Valideyninə görə ermənilərə əsir düşən zabit atası

Valideyninə görə ermənilərə əsir düşən zabit atası
23 avqust 2021
# 15:18

Bu gün – 23 avqust Cəbrayıl və Füzuli rayonlarının 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal olunduğu tarixdir. Kulis.az Ramilə Qurbanlının həmin illərdən bəhs edən “Mən evimizdəyəm” hekayəsini təqdim edir.

Bu görüşü çox gözləmişdi, arzulamışdı, xəyalında hər formada yaratmışdı, amma

belə olacağı heç vaxt ağlına gəlməmişdi.

- Komandir, ehtiyatlı olun, alçaqlar ağlagəlməz yerləri də minalayıblar.

- Siz gedin, narahat olma, qayıdanda götürərsiniz məni.

Hərbiçilər düşməndən azad etdikləri ərazilərə hərbi məntəqələri bərpa etmək üçün gəlmişdilər. Zabit: “Yolüstü məni öz kəndimdə düşürün, evimizi tapacam” – dedi.

Əvvəl elə bildi ürəyi sıçrayıb yerindən, boğazında döyünür, sonra hiss elədi ki, ürək kimi döyünən bütün vücududur... Özündən asılı olmadan, müvazinətini saxlamaq istəyirmiş kimi, dizlərini yarıuçuq divarın qarşısında yerə atdı. İki mərtəbəli evlərindən qalan yalnız bu uçuq, qara divar idi. İkiqat əyilib alnını əvvəlcə torpağa, sonra da divarın hisdən qaralmış sınıq daşlarına söykədi. Alnından süzülən tər damcıları burnunun ucundan diyirlənib daşın üstünə düşdü.

...Daşın üzü ağardı.

Zabit əvvəl əllərini yerdən ayırdı, sonra yavaş-yavaş dizlərinin üstündən qalxdı. Hiss elədi ki, dizləri bayaqkı kimi əsmir, müvazinətini də saxlaya bilir... Beynindən keçən fikri nə vaxtsa kimsə ona desəydi, inanmazdı - 28 ildir müvazinətini itirmiş bədən gəzdirmişəm...

Başını qaldırıb səmaya boylandı. Ona elə gəldi ki, başı göylərə dəyir, səma ona çox yaxındır, əl uzatsa, çatacaq qədər yaxın. Buralarda qalan, o uzaq uşaqlığında olduğu kimi...

Günəşin ilıq şüaları gözlərini qamaşdırdı, gödəkcəsini çıxardıb atdı yerə, arxası üstdə uzandı gödəkçənin üstünə... O zaman da belə eləyərdi, əlini uzadıb xəyalən səmalardan bulud qoparar, onu yumşaq qar topası kimi əlində müxtəlif formalara salardı... Ən sevimli məşğuliyyəti idi bu.

Bilmədi necə oldusa, bir gün o ağ, yumşaq buludlar yoxa çıxdı, yerini qara sərt buludlar aldı. Sonra o qara sərt buludlar üstlərinə yağdı göydən. Əligilin evinə, Səfərgilə, Günaygilə. Və Əligil, Səfərgil, Günaygil, atası, anası, qoca nənəsi – hamısı birlikdə özlərini üzünü görmədikləri Araza atdılar, o taya keçib düşməndən qurtulmaq üçün. O ağ buludlarla oynadığı vaxtlar o taya getməyi də çox arzulamışdı. Ora necə getməyin, o taydakıların bu taya gəlmələrinin, axırda sərhədlərin götürülüb o tay bu tayın qovuşmasının yüzlərlə ssenarisini yazmışdı xəyalında. Heç beləsini “yazmamışdı”, xəyalından da keçirməmişdi. “Bu kimin xəyalı oldusa, çox amansız xəyalpərəstlikdir” - deyə düşündü.

Bu torpaqlı məcbur tərk etdikləri gün, babası onlarla gəlmədi. Atası nə illah elədisə, kişi dedi: “Tanrı mənəm, yağmaram. Mənim dədəm, babam bu torpaqda dəfn olunub, onları qoyub heç yana gedə bilmərəm. Erməni ömür boyu dədəmin naxırını otarıb, evimizin, hasarımızın tikintisində fəhlə işləyib, ondan qorxub evimdən çıxmaq mənə yaraşmaz. Gəlsin görüm, neyləyəcək mənə, mənim çörəyimi yeyən erməni”.

Birdən zabit ilan vurmuş kimi yerindən sıçradı. Ayağa qalxmadan gödəkçəsini götürüb çırpdı, bir qolunu əyninə keçirib, o birini keçirməmiş, ayağa da qalxmadan dizin-dizin, çayırların arasına diqqətlə baxa-baxa yenidən evlərinin uçuq divarına yaxınlaşdı. Yarısökük divarın üstünə bir ayağını qoyub bir az özünü yuxarı çəkdi, gödəkçənin sallana qalmış o birini qolunu da əyninə keçirib, qabağa əyildi. Gözlərinin müşayiəti ilə təxminlə babasının otağını tapdı. Ara divarlar da söküldüyünüdən müəyyən etmək olmurdu, burda otaqlar olub, ya elə əvvəldən ancaq qıraq divarlardan ibarətmiş. Ona elə gəldi ki, evlərinin həcmi çox kiçilib, belə deyildi axı, düşündü. Elə bil evimiz böyük idi...

Yayda bütün Bakıdakı qohum-əqrabanın uşaqları ilə birgə gəlib doluşub qaldıqları ev deyil? Hamı rahat yerləşirdi... Anam aynabənddə yanaşı salırdı uşaqların yerlərini, hamımız girib mələfələrin altında da yuxuya gedincə oynayırdıq. Biri o birinin üstündəki adyalı çəkib götürürdü, özündəkini atırdı ona. Hamısı eyni olduğu halda niyə belə edirdik ki, düşünüb xəfifcə başını yellədi. Həmin o əmi uşaqları, xala uşaqları heç bilmədilər özümüzü Araza atıb harda çıxdıq. Heç çıxdıqmı?

Çıxmağına çıxdıq, amma Arazın sularından çıxıb həyatın təlatümləri ilə çox çuğlaşmalı olduq. Atdı bizi dərindən dərinə, üzüb çıxmaq üçün illərlə çabaladıq...

O zaman zabitin cəmi beş yaşı vardı. Amma yaxşı yadındadır ki, atası ayaqları tutulmuş nənəsini çiyninə aldı, anası isə onu qucağına alıb kənd camaatına qoşuldular. Atası dedi: “Sizi Arazdan keçirib atamın arxasınca qayıdacam. Lap zorla onu da alıb kürəyimə gətirəm gərək, — dedi, yoxsa Xocalı qırğınını törədən ermənidən hər şey gözləmək olar. Baxmaz qoca kişidir”.

Babasının otağını tapıb divarı içəri keçmədən gözlərini diqqətlə gəzdirdi. Birdən işdi, kişinin ölüsünü taparam düşündü... Sonra da özünü qınadı ki, bu nə fikirdi gəlir ağlıma, 28 il cəsəd qalar?

Atası babasını götürmək üçün geri qayıdanda evlərinə qədər gəlib çıxa bilməmişdi, yolda onu haqlamışdı ermənilər. Əsir götürmüşdülər.

Anası bir əli ilə xalatının qırılmış düyməsinin yerindən, o biri əli ilə onun əlindən tutub qaçırdı. Arxasınca da iki bacısı, onlar bir az böyük olduqları üçün öz başlarına çarə qılırdılar, anası arada dönüb baxırdı, gəldiklərinə arxayın olub yoluna davam edirdi.

Uşağın ayağı tez-tez büdrəyirdi. Ana qolunu onun oturacağının altından keçirib, qaçaraq qaldırıb bərk-bərk sinəsinə sıxdı. Yolun qalanını elə irəlilədilər.

Yalın ayaqları gömgöy olmuşdu. Bəlkə də islanmasaydı, belə üşüməzdi. Payızın soyuğunda Arazın qıjav axan bumbuz suyu iliklərinə qədər işləmişdi. Öz əyinləri də islaq olan bacıları hərəsi bir tərəfdən onun ayaqlarını ovuclarının içinə alıb nəfəsləri ilə isitməyə çalışırdılar.

Arazı sağ-salamat o taya keçə bildiklərinə şükür etdilər. O qədər batan oldu, Arazın gur sularına qarışıb getdilər. Arxalarınca ani baxıb hər kəs hövlank üzməyinə davam etdi. Hamı öz canının hayına qalmışdı. Körpəsini çayın qıjav yeri alıb aparan anadan başqa, davam edə bilmədi, uşağın arxasınca özünü çayın axarına atdı, çay onu da ağuşuna aldı. Bu çay da bizə qənim kəsilib əzəldən...

O tayda əyinlərini dəyişmək üçün paltar əvəzinə, hərəyə bir yaylıq veriblər ki, qadınlar başlarını bağlasınlar. Üç gün Arazın sahilində ac-susuz tonqal qalayıb oturublar kənarında. Anası hardansa bir özü açılan çarpayı tapıb nənəsini uzandırıb əlinə keçənlə üstünü örtmüşdü. Özü isə düymələri qırılmış xalatını elə əynində qurudub büzüşüb oturmuşdu odun qırağında. Başında da iranlıların verdiyi qara yaylıq... Bacıları hərəsi analarının bir dizinə başlarını qoyub gözlərini yummuşdular. Belə keçdi üç gün... Üzü Arazın keçib gəldikləri tayına tərəf. Hər şey orda qaldı, ata da qayıtmadı.

Zabit qalxıb divara qoyduğu ayağını da yerə endirəndə çəkməsinin altında nə isə bərk bir şeyin olduğunu hiss etdi. Dayandı, ayağını qaldırmadan çökdü aşağı. Əlini uzadıb həmin bərk əşyanın kənarlarının torpağını eşələdi. Xəzəli əli ilə dağıtdıqca burnuna torpağın ətri gəldi. Elə bil 28 il ərzində heç torpaq qoxusu duymamışdı. Bu nə ətirdir belə, ilahi, bəyəm başqa yerdə torpaq qoxusu olmur, yoxsa mən duymamışam... Nəm torpağın ətrini çəkdi burnuna, gözləri yaşardı. Heç rəvadırmı, bu torpağa həsrət qaldığım bu qədər vaxtdan sonra, ona minadan parça-parça olmuş cəsədim qovuşa, düşünə-düşünə əşyanın kənarlarını torpaqdan təmizlədi. Gözünə sataşan nə idisə, tanış gəlirdi. Bir az da təmizləyib gördü ki, ayağının altındakı babasının çaydanıdır. Həmin o tökmə çaydan, babası dəmir yolunda işləyəndə həmin çaydanla çay qaynadıb fəhlə yoldaşları ilə birgə içərmişlər. İşdən çıxandan sonra o çaydanı əzizləyib saxlayırdı. Hamı üçün əziz olmuşdu bu tökmə çaydan, babanındır deyə. Ayağını çaydanın üstündən ehmalca götürdü. Öz-özünə gülümsədi ki, çaydanın üstündən niyə ehtiyatla götürürəm ayağımı... Arxasınca da özünə haqq qazandırdı – bilmək olmaz düşmənin işini.

Əlini atıb yaxınlıqdakı şifer qırığı ilə çaydanın ətraflarını qazıb onu çıxartdı. Heç nə olmamışdı, sapsağlam dururdu, bircə qulpu paslanmışdı, dəmirdi axı. İstədi çaydanı yumaq üçün su tapsın, yadına düşdü ki, artezan quyuları vardı həyətdə. Başını qaldırıb quyu olan tərəfə baxdı, yoxdur. Nə qalıb ki, qurumuş kol-kos, ağac kötüklərindən başqa. Çaydanı yerə qoyub şifer qırığını da atdı onun içinə-evin üstünün şiferidir, atama göstərərəm düşündü.

Onun necə böyüdüyünü görməyən atası əsirlikdə keçirdiyi 10 ildən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin köməkliyi ilə azad ediləndə Zabitin 15 yaşı vardı. Hərbi məktəbə sənədlərini vermişdi.

O illər ərzində Bakını qarış-qarış gəzmişdilər. Bacıları ilə birgə neçə məktəb dəyişmişdilər. Hər qaldıqları kirayəni dəyişəndə məktəbi də dəyişməli olurdular. 30 ilin müəlliməsi olan anası kafedə qab yumaqla balalarına çörək qazanırdı. Bacıları ayaqqabı sexindən material götürüb ayaqqabı tikib qaytarırdılar sexə, qəpik-quruş qazanırdılar bu zülmlü işdən. Dərsdən gələn kimi başlayıb, gecə yarıya qədər tikirdilər. Zabit küçələrdə maşın yuyurdu, gecə üçü də dərslərini hazırlayıb yatırdılar, səhər eyni ssenari ilə. Həm kirayə pulunu ödəyir, bazarlıq edir, həm də hərdən əyinlərinə paltar, ayaqqabı alırdılar. İlk test imtahanları ilə qəbulda böyük bacısı universitetə girdi. Anasının sevindiyindən dizləri qatlandı, çökdü yerə yazıq qadın. Bacısı səhərə qədər ağladı... Sevincdənmi... Bir Allah şahid idi onların qəlbindəki qubarla, hansı əziyyətlərdən keçib dirçəlməklərinə.

Zabit bu düşüncələrlə tapa bilmədiyi quyunun yerinə gəlib çıxmışdı, qarşısında artezan quyunun qabağındakı hovuzun yalnız sementlənmiş yeri qalmışdı. Ətrafını çayır basıb üstünü örtmüşdü, amma hiss edilirdi ki, bura nə vaxtsa sementlənib.

Bacısı axşamüstü, Bakıya gedən qatar kəndlərindən keçən vaxt, artezanı vurub həyəti sulayardı. Samovarı qoyub tut ağacının altında sulanıb sərinləmiş həyətdə oturardılar. Çaydan sonra axşam yeməyi, sonra da gecə yarısına qədər nənənin, babanın keçmişdən, tarixdən, ədəbiyyatdan olan şirin söhbətləri. Ali məktəbə imtahan verəndə onların tarixdən, ədəbiyyatdan elədikləri söhbətlər neçə sualın cavabını yazmağa kömək olmuşdu. Ailənin o firavan günləri kino lenti kimi zabitin gözlərinin önündən keçirdi.

Cibinə Bakıdan qoyduğu poluetilen torbanı çıxardıb həyətdə sağ qalmış yeganə tut ağacının altına əyildi. Torpağı ovuclayıb torbaya doldurdu. Bakıda dəfn olunan nənəsinin, əmisinin məzarına tökəcəkdi. Bir də bacısı tapşırıb ki, gül əkmək üçün torpaq gətir. Bizim torpaq gübrəsiz, peyinsiz münbitdir.

Biləcəridə atası gecə-gündüz ağac, gül əkib sulayır, boy atmırlar ki atmırlar. Əsirlikdən qayıdandan başını torpaqdan qaldırmır, sükut içində, elə bil bütün demək istədiklərini torpağa pıçıldayır... Qayıdanda bədənində sağ yer yox idi. Təkcə bədənlə bitmir o yaralar...10 il əsirlikdə yaşadıqları 17 ildir qaysaq bağlamır...

Yaxınlıqdan səs gəldi, zabit xəyallardan ayrılıb başını qaldırıb ətrafa baxdı. O tayda təpənin başında beş-altı adam ona əl eləyirdi. Güclə eşidilən səslərindən bəlli olurdu ki, zabitə gözaydınlığı verirlər, təbrik edirlər.

Yenə getdi uşaqlığına. Qoyun-quzu otaranda o taydakılarla etdikləri söhbətlər düşdü yadına. Soruşurdular ki, filan ev hökumətindir? Yox, kolxoz sədrinin evidir, cavab verirdilər. Məəttəl qalırdılar ki, elə də ev olar? İndi həmin ev də yoxdur, söküblər.

O tayda atasının qohumları da var, atası demişdi ki, yurdumuza qayıdanda sərhəddən soraq salıb tapacaq onları. Türkiyədə hərbi məktəbdə oxuyanda ata qohumları ilə tapışmışdı. Məlum olmuşdu ki, o vaxtdan köçüb Türkiyədə yaşayırlar. Bunu heç atasına demədiyini indi xatırladı. Ata demiş, zabitin indi ağlına gəldi ki, atasına hələ zəng vurmayıb. Axı, bu məqamı çox gözləyib. Gözləyib ki, bir gün torpaqları döyüşə-döyüşə azad edib, öz evlərinin həyətindən atasına zəng etsin. Əl atıb cibindən düyməli mobil telefonu çıxardıb atasının nömrəsini yığdı, yarım zəngdən atası telefonu açdı... Zabit boğazında düyünlənmiş qəhəri boğub, söyləmək üçün 44 gün onu döyüşdən döyüşə aparan, qələbə yaşadan o iki kəlməni söylədi:

- Ata, mən evimizdəyəm...

Xəttin o başından ani sükutdan sonra boğuq hönkürtü səsi eşidildi...

# 5284 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #