirəm bağışla məni

Sənsiz gecələrdə mən çox ağladım

Həsrətdən qəlbimi yaman dağladım

Yalançı sevgiyə ümid bağladım

Mən sevə bilmirəm bağışla məni

Düşündüm sevərəm amma olmadı

Bu sevgi qəlbimdə çox da qalmadı

Ayrılıq fikrini məndən almadı

Mən sevə bilmirəm bağışla məni

Sən mənim dostumsan başqa da heç nə

Sevgili olmağa vermir bəhanə

Mən səni sevmirəm deyim daha nə

Mən sevə bilmirəm bağışla məni

Nə Deyim

Küləklər şəhəri məni aparsın

Amma mən mən olum bax bu şəhərdə

İstədim nifrəti məndən qoparsın

Mən buna dözərəm lap birtəhər də

Düşünüb daşındım, özümə gəldim

Bu sevgi ən başdan yalanmış yalan

Məni sevmədiyini bax indi bildim

Bircə ayrılıq oldu tək mənə qalan

Gözümü gözündən çəkə bilmirəm

O gözlər mənimçün böyük dünyadır

Səninçün göz yaşı tökə bilmirəm

Bəlkə də gördüyüm gözəl röyadır

Bu həsrət ayırdı mənim yolumu

Bilsən nə gündəyəm nə vəziyyətdəyəm

Nə üçün bağladı mənim yolumu

İndi sevgi adlı bir əziyyətdəyəm

Yazığım gəlir sənə

Sən sevgimi görmədin

Sən dərdimi bilmədin

Sən ki, sevə bilmədin

Yazığım gəlir sənə

Boş-boş xəyallar qurdun

Qəlbimi yerə vurdun

Sən ki, qəlbimi qırdın

Yazığım gəlir sənə

Sözlərin daha bəsdi

Payız küləyi əsdi

Sənçün sevgi əbəsdi

Yazığım gəlir sənə

İndi sevgi yolunda söylə nələr etmisən?

Sən mənim ürəyimdə elə o gün bitmisən

Məni tək tənha qoyub gülə-gülə getmisən

Yazığım gəlir sənə

# 1164 dəfə oxunub

Oxşar xəbərlər

# # #