Ağacın qadına çevrilməsi

Ağacın qadına çevrilməsi
5 mart 2013
# 14:00

Əfsanə Əliyev

Apollon və Dəfnə

Aylar keçdi, il dolandı yeni nağıl yarandı.

Qədim Olimpdə, Parnas dağının ətəyində, Stiks çayının kənarında Peney adlı bir qoca yaşayırdı. O, kasıb komasında tək-tənha ömür sürürdü. Tənha qoca meylini bağçasında bitən Dəfnə ağacına salmışdı. Ona qulluq edir, onunla dərdləşirdi. Dəfnənin xoş ətirli ağ çiçəkləri qocaya tənhalığını unutdururdu.

Peney ovçuluq etməklə qarnını doyururdu. Bəlkə də bu eldə onun kimi mahir oxatan yox idi. O, həm də çox səxavətliydi. Qapısını döyən bütün yolçuları yedirər-içirər, gülər üzlə yola salardı. Qapısı döyüləndə uşaq kimi sevinərdi.

Tanrı qoca Peneyi mükafatlandırmaq qərarına gəldi. Bir səhər qocanı körpə qığıltısı yuxudan oyatdı. Təəccüblənsə də tələm-tələsik qapını açdı. Palıd yarpağına bürünmüş körpəni görüncə sevindi. Səma rəngli gözləri dəniz kimi çalxalandı. Körpəni evə apardı. Ona ad qoydu - Apollon. Onu öz oğlu kimi böyütdü. Apollona ox atmağı, ov ovlamağı öyrətdi.

İllər ötdü, Apollon böyüyüb gənc yaşına çatdı. O, gəlişi ilə qoca Peneyin tənhalığına son qoymuşdu, amma indi özü tənhalıqdan sıxılırdı.

Apollon saatlarla Dəfnə ağacının altında uzanıb xəyala dalır, ağ çiçəkləri qoxlaya-qoxlaya yuxuya gedirdi.

Peney ata vəfat etdi. Apollonun dərdi birə min artdı. O, indi həqiqətən də tənha qalmışdı. Onun gözlərindən sellər axırdı. Stiks çayının suyu daşırdı. Göz yaşlarından utanan Apollon üzünü çayda yuyurdu ki, birdən qarşısında göyərçin qanadlı, qıvrım saçlı məxluq peyda oldu. Bu Erot idi, sevgi hədiyyə edən mələk.

O dedi:

- Apollon, vaxtı ilə gəlişinlə qoca Peneyi tənhalıqdan xilas etdin. İndi isə özün tənha qalmısan, amma mən səni bu tənhalıqdan xilas edəcəm.

Apollon:

- Necə?!

Erot:

- Evə qayıt.

Apollon evə qayıtdı. Komaya girməyə cəsarət etmədi. Ağacın altında uzandı ki, bir az yorğunluğunu çıxarsın. Birdən xəfif meh əsdi. Dəfnə yaşıl libaslı, yaşıl gözlü gözəl bir qıza döndü. Yarpaqları saçlarına, budaqları qollarına çevrildi. Apollon Dəfnəni görər-görməz ona aşiq oldu. Erot, Parnas dağı, Stiks çayı Apollon və Dəfnənin nikah şahidi oldular. Erot onlara dəfnə yarpaqlarından və çiçəklərindən hörülmüş sehrli çələng hədiyyə etdi.

Erot Apollona dedi: “Bu çələngi qoru. Əgər bu çələng başqasının əlinə keçsə Dəfnə yenidən ağaca çevriləcək. Unutma! Özünü tənhalıqdan, Dəfnəni ağaca çevrilməkdən qoru. Xoşbəxtliyin öz əlindədir”.

Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan, oxuyuram ki, fikirləşib ağıllı yol tapasan.

# 1028 dəfə oxunub

Oxşar xəbərlər

# # #