Kişilər tərbiyə olunmaz

Kişilər tərbiyə olunmaz
19 aprel 2013
# 13:17

Jalə Seyidli

***

Ruhumuz gözümüz qədər ac deyil...
Rahatlıq, hüzur istəyir bizdən...
Biz ondan hər şey...
Sevgi, ədalət, var, dövlət...
Zorlayırıq ruhumuzu...
əlacı qaçıb getmək olana qədər...
O gedir, torpağa gömülməkdən başqa,
bir işə yaramırıq onda...
İnsanlıqdan çıxarırlar bizi...
Adımız ölü olur!
Ruhsuz və ölü!

***

Bu yağış heç kəsməyə...
Daha sərt yağa...
Ucundan tutam göylərə qaldıra məni...
Allaha sözüm var...
İnsanların eşitməsindən qorxuram.....

***

Tərbiyə etməyə çalışırıq - alınmır...
öyrətməyə çalışırıq - dəliririk...
olduğu kimi qəbul edirik - sakitləşirik...
birinciyə, ağılsızlığımız vadar edir...
ikinciyə, ağlımız...
üçüncü, müdriklikdir...
Anlayırıq ki: KİŞİLƏR əsla dəyişməz.....

***

Sildiyinlə yaşamaq- yaşamamaqdır...
Yanında var! yox kimidir...
Danışır - eşitmirsən!
Gülür - görmürsən!
Ağlayır - təsəlli etmirsən!
kar! kor! lal! olmaqdır...
sildiyinlə yaşamaq...
sən də yox olursan?...
sildiyinlə yaşaya-yaşaya...
heç bunu düşünürsən?...

***

Səni SMS-lərdən, MMS-lərdən silirəm!
Xəyallardan, arzulardan qovuram de!
Qorxmuram!
Bir tək ürəyindən silsən qorxaram...
Ürəyinə salmısanmı məni?
Ya da, ürəyin varmı sənin?

****

İçimdə bir dünyam vardı.
Qaranlıq idi ordakı evim,
Bir gün işığı yandı...
Bildim ki sən gəldin...
Yolunu gözlədiyim SEVGİM

***

Hər addımda bir qəbrim var...
Bu dünyaya dağılmışam parça-parça...
Dostlar, tapın yığın məni...
Dağılmayım qoy bir olum
heç olmasa torpaq altda.

***

Dərdimin dərd ortağıyam...
Yorulmuşam dərdin, dərdin çəkməkdən
İstəyirəm bir dəlilik eləyim
Bəlkə dərd də qaçıb getsin dərdimdən...
Gəlməsin! Xəyanət eləsin mənə...
Onda da xəyanət dərdimi çəkim?
Sən allah, ay dərdim, otur yerinə.
Qoy elə mən sənin dərdini çəkim.

***

Günəşim, həyatım...
sevmədiyinə, şit sevgi etirafın!..
Günəşə də belə deyirik.
Gün, işıq, həyat...
yerini səbirlə, dəyişir...
Qaranlığa qaçır utandığından!...

***

dəniz - torpaq.
əbədi sevgiliymişlər...
adları birmiş,
ya dəniz, ya da torpaq...
hakimləri-fəlakət...
şahidləri - külək, yağış, tufan,
bir də dalğalar...
qərar: “torpaq və dənizə bölünün,
nə bir olun, nə ayrı!”.
Görüş yeri - sahil...
görüş zamanı - hər an,
həm də dalğaların nəzarətində...
nə qovuşa, nə ayrıla bilsinlər deyə...

# 1593 dəfə oxunub

Oxşar xəbərlər

# # #