news-inner
clock15:00 calendar-gray 01 Mart 2013 view-gray4071 dəfə oxunub
view-gray4071 dəfə oxunub

İlqar Xəyal: “Məni xanımlar şorgöz edib”- MÜSAHİBƏ

Azərbaycan musiqiçilərindən uşaqlıqdan heyran olduğum biridi İlqar Xəyal. Onunla görüşmək imkanı yarananda çox sevindim və qərara gəldim ki, söhbətimiz də müsahibə tipli olsun. İlqar bəyə zəng etdim, fikirmi bildirəndə dedi ki, xanım qız, mən heç bir jurnalistə müsahibə vermirəm. Ondan sonra nələr dediyimi, hansı arqumentlər gətirdiyimi xatırlamıram, amma sonda onu yola gətirə bilmişdim.

Uzun, intizarlı gözləmələrdən 4 gün sonra İlqar bəylə görüşüb onlara getdik. Bilirsizmi necə ecazkar xanımı var? Mən həmişə o qadını təsəvvür etməyə çalışmışam. Sonunda İlqar bəyin yoldaşını gördüm və heyran qaldım.

İlqar kiçik oğlu da evdə idi. Söhbət etdiyimiz vaxtda ortancıl oğlu da gəldi və məlum oldu ki, gənc qızların sevimlisi, heç cürə qocalmayan İlqar Xəyal üç oğul atası imiş.

- İlqar bəy, haralardasız? Yaradıcılığınızda durğunluq müşahidə olunur.

- Hər bir musiqiçinin həyat fəaliyyəti dövründə durğunluq olur, amma bu dövrü yaşamaq tərzi də müxtəlifdi. Adam var bu dövrü depressiyayla, adam da var öz maraqlarını, öz bacarıqlarını başqa istiqamətə yönləndirməklə yaşayır. Mən misal üçün yaradıcılığımdakı durğunluq dövrünü depressiyayla yaşamamaq üçün ictimai işlərlə məşğulam.

Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan Dövlət kanalında əmək müqaviləsiylə işləyirəm. Həyatımın bir hissəsini musiqiylə yanaşı indi idmana da həsr etmişəm. Bilirsiz, SSRİ-nin süqutunu, 90-ların keçid dövrünü, Qarabağ hadisələri və s. - ölkənin durğunluğunu görən adam kimi bu mənim daxilimdə izlər qoyub və təbiətimə təsir göstərib. Mahnı yazmaq istədiyim anlar olur, musiqini sevdiyim və nifrət etdiyim anlar olur, amma mənim əsas fəaliyyət müstəvim məhz musiqi aləmidi və nə qədər durğunluq yaşasam da istər-istəməz mən yenə

mədəni fəaliyyətə qayıtmalı oluram.

- Məşhur olmaq yorucudu?

-Hə. Məşhur olmaq çox yorucudu. Əvvəllər, məsələn, küçədə gedəndə adamlar məni barmaqla göstərib – “İlqar Xəyal” deyəndə bu mənim xoşuma gəlirdi, hətta fəxr edirdim. Yaşa dolduqca bu artıq insanı yormağa başlayır. Artıq söz-söhbətlər, şəxsi

həyata müdaxilə, daima müzakirə mövzusu olmaq, bu heç də xoşagələn hal deyil. Mənim jurnalistikayla bir problemim yoxdu, amma son vaxtlar musiqi sahəsindəki kimi jurnalistikada da bir bayağılıq müşahidə olunur, savadsızlıq baş alıb gedir, mübtədayla xəbərin yerini müəyyən edə bilməyən jurnalistlər pul qazanmaq məqsədilə süni problemlər, qalmaqallar, “skandal”lar yaradırlar. Prodüserlər, təşkilatçılar – musiqiyə qazanc mənbəyi kimi baxan insanlar adamı hər şeydən bezdirir. Axı musiqi incəsənətdi, bunun üçün “do, re, mi, fa, so, lya, si” bilmək lazımdı, intervalları, harmoniyanı, musiqi nəzəriyyəsini bilmək lazımdı. Sənətə şöhrət üçün, pul üçün gələn insanlar bu məşhurluğu xoşlayır, mənsə bezmişəm.

Mən tənhalığı seçirəm, mən dənizi seçirəm, mən təbiəti seçirəm. Son zamanlar heyvanlarla dostluq eləməyə başlamışam. Ən sadiq dostun dördayaqlılar olduğunu başa düşmüşəm. Onlara daha çox hörmət etməyə başlamışam itdi, pişikdi (gülür).

- İnsanın dünya görünüşünü formalaşdıran nədi?

- İnsanın qərarlaşdığı cəmiyyət, ailə, məktəb. İnsan tərbiyəsinin başlanğıcını ailədə götürürsə, daha sonra bu bağçada, orta məktəbdə öz inkişafını tapır. Düzdü, çoxlarında ali məktəbdə də bu dövr davam edir, amma ali məktəbdə oxuyanda artıq insan özünü şəxsiyyət kimi tanımağı bacarmalıdı. Mən özümü ali məktəbdə artıq bir şəxsiyyət kimi tanıyırdım, çünki mən artıq İlqar Xəyal idim, “Karvan” qrupunun solisti idim, mən Bakı payızının birinci dərəcəli qalibi idim. Sözsüz ki, ordu sıralarının kişi psixologiyasına təsiri əvəzedilməzdi. Burda insanlar yeni keyfiyyətlər qazanır, öz təsdiqini tapır.

- Cəmiyyət, mühit deyirsiz. Oğlanlarınızın dünyagörüşünü formalaşdıran bu mühit sizi narahat etmir ki?

- Düz deyirsiz. Bilirsiz, elə insanlar var ki, onların bizim mühitə düşmək imkanları çox azdı. Yox, ona görə yox ki, onlar İlqar Xəyalın oğlanlarıdı, sadəcə onlar artıq öz dünyagörüşlərinə, baxış bucaqlarına uyğun insanlar seçməyi bacarırlar. Elə adamların mənim uşaqlarıma təsir göstərmək şansı çox azdı, çünki onlarda artıq bu tip insanlara immunitet yaranıb. Məsələn, uşaqların oxuduğu məktəbdə söyüş söyməyi bacaran uşaq da var, tərbiyəli ailədən gələn, eləcə də ailə tərbiyəsindən məhrum olmuş uşaq da var. Amma yenə də onlar artıq bu ailədən çıxıb o məktəbə gedir və bu immunitet onu bütün qadalardan qoruyur.

- Uşaqlıqda oxuyub unutmadığınız bir kitab adı çəkə bilərsiz?

- Məktəb illərində, universitetdə, əsgərlikdə çoxlu kitablar oxumuşam. Daniel Defodan Ziqmund Freydə qədər müxtəlif mütaliələr etmişəm. Fantastik əsərləri birmənalı şəkildə sevmirəm, reallıqla əlaqəsi olan əsərlər daha maraqlıdı. Həyatımda iz qoyan kitab , ən çox, ən çox, ən çox sevdiyim kitab, gülməli səslənə bilər, amma “Dünya

nağılları” kitabı olub. Uşaq nağılları daha səmimi, daha doğma gəlir mənə, nəinki həyatın bicliklərini, mübarizə üsullarını öyrədən kitablar.

- Mənə həmişə maraqlı gəlib. Cavanlıqda hansı qrupları dinləyirdiz?

-Bizim vaxtımızda “White Snake” qrupu var idi. Onları çox sevirdim. “KİSS” qrupu, “Pink Floyd”... “Pink Floyd” möhtəşəm qrupdu, amma hər adama çatmır bu, klassika kimi bir şeydi, hamı dərk edə bilməz məncə. Bu klassik musiqi kimi intellektualların musiqisidi. Həmçinin bu sırada “Led Zeppelin”in adını da çəkə bilərəm. Lakin biz SSRİ dövründə yaşadığımıza görə daha çox rus, Azərbaycan rok qruplarını dinləyirdik. Yadımdadı, “Maşina Vremeni” adlı qrup vardı, “Ozan” qrupu var idi, “ODƏR”, “Talisman”, Polad Bülbüloğlunun rəhbərliyiylə “Aşıqlar” qrupu var idi və sairə. Baxmayaraq ki, təhsilim tar üzrədi, roka həmişə marağım olub.

- Tar təhsiliniz mənimçün yenilik oldu. Bu haqda məlumatım yox idi. Bir az danışın bu haqda.

- Mən tar musiqi alətində bizim muğamlarımızı mahircəsinə ifa etmiş, Azərbaycanı dəfələrlə Moskvada təmsil etmişəm, simfonik konsertlər vermişəm. (Moskva şəhərində keçirilən konsertdə ona təqdim olunan diplomu və “Bakı payızı-88”da birincilik qazandığı fərmanı göstərir.)

- Karvan qrupuyla işləmək ideyası hardan gəldi?

- Mən “Bakı payızı” müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə də Sevinc Kərimova məni “Karvan” qrupuna dəvət elədi və o zaman mənə “Qərib Durnalar” mahnısını təqdim olundu. Bu mənim ilk mahnım oldu. Mən bu mahnını Respublika

Sarayında müsabiqədə ifa etdim. “Karvan” qrupu daxilində isə ilkmahnım “Sarı Güllər” oldu. Bu mahnıya klip çəkildi. O klip də Azərbaycanda çəkilən ilk rəsmi klip idi. Peşəkar fəaliyyətə belə başladım və “Karvan”ın heyətində mən Azərbaycanı müxtəlif ölkələrdə təmsil etməyə başladım.

- Azərbaycanın ilk faltet səsi olduğunuz doğrudu?

- Bəli. O vaxtı bu dəbə düşmüşdü. Maykl Cekson, Vladimir Presnyakov və başqaları nazik səslə, ən aşağı tempdə oxumağı bacarırdılar və Azərbaycanda bunu ilk mən etmişəm.

- SSRİ vaxtları üçün darıxırsız?

-Bilirsiz, o vaxtı mobil telefonlar yox idi, insanlar bir-biri üçün darıxa bilirdi. İnternet, telefon, yazışmalarla yox, canlı ünsiyyətdən zövq alırdılar. Onda informasiya aclığı var idi, daim yeni şeylər öyrənməyə can atırdın və beyin qabarcıqlarımız istirahət etməyə macal tapırdı. Adi bir sirkdəki akrobatik hərəkətlər bizi heyrətləndirirdi, Karandaş adında, Aleksandr Paxov adlı bir kloun var idi, onlara baxanda biz sevinə bilirdik.

Səhər proqramları, konsert proqramları bu qədər çoxsaylı deyildi. “Şəhər görüşləri” adlı bir veriliş var idi, “Səhər poçtu” musiqili proqramı var idi, onlara baxanda istirahət edirdik. Bilirsiz, hər şey daha səmimi idi sanki, daha sadə. Mədəni səviyyə, təhsil səviyyəsi və s. isə təbii ki, öz yerində. Biz o vaxtı ideal kommunizm qurmaq arzusundaydıq, biz o vaxtı oktyabrat olurduq ki, pioner olaq, pioner olurduq ki, komsomolçu olaq, komsomolçu olurduq ki, partiyaya qoşulaq və cəmiyyətimizə, xalqımıza bir xeyir verə bilək, özümüzü Vətənə həsr edək.

Hüquqlarımız az olsa da, pambığımızı, neftimizi əlimizdən alsalar da daha çalışqan və səmimi cəmiyyətdə yaşayırdıq. Yəni insanların böyük əksəriyyəti ideyayla,

arzuyla yaşayırdı. Təbii ki, hər cəmiyyətdə az sayda “julik”lər həmişə olub. Bizim qarşımızda konkret bir ideya var idi, bizim imkanlarımız yox idi, amma biz imkanlar uğrunda mübarizə aparırdıq, biz ideyalar uğrunda mübarizə aparırdıq.

Bu gün ideyalar uğrunda mübarizə aparmaq lazım deyil, çünki artıq heç bir ideya yoxdu. O vaxtı hansı uşaqdan soruşurdun ki, “Böyüyəndə nə olacaqsan?”, uşaqların bir cavabı var idi - kosmonavt. Uşaqlar Yuri Qaqarin olmaq istəyirdi, Valentina Tereşkova olmaq istəyirdi. Bu gün uşaqlardan soruşanda ki, nə olmaq istəyirsən, deyir polis, biznesmen, bankir və ən çoxu da bilmirəm niyə yol polisi olmaq istəyir. (gülür)

Yəni əsgər olmaq istəyən azdı, Vətəni düşünən azdı, tarix yazmaq istəyən azdı. Bizim indi ali ideyamız qalmayıb...

