news-inner
clock14:39 calendar-gray 13 Fevral 2013 view-gray4391 dəfə oxunub
view-gray4391 dəfə oxunub

3 oğlunun qatili

Osmanlı sultanları - LAYİHƏ

1511-ci ildə şahzadə Səlim atası Sultan II Bəyazidin, böyük oğlu Şahzadə Əhmədi özünün vəliəhdi elan etməsindən sonra əlində olan kiçik ordusu ilə atasının üzərinə yürüdü. Bəyazid oğlunu İstanbul qapıları yaxınlığında qarşıladı. Səlimin hesabı İstanbulda yeniçərilərin üsyanı idi. Yeniçərilər sufizmə qapılan Əhməddən daha çox Səlimə üstünlük verirdilər. Lakin gözlənilən üsyan baş vermədi və kiçik çarpışmadan sonra Balkanlardan gətirdiyi ordusu dağılan şahzadə Səlim döyüş meydanından qaçdı. Sultan Bəyazid oğlunun təqib olunmamasını əmr etdi. Şahzadənin 41 yaşı vardı.

Ata qatili

Şahzadə Səlim qayınatası Krım xanı Gəray xan Menguya sığındı. Şahzadə Əhməd Gəray xandan asi şahzadəni təhvil verməsini tələb etsə də, rədd cavabı aldı. Yaşlı Sultan Bəyazid isə oğlanlarının mübahisəsinə qarışmadı. Gəray xandan aldığı dəstəklə Səlim yenidən Trabzona geri döndü. Oğlu Süleymanın qüvvələri ilə birləşən Səlim Andropolu işğal edib Anadolunun içərisinə doğru irəlilədi.

Şahzadə Əhməd və şahzadə Qorqud atalarından asi oğluna qarşı savaşmağı tələb etsələr də, Bəyazid təklifi rədd elədi və Səlimin xeyrinə taxt-tacdan imtina etdi. Bəyazidin aldığı bu qərar əslində yeniçərilərin üsyanı üzərinə baş vermişdi. Savaşmağı xoşlamayan və 31 illik səltənəti dönəmində elə də ciddi səfərlərə çıxmayan II Bəyazidi və onun oğlu Əhmədi yeniçərilər sevmirdilər. Uzun müddət böyük döyüşlərə girməyən və yağmalardan mərhum olan yeniçərilər döyüşkən və dinamik Səlimi sevirdilər. Elə onlar da üsyan edərək Sultan Bəyazidi taxt-tacdan imtina etməyə vadar etdilər.

Səlim 1512-ci il aprelin 19-da böyük triumfla İstanbula girdi. Onu qarşılayan atasının əlini öpdü. Sultan Bəyazid oğlundan qardaşlarını bağışlamasını və onların valiliklərinə toxunmamağı istədi və Səlim atasına söz verdi. Həmin dövrdə İstanbulda olan böyük qardaşı Qorqud Səlimin əlini öpüb onun hakimiyyətini tanıdı. Və könüllü sürgünə yola düşən Bəyazid oğluna son nəsihətlərini verdi:

«Ədalətdən ayrılma, acizlərə və biçarələrə qarşı mərhəmətli ol. Kimsəsizlərə şəfqət, ülaməyə sayğı göstər. Zərurət olmadıqca heç kimə qarşı sərt olma».

Səlim bir daha atasına söz verdi və Sultan Bəyazidin köçü sürgünə doğru yol aldı. Bəyazid sürgün yeri olan Dimetoka çata bilmədi. Yolda birdən halı pisləşdi və vəfat etdi. Cənazəni geri, İstanbula gətirdilər və mərhum sultanın özünün tikdirdiyi Bəyazid camisində dəfn etdilər.

Bəyazidin ölümü rəsmi Osmanlı tarixində qocalıqdan (sultan ölürkən 62 yaşını yeni bitirmişdi və 31 il taxta olmuşdu) və xəstəlikdən göstərilsə də, bir çox tarixçilər Bəyazidin oğlu Sultan Səlimin göstərişi ilə zəhər verilərək öldürüldüyünü bildirirlər. Səlim heç də babası Fateh Məhmədin birinci taxta çıxışını unutmamışdı. Ona görə də atasını yolda zəhərlətdirərək öldürdüyü güman olunur.

Atasının ölümündən həmən sonra Sultan Səlim atasına verdiyi sözün əksini etdi. Yeni sultanın ilk əmri sülaləsindəki bütün kişilərin öldürülməsi oldu.

Qardaşların qovğası

Taxta çıxdıqdan sonra Sultan Səlim taxta olan iddiaçıların aradan götürülməsi üçün hərəkətə keçdi. Öncə Amasiyaya vali olaraq yolladığı şahzadə Qorqudu xəyanətdə suçlayaraq əsir aldı və şahzadə Bursaya aparılmaq üzrə yolda öldürüldü.

Taxtın əsas iddiaçısı və uzun illərdir ki, Səlimlə taxt qovğası aparan şahzadə Əhməd Konyaya getdi və burda özünü sultan elan edib adına xütbə oxutdurdu. Sultan Səlimin özünün ən böyük rəqibini yenmək üçün heç kəsin ağıl etmədiyi bir yola baş vurdu. Paşaları və yeniçəri komandirləri şahzadə Əhmədə məktub yazaraq Sultan Səlimi taxtdan endirib həbs etdiklərini bildirdilər və şahzadə Əhmədin bir an öncə taxta çıxmasını istədilər. Şahzadə Əhmədin kəşfiyyatçıları doğurdan İstanbulda bir üsyan çıxdığı xəbərini doğruladıqdan sonra Əhməd oğlu Ələddinlə birlikdə yola çıxdı. Yolda Əhməd və oğlu tələyə salınaraq həbs olundular və Sultan Səlim onların boğulmasını əmr etdi.

Bundan sonra Konyaya gələn Sultan Səlim qardaşı Şahənşahı və onların oğullarının boğulmasını əmr etdi. Əhmədin oğulları İrana və Misirə qaçsalar da, Səlim onları tutuzdurub öldürdü. Bundan sonra xalq arasında ona Yavuz (qorxunc) adını verdilər.

Qaramanda şiə qətliamı

Müharibə etməyi sevməyən və sülhpərvərliyi ilə tanınan II Bəyazidin dönəmində Şərqdə Osmanlıya qarşı böyük təhlükə meydana gəlmişdi. Anadoludan qovulan türkmən səlcuq bəylikləri Şeyx Səfi nəslindən gələn Ərdəbil şeyxi Heydərin oğlu İsmayılın ətrafına toplaşmış və şiəliyi bir hakim ideologiyaya çevirərək Azərbaycan və İranda hakimiyyəti ələ keçirməyi başarmışdılar. Anadoludan Azərbaycana axın edən Qaraman, Qazı Bürhanəddin, Aydın, Rumlu, Şamlı və Afşar tayfaları Şah İsmayılın birlikləri ilə birləşərək qısa zaman içində İraqı, Şərqi Anadolunu Əfqanıstanı və Orta Asiyanı işğal edərək 9-12-ci əsrlərdə qızıl dövrünü yaşayan Səlcuq imperiyasının sərhədlərini bərpa etmişdilər. Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı və Şah İsmayıla sevgi ilə yanaşması hər zaman Səlimin qəzəbinə səbəb olmuş, hətta 1507-ci ildə Şah İsmayıl ona tabe olmayan Anadolu bəyliklərindən biri olan Dulqədiroğulları bəyliyinə hücum elədiyi zaman Sultan Səlim onun ana babasını və dayılarını (Dulqədir bəyi Bozqurd şahzadə Səlimin ana babası idi) öldürən Şah İsmayılın arxasınca Azərbaycan torpaqlarına girmiş, lakin müharibə istəməyən Bəyazid oğlunu geri çağıraraq tənbeh etmişdi. Buna baxmayaraq Səlim Azərbaycanda özü ilə bir xeyli əsir gətirərək onları Trabzonda sataraq intiqamını almışdı.

