writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock12:53 calendar-gray 01 Mart 2013 view-gray1755 dəfə oxunub
view-gray1755 dəfə oxunub

Yataqdaca bir ayrılıq şeiri pıçıldamışdım...

3-4 ilin söhbətidir, təqvimə qalın, qara hərflərlə yazılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhər kənarındakı hüzursuz və narahat hotel nömrəsində bir həyat qadınına aşiq oldum. Bəzən insan gərəksiz vaxtlarda, gərəksiz insanlara aşiq olur.

İlk dəfə o gecə anladım ki, həyatda bəzi şeylər inadla üst-üstə düşür...

Dəlicəsinə aşiq olduğum o gözlərin içindəki qəribə soyuqluğu anlayanda səhər açılmış və sərxoşluğum keçmişdi. Özünə oyun yoldaşı tapmadığı üçün həyətdəki maşınları mismarla cızan 5-6 yaşlı uşağın həyəcanı vardı içimdə.

İzah olunmaz duyğular içərisində yastığa söykənib bir siqaret yandırmışdım və onun gedişini seyr etmişdim. Özüylə bərabər otel otağındakı qəribə qoxunu da çəkib aparmışdı arxasınca.

Və o gün oteli tərk etmədən öncə, yataqdaca bir ayrılıq şeiri pıçıldamışdım...

İşsiz və ümidsiz günlərimin birində məhkəmədən çağırış gəlmişdi...

Çağırışdan 2 ay sonra artıq boşanmış, işsiz və ümidsiz haldaydım. Ümidimi itirmişdim və intiharın bir addımlığında idim. Məhkəmədən sonra kirayə mənzilə dönəndə cibimdə bir-iki manat pul, canımda uzun yolun yorğunluğu və heç vaxt bitməyəcəyini sandığım ümidsizlik vardı. Arxası üstə uzanıb əllərimi başımın altına daraqlamışdım. Və o səfil, çarəsiz günlərimdə dürüst, namuslu və anlayışlı bir qadına aşiq olmuşdum. Bir tərəfdə canım qədər sevdiyim övladımdan ayrı qalmağın kədəri, bir tərəfdə isə yaşamağa stimul verən tərtəmiz bir sevginin bəxtiyarlığı vardı. Çox keçmədən yenidən iş tapıb həyata sarıldım.

O gün yenidən anladım bəzi hadisələrin qəsdən üst-üstə düşdüyünü...

Sonra mən tez-tez aşiq olmağa və iş yerlərimi dəyişməyə, özümü kəşf etmək üçün çabalamağa başladım. Yenidən işsizlik və yenidən narahat günlər başladı həyatımda. Hər şey yolundaykən nələrinsə nizamsız olduğunu anlamağa başladım. Və hər dəfəsində getdim, ya iş yerimdən, ya da aşiq olduğum qadının həyatından...

Hər dəfə olduğum yeri tərk edərkən gizli bir əlin məni tutub saxlamasını istədim, amma olmadı, saxlamadı... Bir gün barmaqlarımın arasında sönən siqareti külqabına atanda anladım ki, öz həyatımı başqalarının uydurduğu bir əhvalat kimi yaşayıram.

Səhərlər tezdən oyanıb küçə lampalarından qaranlıq otağa süzülən işığın yaratdığı alatoranlıqda əl havasına axtardığım siqareti tapanda anladım ki, həyatım alatoranlıqda əl havasına axtarış aparmaqla keçib.

İşsiz-gücsüz, avara günlərimin birində evli bir qadına aşiq oldum. Bu sevdanı içimdə dəfn edib, yas saxlamağa hazırlaşdığım anda həyatımda ilk dəfə bir qadın mənə eşq elan elədi.

Sonrası hər aşiqin yaşaya biləcəyi ümidsiz macəra...

Həyatımda ilk dəfə bir qadına bu qədər bağlandım. Qadağalar, tabular, mental dəyərlər, günahlar və olmazlar vecimə deyildi. Günlər su kimi axıb keçərkən həyatımda ilk dəfə qadın xəyanəti ilə üz-üzə qaldım. Bağışladım...və qısa bir müddət ayrı qaldım...

Onsuz keçirdiyim hər gün özümü yeyib-bitirdim. Təsəllini içkidə tapdım. Sərxoş olduğum gecələr xaricində rahat və bəxtiyar günüm olmadı.

Sonra kürəyimi yerə vuran bir xəstəlik tapdı məni. Dostlar, tanışlar içkidən olduğunu dedi. Hərə bacardığı köməyi elədi, hərə bir əl atdı bu quyudan çıxmağıma. Amma mən quyunun ən dərin küncünə çəkilib bir daşın arxasında gizləndim.

Gözümü açıb yumunca daha bir il keçdi həyatımdan, daha bir il yaşlandım.

Kədərimlə, üzüntülərimlə, cansıxıcı yaşamım və düşüncələrimlə dostları bezdirdim, düşmənləri sevindirdim.

İlk dəfə bir qadının geri dönməsi üçün göz yaşı töküb yalvardım. Qarşıda məni hansı faciənin gözləməsindən xəbərsizdim...

Yaxın günlərin söhbətidir. Təqvimə qalın, qara hərflərlə yazılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhərin hüzursuz və ümidsiz arxa küçələrindəki o məşum evdə sevdiyim qadının necə həyat qadınına çevrildiyini anladım. Kresloya çöküb bir siqaret yandırdım. Və ilk dəfə bir qadının həyatımdan sivişib getməsini yaşlı gözlərlə izlədim. Getdi və həyatıma dolan qoxusunu, baxışlarını, bədənini, o dəlicə sevişmələrimizi də özüylə apardı...

İlk dəfə o gecə hara getdiyimi bilmədən saatlarla dolaşdım küçələri. Heç kəsin səmaya baxmadığı xəyanət qoxulu şəhərdə, bütün ümidlərimi şüşə kimi daşa çırpıb çilikləyən o qadının baxışlarını axtardım səmada.

O gecə başa düşdüm ki, insan iztirablarını dilə gətirə bilmədiyi üçün şair olur.

O gecə anladım ki, daha məni heç kəs aldada bilməyəcək. İnandım ki, bədbəxt adamları – həyatdan heç bir gözləntisi olmayan ümidsizləri aldatmaq mümkün deyil.

Və bütün yaşadıqlarıma rəğmən ayaqda qalmağımın yeganə səbəbini-içimdəki sonsuz sevgini bəsləyib böyütməyə qərar verdim.

Anladım ki, yanında ağladığım insanların heç də hamısı göz yaşımı siləcək qədər saxtakar deyil.

Anladım ki, həyatımda bəzi şeylər hökmən üst-üstə düşür...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türklər Nəsimi və Füzulinin həyatından film çəkir
18:12 06 Avqust 2020
Bizimki kimi özgələrin kefinə əsir olan heç bir dil yoxdur - Çağdaş türkcəmizə görə borclu olduğumuz esse
17:08 06 Avqust 2020
Qremmi mükafatçısı həbs olundu
16:41 06 Avqust 2020
Azərbaycanlı gənclərin Gürcüstanda yaratdığı teatrın açılışı oldu
15:57 06 Avqust 2020
Həsrətin gizli öpüşlərində güzgüləndi - Şeir
15:02 06 Avqust 2020
Məşhur musiqiçi Trampı məhkəməyə verdi
14:21 06 Avqust 2020
Türkiyədə nazir olan, övladına Atatürkün adını qoyan, ömürlük həbs cəzasına məhkum edilən azərbaycanlı yazıçı – Maraqlı faktlar
13:32 06 Avqust 2020
Vladimr Sorokindən yeni kitab
12:44 06 Avqust 2020
Çörək, dərman, kitab... - Operativ Qərargaha təklif
11:58 06 Avqust 2020
Ziyalılar karantinlə bağlı müraciət etdi
11:16 06 Avqust 2020
Məşhur rejissordan yeni film gəlir - Treyler
10:38 06 Avqust 2020
"Min bir gecə" Vyanada nümayiş olundu
10:04 06 Avqust 2020
İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
08:59 06 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Ayaz Salayevi mükafatlandırdı
18:57 05 Avqust 2020
Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
18:12 05 Avqust 2020
Şamaxıda antik dövrə aid nekropol tapıldı - Fotolar
17:41 05 Avqust 2020
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü - Cahandar ağanın qızının faciəvi sonu
17:11 05 Avqust 2020
Məşhur yazıçı həbs olundu
16:28 05 Avqust 2020
Stiven Kinqdən yeni roman
14:50 05 Avqust 2020
Nə düşünürsən, Günel? - Orxan Həsəni yazır...
14:21 05 Avqust 2020