- Müqəddəs olan nədi?

- Təbii ki, ilk öncə yaradıcı qüvvənin adını çəkmək lazımdı. Köhnə müsəlman kimi, köhnə azərbaycanlı kimi müqəddəs Allaha deyərdim.

- Dəyər olaraq...

- Keçirəm onlara, keçirəm. Valideynlərdi müqəddəs olanlar. Müqəddəs Vətəndi. Nəfəs aldığımız hava, içdiyimiz su, isindiyimiz alov - bunlar müqəddəsdi. Yağan qar, yağış...

Təbii ki, insanın özü üçün müqəddəsləşdirdiyi şeylər də var. Sevgisi, sevgisinin təzahürü olan uşaqları bunları artıq insan özü müəyyən edir, lakin məncə yenə də bunları müqəddəsləşdirmək lazım deyil.

-Mentalitet nədi?

- Mentalitet bizim istəyimizdən asılı olmayaraq mövcuddu və olacaq. Bizim həyatımızı səciyyələndirən, mühakimə edən, istiqamətləndirən bu dəyərlər toplusu həmişə olacaq. Sadəcə düşünürəm ki, mentalitetə hörmət etmək, palaza bürünüb ellə sürünməyi bacarmaq lazımdı. Onunla mübarizə aparmaq əbəsdi məncə, çünki sən təksən, amma mentalitet keşikçiləri çox.

- Kennedinin bir sözü yadıma düşdü: “ Soruşma vətən mənimçün nə edib, soruş mən vətənimçün nə etmişəm.” Siz Vətəniniz üçün nə etmisiz?

-Con Kennedi prezident mövqeyindən çıxış edir. Con Kennedi siyasətçi, dövlət xadimi idi. Onun əlində vətənə xidmət üçün daha qabarıq imkanlar olub. Lakin

onun da bir insan kimi çox zəiflikləri olub. Məsələn, Merlin Manro, onun naməlum ölümü və s.


Mən adi bir vətəndaşam, məktəb illərində Vətənim üçün edə biləcəyim yeganə şey mənim təhsilim olub və mən elə təhsil almışam, sonra ordu sıralarındakı iki

il üç ay xidmətim olub. Bir musiqiçi kimi müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişəm. İlk musiqi sintezləri, eksperimentləri, ilk video kliplər, ilk aranjemanlar, bunlar hamısı “Karvan” qrupuyla birlikdə bizim gənclik anlarımızla bağlıdı. Mən bir musiqiçi olaraq Azərbaycanda pop musiqisinin əsasını qoyanlardan olmuşam, digər janrları demirəm, onların öz baniləri var. Bundan başqa bir vətəndaş olaraq hər zaman əlimizə silah alıb Vətən uğrunda canımızı

verməyə hazır olmalıyıq.

- Məhəbbət nədir?

- Çox ciddi məsələdi. Sevgi çox qeyri-adekvat məsələdi, bütün həyatın boyu sevgisiz yaşaya bilərsən, ya da əksinə. Sevgi kimin üçünsə cəhənnəmdi, kimin üçünsə cənnət. Baxır o insana, onun psixologiyasına, yaşanan mühitə. Tundra şəraitində, məsələn ovçuluqdan qayıdanda mağarada səni gözləyərək odu qoruyan xanımdı sevgi. Müasir həyatda maddi dəyərlərin sevgiyə müdaxiləsi acınacaqlıdı. Təbii, səmimi məhəbbətlə , maddiyyata söykənən, süni sevgini ayırmağı bacarmaq lazımdı.

- Cəlil Məmmədquluzadənin “Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım” fikri yəqin yadınızdadı. Rus dilinin dominantlığına necə baxırsız?

- Cəlil Məmmədquluzadə dahi şəxsiyyət olub, ilk jurnalistimiz, böyük yazıçı. Təbii ki, sözlərində həqiqət var, bu hal təəssüf ki, hələ də müşahidə olunur, amma hər halda dil bilmək pis hal deyil. Sadəcə məişətdə sıx istifadəsindən qaçmaq lazımdı.

- Hələ də xanımların sevimlisiz. Adamda elə təəssürat yaranır ki, siz şorgöz olmusuz.

- Düzü mən bu mövzularda çox ciddi olmuşam. Amma məni şorgöz olmağa təhrik edən amillər olub-xanımlar. Mən hər zaman tanış olduğum xanıma ciddi yanaşmışam, lakin qarşımdakı xanımda gördüyüm qeyri-ciddilik məni sadəcə münasibətləri qırmağa məcbur edib. Misal üçün, mənim həyatımda müxtəlif sənət sahibi xanımlar olub, elə xanım olub ki, mən onunla ciddi bir münasibət yaratmaq istəmişəm, lakin sonradan digər insanlarla da olan münasibəti məni məcbur edib ki, onunla əlaqəmi kəsim. Amma hələ də xanım gözəlliyinə biganə qala bilmirəm. Düzdü bu ötəri hiss olur, amma baş verir.

- Bəs xanım fanatlarla necə, münasibətiniz olubmu?

- Onlara hörmətlə yanaşmaq lazımdı, sevmək lazımdı. Mənə hələ də eşq etirafları yazırlar təəssüf ki, onlar başa düşmür ki, bu esemeslər mənim ailə həyatımda problemlər yarada bilir. Fanatlarımı sevirəm, hamısını sevirəm, amma bu sevgi o sevgidən deyil.

- Yoldaşınızı hansı kriteriyalara uyğun seçmisiz? Как я вижу она очень красивая. (Gördüyüm kimi o çox gözəldi)

- Красивая? (Gözəldi?). Sevaaa... - Yoldaşın çağırır. Seva xanım gəlir. - Она красивая?(Gözəldi?). (gülür)

-Да, очень. (Bəli, olduqca.)

-Mənim yoldaşım çox fərqli bir insandı, üsyankar təbiəti var. Konsertlərimdə hamı mənə sarı güllər bağışlayanda o mənə hamının acığına qırmızı güllər verirdi və mənə maraqlı gəldi ki, bu xanım kimdi? Pərdə arxasından ona baxıb “Karvan”dakı uşaqlara dedim ki, baxın, o qızı görürsüz? O mənim arvadım olacaq. Və oldu (gülür). Seva mənim köhnə fanatlarımdan, dinləyicilərimdən olub. Hər zaman fərqli ideyalar, yeniliklər, sürprizlərlə hələ də məni özünə aşiq edə bilir.

- Pis vərdişləriniz hansılardı?

- Sevaa, nədi pis vərdişim?

Seva xanım:

- Tənbəldi.

- Hə tənbələm (gülür). “Panika”ya tez qapılıram, tez ruhdan düşürəm. Depressiyaya meylliyəm.

- Yaradıcılıqda məhdudiyyət olmalıdı?

- Yox, qətiyyən. İnsanlar istədiyini yarada bilmək hüququna sahib olmalıdı. Əgər bu gün kimsə heyvanlara konsert vermək istəyirsə, qoyun eləsin. Bu onun seçimidi. Müxtəlif alətlərlə-qaşıqlarla, mişarla, nəlbəkiylə - insanlar istədikləri kimi yaradıcılıqla məşğul ola bilərlər.

- İlk sevgilinizi xatırlayırsız?

- Hə, uşaq bağçasında (gülür). Evdən ona konfet, keks aparırdım. Sonra məktəblə əlaqədar biz ayrıldıq.

- Xoşbəxt insanlar kimlərdi?

- Onlar yoxdu. Xoşbəxtlik nisbi anlayışdı və dəyişkəndi. İnsanların birmənalı şəkildə hamısı xoşbəxt anlar yaşayıb və yaşayacaq. Xoşbəxt anlar var, xoşbəxt insanlar yoxdu.

- Azərbaycan futbolunun problemi nədi? - Müsahibim bu suala bir xeyli güləndən sonra nəhayət cavab verdi.

- Futbol Azərbaycanda 1918-ci ildə yaranıb. Britaniya neftçiləri neft emalı buruqlarında ilk dəfə futbol oynamağa başlayıblar və bizimkilər də onlara qoşulublar. İnkişafına şərait olmayıb və demək olar ki, bu idman növü çox gəncdi. Hansısa bir futbol mütəxəssisi demişdi ki, futbol İngiltərədə yaranıb, inkişafını Braziliyada tapıb, Azərbaycanda da süqut edib. Azərbaycan futbolunun problemi yeni olması və bu sahədə kifayət qədər mütəxəssisin olmamasıdı. Azərbaycan futboluna bir az vaxt lazımdı. Məsələn, mənim balaca oğlum gimnastika ilə məşğuldu, ikiqat Azərbaycan çempionudu, amma mütəxəssislər azdı və mən onun bu qabiliyyətini inkişaf elətdirmək üçün Avropada təhsil almasını və Azərbaycanın olimpiya oyunlarında gimnastika üzrə qazana bilmədiyi birinciliyini qazanmasını istəyirəm.

Bu an başa düşdüm ki, bayaqdan kənarda oturub bizə qulaq asan 9 yaşlı balaca, qəşəng oğlandan söhbət gedir. O, orta məktəbdə dördüncü sinifdə oxuyur və bununla yanaşı peşəkar idmanla məşğul olur, dəfələrlə medallarla, fərmanlarla təltif olunub. İlqar bəyin balaca oğlundan medallarını və fəxri fərmanlarını göstərməsini xahiş etdim

- Avropa Çempionatında kimə azarkeşlik edirdiz?

- İtaliyaya. Amma konkret ad çəkməyə tərəddüd edirəm. Mən gözəl oyunun vurğunuyam. Müxtəlif klublara azarkeşlik edirəm; “Yuventus”, “Milan”, “Real Madrid”. Amma qeyd edim ki, olaraq Jose Maurinyodan zəhləm gedir. İnsan bu qədər özündən razı və kaprizli olar? Yazıq oyunçular ona görə ruh düşkünlüyü yaşayırlar. Məşqçi ilə problem yaşamaq futbolçuların oyununa çox böyük təsir göstərir. Mau getməlidi.

- Uşaq vaxtı “Böyüyəndə nə olacaqsan?” sualına nə cavab verirdiz?

- Mən uşaq oyuncaqları mağazasında satıcı olmaq istəyirdim. Çünki mənim çox az oyuncağım var idi. Mənə oyuncaq əvəzinə nağıl kitabları alırdılar, pedaqoq ailəsində böyümüşəm, anam da, atam da pedaqoq olub. İndi böyümüşəm, özümə velosiped də almışam, istədiyim oyuncaqları da (gülür).

- Xalq artisti adı almaq haqqında düşünürsüz?

- Bilirsiz, bu artıq çox əhəmiyyətsizdi. Onun üçün ərizə yazmaq, əl-ayağa düşmək lazımdı. А мне не до этого. (Bu mənlik deyil.)

Müsahibədən sonra İlqar bəy öz əlləriylə mənə həyatımda içdiyim ən dadlı qəhvəni hazırladı. Seva xanım da bizə qoşuldu və mən elə gəldi ki, uzun müddət görmədiyim yaxın qohumumgilə gəlmişəm.

Oxşar xəbərlər

Xəbər lenti

Biz səni niyə oxuyaq? – Qismət gənc yazarı tənqid etdi
12:50 21 Sentyabr 2020
Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
12:08 21 Sentyabr 2020
Kənan Hacıya vəzifə verildi
11:35 21 Sentyabr 2020
Seyid Əzimin qəzəllər kitabı Özbəkistanda
11:05 21 Sentyabr 2020
Yol polisi ilə şortik davası - Ayxan yazır...
10:30 21 Sentyabr 2020
"Emmi" mükafatının qalibləri açıqlandı
10:03 21 Sentyabr 2020
Xalq yazıçısını dəfn edən molla: “Onu məzara qoymağa bir qohumu, dostu tapılmadı” – Müsahibə
08:58 21 Sentyabr 2020
Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi beynəlxalq festivalın qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020