Sultan Səlim hakimiyyətə keçdikdən və qardaşlarının taxta olan iddialarını ortadan qaldırdıqdan sonra səltənətinə birinci təhlükə hesab etdiyi qızılbaşlara qarşı hərəkətə keçdi. Öncəliklə Yavuz Səfəvilərin əsas arxa cəbhəsi olan və 200 il müddətində hələ də Osmanlı xanədanın əsas rəqibi hesab olunan Qaraman bəyliyini və onların ətrafında toplanan şiə ittifaqını yox etməyə qərar verdi. Sultan Səlim şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi və belə bir fətvanı aldıqdan sonra bir gecə osmanlı əsgərləri Konyaya daxil oldular.

Sultan Səlim 7-dən 70-ə bütün kişilərin öldürülməsini əmr etmişdi. Bir neçə gün davam edən qətliamda Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.

Şah İsmayıl Qaramandakı qırğını eşitdikdə artıq çox gecdi. Qızılbaşların əsas ön cəbhəsi hesab olunan Qaraman əldən verilmiş və qaçılmaz olan fəlakətin qapısı açılmışdı.

Çaldırana gedən yol

1512 və 1513-cü illərdə Şah İsmayıl özbək xanı Şeybani xanın arxasınca düşüb Orta Asiyada vuruşurkən Sultan Səlim Səfəvilərlə döyüşə hazırlaşırdı. Sultan Osmanlının bütün gücünü toplayır və əsas düşmənini bir dəfəlik yox etməyi düşünürdü. 1513-cü ildə Şah İsmayılın Əmir Teymurun nəslindən olan Şeybani xanı öldürərək onun baş tasından hazırlanan qədəhdən şərab içməsi xəbərini Sultan Səlim çox böyük qəzəblə qarşılamışdı. (Qədim türk ənənəsinə görə baş tasından şərab içib həmin tası kəmərdən asmaq Böyük Türk Xaqanının əsas atributlarından biri hesab olunurdu. Digər atributlar isə ox və yaydı). Bu artıq açıq şəkildə Osmanlı xanədanına meydan oxumaq və xanədanı kiçiltmək (vassal olaraq görmək) anlamına gəlirdi. Xəbəri alan Sultan Səlim Şah İsmayıla aşağılayıcı bir məktub yazmışdı, cavabında isə Şah İsmayıl onu döyüşə dəvət edərək qadın paltarı yollamışdı.

Əslində qəzəbindən boğulsa da, Sultan Səlim Şah İsmayılı döyüşə məcbur etməklə böyük bir şans qazanmışdı. Çünki Şah İsmayıl ordusunun böyük bir hissəsini Orta Asiyada itirdiyi və ordunu yeni güclə təmin edəcək Qaramanı, Diyarbəkiri, Ərzurumu və Şamı itirdiyi halda, Sultan Səlim ordusunu tamamilə yeniləyərək dünyanın ən mobil və ən inkişaf etmiş ordusunu yaratmışdı.

1514-cü ildə Çaldıranda əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsi qətl edilmişdi. Bu həm də müasirliklə keçmişin sonuncu savaşıydı. Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi.

Sultan Səlimin intiqamı

Sultan Səlim 1514-cü ilin baharında 150 minlik qüvvətlə Ərzincandan çıxıb Azərbaycan torpaqlarına girdi. Arxa güclərini 50 minlik qüvvə ilə oğlu Süleymana vermiş və ondan Anadolunun şərqində mövqe tutmasını istəmişdi.

Çaldırana qədər böyük məsafə qət edən Səlimin ordusu yorulmuşdu. Üstəlik Lələ Hüseyn bəy qızılbaşlara savaşmadan geri çəkilməyi və çəkilirkən ətrafda olan bütün ərzağı məhv etməyi əmr etmişdi. Lakin Sultan Səlimin ordusunun ərzağını davamlı olaraq Süleyman Anadoludan təmin etdiyinə görə Osmanlı ordusu aclıq keçirmirdi.

