news-inner
clock14:07 calendar-gray 14 Mart 2013 view-gray1541 dəfə oxunub
view-gray1541 dəfə oxunub

Döyüşdə ölmək istəyirdi, vərəmdən öldü

“Sevgi, sərvət, şöhrət gərəyim deyil - mənə yalnız həqiqəti verin. Bahalı təamlar və şərablarla dolu, ancaq səmimiyyətin və həqiqətin olmadığı masa arxasında oturub o qonaqsevməz evdən ac qayıtmışam... Qonşuluqda bir nəfər ağac koğuşunda yaşayırdı, rəftarı əsl kral rəftarı idi. Və yaxşısı odur ki, mən ona qonaq gedim”

(Henri Toro. “Uolden, yaxud meşədə həyat”)

1845-ci ilin yazında yazıçı Henri Toro yaşamaq üçün meşəyə yollanır. Bu cəmiyyətdən könüllü imtina 26 ay davam edir.

Toro kimsəsiz yerdə, Uolden nohurunun sahilində qurduğu komasında heç bir bəni-adəmlə rastlaşmadan yaşayır, ov edir, dirrik salır və asket həyatının nəticələrini kitaba köçürür. Kitaba bir neçə il naşir tapılmır. 1854-cü ildə işıq üzü görəndə isə soyuq qarşılanır, 5 il ərzində kitabın cəmisi 2 min nüsxəsi satılır. Məşhur Robert Stivenson onun könüllü təcrid eksperimentini qorxaqlıq adlandırır. Ancaq 20-ci əsr Toronun “Uolden, yaxud meşədə həyatı”na layiq olduğu qiyməti verir. Nitsşenin qanadlı kəlməsindəki kimi: “Adamlar var ki, öləndən sonra doğulurlar”. Antikapitalist və romantik-utopik ideyaların yer aldığı bu əsər burjua sənayesinin qəddarlığına və onun gətirdiyi sosial fəlakətlərə qarşı etirazın nümunəsinə çevrilir.

Sartrın Çe Gevara barədə yazdığı «XX əsrin ən mükəmməl adamı» kəlməsini öz əsrində yazıçı Ralf Emerson dostu Henri Toro barəsində söyləmişdi. Toro özü isə meşəyə yollanmazdan əvvəl gündəliyində qeyd etmişdi: “Gedirəm ki, son nəfəsimdə bu dünyada bir gün də olsun yaşamadığıma görə əzab hissi çəkməyim”.

Toronun misalı təbiəti cəmiyyətdən yüksəkdə qoyanların ümumiləşmiş obrazı və passiv Qiyamın simvoludur.

***

Onları “transsendentalistlər” adlandırırlar. Bu adı bir qrup intellektuala bədxahları vermişdi, onlar isə neqativ çalarlı terminə müsbət məna aşıladaraq adı fəxrlə daşımışdılar. Massaçusets ştatının kiçicik Konkord şəhərində 1840-cı illərdə formalaşan həmin dərnək yazıçı Ralf Emersonun ətrafında toplaşmışdı. Transendentalistlər sosial ədalət, russosayağı “təbiətə dönüş”, öz “mikrokosmlarını makrokosmda əritmək”, təbiətlə harmoniyada yaşamaq təbliğ edirdilər. Onların əsas narahatlığı kapitalizm şəraitində insan şəxsiyyətinin tapdanması, “qeyri-insaniləşmə” idi. “İctimai və şəxsi həyatda tamahkarlıq nəfəs almağı dözülməz edən atmosfer yaradır” - Emerson özünün “Amerika alimi” mühazirəsində (1837) deyirdi.

Onların yaşadığı Massaçusets ştatı ABŞ-ın şimal-şərq ərazilərini əhatə edən Yeni İngiltərəyə daxildi. Bu ərazilərdə isə artıq 1830-cu illərdə burjua istehsalı gur inkişaf edirdi. Yol çəkilişi ətrafındakı spekulyasiyalar iqtisadi böhrana gətirmişdi. Və ABŞ-ın Avropadakı böhranlarla rastlaşmayacağını fərz edənlər dərin yanıldıqlarının fərqindəydilər. “Arıq illər” başlamışdı. Cəmiyyəti sarsıdan hadisələr aktiv hərəkətlər tələb edirdi. Və belə bir cavab “transsendentalistlər”dən biri olan Henri Torodan gəlir - o, şəxsi nümunə göstərərək “bir adamın təcrübəsi”ni həyata keçirir.

O illər həm də ABŞ-da utopik sosializmin vüsət illəri idi. Avropadan buraya köçən Furye tərəfdarları özlərinin azad Bruk-Farm koloniyasını yaratmış, 5 il ömür sürən bu utopik cəmiyyət modeli sonunda dağılmışdı. Meşəyə çıxıb gedən Toronun addımı Bruk-Farm təcrübəsini şəxsi nümunəsində reallaşdırmaq cəhdiydi.

***

1817-ci ildə sənətkar ailəsində dünyaya gələn Toro müəllimi Emerson kimi Konkord şəhərindən idi. Harvard Universitetini bitirir, qədim dillərlə bərabər, fransız, italyan, ispan dillərini öyrənir. Buyur, karyera qapıları üzünə açıqdır. Ancaq Toro özünə nə sənət, nə də iş seçir.

Emerson Toronu “təbiətin bakalavrı”, Toro isə özünü “leysanların və qar çovğunlarının gözətçisi”, “meşə cığırlarının müfəttişi” adlandırır. Bu qəribə adam hər cür havada təbiətin qoynuna yollanır, saatlarla adamsız yerlərdə əyləşib müşahidə aparır, qeydlərini gündəliyinə köçürürdü. “Filosof olmaq heç də dərin mənalı sentensiyalar söyləmək deyil. O, bəzi həyati problemləri təkcə nəzəri yox, həm də praktik həll etməkdir” - Toro yazırdı.

Bu başqalarına yovuşmaz adamı müəllimi Emerson onun xatirəsinə yazacaq yazıda bu cür xarakterizə edir:

“Onun əsas qayğısı əməlləri ilə əqidəsini bir-biri ilə uyğunlaşdırmaqdan ibarətdi... Onun ixtisası yoxdu, ailəsi yoxdu, tənhalığı seçmişdi, heç vaxt kilsəyə getməyib və heç bir seçkidə səs verməyib, vergi ödəməkdən imtina etmişdi, ət yemirdi, şərab içmirdi, təbiətçi olmasına baxmayaraq tələdən və silahdan istifadə etmirdi. Onun üçün “yox” demək “hə” deməkdən çox-çox asandı. İnsanların və korporasiyaların rəyinə heç bir ehtiramı yoxdu və yalnız həqiqətə hörmət qoyurdu”.

Meşəyə yollanan Toro bir tikə çörək qayğısına bütün vaxtın və enerjinin sərf olunduğu sivilizasiyadan qurtulub xoşbəxt yaşamağın reseptlərini verir. O, sübut edir ki, sivilizasiyadan kənarda, cəmiyyətdən və burjua istehsalından asılı olmadan da yaşamaq nəinki mümkündür, həm də gözəl və xoşdur. Təklikdə keçirdiyi 26 ay haqqında isə “həmin vaxt mən Konkordda yaşayan yeganə azad və xoşbəxt adamdım” deyir.

Toro üçün, müasirləri yaxşını pisdən, faydalını zərərlidən ayıra bilməyən dəlilər kimi ömür sürür. “Mən irsən ferma, ev, anbar, mal-qara, kənd təsərrüfatı alətlərinə sahib olan gənc yerlilərimi görürəm. Yaxşı olardı ki, onlar açıq sahədə doğulaydılar və dişi canavar tərəfindən yemlənəydilər” (“Uolden, yaxud meşədə həyat”).

Mülkiyyət toplamaq və onu daha da artırmaq qayğısı insanı üzür, son nəfəsində ayılıb etiraf edir ki, həyat boşuna yaşanıb - bu hər yerdə və hamı ilə baş verir: “Ümidsizliklə dolu şəhərdən siz ümidsizliklə dolu kəndə düşürsüz və təsəlli kimi yalnız su samurunun və müşk siçovulunun cəsurluğunu müşahidə edə bilərsiz” - Toro kitabında yazır.

Xilas yolu isə var - insan özü üçün müəyyənləşdirməlidir: əhəmiyyətli saydığı çoxlu əşya və tələbatlardan hansıları zəruridir, hansıları gərəksiz. Və Toronun fikrincə, “dəbdəbə, rahatlıq” kimi qələmə verilənlərin əksəriyyəti “insan cinsinin tərəqqisi üçün ziyanlıdır”. Üstəlik, burjua istehsalı tərəqqiyə yox, insanların ən vacib tələbatlarının da ödənməməsinə aparıb çıxarır.

Toro yazır: “Fərz etsək ki, sivilizasiya doğrudan da həyat şəraitini yaxşılaşdırır, onda sübut etməliyik ki, o, dəyərini artırmadan mənzilləri də yaxşılaşdırıb; əşyanın dəyəri ona bir dəfəyə, yaxud hissə-hissə ödənməli olan həyati gücün kəmiyyəti ilə ölçülür... ABŞ-da isə fəhlə ömrünün əksər hissəsini sərf etməlidir ki, özünə viqvam qazana bilsin. Yaxud, mən inanmıram ki, bizim fabrik sistemimiz insanları geyindirmək üçün ən yaxşı üsuldur. Bu sistemin məqsədi insanlara möhkəm və mərifətli paltar vermək yox, yalnız fabrik rəhbərlərini varlandırmaqdır”.

Bu cümlələri ilə Toro lap Marksın sələfi təəssüratını yaradır...

***

“Mən meşəyə ona görə getdim ki, şüurla yaşamaq və həyatın ancaq əhəmiyyətli faktları ilə maraqlanmaq istədim... Həyat əvəzinə həyatın qəlpi ilə yaşamaq istəmədim. Həyatın məzmununa baş vurmağı arzuladım - əgər bu məzmun miskindirsə, eybi yox, bu miskinliyi dərk edəcəm, yox, yüksəkdirsə - yenə də öz təcrübəmdə bu yüksəkliyi tapacam...” (“Uolden, yaxud meşədə həyat”). Toro əmindir: Sivilizasiyanın uğuru kimi təbliğ olunan maddi rifah əslində insanı zəncirləyir, kölə edir və əsl yaşamdan uzaqlaşdırır. Deməli, ondan imtina etməli və onlarsız keçinməlisən.

“Öz quyruğunu tələdə itirən tülkü xoşbəxtdir” - Toro yazır. Yəni, Azadlıq hər kəsdən qurban tələb edir.

Bəs təbiətdə insanı hansı tapıntılar gözləyir? Sivilizasiyanın insanın əlindən aldığı həyati hisslərin dolğunluğu və fərəhi qayıdıb gəlir, fərd özünü təkmilləşdirir və təbiətin kitabını oxuyur. Bütün bu idillik təsvirlərə baxmayaraq, Toronun kitabını bir proqram kimi qəbul etmək ifrat olardı, heç müəllif də bu rola iddia etməyib. Toronun sonunda cəmiyyətə dönüşü də haradasa bu fikri təsdiqləyir. Üstəlik, onun utopiyası kəskin fərdi xarakter daşıyır və elə bununla da sosial miqyası məhdudlaşır. Öz passiv Qiyamı ilə Toro kapitalizmin gətirdiyi həlsiz ziddiyyətlərə etirazını bildirir; şəhərlə kənd arasındakı, fiziki əməklə əqli əmək arasındakı antaqonizmə qarşı çıxır. Əsər də sənaye tərəqqisinin xəstə əlamətlərinə, kapitalizmi müşayiət edən fiziki və mənəvi deqradasiyaya qarşıdır.

***

Və vədə gəlir, Toro sivilizasiyaya qayıdır. Onun sonrakı 15 illik ömrü (Toro 1862-ci ildə, 45 yaşında vərəm xəstəliyindən vəfat edir) passiv Qiyamı seçmiş intellektualın kəskin metamorfozundan xəbər verir: yazıçı aktiv qiyamçıya çevrilir.

İlk addım - Cənub plantatorlarının mənafeyi üçün Meksika ilə aparılan müharibəyə etiraz olaraq, Toro dövlətə can vergisi ödəməkdən imtina edir. Onu türməyə salırlar. Düzdür, bu, qısa çəkir: kimsə onun vergisini ödəyir. Belə bir əhvalat da danışırlar: Ralf Emerson gəzinti zamanı təsadüfən şəhər türməsinin pəncərəsindən baxan Henri Toronu görür. Və soruşur: “Henri, sən niyə oradasan?” Toro da cavab verir: “Ralf, bəs sən niyə burada deyilsən?”

Özünün “Vətəndaş itaətsizliyi” məqaləsində (1849-cu il) Toro sonralar çox məşhurlaşan fikrini yazır: “Günahsızların həbsə atıldığı dövlətdə ədalətli adamların əsl yeri həbsxanadır”. Amerika hökumətinin qərarlarını haqsız sayan yazıçı “dövlətlə istənilən əməkdaşlığı biabırçılıq” sayır. Ancaq bunlar hələlik etirazdır və o vaxt ki, quldarlığa qarşı mübarizə cəmiyyətin ən aktual məsələsinə çevrilir və abolisionistlər (zəncilərin azadlığı uğrunda mübarizə aparan ağlar) gah orda, gah burda silaha sarılır, həmin vaxt Toronun etirazı da aşkar müqavimət mərhələsinə keçir. O, sahiblərinə qaytarılan qaçqın qulların müdafiəsinə qalxır, dəfələrlə zənciləri evində gizlədir və Şimal ştatlarına qaçırdır. 1850-ci ildə Konqres bədnam “Qaçqın qullar haqda” qanunu qəbul edəndə isə, gündəliyində yazır: “Son bir ayı ölçüyəgəlməz itki hissi ilə yaşadım. Əvvəl nə baş verdiyini başa düşmədim. Sonra anladım - Mən Vətənimi itirmişəm!”.

Toro aktiv mübarizəyə səsləyir. Ömrünün son onilliyində onun nə qədər zənci qulu xilas etdiyinin statistikası yoxdur, ancaq müasirlərinin sözlərinə inansaq, söhbət 10-larla taledən gedir. Elə bu mübarizə də vaxtilə passiv Qiyamı seçib sivilizasiyadan uzaqlaşmış Henri Toronu dövrünün ən aktiv qiyamçısı - Con Braun ilə yaxınlaşdırır.

Sovet təhsili alanlara tarix dərsliyindən tanış olan abolisionist Con Braun (1800-1859) öz oğulları ilə birlikdə silaha sarılaraq zənciləri azad etmək üçün Virciniyada üsyan qaldırır. Silah cəbbəxanasını ələ keçirərək 18 nəfərlik dəstəsi (onlardan 5-i zənci idi) ilə hökumət qoşunlarına qarşı vuruşur. Məğlub olur və edam edilir. Edamından əvvəl isə yazır: “Mən artıq tam əminəm ki, bu günahkar ölkənin nəhəng cinayətlərini yalnız qanla yumaq olar”.

Braunun edamından 1 gün sonra Toro onun sağ qalmış və axtarışda olan 2 tərəfdarını Kanadaya yollamağı bacarır. Dostu Braunun ölümünə isə 3 məqalə yazır (“Kapitan Braunun müdafiəsinə”, “Con Braunun ölümündən sonra” və “Con Braunun son günləri”). Bu, həmin dövrdü ki, Braunun xeyrinə nəsə yazmağa hətta abolisionist mətbuat da qorxurdu. Toro isə bu sükutu pozan yazısında ona bu cür qiymət vermişdi: “Braunun ömrünün son 6 həftəsi parlayan meteor kimi bizim qaranlıq ömrümüzü cızıb keçdi. İndiyədək bu ölkə bundan daha möcüzəvi heç nə görməmişdi...”

***

Toro 1860-cı ildə yazır: “Heç kəsi öldürmək və özüm də öldürülmək istəmirəm, ancaq hər ikisinin mənim üçün qaçılmaz olacağı şəraiti öncədən görürəm”.

Vətəndaş müharibəsi başlayanda o, artıq sağalmaz xəstə idi və ölkənin siyasi həyatında iştirak edə bilmədi. Müharibənin 2-ci ilində vərəm onu qəbirə sürüklədi. Əks halda o, ehtimal ki döyüşdə öləcəkdi...

Oxşar xəbərlər

Xəbər lenti

Şəhriyar del Geraninin şeirinə mahnı bəstələndi - Video
14:21 20 Aprel 2021
Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021