Başı kəsilən Sevinci necə xilas edə bilərdik?

Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
5 avqust 2021
# 12:26

Bu qaydaları kim diri saxlayır?

Görəsən Azərbaycanın yazılmamış “ailə institutu qaydaları” kimlərin işinə yarayır?

“Qadın sənin malındır, sənə məxsusdur” kimi fikirlər mental bataqlıqda boğulan kişilərə əlavə məsuliyyət yükləyir.

Azərbaycandakı qadın ölümlərinin böyük faizi kişilərin “qeyrətini təmizləməsi” prinsipiylə baş verir.

Ötən gün əri tərəfindən vəhşiliklə qətlə yetirilən Sevinc Məhərrəmova da məhəlli təfəkkürün qurbanı oldu.

Təhsilsiz, dünya görüşü bir məhəlləni, kəndi, əyaləti aşmayan oğlanlar evlənəndən sonra ətrafındakılardan eşitdiyi, gördüyü prinsiplərlə yaşayır.

Təəssüf ki, böyük izləyici kütləsi olan televiziya kanalları da bu qanlı çarxa su tökür, efirə dəvət etdikləri ekspertlər də bilməyərəkdən insanlara elə küçədə, məhəllədə eşitdiyi mental qaydaları təklif edir. Yenə də “qeyrət”, “namus”, “övrət” kimi terminlər ailələrin taleyini həll edir, çox vaxt da bu ifadələrin doğurduğu fəsadlar, yaranan qan çanağı qadınların başında çatlayır.

Sevinc Məhərrəmovanın bədəninin qançır olduğu fotolar bir müddət əvvəl mətbuatda yayılmışdı. Təəssüf ki, aidiyyatı orqanlar işə yetərincə məsuliyyətlə yanaşmadı, problemin uyğun həllini tapa bilmədi.

Çox keçmədi, qanlı anonsu verilən faciə baş verdi: yenə də ölən qadın, yenə də həbsxanaya gedən kişi, yenə də taleyin ümidinə qalan uşaqlar...

Faciənin baş verməsinin əsas səbəbi artıq bağları qopmuş, sarsılmış ailənin qohum-qonşu, hüquq mühafizə orqanlarının məsləhəti ilə birlikdə həyata davam etməsidir.

Azərbaycanda boşanma mədəniyyətinin formalaşmaması, boşandıqdan sonra qadının müstəqil həyat qura bilməməsi də ailələri faciəyə doğru aparır.

Məsələn, son qurban olan Sevinc Məhərrəmova vəhşicəsinə döyüldüyünü əks etdirən fotolar yayıldığı zaman ərindən boşansaydı, öldürülməyəcəkdi. Boşanmadan sonra yaranan istənilən problem ölümdən daha yaxşıdır.

Təəssüf ki, Azərbaycanda məhəllə qaydaları ilə yetişən kişilər yoldaşları üzərində olan “haq”larını hətta boşanandan sonra da saxlayır, “qeyrətini çəkir”, ona xoş olmayan bir əməlini gördükdə qadını “qeyrətimi təmizlədim” adı ilə öldürür.

Silsilə qətllərin bitməsi üçün bu kimi mental qaydalar lağa qoyulmalı, televiziyalar kişinin qadın üzərindəki yanlış diktəsini tənqid etməli, hüquq-mühafizə orqanları məsləhət tipli təkliflərlə deyil, qanunla qərar verməli, ən əsası, orta məktəblərdə effektiv təhsil-tərbiyə işi aparılmalıdır...

Yoxsa bu cür ürək parçalayan hadisələrə çox şahidlik edəcəyik və hər dəfə təəssüflənməklə işimizi bitmiş sayacağıq.

# 4764 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #