Rayonluların mədəniyyət problemi - Sərxan Sərxan nə demək istəyir?

Rayonluların mədəniyyət problemi - Sərxan Sərxan nə demək istəyir?
29 iyun 2021
# 12:40

Toplum topunun ağzını çevirməyə subyekt tapdı: Sərxan Sərxan deyib ki, rayon adamı nə bilir teatr nədir, konsert nədir?

Sərxan Sərxan bunu böyük bir müsahibəsinin içində əsaslandırmış şəkildə deyib...

Mətbuat belə hallarda kontekstdən çıxarış edərək, əslində, cəmiyyətin diqqətini kontekstə çəkmək istəyir. Bizim adamlar isə maşallah, elə nəyi qarşısına qoyursan, ona baxıb dadır, qane olur...

Yadıma çaxır sərgilərində “prob”larla sərxoş olub, şərab almayan adamlar düşdü.

Kontekstə qədəm qoymadan taktiki gediş edim; rayonluyam, özü də şəhərə srağagün gəlmişəm. Amma gəlmədən öncə də, gələndə də, bu gün də bilirəm ki, mədəniyyət urbanistik hadisədir. İstedadlı insanların şəhərdə uzunmüddətli birgə yaşantısından qopan məhsuldur.

Hətta, mədəniyyət sözünün kökü də mədinə - şəhər sözündəndir.

Sovetin dağılması ərəfəsində şəhər əhalisinin köç etməsi, yerinə rayon əhalisinin kütləvi gəlişinin nəticələrini kimsə dana bilməz. Təbii, rayon əhalisi Bakıya kefindən köçməmişdi və bu prosesin nəticələri arasında gözə dəyən neqativ çalarların günahkarı həmin müddət ərzində Bakını dolduran rayon əhalisi deyil – bu Sovet boyda ümmanda baş verən sunaminin Azərbaycana gələn dalğalarından biri idi, bu, Bakının taleyi idi, oldu...

Təəssüf ki, böyük yerdəyişmə zamanı şəhər mədəniyyəti, illərdir oturuşmuş kult darmadağın oldu, incəsənət əvvəlcə çökdü, sonra simasını dəyişərək, iməkləməyə başladı. Bu, bir reallıqdır, inanmayanlar statistik göstəricilərə baxa bilər. Mədəniyyət layihələrinə abunəlikdən, kitab sifarişlərindən tutmuş, teatrlara axışan insanların sıxlığına qədər...

Gəlin, Sərxanı söymədən əvvəl özümüzə sual verək: “Teatra son dəfə nə zaman getmişik?”

Qohumlarımız, ailəmiz, qardaş, bacı – onlar nə zaman gediblər?

Nə zaman bir sanballı konsertə bilet alaraq, seyrçi olmuşuq?

Kinoteatra sırf kinoya baxmaq üçün son dəfə hansı tarixdə getmişik?

Bu suallar qarşısında pandemiya çulumuzu sudan çıxarda bilər, ancaq səmimi olsaq, etiraf edərik ki, pandemiyadan əvvəl də teatrların qapısını kəsdirməmişdik.

Söhbət bugünkü Bakı sakinlərindən getmir, çünki bu gün köhnə şəhər sakinləri ilə XX əsrin sonlarında axışan insanlar arasında böyük bir fərq qalmayıb, çünki artıq Bakı simasını dəyişərək başqa şəhərə çevrilib, ayrı yerdən ayaq çıxarıb, başqa cür yeriyir.

Bəli, şəhərdə mədəniyyəti yaradan da əyalətdən gəlmiş fərdlərdir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mövlud Süleymanlı, Əkrəm Əylisli, İsa Hüseynov, Alim Qasımov və onlarla şəxsiyyət adı çəkə bilərik ki, Azərbaycanın mədəniyyət öndərləri olub və bu gün də həmin proses davam edir.

Faşist yanaşma odur ki, əyalət adamının mədəniyyət yarada bilməməkdə günahlandırasan. Lakin mədəniyyət şəhərdə, mühitin birbaşa diktəsilə yaranır. İstedad şəhərdə cilalanıb məhsul verir!

Bakının başına gələn müsibət isə kütləvi yerdəyişmə zamanı baş verdi. Bakıya axışan rayon əhalisinin böyük qismi bura sinəsində nəğmə gəlməmişdi, onlar çarəsizlikdən şəhərə sığınmışdı. Barıt qoxusundan qaçıb Xəzərə qısılmışdı. Təbii, bu məcburiyyət qarşılığında tapdanan, unudulan məsələlərdən ən ümdəsi şəhər kultu idi.

Urbanistik kult stabil yaşamın, oturaq həyatın məhsuludur və bu tənzimlənmə illər, qərinələr, bəzən əsrlər ərzində baş verir.

Mədəniyyət urbanizasiyanın ən zərif məhsuludur, ən axırda yetişir.

Bu reallıqlar fonunda Sərxan Sərxanın fikirlərində böyük həqiqət var. Ola bilsin, Xalq artisti fikrini çox konkret və kəsə ifadə edib. Düzdür, məşhurlar bütün fikirlərini diplomatik ifadə etməyə borcludurlar, çünki tirajlanan fikirlərdə zərrə qədər boşluq olan kimi, fikir parçalanır, aləm qarışır. Ancaq həmin açıqlamalardakı kontekstə diqqət etsək, hər birimiz şəhər kultu ilə, əyalət mühitinin fərqini rahat qəbul edəcəyik.

Və ən əsası, şəhər mədəniyyəti sözündəki “mədəniyyət”in fərdi mədəniyyətlə əlaqəsi yoxdur. Kimsə bu bölgünü rayon və şəhərli arasında apara bilməz, şəxsi mədəniyyət əxlaqdır – şəhərə, rayona baxmır, o, insanın kəndində yaranır.

# 3884 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #