news-inner
clock11:38 calendar-gray 30 Yanvar 2013 view-gray5503 dəfə oxunub
view-gray5503 dəfə oxunub

Bakının cındır bazarı- REPORTAJ

Bura ilk dəfə yolunuz düşübsə hökmən təəccüblənəcəksiniz. İnsanların üzlərindəki ifadə, hər tərəfə səpələnmiş cır-cındır paltarlar, ətrafdan gələn üfunət iyi, üst-üstə qalaqlanmış əşyalar...Hər şey qeyri-estetik və ürəkbulandırıcıdır. XXI əsrdə, ölkənin paytaxtında belə bir məkanın olmasına heyrət etməyə bilmirsən. Söhbət Sabunçuda yerləşən “Bit bazarı”ndan gedir. Bura el arasında “Rus bazarı” və ya “cındır bazarı” da deyirlər.

Adi bazarlardan fərqli olaraq burda cır-cındır paltar, köhnə əşyalar satılır. Səs-küy, basabas, üfunət iyi, alverçilərin jarqonla danışığı tam olaraq bazarın adına uyğundur. Bir tərəfdə köhnə mebel, bir tərəfdə dəmir əşyalar və köhnə geyimlər qalaqlanıb. Köhnə çarpayısını, köhnəlmiş yataq dəstlərini də satışa çıxaranlar var. Alıcıların da, satıcıların da üzündə qəribə bir ifadə var. Alverçilər sırtıq, alıcılar isə kədərlidir...

Burda hər şey tapmaq olar

Bazarın qəribə mənzərəsi var. Hətta satıcıların da böyük əksəriyyəti qocalardır. Burda hər şey tapa bilərsiniz; köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, “Kurtlar Vadisi Pusu” serialının diskləri, video kasetlər, köhnə təqvimlər və kitablar... Bir sözlə burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.

Satıcılardan birini söhbətə tuturam. Hardasa 65-70 yaşı olar. Başına keçirdiyi köhnə papağın altından ağ saçları qıvrılıb. Çuxura düşmüş gözlərində heç bir ifadə yoxdur. Deyir, 20 ildir burdayam: “Bu bazar sovet vaxtından var. Əvvəllər burdakı alverçilərin böyük əksəriyyəti ruslar idi. Ruslar adətən öz köhnə paltarlarını satırdı. Sonradan köhnə əşyalar da satmağa başladılar. İndi vəziyyət dəyişib. Demək olar ki, heç kəs öz əşyalarını satmır. Öz əşyalarını satmağa gətirənlər də burdakı alverçilərə dəyər-dəyməzinə satıb gedirlər. Buranın da qaydası belədir”.

Adını gizlədən həmsöhbətim çox danışmaq istəmir. Əli ilə işarə edir ki, həvəsim yoxdur. Sağollaşıb içəriyə doğru irəliləyirəm...

Zibillikdən yığılan dəmir-dümür

Ortayaşlı bir kişi qarşısına çoxlu dəmir-dümür yığıb. Paslamış dəmirlərin arasında kompüter qulaqlığından, köhnə radioya qədər hər şey var. Ramiz kişi deyir ki, 5-6 ildir işsizlikdən bura çıxır: “Əvvəllər “Təzə bazar”da alver eləyirdim. Bankrot olandan sonra köçdüm bura. Bu dəmirlərin çoxunu zibillikdən, avtomobil təmiri sexlərindən yığıram. Belə qarışıqlıq olmağına baxma, hərdən yaxşı pul qazandığım günlər olur. Hər həftənin şənbə-bazar günləri burdayam”.

Tanımadığım avtomobil detallarının qiymətini soruşuram. Məlum olur ki, zibillikdən yığılan bu tullantılar bazara girəndən sonra qiymətə minir. Qiymətlər 20 qəpikdən 5 manata kimi dəyişir.

Kasıb müştərilər, imkanlı alverçilər

Köhnə paltar qalağının yanında büzüşüb oturmuş Sona xala deyir ki, ağlı kəsəndən burda alver edir: “Burdan alver edənlər kasıb adamlardır. İndiyə qədər səliqəli geyinmiş müştəriyə rast gəlməmişəm burda. Çox vaxt köhnə paltarları kiloqramı 1-2 manata alıb, 8-10 manata satıram. Paltarlarını zibilliyə atmayıb bizə verənlər də olur. Qohumlar da köhnəlmiş paltarlarını atmır. Evdə də köhnələn əşya, paltar olanda gətirib burda satıram. Əsas müştərilər Bakı kəndlərindən gəlir”.

Sona xala deyir ki, burdakı alverçilərin geyimlərinə fikir vermə, hamısının imkanı yaxşıdır: “Əksəriyyətinin şəxsi avtomobili, normal dolanışığı var. Burda ən kasıb alverçilər ruslardır. Bazar bağlanan kimi qazandıqlarını arağa verirlər. Amma bizimkilərin çoxu imkanlıdır. Eləsi var ki, hər həftə 300-400 manat qazanır. Amma öyrəşiblər səliqəsiz geyinməyə”.

Sona xala mənimlə danışa-danışa peraşki satan oğlanı yanına çağırır. 10 qəpiklik peraşkidən 5 dənə alıb, günorta yeməyini “yola verir”. Qonaqpərvərliklə mənə də təklif edir peraşkidən. Minnətdarlıq edib uzaqlaşıram.

Mayasız qazanc

Elmirin 30 yaşı var. 5-6 ildir burda alverlə məşğuldur. Köhnə soyuducu, televizor, kondisioner, qızdırıcı cihazlar satır: “Əsgərlikdən sonra 3-4 il ofisiant işlədim. Bir az pul yığandan sonra başladım alver eləməyə. Uzaq bir qohumumuz dedi ki, köhnə əşya alıb-satmaqda yaxşı pul var. Mən də başladım bu işə. Evimin qabağında balaca marketim var. Həftə içi orda alver edirəm, müştərilərim də atılacaq məişət cihazlarını gətirib mənə verir. Mən də yığıram maşının yük yerinə, həftəsonu da gətirirəm bura. Min bərəkət, ayda 500-600 manat təmiz qazancım olur. Bu bazarın bir şeyi yaxşıdır ki, mayasız qazanc mümkündür. Məsələn, keçən həftə qonşum zibilliyə atmaq istədiyi elektrik peçini verdi mənə. Yüngülvarı əl gəzdirdim, 3-4 manat da üstünə xərc qoyub 20 manata satdım. Televizor var ki, 10 manata alıb 60 manata satmışam. Burdakı tozsoranı 5 manata almışam, 10 manat da təmirinə vermişəm. 30-40 manata rahat satacam. Bu bazar mayasız qazanc verir, ona görə də işimdən xoşum gəlir”.

500 manata qartal...

Bazarın bir tərəfində isə canlılar satılır. Ördək, qaz, hinduşka, tutuquşu, döyüşkən xoruzlar, dovşanlar, göyərçinlər və hətta qartal! Quşların qiymətləri müxtəlifdir. 10 manata ördək, 40 manata hinduşka, 5-6 manata toyuq almaq olar. Qəfəsdə saxlanan tutuquşu və bülbül 20-30 manatdır. Döyüşkən xoruzların qiyməti 50 manatdan 150 manata qədər dəyişir. Göyərçinlərin ən ucuzu 10, ən bahası isə 70 manatdır. 3 aylıq it küçüklərinin qiyməti 60 manatdır. Bazarın ən bahalı canlısı isə qəfəsə salınmış berkut idi. Qayalara qonmağa adət eləmiş məğrur quşu qəfəsə salıb 500 manata satırlar. Bazarın ən maraqlı və ən bahalı “mal”ına isə müştəri çıxan yox idi. Quş satanlar alverdən narazı deyillər. Elçin adlı quşsatan deyir ki, bura onun yeganə qazanc yeridir: “Gördüyün göyərçinlərin ən ucuzu 10 manat, ən bahası 70 manatdır. Bəzəyinə, gözəlliyinə görə quşlara qiymət qoyuram. Məndən quş alan quşbazların çoxu Bakı kəndlərindən gəlir. Çünki göyərçini ancaq həyət evində saxlamaq mümkündür.”

Bazarı uzun müddət gəzib müşahidə eləməyə, həmsöhbət tapmağa hövsələm çatmır. Çünki başgicəlləndirən üfunət iyinə dözmək çətindir.

Kasıblıqla birbaşa ünsiyyət qurmaq istəyirsinizsə bura baş çəkin...Əminəm ki, gördüyünüz insan mənzərələri sizə də təsir edəcək...

Oxşar xəbərlər

Xəbər lenti

Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020