news-inner
clock08:15 calendar-gray 01 Aprel 2013 view-gray2678 dəfə oxunub
view-gray2678 dəfə oxunub

“Təhqirə qarşı da dözümlüyəm”

Kulis.Az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı Lider televiziyasında yayımlanan “Qeyri-rəsmi” verilişinin aparıcısı Emin Musəvidir.

- İki fərqli ixtisasa sahib olsanız da, jurnalistika təhsili almamısınız. Sizi jurnalistikaya gətirən nə oldu?

- İxtisasca psixiatram, Tibb Universitetini bitirmişəm. Həm də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında politologiya üzrə təhsil almışam. 1997-ci ildə Tibb Universitetində Doktor Ziya, ANS-də çalışan prodüserlərlə birlikdə təhsil alırdıq. O vaxt iki əsas FM radio var idi: ANS ÇM və Sara FM. Həmin ərəfədə ANS-ə aparıcı tələb olunduğu üçün müsabiqə keçirilirdi. Birlikdə oxuduğum Doktor Ziya və prodüser Ülvi təklif etdilər ki, özümü sınayım. Razılıq verdim və yoxladım. Bundan əvvəl müxtəlif jurnallarda, o cümlədən 1995-96-cı illərdə ANS Pressdə ştatdan kənar çalışmışdım. ANS ÇM-də aparıcı kimi işə başladım və iki il burada çalışdım. Həqiqətən ANS məktəb kimi yaxşı idi. O mərhələ üçün çox şeyi orda öyrəndim. Jurnalistikaya təbii ki, həvəsim var idi. Belə desək daha romantik görünürdü. Bəlkə də o vaxt fikirləşirdik ki, jurnalistikada obyektivlik daha çoxdur. Sonra fikir verirsən ki, ümumiyyətlə, dünyadakı kütləvi informasiya vasitələrində - Evronyusdan tutmuş başqa kanallara qədər çox təəssüflər olsun ki, tam obyektiv deyillər.

- Sonra istər radioda, istərsə də televiziyadakı fəaliyyətinizdə şou verilişlərə meyl etdiniz.

- 2004-cü ildə FM dalğasında 106.3 FM radiosu yarananda şüarı çox sadə oldu: milli musiqi, milli radio. Şüar artıq formatdan xəbər verirdi. O zaman bu günlə müqayisədə müasir Azərbaycan musiqiləri efirdə az idi. Format qarışıq idi, daha çox xarici mahnılar yayımlanırdı, aradabir Azərbaycan musiqilərinə yer verilirdi. “Azad Azərbaycan” ilk radio oldu ki, sırf Azərbaycan mahnılarını efirə verməyə başladı. Məlum səbəblərdən hərdən türk mahnılarına da yer verirdik. O vaxt çox çətin idi. Azərbaycan mahnıları az idi. Arxivi bir təhər əldə etmişdik. Ancaq müasir mahnılar çox yazılmırdı. Milli musiqimizin təbliğində 106.3-ün çox böyük rolu oldu. “Nömrə bir”, “Qəfəs”, kimi layihələri hazırlayan zaman ola bilər ki, yaşım az idi və ciddi işlərlə məşğul olmaq istəmirdim. Ümumiyyətlə, bizdə belə bir tendensiya var. Hamıistəyir ki, həddindən artıq ciddi işlərlə məşğul olsun.

Şou-biznesə bu gün natəmiz sahə kimi baxırlar. Guya şou-biznesdə olan kişilərin əksəriyyəti mavidir, qadınlar da tərbiyə baxımından anormaldır. Bu fikirlə razı deyiləm. İstənilən sahədə bunlar var. Sadəcə olaraq şou-biznes üzdə olduğu üçün hamı maraq göstərir. Hamı söyür, müzakirə edir, ancaq yenə də baxır. “Rəsmilər qeyr-rəsmi” verilişi hələ radio formatda hazırlanarkən qonağımız olan Anar Məmmədxanov demişdi ki, istənilən ölkədə - ABŞ-da, Britaniyada sən şou-biznes nümayəndələrindən gözləyə bilməzsən ki, onlar super pak, müqəddəs insanlar olsun. Müxtəlif sahələri götürək belə, orda ideal insan tapmaq olmaz. Dediyim kimi şou-biznes sadəcə üzdədir. Söyürük, ancaq yenə də maraqlanırıq. Qəribədir ki, bəzi şou-biznes verilişləri qeyri-peşəkar hazırlansa da, o verilişlərin reytinqi yüksək olur. Bu da ondan xəbər verir ki, problem o verilişləri hazırlayanlarda deyil, problem biz tamaşaçılardadır ki, onları izləyib maraqlanırıq. Ciddi verilişləri hazırlamaq çox çətindir. Həm də ciddi verilişlərin tamaşaçısı kütləvi olmur. Bu da normaldır. Super intellektual, çətin müsahiblə hazırlanmış veriliş həmin effekti vermir. Sualınızın əsas hissəsinə cavab olaraq deyə bilərəm ki, şou-biznesə məqsədyönlü şəkildə müraciət etməmişdim. Doğrudur, reytinqlər çox yüksək idi. Kommersiya baxımından da götürəndə bu gün daha çox sərfəli olan şou verilişlər hazırlamaqdır. Bizim prodakşn iki veriliş hazırlayır biri “Qeyri-rəsmi” verilişidir ki, formatı artıq dəyişib. Digəri isə həyat tərzi, dəb və sağlam həyatla bağlıdır. Hal-hazırda şou veriliş hazırlamaq istəmirəm. İstəsəm bəlkə də hazırlayaram.

- Şou verilişlərdən sonra ciddi verilişin aparıcısı kimi tamaşaçılar sizi necə qarşıladı?

- Düşünürəm ki, normal qarşıladılar. Müəyyən aparıcıların verilişlərinin formatı dəyişsə də onların öz tamaşaçısı olur. Şərti desək aparıcıya sadiq qalırlar. Amma bütövlükdə şou verilişləri ilə müqayisədə çox da kütləvi olmadı. Bəzi buraxılışlar nisbətən reytinqli oldu. Xüsusən Polad Bülbüloğlu ilə bağlı hazırladığımız çəkilişi qeyd edə bilərəm. Biz ilk dəfə olaraq Polad müəllimin ailəsini tam tərkibdə göstərdik. Bu da bir mərhələ idi. İndi “Qeyri-rəsmi” verilişinin formatı dəyişib. İndi Latviya çəkilişləri zamanı baş naziri, Raymond Paulsu çəkməklə bərabər orda yaşayan azərbaycanlılarla da görüşüb çəkilişlər edirik. Yeri gəlmişkən, aprel ayında Latviyada başqa bir çəkilişimiz olacaq. Gürcüstanda Vaxtanq Kikabidze, yeni mədəniyyət naziri ilə görüşlər keçirmişik. Özbəkistandan da təzəlikcə qayıtmışıq. Özbəkistan çəkilişimiz aprelin 1-də (bu gün - red) 22.30-da Lider TV-də efirə gedəcək. Verilişi hər həftə hazırlamaq asan deyil. Onu da deyim ki, müsahib nə qədər çətin olursa, veriliş bir o qədər maraqlı alınır.

- “Qeyri-rəsmi” layihəsində görüşdüyünüz məmurlar sizə necə təsir bağışlayıblar? Məsələn, sizin verilişinizdə bildik ki, baş nazirin müavini Abid Şərifovun hələ də email adresi yoxdur.

- Avropa ölkələrində hansısa bir ölkənin iqtisadiyyat nazirinə və yaxud da mədəniyyət nazirinə şəhərdə, küçədə, dükanda insanlar fikir vermir. Bizdə olduğu kimi onların ətrafında panika yaradılmır. Əsl münasibət əslində belə olmalıdır. Azərbaycanda da yüksək vəzifə tutan məmurlar normal, sadə insanlardır. Düşünürəm ki, məmurlara qarşı marağımız böyükdür. İstəyirik onlar haqqında hər şeyi bilək. Statusu olan insan nə qədər qapalıdırsa-heç dövlət adamı deyil, tutalım məşhur biznesmendirsə-hər kəs onun şəxsi həyatının müəyyən tərəflərini bilmək istəyir. Bu da psixoloji məqamla bağlıdır.

- Layihə çərçivəsində ölkə sərhədlərini aşdınız. İsrail prezidenti, xarici işlər naziri ilə görüşdünüz. Bunu sonradan özünüz istədiniz, yoxsa əvvəldən düşünülmüşdü?

- Bunu özüm istədim. O zaman İsrail-Türkiyə münasibətləri aktual idi. Fikirləşdim ki, İsrailin xarici işlər naziri Aviqdor Libermandan müsahibə götürməklə informasiyanı birinci əldən ala bilərik. Biz xəbərləri niyə məhz BBC-dən, Evronyusdan alıb verməliyik? Pafoslu demək istəmirəm, gedəndə görürsən ki, Azərbaycanı çox yaxşı tanıyırlar. Rəsmi adamlara normal müraciət olunanda, onlar müsahibəyə razılıq verirlər. Sadəcə bir qədər bağlı ölkələr var ki, orda kimdənsə müsahibə almaq çox çətindir. Bu gün bizim jurnalistlərin xarici ölkə nümayəndələri ilə müsahibə almaq imkanları var. Biri var ki, başqa ölkənin jurnalisti onlar üçün prioritet məsələ ilə maraqlanır və sən onu çevirib verirsən, bir də var ki, bizdən kimsə bizim üçün maraqlı olan məsələlərlə bağlı kimlərisə danışdırır.

- Dediniz ki, informasiyanı birinci əldən almalıyıq. Bu gün informasiyanı birinci əldən ala biləcək kadrlarımız var?

- Kadrlar var. Sadəcə normal kadrlar bir müddət televiziyada işləyəndən sonra, müəyyən vaxt yetişəndə hansısa böyük bir şirkətdə və yaxud da nazirlikdə mətbuat qurumun rəhbəri olmağa, ya da mətbuat xidmətində işləməyə məcburdur. Bəziləri arzulayır ki, daha yüksək vəzifə tutsun. Çünki müəyyən mərhələdən sonra onlar artıq hiss edirlər ki, lazım deyillər. Bu da yəqin tələbatdan irəli gəlir. Bu gün mənim üçün çox maraqlıdır, necə olur ki, Nərgiz Cəlilovanın böyük təcrübəsindən kanallarda istifadə olunmur. Niyə məsələn baş prodüser və yaxud da bədii rəhbər deyil. Dəqiq bilmirəm, bəlkə də özü istəmir. Bəlkə də Nərgizin şərtlərini qəbul etmirlər. Kadrlar əslində çoxdur, ən azından Nərgiz Cəlilova aparıcılara düzgün danışmağı, durmağı, geyinmək qaydalarını öyrədə bilər. Nisbətən yeni və yaxud da uzun müddət efirdə olan elə aparıcılar var ki, efirə ciddi yanaşmırlar. Fikirləşirlər ki, onu televiziyada göstərirlərsə, kifayət edir. Artıq onu tanıyırlar, barmaqla göstərirlər. Aparıcılığa iş kimi baxmaq lazımdır. Bizim aparıcıların ən böyük problemi budur.

- Jurnalistin mətbuat xidmətində çalışmağına münasibətiniz necədir?

- Jurnalist obyektivdirsə prinsipcə olar. Çünki onun təcrübəsi var, işi bilir. Biz özümüz də neçə ildir ki, şirkət olaraq Latviya səfirliyi ilə əməkdaşlıq edirik. Latviya günlərinin keçirilməsi, Latviya baş nazirinin Bakıda mətbuat konfranslarının təşkili, onu çəkib burda göstərilməsi işi ilə məşğul oluruq. Normal təşkilatların, idarələrin mətbuat xidməti olmalıdır. Çünki bəzən istənilən idarə ilə, hətta insanla bağlı elə şeylər yazıla bilər, verdiyi şifahi məlumat elə bir tərzdə efirə gedib, çap oluna bilər ki, prioritetlər itə bilər. Təşkilatın rəhbəri məcbur deyil ki, hər dəqiqə əlavə şərh versin. Bunun üçün mətbuat xidmət olmalıdır. Buna normal baxıram.

- Adınız gələndə insanlar “Qəfəs” realiti-şousunu xatırlayır. Sizi “Qəfəs”mi bu qədər populyar etdi?

- Təbii ki, populyarlaşmağımda “Qəfəs”in rolu oldu. Bilmirəm nə dərəcədə səmimi səslənəcək, əslində məqsədim populyar olmaq deyildi. O biri tərəfdən bizim iş elədir ki, sən efirdə hansısa bir iş görürsənsə bir aparıcı, TV jurnalisti kimi populyar deyilsənsə deməli o verilişə baxılmır. Bu Azərbaycan üçün o mərhələdə yenilik idi (gülür). Çoxları tənqid edirdi, amma yenə də baxırdılar. Reytinq çox yüksək idi. Hətta zənglər gəlirdi ki, bəs qayınanam çox həyəcanlanıb, ürəyi az qala tutub, o nədir axı, siz göstərirsiniz? Əgər nəsə xoşuna gəlmirsə, kanalı dəyişmək olar. Demirəm ki, “Qəfəs” ideal veriliş idi, sadəcə öz vaxtında getmədi.

- Yəqin ki, tez idi.

- Bəli.

- Cəmiyyətdə “Qəfəs” kimi bir layihəyə başlamaq üçün münasib vaxt yetişibmi?

- Biz hələ də tam hazır deyilik. Düşünürəm ki, müəyyən məsələlərdə çox böyük proqress var. Biz özümüzdə müəyyən dəyişikliklər etməliyik. Fikir versəniz indi ən populyar verilişlər o verilişlərdir ki, orda mütləq göz yaşları var. İstənilən müğənni başlayır danışmağa ki, uşaqlıqda çox böyük əziyyət çəkmişəm, küçədə nəsə satmışam. Biz bilirik ki, bir çoxları bununla spekulyasiya edir. Belə danışırlar ki, populyarlıqları, toyları artsın. Yaxşı çəkilmiş, maarifləndirici, səviyyəsi normal olan verilişə o qədər də baxmırlar. Bizdə kiminsə dərdinə “şərik” olmaq həvəsi var.

- Sizin şirkət piar işi ilə məşğul olur. Azərbaycanda piar işinin səviyyəsindən razısınız?

- Hesab edirəm ki, müəyyən texnologiyalar dəyişilməlidir. Bir neçə gün bundan qabaq teatrı günü qeyd olunurdu, biz hamımız bilirik ki, Azərbaycanda teatr ənənələri var. Buna gör fəxr edirik. Bu gün Azərbaycanda teatrlar çox olsa da biz ora getmirik. Nə etmək lazımdır ki, insanlar kütləvi şəkildə və həvəslə hansısa əyləncə mərkəzinə yox, məhz teatra getsin. Demək nəsə dəyişməlidir, piar işi qurulmalıdır. Gözlənilməz şeylər etmək lazımdır. Teatrdan və yaxud da başqa bir sahədən danışırıqsa burda da gözlənilməz məqamlar olmalıdır. Coca-Cola, Mersedes kimi şirkətlər hər zaman özlərini reklam edirlər. Ona görə yox ki, satışları aşağı düşür. Sadəcə özləri haqqında bir daha məlumat verirlər ki, yadda qalsınlar.

- Tənqidə dözümlüsünüz?

- Tənqidə qarşı dözümlüyəm. Hətta təhqirə də dözümlüyəm. Dözümlüyəm, fikir vermirəm, amma hərdən təəccüblənirəm ki, görəsən necə olur müxtəlif internet saytlarında kimisə təhqir edən şərhlər gedir və həmin şərhləri moderator yığışdırmır. Bəzən görürsən ki, qərəz var, uşaqlar qəsdən özləri yazır ki, bunu vuraq (gülür).

- Erməni mədəniyyət xadimləriylə, tutaq ki, Armen Ciqarxanyanla, Şarl Aznavurla müsahibələr almağı düşünürsünüzmü?

- Polad Bülbüloğlunu çəkən zaman Türkiyə səfirliyinin təşkil etdiyi tədbirə qatılmışdıq. Tədbir qapalı keçirilirdi. Həmin tədbirdə Vladimir Jirinovski Türkiyə televiziyasına müsahibə verirdi, onunla bir metr məsafəmiz vardı. Qeyd edim ki, Jirinovski müsahibəni türkcə verirdi və türkcə çox gözəl danışırdı. Jirinovski bir neçə ay əvvəl Azərbaycanla bağlı neqativ şeylər danışmışdı. Şərait çox yaxşı idi. Jirinovskidən də rahat müsahibə ala bilərdim. İnsani hisslər, münasibətlər buna mane oldu. Müsahibə üçün heç cəhd də göstərmədim. O ki, qaldı erməni mədəniyyət xadimləri ilə bağlı dediyinizə deyirlər incəsənət, musiqi sərhəd və millət tanımır. Bəlkə də bu, düzgün deyil, amma özündən asılı olmayaraq istəmirsən belə kontakt yaransın. Digər tərəfdən deyirlər ki, əks tərəfi yaxşı tanımaq lazımdır. Ona görə birmənalı deyə bilərəm ki, insani hisslər mane olar.

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020