Alim Qasımov... oxuyan deyil...

Alim Qasımov... oxuyan deyil...
13 fevral 2013
# 08:15

... Bir yazını yazanacan ovqatım tez-tez dəyişir. Sonacan eyni kökdə qala bilmirəm. Yazının şirin yerində kökdən düşürəm. Köklənəndəsə iş-işdən keçir.Fikirləşdiklərim qalır qıraqda, tamam ayrı şey yazıram. Yenə belə oldu...

Bu gün orta məktəblərimizdə öyrədilən Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin durumu, daha doğrusu durumsuzluğu, ordakı materialların məzmunsuzluğu, mənasızlığı, sovet iyi verən mətnlərin zorla, güc-bəlayla günümüzə uyğunlaşdırılması, beyinlərin yalan-palanla doldurulması barədə yazmaq istəyirdim. Təbii ki, bu sahənin uzmanı kimi yox. Çünki bu, elə özəl bir mövzudu ki, bunu geniş şəkildə təhlil eləməyə, araşdırmağa gücüm və imkanım yetməz. Sadəcə, bir neçə kəlməylə bəzi iradlarımı bildirmək fikrindəydim, konkret faktlarla, qısa və yığcam şəkildə. Yaxşı deyiblər, cəhalət təhlükəli bir şeydi. Yanlış biliksə daha təhlükəlidi...

Ancaq Alimin səsi, oxusu (o biri otaqda televizorun səsini artırmışdılar), Qasımovu deyirəm, fikirlərimi qarışdırdı, yazının axarını başqa səmtə yönəltdi. Və məni məşğul eləyən mövzunu sonraya saxlayası oldum. Elə bu anda, muğamın bazı olmasam da, Alim haqda nəsə yazmağım gəldi. Elə sənətçilər var ki, fərqi yoxdu, xanəndə, yoxsa, yazıçı, onlar barədə günün istənilən vaxtında, istənilən saatında, səbəbsiz-filansız yazmaq olar. Təki yazmağa söz olsun,

Söz, Söz olsun.

... Belə oxumaq olmaz, bu, oxumaq deyil. Nədisə, oxumaqdan çox-çox yuxarıdı. Səsləri söküb təzədən yığmaqdı, başqa cür sıralamaqdı, ayrı şəkildə düzməkdi, oxumaq deyil, qurmaqdı, tikməkdi, bərpa eləməkdi.

Sözü səsə qaldırmaqdı, qovuşdurmaqdı, yüksəltməkdi.

Alim sadəcə oxuyan deyil.

Alimin oxusu səhra səssizliyidi, şəhər tünlüyüdü, bəmin pıçıltısıdı, zilin bağırtısıdı, yox olan dünyaya keçmək, adlamaq cəhdidi, sofi yuxusudu, “külli insan” (Nəsimi) olmaq istəyidi, səs içində səsdi...

Üzeyir bəy muğam operalaşdırdı, Vaqif cazlaşdırdı, Alimsə yeni intonasiya, daha doğma nəfəs, özünəxas boğaz, hərəkət gətirdi. Muğamı muğamlaşdırdı... Muğama əl gəzdirdi, köhnəyə təzə quruluş verdi, onu teatrallaşdırdı. Öyrəşmədiyimiz şəklə saldı, “belə də oxumaq olar” damğası vurdu, yas ovqatından, “ölürəm-ölerəm” sızıltısından qurtardı, boğazını yırtanların əlindən aldı, ayrı bir məqama, başqa qata çatdırdı, yenidən mənalandırdı...

Qəzəli öz qəlbinə, öz qəlbiliyinə qaytardı, söz-söz, kəlmə-kəlmə qaldırıb yerinə qoydu.

Uzun bir yol keçmiş muğamın dərvişi oldu, davamı oldu.

Mürgüləyən muğam Alimin səsində yenidən oyandı, tozunu çırpıb canlandı, təzələndi, ayrı biçimə düşdü...

Alim yeni muğam yaratmadı, muğamı yenidən tapdı...

***

Yaxşı ki, ağıldan keçənlər bir az danışıqda, bir az da sözə, yazıya çevriləndə itir. Adam yazıda özünü, hisslərini sonacan, axıracan ifadə eləyə bilmir... Bəlkə də ona düşündüklərini olduğu kimi, bütöv şəkildə yazmaq imkanı verilsəydi, yazmağa söz qalmazdı, söz, SÖZ olmazdı...

# 5656 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #