Kişiyə toxunmadan onun paltarını çıxartmaq olarmı?

Kişiyə toxunmadan onun paltarını çıxartmaq olarmı?
18 iyul 2013
# 08:46

İranlı rejissor Əsgər Fərhadinin 2011-ci ildə ekranlara çıxmış, çoxlu nüfuzlu mükafatlar qazanmış «Nadir və Siminin boşanması» (The Separation of Nader from Simin) filmi İran kinosunda irəliyə doğru iri bir addımdır. Film İran kinosundan vərdiş etdiyimiz vizual lirizmə, emosional “pafos”a, ideya cəhətdən mənəvi-ürfanidən başqa daha yeni və vacib bir keyfiyyət qazandırdı. Böyük kinonun fəlsəfi məsələləri barədə danışdı: həqiqət və insan, ədalət və insan, mütləq həqiqət barədə suallar qoydu.

Film iranlı bir ailənin - Nadir və Siminin boşanması ilə başlayır və elə onunla da bitir. Onların Termə adlı 11 yaşlı bir qızları var. Simin (Leyla Hatəmi) xaricdə yaşamaq istəyir, Nadir (Peyman Moadi) isə yox. İndi ya bir yerdə köçməli, ya da ayrılmalıdırlar. Məhkəmə onlara düşünmək üçün möhlət verir.

Bu vaxt kimin haqlı olmasını aydınlaşdırmaq üçün, daha doğrusu qızın kiminlə qalmasını müəyyənləşdirmək üçün ona verilən vaxtdır əslində.

Nadirin altsqeymer xəstəliyi (Əqli zəiflik, yaddaşın itməsi və hərəkətin məhdudlaşması kimi fəsadlar verən xəstəlikdir) olan bir qoca atası var. Qocanın vəziyyəti pisləşir və Nadir ona baxıcı axtarmalı olur. Raziyə (Sara Bayat) adlı bir qadın gəlir. Biz sonrakı kadrlarda Raziyənin hamilə olduğunu görəcəyik.

Raziyə ərinə demədən ailəsi üçün pul qazanmalıdır. Nadir onu atasına baxmaq üçün işə götürür. Raziyə həkimə getmək üçün iflic xəstəni çarpayıya bağlayır və gedir. Təsadüfən evə gələn Nadir və Termə kişini yıxılmış görürlər. Raziyə evə qayıdanda Nadir onunla mübahisə edir və onun evdən getməsini istəyir. Nadir çıxmaq istəməyən və mübahisəni davam etdirən qadını qapıdan çıxarmalı olur və o yıxılır. Bunun itələməkdənmi olduğu-halsızlıqdanmı olduğu məlum olmur. Amma xəstəxanaya çatdırılan qadın qarnındakı körpəni itirir.

Qisasçı həqiqət

Qadın məhkəməyə müraciət edir və kimin günahkar, kimin haqlı olması uğrunda uzun və qarışıq bir mübarizə başlayır. Tamaşaçı yorulmur, çünki proses boyu gah qadın gah kişiyə haqq verir. Həqiqətin harada olduğunu yox, necə olduğu barədə özünə suallar verənədək. Film boyu məlum olur ki, sən demə, hər kəs içində balaca bir həqiqət gizləyir və əvvəldə bizi maraqlandırmayan o həqiqətlər məhkəmə prosesində vacib olur- Nadir sən demə qadının hamilə olduğunu bilirmiş. Raziyə isə həkimə getdiyində uşağın artıq tərpənmədiyi və ciddi müayinə olunmasının vacib olduğunu öyrənibmiş...

Gizlədilən «əhəmiyyətsiz» həqiqətlər hamıdan qisasını alır. Hər kəs gizlədiyi kiçik, «lazımsız» həqiqətin acısını çəkir. Yəni, həqiqətə böyük və ya kiçik, lazımlı və ya lazımsız olub olmasını demək bizim haqqımız deyil. Bəs əslində kim haqlıdır, və ya kim müqəssirdir?

Rejissor tamaşaçını absurd şəklədək uzanan sualla buraxır.

Mütləq həqiqət, ədalət haradadır, Ona çatmaq mümkünmü? Şüurla, məntiqlə mümkün deyil kimi görünür. Onda rejissor bir qütb daha göstərir- inam. Tanrıya, mütləq ədalətə, həqiqətə, yaradana inam. Bu qütbü filmdə Raziyə təmsil edir. Nadir təzminat olaraq böyük bir məbləğ gətirir və Raziyə uşağının onun itələməsi nəticəsində öldüyünə Qurana and içərsə pulu verəcəyini deyir. Raziyə pulu qəbul edə bilmir. O belə olduğuna əmin deyil. Hadisədən bir –iki saat qabaq həkim ona uşağın tərpənmədiyini deyib. Ərinin təkidinə baxmayaraq Raziyə pulu almır. O qorxur ki, yalandan and içsə, “Tanrı o biri qızını da öldürər”.

Film daha mürəkkəb suallar qoyur – inam hara qədərdir? Qorxularla çəpərlənmiş insan özünü tapa bilərmi?

Termə

Filmin sosial, fəlsəfi, ictimai çalarları var. O dramaturgiya baxımından mükəmməldir. Süjeti çox qəribə və çevikdir, bir əhvalatla başlayıb başqa məqamlara toxunur və sonda yenə də Nadir və Siminin boşanması məsələsinə gəlir. Üstüörtülü bir məqamı daha var: Simin İrandan getmək istəyir. Nə üçün?

O qızının başqa ölkədə təhsil almasını istəyir. O qadın olaraq sıxıntılarını qızının keçirməməsini istəyir. Konkret olaraq səslənməsə də bu duyulur. Orada daha xoşbəxt olacağını düşünür.

Kişimərkəzçi cəmiyyətin, sistemin fəsadları da var. Məsələn, Raziyə naməhrəmə toxuna bilməz, amma üstünü bulamış kişinin əynini dəyişməlidi. O şəriət qanunlarını bilən bir qadına zəng edir və ona toxuna bilərmi -deyə soruşur. Hər addımda cinsəl obyekt olduğu anladılan qadın daima özündə bir günah kompleksi gəzdirir və bu sistemin içində həm qaydaları pozmamağa çalışır.

Raziyənin gözlərində daima qorxu var. Qadın qorxulari ilə idarə olunur, arzuları, fikirləri ilə deyil. Kişidə də bu var. Amma qadında olduğu kimi sistemli və qəbul olunmuş deyil. Bunlar nə dramaturji, nə vizual cəhətdən (operator işində) qabardılmır o qədər və beləliklə film tamaşaçını hansısa vərdiş olunmuş «motivasiya»dan azad edir. Nə varsa odur və tamaşaçı filmin ideyasına uyğun olaraq mütləq həqiqəti özü seçməlidi.

Daha doğrusu nəyin həqiqət olduğuna.

Əsas məsələ uşaqlardır- kiminlə yaşayacağı bəlli olmayan Termə, Raziyənin məktəb yaşlı qızı. Onlar bu əhvalatları görə-görə, mürəkkəb hopan kağız kimi içlərinə çəkə çəkə böyüyürlər. Filmin finalı həm də bir qədər simvolikdir: Termə kiminlə qaldığını demək üçün zala dəvət olunur. Kamera qızını dəhlizdə gözləyən Nadir və Simini çəkir. Termə gələcəkdir. Gələcək kimi seçəcək? Film boyu Termənin Atasını çox sevdiyini görürük. Atası buradır. O atasından ayrılmaq istəmir.

# 5374 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #