writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock12:25 calendar-gray 09 Aprel 2013 view-gray1378 dəfə oxunub
view-gray1378 dəfə oxunub

Sevgisi üçün gül mağazasını yardı

Layihə-Başıma gələnlər

2-ci yazı

Əsgərlikdən geri dönüb bir müddət ana vətənin qoynunda veylləndikdən 7-8 ay sonra hərbi xidmət keçdiyim Rusiyanın Prokopyevsk şəhərinə qayıtdım. Daha doğrusu qayıtdıq. Alverçi atasının pullarının gücünə əsgərlikdən tamam azad edilmiş xalam oğlu Çingizlə gedirdim. Mən özümdən bir yaş kiçik xalam oğluna rus cəmiyyətindəki azadlıqlar və oradakı həyat haqda danışmışdım. Söhbətlərimə maraqla qulaq asan Çingiz gecə-gündüz məni rahat buraxmır, Rusiyaya getməyi təkid edirdi. Kənddə kolxozçu camaatın əkinçi həyatı və toy-nişan adət-ənənəsindən başqa bir şey görməyən gənc Çingiz üçün mənim danışdıqlarım əfsanə kimi görünürdü. Bir müddət sonra kənddəki bekarçılıqdan mən də darıxdım və Çingizin alverlə məşğul olan böyük qardaşından aldığı pulla Tiflisə, oradan da qatarla Rusiyaya yola düşdük.

Səhər saat beş radələrində gəlib əsgərlik çəkdiyim Prokopyevsk şəhərinə yetişdik. Bu bir şaxtaçı şəhəri idi. Buradakı kişilərin demək olar ki, əksəriyyəti kömür mədənlərində işləyir, yaxşı maaş alırdılar. Şəhər kiçik, xudmani və olduqca səliqəli idi. Mənimlə birgə əsgərlikdə olan Əsəd bir tatar xanımla evlənib bu şəhərdə qalmışdı. Səhər açılanda, tramvaylar işə düşən kimi biz Əsədgilə gəldik. Bizim gəlişimizə çox sevindi. Sevdiyi xanımla ömür sürən Əsəd də şaxtada işləyirdi. Səhər tezdən işə gedir, iş müddəti 6 saatlıq olduğuna görə günortadan sonra evə qayıdırdı.

Biz səhər yeməyindən sonra şəhərə gəzməyə çıxır, Əsəd evə qayıdana qədər veyllənirdik. Sonradan Əsəd də bizə qoşulur, şəhərdə yaşayan azərbaycanlılara qonaq gedir, yemək-içmək məclisləri qururduq. Yaşayanlar bilir, sovet vaxtı uzun müddət işsiz gəzmək, avara həyat tərzi keçirmək mümkün deyildi. Buna görə də dostlar bizi çini qablar zavodunda işə düzəltmişdilər. Biz orada mərtəbələri gil qablarla dolu olan vaqoncuqları itələyib yüksək dərəcəli sobalara qoyurduq. Bir müddətdən sonra isə gil qabların bişərək çini qablara çevrilmiş vaqonlarını yığım sexlərinə ötürürdük. Yaşayış yerimiz isə zavodun yataqxanası idi. Nə isə, bunlar burada qalsın, mən tamam ayrı bir söhbət eləmək istəyirəm.

Əsədin Kolya adlı bizimlə həmyaşıd olan yaraşıqlı, dəliqanlı və iricüssəli qayını mənimlə dostluq eləyirdi. O, tez-tez qaldığımız yataqxanaya gəlir, birlikdə yeyib-içirdik. Kolya şəhər kənarındakı “Yasnaya polyana” adlı qəsəbədə yaşayan Marina adlı bir qıza vurulmuşdu. İçən kimi Marinanı dəli kimi sevməyindən söz salar, vəhşi kimi qışqırar, stəkanı-zadı dişləyib çeynəyərdi. Bir dəfə “lezva” ilə yoğun biləyinə qanı axa-axa “Marina” sözünü yazmışdı. Mən hər dəfə onun bu çılğınlığının qarşısını alır, onu sakitləşdirirdim. Kolya məni öz sevgilisi ilə də tanış eləmişdi. Marina könülsüz də olsa bizimlə şəhərə çıxır, gəzir, kinoya gedir, kafedə otururdu. Kolya Marina ilə evlənmək istəyirdi. Marina isə ona, “Sən anormalsan, mən səninlə yaşaya bilmərəm, heç olmasa içkini buraxmalısan”-, deyirdi.

Günlərin bir günü Kolya yenə mənim yanıma gəldi və yarı şən, yarı kədərli, anlaşılmaz bir hislə dedi ki, bu gün Marinanın doğum günüdü. Məsləhət gördüm ki, zəng eləyib Marinanı şəhərə çağırsın, bir yerdə şənlənək. Kolya dedi, neçə dəfə zəng eləmişəm, mənimlə gəzmək istəmir. Sonrakı zənglərimə də milisioner atası cavab verdi.

Mən Kolyanın könlünü almaq üçün dedim, qoy Çingiz işdən gəlsin, birgə əylənərik. Axşam Çingiz işdən qayıdanda planımızı dedik, qayıtdı ki, mən ayrı uşaqlarla kampaniyaya getməyə vədələşmişəm, sizə qoşulmağım yaxşı çıxmayacaq.

Axırda Kolya ilə ikimiz “Kolobok” adlı kafeyə getdik. Kolya o qədər içdi ki, dəliyə döndü. Hərdən qədəhi yuxarı qaldırıb öz başına tökərək gülürdü. Qəfildən cəld ayağa qalxıb əlini stola vurdu və “getdik!” dedi. Çaşqınlıqla soruşdum:

- Kolya hara gedirik?

- Dedi, mən bir dəstə gül alıb mütləq Marinanı təbrik eləməliyəm.

Biz tüstülü kafedən küçəyə çıxdıq. Yazın girməsinə baxmayaraq, hava hələ də şaxta-sazaqlı idi. Kolya buğlana-buğlana qabaqda gedirdi. Dedim, Kolya, gəl evə gedək, artıq bütün mağazalar bağlıdı. Kolya dedi, narahat olma, indi sonuncu tramvay gələcək, gedək biz tərəfə, orada özbəklərin gül dükanı var, mən qapını açdıracam.

Nəhayət, sonuncu tramvay gəldi və biz Kolyagilin evinə yaxın bir dayanacaqda düşüb xeyli piyada getdik və onun dediyi gül dükanına çatdıq. Kolya ucadan qışqırdı: “Özbək hardadı?”

Mağazaların arasından cavan bir milis çıxıb: “Kolya, nə anqırırsan, hamı yatıb, get evinizə!” – deyə ona təpindi.

Mən başa düşdüm ki, bu, növbətçi milisdir. Kolya milisi görən kimi özünü onun üstünə atdı: “Miş, mənə bir “mantirovka” tap, tez elə, Miş, Marinanın ad günüdü...Miş!”

Aydın oldu ki, Kolya bu milisi yaxşı tanıyır. Mişa Kolyanın üstünə yeridi: “Kalyan, sən çox pis gündəsən, get evə, Marinanı sabah təbrik edərsən!”

Bu arada deyim ki, şəhərin küçələrində gənclərdən ibarət ayrı-ayrı xuliqan dəstələri gəzib-dolaşırdı, “Volk”un dəstəsi, “Karol”un dəstəsi, “Zloy”un dəstəsi, “Mauqli”nin dəstəsi... Kolya “Karol”un dəstəsindən idi. Bu uşaqların dalaşmaq, öldürmək, tutulmaq heç veclərinə də deyildi.

Milis nəfəri az qala yalvararaq mənə dedi ki, bunu evə apar, dəmdi, yoxsa bura əlavə milis çağıracam. Mən milisə dedim, bəlkə özbəkləri oyadaq. Gəlib bizə gül versinlər, yoxsa bu, əl çəkməyəcək. Mişa dedi, qardaş, axı, mən bilmirəm onlar harada qalır. Kolya Mişanın üstünə qışqırdı: “Davay, tez elə, kişi ol, “mantirovka”, vəssalam!”

Kolyanı uşaqlıqdan tanıyan Mişa əlacsız qalıb harasa girdi və əlində bir “mantirovka” geri qayıtdı. Kolya irəli cumub dəmir aləti onun əlindən cəld aldı və az keçməmiş iri qıfıl asılan dükanın qapısını açdı. İçəridə iri güldanlara qoyulmuş al-əlvan güllər vardı. Kolya bir dəstə qızılgülü qucağına alıb, tələsik çölə çıxdı və: “Davay, Miş, sağ ol, sabah görüşərik!”- deyərək, başı ilə məni öz arxasınca çağırdı.

Bu hadisə 1981-ci ildə baş verib. Sovet adamları bilir ki, o zamanlar gecə yarıdan sonra taksilər işləməzdi.

Mən Kolyadan soruşdum ki, yaxşı, bəs Marinagilə necə gedəcəyik? Kolya xoşbəxtcəsinə gülə-gülə: “Bu saat motoru xodlayacam!”-dedi və öz evləri tərəfə yüyürdü. Gülləri mənə verib çəpərdən aşaraq evə girdi, açarı tapıb, qarajın qapısını açdı. Kolyanın motosikleti olduğunu bilirdim, ancaq bu vaxta kimi görməmişdim. O, motoru xodladı. Biz tarhatar xeyli getdikdən sonra nəhayət gəlib Marinagilin evinə çatdıq. Kolya düşüb gülləri məndən aldı və həyətdə bir neçə dəfə qışqırdı: “Mariko, Marina!” Bu zaman evin qapısı açıldı, içəridə yeyib-içən kampaniyanın səsi çölə dağıldı, sərxoş bir kişi bayıra çıxdı və: “Siz kimsiniz, Marinanı haradan tanıyırsınız?”-deyə soruşdu. Kolya irəli yeriyib: “Mən Marinanı sevirəm və bu gülləri ona gətirmişəm!” dedi. Kişi yerində səndələyə-səndələyə: “Birincisi Marina yatır, ikincisi də Marina axı başqa oğlanı sevir!”-dedi.

Kişinin sözlərindən təsirlənən Kolya: “Mən onu görmək istəyirəm, bu gülləri ona vermək istəyirəm!”-dedi və evə tərəf cummaq istədi. Bu zaman kişi: “Ee, ee!”- deyə qışqırıb kəmərinə taxdığı tapançanı çıxardı. Kolya bir an duruxub yenə irəli getmək istədi. Kişi tapançanı qucağında gül tutmuş Kolyanın sinəsinə dirədi. Mən Kolyanı arxadan qucaqlayıb yana çəkdim və kişiyə dedim ki, narahat olmayın, biz gedirik. Biz oradan bir az aralanmışdıq ki, Kolya geri dönüb gülləri kişiyə uzatdı: “Heç olmasa gülləri ona çatdırın!”-dedi. Kişi özündənrazı halda gülləri ondan alıb: “Bu başqa məsələ!”-dedi və evə qayıtdı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Yeni filmin nümayişi təşkil olunub
18:01 08 May 2021
Ədəbiyyat tariximizə qızıl hərflərlə yazılan misralar: 5 seçmə şeir
17:20 08 May 2021
Azərbaycanlı musiqiçi vəfat etdi
16:20 08 May 2021
Gənc yazardan yeni hekayə: Şlaqbaum
15:39 08 May 2021
Aktyor kitabxananın qonağı oldu
15:01 08 May 2021
Musa Yaquba sevgi və iztirabla - Kamal Abdulla yazır...
14:20 08 May 2021
Çingiz Hüseynovun ən çox sevdiyi 10 roman - Siyahı
13:36 08 May 2021
Xalq şairi Musa Yaqub dəfn olunub - Fotolar
12:37 08 May 2021
Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
12:30 08 May 2021
Xalq artisti koronavirusdan dünyasını dəyişdi
11:38 08 May 2021
Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021