Özgə arvadı

Özgə arvadı
22 aprel 2013
# 12:05

Mirmehdi Ağaoğlu

"Möhtəşəm Qetsbi" haqqında

Amerika yazarı Frensis Skot Fisceraldın “Möhtəşəm Qetsbi” əsəri bu cümlə ilə başlayır: “Yeniyetmə vaxtlarımdan atamın verdiyi bir öyüdü qulağımda sırğa eləmişəm: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanlarınla dünyaya gəlməyib!”

Bu romanı “Caz əsri”nin ən gözəl əsərlərindən biri hesab edirlər. Ötən əsrin əvvəllərinin Amerikan ədəbiyyatı xatırlananda mütləq bu əsər yada düşür. Onsuz bu epoxadan, bu dövrdən danışmaq mümkün deyil.

Bəs əsəri belə fərqli edən nə idi? Burjua cəmiyyətinin ifşasımı? Sevginin tərənnümü? Sevgi uğrunda aparılan mücadiləmi? Yoxsa əsərin axıcı və ənənəvi xətt üzrə davam etməyən, “sərt döngəli” süjetimi? Bəlkə həyatın faniliyini, absurdluğunu sübut edən növbəti şedevr olması?

Hər şeydən əvvəl onu qeyd edək ki, “Möhtəşəm Qetsbi” əsəri sevgi dastanıdır. Amma necə? Bilmirəm, Fitscerald bu əsəri yazanda şərq nağılları ilə tanış idi, ya yox, amma əsərin süjetindən açıq-aşkar qədim şərq nağılları ilə, “Min bir gecə” ilə bağlar hiss olunur.

Əsərin məzmunu haqqında məlumat verməmişdən əvvəl zəruri bir haşiyə çıxaq. Əlbəttə sosial şəbəkələrin inkişafı, yeni informasiya vasitələri insanlara yazmaq, çap olunmaq üçün olduqca geniş imkanlar verdi. Bu kütləvi yazı prosesinə nəzər yetirəndə ilk baxışdan adama elə gəlir ki, kəmiyyət çoxluğu mövzu çoxluğunu da doğuracaq. Amma mətnlərə nəzər yetirəndə görürsən ki, belə deyil. Mövzusu sevgi-məhəbbət olan mətnlərin çoxunda bu hiss elə bayağı, elə sentimental cümlələrlə təsvir edilir ki, çaşıb qalırsan. Bu mətnlərin altındakı imzaları götürsən müxtəlif qələmlərdən çıxdığı hiss olunmaz. Yəqin elə o səbəbdən də “Möhtəşəm Qetsbi” kimi bir əsərin oxunması olduqca vacibdir. Oxuyaq görək, sevgi haqqında necə bir əsər yazmaq olar ki, bayağı və sentimental alınmasın, mövzuya yanaşması və strukturu, süjeti ilə oxucunu valeh eləsin.

Hekayəni danışan Nik Karrauey təhsil almaq və işləmək üçün Nyu-Yorka gəlir və burada Lonq-Ayelendə ev kirayələyib yaşayır. Dezi Bükenen adlı qohumu da burda yaşayır. O, Tom adlı və Nikin də tanıdığı idmançı bir oğlana ərə gedib. Oğlan yekəxana, irqçi, varlı adamdı.

Bükenenlərə qonaq gələn Tom burada qolf oyunçusu olan məşhur idmançı xanım Cordan Beykerlə tanış olur. Bu vaxtı Tomu telefona çağırırlar və Tom o biri otaqda telefonda danışarkən Cordan Nikə deyir ki, Tomun Nyu-Yorkda sevgilisi var.

Elə bu məclisdəcə Nikin Lonq-Ayelenddə qaldığını öyrənən Cordan heyranlıqla onun qonşuluğunda yaşayan Cey Qeytbidən, onun təşkil etdiyi ziyafətlərdən danışır. Tom isə ağzını bükərək, yəqin ki, bu naməlum milyonçunun butleqer (“suxoy zakon” dövründə içki qaçaqmalçılığı ilə məşğul olan adam) olduğunu deyir.

“Min bir gecə” nağıllarını yada salaq. Günlərin bir günü Bağdadın darvazasından şəhərə ləl-cəvahirat yüklü dəvə karvanı daxil olur. Karvanın önündəki kəcavədə isə yaraşıqlı bir gənc oturub. Heç kəs onun kimliyini bilmir. O, Bağdada gəlib ən bahalı bir imarəti alır, daha sonra orda ziyafət təşkil edir. Bağdadın gəncləri bu səxavətli, var-dövlətlii gənclə dost olmağa çalışır, qızları isə onu özünə aşiq etmək üçün növbəyə düzülür. Cey Qetsbiyə qarşı da belə bir heyranlıq var.

Növbəti gün Tom Niki özü ilə adadan Nyu-Yorka aparır. Yolüstü avtomobil təmiri emalatxanasının sahibi Corc Uilsonun arvadı Mirtl da onlara qoşulur. Onlar birlikdə Tomun Nyu-Yorkda sevglisi üçün kirayələdiyi “yuva”larına gedirlər.

Nik artıq Qeytbinin hər həftənin şənbə günü o böyük villasında ziyafət təşkil etdiyindən xəbərdar idi. Hər dəfə ziyafətdən qabaq bu villaya içki şüşələri ilə, yeməklə dolu maşınların gəldiyini, növbəti gün ziyafətdən sonra qara torbalar dolusu zibillərin çıxdığının şahidi olurdu. Ziyafət axşamlarında məhəllə başdan-başa maşınlarla dolu olurdu. Deyilənə görə bu ziyafətə gələnlər arasında ömründə Qetsbinin görmədiyi, bilmədiyi, dəvətnamə vermədiyi adamlar da gəlirdilər. Qetsbi isə bundan zərrə qədər narahatlıq keçirmir, yenə də məclisdə içkilər su kimi axır, süfrələrdən yeməklər əskik olmurdu. Belə günlərin birində Qetsbinin sürücüsü Nikə dəvətnamə gətirir.

Ziyafətdə Nik Birinci Dünya müharibəsi zamanı ABŞ qoşunlarında xidmət elədiyi əsgər yoldaşı ilə tanış olur. Sonradan məlum olur ki, həmin adam Cey Qeytbsidir. Səhəri gün Cey Niki şəhərə dəvət edir. Ona bu vaxta qədər heç kəsə məlum olmayan keçmişindən danışır.

Cey Qetsbi əslində bir zamanlar Ceyms Qeyts adlı bir gənc imiş. Gözəl bir qız sevirmiş. “Mavi gözlü dev” şeirindəki kimi xanımın xəyalı “bağçasında xaniməli bitən bir evmiş”, müharibə başlayanda sonra Ceyms əsgərliyə yollanır, sevgilisi isə onu gözləmir və ərə gedir. Müharibədən qayıtdıqdan sonra sevgilisinin onu tərk etdiyini öyrənən Ceyms həyatdan küsür, şəhərləri sərgərdan dolaşarkən bir gün varlı bir adamla qarşılaşır. Həmin adam “Min bir gecə” nağıllarında olduğu kimi onu oğulluğa götürür. Həmin adamdan qalan pulla və özünün fərasəti nəticəsində tezliklə varlanan Ceyms adını dəyişərək Cey Qetsbi olur.

Ərdə olan sevgilisinin Nyu-Yorkda yaşadığını öyrənəndən sonra buraya köçür, Nyu-Yorkun ən böyük imarətlərindən birini alır. Bəlkə sevgilisi də bir gün bura təşrif buyurar deyə hər həftə ziyafətlər verib bütün Nyu-Yorku bura tökür. Niklə Dezinin qohum olduqlarını öyrənən Cey ondan xahiş edir ki, sevgilisi ilə görüşünü təşkil etsin. Sən demə, Qeytbinin hələ də sevdiyi o xanım Tom Bükenennin arvadı Dezi imiş.

Cordanın da bu işlərdən xəbəri var, o Tomun qadın saxladığından xəbərdar olduğu üçün istəyir ki, Dezi də ərinin acığına Qetsbi ilə görüşüb kefini çəksin. Nik razı olur. Neçə illərdən sonra Qetsbininkinə baxanda olduqca kasıb olan evində Cey ilə Dezini görüşdürür. Elə bil Qeystbi ilə Dezinin yenidən alovlanmış məhəbbətləri Niklə Cordana da təsir edir, onlar arasında da sevgi münasibəti yaranır.

Növbəti səhnədə Tom Qeytbi ilə tanış olur. Lakin onun Qetsbiyə qarşı əvvəlki şübhəli münasibəti yenə dəyişmir, o Nyu-Yorkda “Plaza”otelində Qeystbi, Büenenlər, Nik və Cordan içki içib dincələn zaman da bu münasibəti dəyişmir. Bu vaxt ortaya çıxan qanqaraçılıq zamanı hirslənərək Qeytbinin butleqer adlandırır, onun keçmişini bildiyini deyir, Qetsbi isə onun arvadı Dezini sevdiyini, onların lap əvvəldən sevgili olduqlarını, Dezinin həmişə onu sevdiyini deyir.

Dezi isə heç cür son qərarını verə bilmir. Əsəbiliklə keçən bir neçə saatdan sonra onlar geriyə dönürlər. Şəhərə gələndə Tom Qeytbinin sarı maşının sürmüşdü. O, Corcun emalatxanasına benzin doldurmağa gələndə ona yalandan bu maşın təzə aldığını deyir. Corcun arvadı Mirtl isə emalatxananın yuxarısında pəncərədən Toma baxır.