Sərkərdələri gecə hücumları ilə Sultan Səlimin ordusunu tükətmək planını irəli sürsələr də, Şah İsmayıl özünün bir qaçaq olmadığını önə sürərək meydan savaşını seçmişdi. Sonradan döyüşdə demək olar ki, dövlətinin sütunları olan bütün sərkərdələrini itirən İsmayıl sərkərdələrini dinləməməsini özünün ən böyük xətası olaraq dəyərləndirəcəkdi.

Güclü süvaridən ibarət olan qızılbaş ordusunun ümumi sayı hardasa 50 minə güclə çatırdı. Bunun müqabilində ağır toplarla silahlanmış və tüfəngli piyadalara sahib olan Osmanlı ordusu 150 mini aşırdı və bu qüvvəyə qarşı meydan savaşının verilməsi doğurdan həmin ərəfələrdə qələmə alınan Don Kixotun dəyirmanla savaşını xatırlardı.

1514-cü il avqustun 23-də iki türk ordusu üz-üzə gəldi. Şah İsmayıl önə çıxaraq Sultan Səlimi meydan döyüşünə çağırdı. Amma Sultan Səlimin yerinə sərkərdələrindən biri meydan çıxdı və Şah İsmayıl onu qılıncı ilə iki böldü. Sultan Səlim yeniçərilərin arxasında gizlədilmiş və zəncirlərlə bir-birlərinə bənd edilmiş toplardan atəş açmağı əmr etdi və hücuma keçən qızılbaş süvariləri nəyə uğradıqlarına şaşırdılar. Qızılbaş ordusu top haqqında eşitsələr də, ilk dəfəydi belə bir dağıdıcı güclə rastlaşırdı.…

Döyüş Osmanlı ordusunun tamamən zəfəri ilə bitdi. Şah İsmayıl yaralı vəziyyətdə döyüş meydanından güclə qaçırıldı və dağlarda gizlədildi. Düşmənin diqqətini yayındırmaq üçün Şah İsmayılın oxşarı əsir düşdü və Sultan Səlim bir müddət şahın onun əlində olduğuna inandı və hətta İsmayılın oxşarı ilə söhbət belə etdi. Hiylə aşkarlandıqda isə artıq gec idi. Şah İsmayıla artıq Sultan Səlimin əli yetmirdi.

Bir neçə gün sonra Sultan Səlim Təbrizə girdi və Şah İsmayılın həm xəzinəsini, həm də hərəmini ələ keçirdi. Lakin Sultan Səlim istədiyi qədər Təbrizdə qala bilmədi. Adətə uyğun olaraq şəhər üç gün yağmalandı. Sultan Səlim Xorasana doğru yol alan qızılbaş ordusunu təqib etmək istəsə də, bəktaşi yeniçərilər daha şiələrlə savaşmaq istəmədiklərini bildirərək üsyan qaldırdılar və Sultan Səlim 6 gündən sonra Təbrizi tərk edərək geri dönməyə məcbur oldu.

Beləliklə Sultan Səlim qarşısına qoyduğu əsas məqsədə çata bilməyəcək və Səfəvi şiə dövləti öz varlığını sürdürməkdə davam edəcəkdi. 30 il sonra şiə dövlətinə son vermək məqsədi ilə yenidən Təbrizə girən Sultan Süleyman da Səfəvi dövlətinin içlərinə doğru irəliləyə bilməyəcək və dağlıq ərazidə partizan metodları ilə savaşan qızılbaş ordusunun qarşısında geri dönərək atası kimi İraqa yönələcəkdi.

Şah İsmayılın ona yolladığı qadın paltarının intiqamını almaq üçün Səlim İsmayılın hərəmxanasını əsgərlərinə payladı. İsmayılın əsir götürdüyü qadınları Bəhruzə və Taclı bəyimə öncə ziyafətdə sərkərdələrinə şərab süzdürdü, bir müddət sonra isə İsmayılın qadınlarını geri qaytarmaq xahişinə rəğmən Səlim Şahı aşağılamaq məqsədi ilə mehtərlərinə ərə verdi.

Misir məmlüklərinin sonu

Təbrizdən çıxaraq evə doğru dönən Səlim yolu üstündəki Şərqi Anadolu bəyliklərini tamamən ortadan qaldırdı. Diyarbəkiri mühasirə alan Yavuz Dulqədir bəyliyinin bəyi Sultan Ələddinin başını kəsərək Dulqədirlər sülaləsini ortadan qaldırdı. Artıq Şərqdəki böyük şiə təhlükəsini ortadan qaldıran Sultan Səlimin hədəfi 300 ildir Yaxın Şərqə və Şimali Afrikaya hökm edən Misirin Məmlük sultanları idi.

1415-ci ildə Diyarbəkirdən sonra Mardini və Sincabı zəbt edən Səlim İraq torpaqlarına girdi. Səlimin əsas hədəfinin Misir torpaqlarının olduğunu yaxşı anlayan Məmlük sultanı Qansu döyüşə tələssə də, Səlim İraqda ordusuna istirahət verdi. Ancaq 1516-cı ilin avqustunda ordusunu yenilədikdən və əsgərlərinə tam istirahət verdikdən sonra Osmanlı axınçıları məmlüklərin ərazilərinə girdilər. Sədrəzəm Sinan Paşa rəhbərliyində olan ordu Suriyaya girərək Hələbə doğru irəlilədi. Osmanlı ordusu Antep və Bəsni qalalarını bir günün içində aldı.

Avqustun 24-də məmlük ordusu ilə Mərcidabık çölündə üz-üzə gəldi. Yaylım top atəşləri ilə məmlük süvariləri qısa müddətdə darmadağın olunmuş və məmlük sultanı Qansu atından yıxılaraq ölmüşdü. İki gün sonra Hələb heç bir müqavimət göstərmədən təslim olmuşdu. Bir neçə həftə içində Sultan Səlim sürətlə irəliləyərək bütün ərəb yarımadasını zəbt edib Qırmızı dənizə qədər gəlib çıxdı.

Mərcidabık savaşı nəticəsində Osmanlı imperiyası öz torpaqlarını iki dəfə artırmış və Fələstin torpaqları Osmanlıların nəzarətinə keçmişdi.

Yavuz Səlim 1516-cı ilin dekabrında Qüdsü ziyarət edib, burda bir müddət dincəldi. Lakin yeni məmlük sultanı Tuman xanın Venesiya ilə müttəfiqlik əldə edərək aldığı ağır toplarla onun üzərinə gəldiyini eşidərkən imkansızı başararaq 5 gün müddətində ağır ordusu ilə Sina səhrasını keçdi və Ridaniyyədə Məmlük ordusu ilə üz-üzə gəldi.

Savaş çox ağır keçdi, hətta Tuman xan ən cəsur atlıları ilə Osmanlı düşərgəsinin mərkəzinə girib öz çadırından savaşı yönəldən sədrəzəm Sinan Paşanı öldürməyi başardı. Buna baxmayaraq, Sultan Səlim məmlük ordusunu mühasirəyə almağı bacardı və Tuman xan hər şeyini savaş meydanında buraxaraq qaçdı. Buna baxmayaraq bu savaşda Sultan Səlim bütün savaşları boyunca ən böyük itkisini verdi. Osmanlıların itkisi 25 min nəfəri aşırdı.

Bir neçə həftədən sonra Səlim Qahirənin keçilməz hesab olunan divarlarını top atəşləri dağıdıb şəhərə daxil oldu. Təslim olmağı düşünməyən Tuman xan küçə döyüşlərində böyük rəşadətlər göstərdi. Qahirə küçələrində qan su yerinə axdı və qırğında 50 mindən artıq qahirəli öldürüldü. Göstərilən dirənişdən dəhşətə gələn Səlim 800-dən artıq məmlük bəyinin başının vurulmasını əmr etdi.

Tuman bəy yenə də qaçmağı başardı və iki aydan sonra bədəvi ərəblər tərəfindən xəyanətlə yaxalanıb Yavuza təslim edildi. Yavuz Tuman xanın Qahirə qapısından asılmasını əmr etdi. Bununla da 300 illik Misir Məmlük dövləti tarixə qarışdı. 1517-ci ilin fevralın 4-də Sultan Səlim qədim fironların taxtında oturdu.

Osmanlı xanədanı xəlifə ünvanını zəbt edir

Sultan Səlim babası Fateh Sultan Məhməd kimi zəbt etdiyi heç bir yerdə Osmanlı dövlət institutlarından savayı heç bir idarəetmə institutları buraxmırdı. Təkcə Azərbaycanda yeniçərilərin üsyanı onu Səfəvilər dövlətinin davam etməsinə zorlamışdı.

Misir səfəri sonucunda bütün ərəb torpaqları Osmanlının hakimiyyəti altına girdi. 1517-ci ildə sonuncu Abbasi xəlifə III Mütəvəkkil Sultan Səlimin əmri ilə İstanbula aparıldı. Məkkə və Mədinədən peyğəmbərin müqəddəs əmanətləri - xələti, dişi, bayrağı və qılıncı Sultan Səlimə yollanıldı. Sonuncu Abbasi xəlifə öz əli ilə xəlifəlik xələtini Sultan Səlimin əyninə geyindirib, peyğəmbərin qılıncını ona uzadıb Sultanı yeni Xəlifə elan etdi. Bundan sonra Məkkə və Mədinədə Sultan Səlimin adına xəlifəlik xütbəsi oxunmuş və xəlifəlik 1923-cü ilə ortadan qaldırılana qədər Abbasilər soyundan Osmanlı soyuna keçdi.

Osmanlı görünməmiş şəkildə qüvvətlənir

Misir səfərindən sonra Osmanlı imperiyası görünməmiş şəkildə qüvvətləndi. Sultan Səlimin Misir fəthi ilə «biz üç qitəyə hakim olmalıyıq» deyən Sultan Orxanın vəsiyyəti öz yerini aldı. Sultan Səlim bütün «İpək yolu» marşrutlarını öz nəzarəti altına alaraq Osmanlı imperiyasını geosiyasi cəhətdən dünyanın mərkəzi halına gətirdi.

Bütün ərəb torpaqlarına və Misir torpaqlarına sahib olan Sultan Səlim bu fəthlərdən sonra böyük sərvət ələ keçirdi. Sərvət o qədər böyükdü ki, hətta ölürkən Sultan Səlim vəsiyyət etdi: «Mənim qızıl və sərvətlə doldurduğum xəzinəmi hansı nəvəm mənim qədər doldursa, o zaman xəzinəni öz möhürü ilə möhürləsin. Əks halda qiyamətə qədər Osmanlı xəzinəsi mənim möhürümlə möhürlənsin». Bu vəsiyyətə əməl olundu. Sultan Səlimdən sonra heç bir Osmanlı hökmdarı xəzinəni onun qədər doldura bilmədi və Osmanlı xanədanı süqut edənə qədər dövlət xəzinəsi Sultan Səlimin möhürü ilə möhürləndi.

Sultan Səlim Osmanlı səltənətinin qızıl dövrü adlanan «möhtəşəm yüz il»in başlanğıcını qoydu.

Şəxsiyyəti

Sultan Səlim Osmanlı Sultanların içində ən böyük fitrətə sahib olan və ən ziddiyyətli şəxsiyyətlərdən biridir. Həddindən artıq qəddar və despot olması ilə əlaqədar olaraq Qərb tarixçiləri onu rus despotu çar İvan Qroznı ilə müqayisə edirlər. Sultan Səlim hakimiyyətdə olduğu 8 il müddətində 17 vəzirin edam etdirmişdi. Kişi cinsindən olan bütün qohumlarını qətl etmiş, yalnız oğlu Süleymana toxunmamışdı. Ona qarşı ən böyük ittiham isə Sultan olduqdan sonra uşaq yaşında olan üç oğlunu boğdurmasıdır. İddiaya əsasən Yavuz oğlu Süleymanın taxt qovğası yaşamaması üçün edib. Lakin müasir türk tarixçilərinin bir çoxu bu iddianı rədd edir və bildirirlər ki, Sultan Süleymanın kiçik qardaşları xəstəlikdən ölüblər.

Sultan Səlim haqqında bəzi mübahisələrin yaranmasına səbəb isə onun qulağı sırğalı şəklidir. İslam dəyərlərinə və sünni məzhəbinə görə bir kişinin qulağına sırğa salması qəbul olunmazdır. Bir çox tarixçilər qorxunc Sultanın qulağındakı bu sırğanın Kəbə evinin xidmətçisi olmasının əlaməti olaraq daşıdığını bildirirlər. Lakin bu versiyanın zəif olduğunu düşünənlər yeni bir versiya irəli sürüblər. Yeni versiyaya görə şəkildəki qulağı sırğalı şəxs Sultan Səlim deyil, Şah İsmayıldır. Versiyanı gücləndirmək üçün bildirilir ki, şiə qanunlarında kişilərin üçün sırğa salmaq icazə verilir?! Qərb qaynaqları isə sırğalı Sultanın yeniyetmə oğlan həvəskarı olduğunu qeyd edirlər. Lakin rus və Venesiya qaynaqlarındakı qərəz hiss olunmaqdadır və bu iddianı yalnız nifrətdən yaranan şərləmə kimi qəbul etmək olar.

Ağ bənizli, hündür boylu, enli kürəkli biri olduğu bildirilir. Çox gözəl at minib, qılınc oynatmaqla məşhur olub. Sərrast oxçu olub. Bütün axınçılar kimi at üstündən sərrast oxlar atarmış. Müxtəlif cür yemək yeməz və süfrəyə ancaq bir yeməyin gətirilməsini istəyərmiş. Taxta qabda yemək yeyər və taxta qaşıqdan istifadə edərmiş.

Şəraba aludəçisi olmayıb. Ən çox xoşladığı şey müharibə etmək olub. Dövlət malını israf edən vəzirlər haqqında düşünmədən edam hökmü verdiyi bildirilir.

Ölümü

1520-ci ildə Sultan Səlim İtaliyanı işğal etmək üzərinə Ədirnədə qurulan düşərgəyə yola düşərkən yolda kürəyinə çıxan bir çibandan əziyyət çəkməyə başlayır. Sultan işlərinin çox olduğunu və xalq arasında «Aslan pəncəsi» deyilən bu çibanın hələ xamkən çıxarılmasını əmr edir, lakin sıxılırkən çiban zədələnir. Bunun üzərindən baş həkim Əhməd Çələbinin səylərinə rəğmən çiban böyümüş və qırx günün içində xərçəng xəstəliyi kimi Səlimin bədəninə yayılaraq Sultanın ölümünə səbəb olur.

Ölürkən 50 yaşı vardı. Tam olaraq 8 ildən bir qədər çox müddətdə hakimiyyətdə oldu. Hakimiyyətini demək olar ki, olaraq at belində və savaşlarda keçirmişdi. Ulu babası Bəyazid İldırım kimi çox dinamik və sürətli adamdı. Babası Fateh kimi Azərbaycanı, Misiri, İtaliyanı və Hindistanı fəth etməyi xəyal edirdi. Onlardan ikisini reallaşdıra bildi.

Atası II Bəyaziddən boş xəzinə və 2.375.000 kvadrat km. ərazi almış, xəzinəni ağzına qədər dolduraraq və əraziləri 2,5 dəfə artıraraq 6.557.000 kvadrat km.-ə çatdıraraq oğlu Süleymana təhvil verib. Tarixçilər tərəfindən ən böyük Osmanlı sultanlarından biri olaraq anılaraq 8 ildə 80 illik iş görən bir Sultan olaraq dəyərləndirilir.

Azərbaycandan geri dönərkən soyunu qurutduğu Dulqədir bəyi Bozqurdun qızı Gülbahar xatundan 1470-ci ildə doğulmuşdu. Anası türk olan çox az Osmanlı sultanından biriydi. Atasını devirib taxta çıxırkən 41 yaşını doldurmuşdu.

Oxşar xəbərlər

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020