news-inner
clock08:30 calendar-gray 12 Fevral 2013 view-gray4425 dəfə oxunub
view-gray4425 dəfə oxunub

Mircəfərin ölüm qoxulu zarafatı

Kulis.az Cəlal Bərgüşadın “Dünyada nələr gördüm” kitabından “Caninin zarafatı” xatirə yazısını təqdim edir:

Əhvalat 1938-ci ilin əhvalatıdır. Süleyman müəllim mənə danışdı ki, gecə şirin yuxuda idim. Birdən telefon səsi eşidildi. Hövlnak yuxudan ayıldım. Çünki o vaxtlar tutatut illəri idi. Bu gündən sabaha etibar yox idi. Hər gecə beş-on ziyalı, ictimai dövlət xadimi həbs olunurdu. İşığı yandırıb saata baxdım. Saat üçə az qalmışdı. Şəhər zülmət qaranlığa bürünmüşdü. Zəng ikinci dəfə təkrar olanda cəld dəstəyi qaldırdım. Mərkəzi Komitədən Mircəfər Bağırovun köməkçisi idi. Onun səsinin ahəngi xoşuma gəlmədi.

- Süleyman, aşağıda Sizi xüsusi maşın gözləyir! Təcili maşına əyləşin! Kişi (o zaman Mircəfər Bağırova “kişi” deyərdilər – müəllif) sizinlə görüşmək istəyir!

Ətim ürpəşdi. Soyuq bir tər bədənimi basdı. Mənim vəziyyətimi gözünüzün qabağına gətirin. Adətən, “qorxulu xalq düşmənlərini” belə qaranlıq gecələrdə xəlvəti götürürdülər. Hara aparırdılar, kim aparırdı, onu bircə allah bilirdi.

Ailədə hamı qorxuya düşdü. Şivən başladı. Anam da, atam da, bacım da, həyat yoldaşım da için-için ağlayırdı. Onlara ürək-dirək verdim:

- Ölü dalınca ağlayarlar, səsinizi kəsin! Kişinin mənimlə nə işi var?! Mən sadə bir dəmirçi oğluyam. Məndən “xalq düşməni” olar?

Anam Xırdaxanım əllərini göyə qaldırıb o bir allaha məni tapşırdı: “Ya gözəgörünməz tanrı, sən Mircəfər Bağırovun dil-ağzını bağla, onun ürəyinə rəhm sal. Mənim balamla işi olmasın”.

...Mən maşına əyləşəndə saat dördə işləyirdi. Çox keçmədi ki, sürücü məni Mərkəzi Komitəyə gətirdi. Mircəfər Bağırovun köməkçisi yəhudi idi. O, saatına baxıb narazı halda başını buladı:

- İki dəqiqə gecikmisiniz, belə olmaz! Tez olun, kişinin vaxtı yoxdur, keçin içəri!

Mən Bağırovun otağına girdim. O, stulunda əyləşib çay içirdi. Sifətində bir o qədər də qəzəb hiss olunmurdu. Eynəyinin altından məni sınayıcı bir nəzərlə süzürdü. Hiss etdi ki, bərk qorxmuşam. Çünki sifətim ağappaqdı. O, amiranə bir səslə:

- Əyləşin!

Mən irəli yeriyib stulun birini altıma çəkdim. Ancaq nəzərim onun sifətində idi. Sifətində qəzəb qarışıq şeytanın da baş aça bilməyəcəyi bir təbəssüm var idi. O, qəsdən dinmir, məni intizarda saxlayırdı. Elə bil mənimlə məzələnirdi. Handan-hana Bağırov “əsl mətləbə” keçdi.

- Hə, dəmirçi oğlu, kefin necədir?

- Sağ olun, yoldaş Bağırov, pis deyil.

- Bilirsən, Sizi niyə çağırmışam?

- Xeyr, yoldaş Bağırov.

O yenə xeyli duruxdu. Hiss edirdim ki, qəsdən sükut yaradır. Bədənim daha da istilənməyə başladı. Diqqətlə onun sifətinə baxırdım. Sifətində mücərrəd bir ifadə var idi.

“Bu gözlüklü ilan deyəsən məni qəfil çalmaq istəyir. Yəqin gözləyir ki, çekistlər gəlsin. Ona görə də mətləbi yubadır. Allaha təvəkkül. Ölümdən o tərəfi yoxdur ki. Nə olacaq, olacaq”.

Özümü yığışdırıb dəsmalla alnımın tərini sildim. Bağırov gördü ki, vəziyyətim tamam ağırlaşır. Odur ki, gülümsəyə-gülümsəyə dedi:

- Dəmirçi oğlu, Sizi təbrik edirəm.

- Nəyə görə, yoldaş Bağırov?

- Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də Sizi çağırmışam ki, muştuluqlayam. Sabah Qubadan maşın gələcək. Orda yaxşı çıxış eləyərsən...

...Elə bil ki, üstümdən ölüm hökmünü götürdülər. Dirçəldim. Bilmədim ki, Bağırova necə təşəkkür edim. Bircə onu dedim ki, yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm, icazə verin, evə zəng vurum.

Mən Bağırovun kabinetindən anamla danışdım... Evdə hıçqırıq səsi eşidilirdi. Bağırov telefonun dəstəyini məndən aldı. Anam allaha da dua edirdi, seyidə də. Bağırov anamın səsini eşidəndə yumşaldı:

- Ana anadır, Süleyman. Ona görə də allah onun niyyətini yerinə yetirdi, yoxsa işi bilmək olmazdı. Anan namaz üstə imiş.

Sonra Bağırov mənə dedi ki, qocanı da çağırmışam. O, qoca deyəndə yazıçı Məmməd Səid Ordubadini nəzərdə tuturdu. Vaxtilə Həştərxanda sürgündə olmuşdular. Ona görə də zarafatları var idi. Bağırov dedi ki, gülüb eləmə. İşi korlayarsan. Görək qoca özünü necə hiss edir. Mənim bu gecə zarafatıma dözürmü?

Elə bu vaxt qapı açıldı. Məmməd Səid Ordubadi qorxa-qorxa içəri girdi. Sir-sifəti tamam ağarmışdı. Elə bil mürdəşir onu indicə kəfənə bükəcəkdi. O, Bağırovun qəzəbli baxışına tab gətirməyib divara söykəndi. Dizləri büküləndə ayağa qalxdı. İstədim onun qolundan yapışam. Bağırovun hökmlü səsi eşidildi:

- İkinizin də qulaqlarını gərək dəryada balıqlara yedirdəm! İkiniz də qatı xalq düşmənisiniz! Əyləşin, indi çekistlər gəlib sizi aparacaq!

Ordubadi dizi üstə döşəməyə çökmüşdü. O, iki əlini Bağırova uzadıb yalvarırdı:

- Yoldaş Bəqirov, sən o Valodyanın canı, mənimlə işin olmasın. Bu qoca vaxtımda məni vətənimdən sürgün etmə! Onsuz da Nikolay mənə sitam eləyib!

Volodya Bağırovun istəkli oğlu idi. Həştərxanda Ordubadinin qucağında böyümüşdü. Odur ki, Bağırov özünü saxlaya bilməyib güldü. Məsələni anlayan Orudabdi ayağa qalxıb uşaq kimi küsdü.

- Yox, yoldaş Bəqirov, bundan sonra məni danışdırma. Mən ki ölmüşdüm, mənə yazığın gəlmir? Vallah, Valodyaya şikayət edəcəyəm.

Caninin zarafatı qurtardı. Hər ikimizə çay gətirdilər. Limonlu çay içdik. Söhbət şirinləşdi. Bağırov dedi ki, Məmməd Səid Ordubadinin Culfadan deputat vermişəm. Ordubadi bilmirdi ki, Bağırova necə təşəkkür etsin. Amma onu da etiraf etdi ki, maşın təhlükəsizlik idarəsinin qabağından ötəndə bərk həyəcan keçirib. Elə bilib ki, indicə onu tutub basacaqlar gedər-gəlməz yerə. Bağırovun da ondan xəbəri olmayacaq.

Mən həmişə bu əhvalatı yazıçı dostlarıma söyləyəndə Ordubadi pərt olurdu. O günlər getsin, bir də gəlməsin!

news-inner-user

15793 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020