Geri qayıdanda Dezi əsəblərinin sakitləşməsi üçün sükan arxasına keçir. Avtomobil emalatxanasının qarşısından keçəndə qəfildən Corc Uilsonun arvadı yola çıxır, elə bilir, gələn Tomdur və avtomobili yayındıra bilməyən Dezi Mirtlı vurur. Dezi özünü itirərək maşını saxlamaqdan çəkinir, Cey və Dezi hadisə yerindən qaçırlar. Onlardan arxada Nik və Cordanla gələn Tom isə yerdə yatanın sevgilisi olduğunu görür. Mirtlin ərini sakitləşdirməyə və onu yola gətirib qayıdanda sarı maşını özünün sürmədiyini desə də əslində onun özünün sakitləşməyə ehtiyacı var. Tom Mirtili itirdiyi üçün özünə gələ bilmir.

Tomgilin evlərində gələndə isə Nik qaranlıqda dayanıb evə keşik çəkən Qetsbini görür. Qısa söhbət zamanı Qetsbi bildirir ki, Mirtlın ölümünü öz boynuna götürəcək. O razı olmaz ki, sevgilisi həbsə düşsün.

Sonrakı səhnədə özünü itirmiş Corc Uilson Tomun evinə gələrək maşının həqiqi sahibinin kim olduğunu söyləməsini tələb edir, əks halda əlindəki tapança ilə onu öldürəcəyini bildirir. Tom da Corca maşınının sahibinin Qetsbi olduğunu deyir. Corc Qetsbinin villasına gələndə o hovuzda çimərlik döşəyində uzanmışdı. Corc həyətə girir və Amerikan filmləri sayaq desək Qetsbinin qarnını güllə ilə doldurur.

Nik bu xəbəri öyrənəndə birinci Deziyə zəng edib onu xəbərdar etmək istəsə də məlum olur ki, Bükenenlər gecə ikən köçlərini yığıb gediblər. Nik Qetsbinin tanıdığı başqa dostlarına da zəng edir. Lakin heç kim ortaya çıxmır. Təşkil etdiyi ziyafətlərə bütün Nyu-Yorkun

yığışdığı adamın dəfnində yalnız Nik, Qeytbinin atası və xidmətçisi və bir dəfə Qeytbinin kitabxanasında gördüyü adamdan başqa heç kim iştirak etmir.

Qısa müddət ərzində baş verən bu olanlardan sonra son dərəcə sarsılan Nik daha Nyu-Yorkda qala bilmir. Qərara alır ki, bir müddətə geriyə Orta Şərqə qayıtsın.

Oxucu Fisceralddan nəsə başqa şey gözləyir. Hadisələrin axarı oxucuya üfüqü tamam başqa cür göstərərkən birdən gözlənilməzliklə qarşılaşır. Bədbəxtlik üzündən baş verən bir qəza nəticəsində Qetsbinin həyatı məhv olur. Əslində mövzu olduqca sadədir, oğlan sevdiyi üçün varlanır və onun üçün geri dönür.

Fisceralda qədər nağıllarda “Aşıq Qərib” kimi dastanlarda dəfələrlə işlənmiş mövzudur. Amma Fircerald bu sadə mövzuya fərqli bir don geyindirməyi və oxucunu heyrətləndirməyi bacarır. Oxucu bir dəfə də romantik qəhrəmanın monoloqunu, ağrısını, sentimental hisslərini görmür. Dezi ilə Qetsbini görüşdürən yazıçı lirizmə varmır, onların həsrətlərini üstüörtülü şəkildə göstərir. Əvəzində hadisələr ona Qetsbinin məhəbbətinin nə qədər böyük olduğunu göstərir.

Nik dərk edir ki, bu boyda şəhərdə adı “çirkli” olsa da bir dənə təmiz insan Qetsbidir. Məhəbbət yolunda, sevdiyinin yolunda həyatını bütünlükdə dəyişən, onun yolunda hər həftə dəbdəbəli ziyafətlər təşkil edərək bircə dəfə bu ziyafətə gəlməsini həsrətlə gözləyən, buna görə bütün qadınlardan üz döndərən, onun etdiyi cinayəti belə öz üzərinə götürməkdən qorxmayan və ən nəhayət onun yolunda ölümə belə hazır olan Qetsbi. Möhtəşəm Qetsbi!!!

2012-cü ildə Frensis Skott Fisceraldın “Möhtəşəm Qetsbi” əsəri əsasında rejissor Baz Lurman eyniadlı film çəkib. 3D formatında çəkilmiş filmin təqdimatının Kann festivalında keçirilməsi planlaşdırılır. Filmin treylerini təqdim edirik.

# 6072 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #