Yaşı keçmiş subay kişilərin qorxuları

Yaşı keçmiş subay kişilərin qorxuları
23 iyun 2021
# 11:12

Bir neçə il əvvəl iş yoldaşlarımızla şəkildə Nabranda dincəlirdik. Kollektivimizə yeni bir əməkdaş da qoşuldu. Bu, 40-ı haqlamış, xarakteri xoş olduğundan daha cavan görünən şux və ünsiyyətcil bir kişi idi. Ətrafında həmişə qızlar olurdu, amma hansısa qızda özünə qarşı maraq yarandığını hiss edən kimi dərhal geri çəkilir, bir başqa tanışlıq qururdu.

Sonralar iş yerində müşahidə etdim ki, o heç vaxt tək deyil, həmişə ətrafında qızlar, qadınlar var, amma eyni zamanda da təkdir, çünki heç birinə qəlbən bağlı deyildi. Bu illər ərzində bir neçə sevgilisi olsa da, iş evliliyə gəlib çatanda “mən evlilik üçün münasib adam deyiləm” deyə münasibətini kəsmişdi.

Zaman keçdikcə anladım ki, o, tipik subaydır, ona görə yox ki, özü dediyi kimi “evlilik üçün münasib adam deyil”, ona görə ki, psixoloji olaraq ətrafına sədd çəkmiş, ətrafında bu qədər qadına rəğmən öz həyatını tənhalığa məhkum etmişdi.

Belə tipik subaylar zaman-zaman ailə qurmaq arzusunda olan və qarşısındakının kim olduğunu təxmin etməyən gənc qızların qabağına çıxır və nəticədə məyusluq, qəlb qırıqlığı, bəzən bir ömrə yetməyəcək fəlakət və s. xoşagəlməz hallar yaşanır.

Tipik subaylardan biri 30 yaşlı Ülkərin də qarşısına çıxıb. Karyera qurmağa başı qarışan Ülkər özü öz həyatını qurmaqda səriştəsizdir. Odur ki, ailəsinin təklif etdiyi adamla görüşüb söhbət etməyə razı olub. Ətrafdakıların ağıllı, səviyyəli insan kimi tanıdığı, 40 yaşlarında olan bu adaxlı Ülkər üçün münasib həyat yoldaşı idi.

Bir-birini bəyənən cütlük bir neçə aydan sonra nişanlanmağa qərar verir və üzük almağa gedirlər, amma nişan üzüyü alarkən oğlanın halı qəfil dəyişir və baş götürüb univermaqdan qaçır. Ailəsinin, qızın təlaşlı zənglərindən sonra nəhayət telefona cavab verən adam əzgin və üzgün səslə deyir ki, “nə etdiyinin, necə məsuliyyətli işə çiyin verdiyinin yalnız indi fərqinə varıb və anlayıb ki, evlilik onun üçün deyil”.

Tipik subayın psixologiyasını anlamaq asan məsələ deyil. Amma yenə də buna cəhd edib sosial şəbəkələrin subay qəhrəmanlarından bir neçəsi ilə köşə yazım üçün dialoq qurdum. 37 yaşlı Malik yaraşıqlı və maraqlı adamdır, ətrafında da həmişə qadınlar var. Evlilik haqqında düşünmür. “Çünki kişi bütün istədiklərini bir qadında tapa bilməz, bu mümkünsüzdür”. Yəni həmsöhbətim ideal qadın haqqında təsəvvürlərin onun evliliyə gedən yolunda əngəl olduğunu demək istəyir.

İdeal qadın axtarışı elə bəri başdan uğursuzluğa hesablanıb, çünki həqiqətdə ideal qadın yoxdur, necə ki, ideal kişi yoxdur.

Qadın düşkünü olan, amma heç vaxt evlənməyən Gi de Mopassan da belə deyirdi:

“Mən yalnız bir qadını sevirəm. O qadın isə… real həyatda mövcud deyil”.

Məsələ onunla nəticələndi ki, sevgi hekayələrinin məşhur müəllifi ailə qurub oğul-uşaq sahibi olmadan dünyasını dəyişdi və onun ölümünə ancaq oxucular ağladılar.

Yeri gəlmişkən, ingilis yazıçısı Çarlz Dikkenz də bütün əsərlərində ideal qadını cizgilərinə kimi təsvir edirdi. Həyatında bir neçə qadın olsa da, yazıçı ölənə qədər ideal qadını gözləmişdi.

Bəlkə ideal qadın elə ciddi münasibətdə olmayacağınızı onu görməmişdən də öncə qərarlaşdırdığınız bax o sadə qızdır? O qız ki, sizin ciddi niyyətinizə inanır və ağlına da gəlmir ki, siz heç vaxt gəlməyəcək bir qadını gözləyirsiz. Çünki ideal qadını gözləmək - məchul bir şəxsi gözləməkdir.

Nə qədər kədərli olsa da, qızlar tanış olduqları oğlana artıq potensial ər gözüylə baxırlar. Bir rəfiqəm onu məyus edən oğlan haqqında belə demişdi:

“O mənim doğulmamış uşaqlarımı öldürdü!”

Bəlkə də bu sözlər o qədər də qəribə səslənməzdi, əgər “uşaqların atası” onun bir neçə gün telefonda danışdığı və həyatda cəmi bir dəfə gördüyü bir adam olmasaydı.

Tipik subaylar özləri də təsəvvür etmirlər ki, həyatları boyu neçə-neçə qızın xəyal dünyasını alt-üst edirlər. Malik- tipik subay həmsöhbətim bu məqamla bağlı deyir: “Tanışlıq vaxtı evlilik niyyətində olub-olmamağımı deməyə ehtiyac yoxdur, çünki qadınlar kişilərin münasibətini cox gözəl anlayırlar və hansı niyyətlə yanaşdığını başa düşürlər”.

Deyəsən subay qəhrəmanımız qadınları Nostradaums, ən azından Bayram Nurlu kimi falçı hesab edir. Əmin olun ki, gənc qız qarşı tərəfin niyyətini aşkar edənə kimi nəinki evlilik haqqında planlar qurmağa, hətta gəlinlik də seçməyə fürsət tapır.

39 yaşlı Taleh isə etiraf edir ki, o özü ciddi məqsədlə tanışlıq qurmaq istədiyi qıza çox ehtiyatla, çəkinərək yanaşar, əlini belə tuta bilməz, açıq-saçıq davranmaz və s. Onun fikrincə, buna səbəb duyğuların ülviyyətidir.

Talehin də indiyə qədər subay qalmasının səbəbiylə maraqlanıram. 25 yaşında olanda sevgi oxu daşa dəyib: sevdiyi qızı başqa oğlana ərə veriblər. O da düz 5 il həmin qızın həsrətiylə yanıb-qovrulub. Sonra isə evlilik istəyində olmayıb. Psixoloqlar deyir ki, bəzən kişilər ilk məhəbbətlərini - ilk sevgi duyduqları qızı hamıdan yaxşı, hamıdan gözəl təsəvvür edirlər və ondan sonra heç kimi bu xəyala kölgə salmamaq üçün ürəklərinə yaxın buraxmaq istəmirlər.

Taleh yaş keçdikcə, tələblərinin artdığını deyir:

“Kişi yaşlandıqca yanında daha ağıllı qadın istəyir. Sanki arvad yox, filosof olsun, hər şeydən xəbərdar biri olsun. Mükəmməl, ideal olsun. Həyatda isə ideal, mükəmməl qadın yoxdur, problem də elə burdan başlayır”.

Deyəsən həmsöhbətim ideal qadının mövcud olmamasına inandığını deyərək özünə təsəlli verir; bütün günahları mövcud olmayan qadın haqqında yanlış təsəvvürlərə yükləmək istəyir. Və dolayı ilə bütün problemin psixoloji baryerdən qaynaqlandığı ilə bağlı qənaətimizi təsdiqləyir.

Tipik subayların ən böyük problemi etibar etməmək, inanmamaq faktorudur. İnsan o dərəcədə yalqızlaşır ki, özündən başqa heç kimə inana bilmir. Hamının onu aldadacağını, məyus edəcəyini düşünür. İlk sevgilisinin obrazını isə öz düşüncə tabularına haqq qazandırmaq üçün xəyalında tutub saxlayır, əslində istəsə bundan qurtula bilər, amma qurtulmaq istəmir. İnamsızlıq olan yerdə sevgi ola bilməz, insan inanmadığını necə sevə bilər ki.

Mən bu yerdə yeniyetmə vaxtı əsərlərini sevdiyim bir yazıçını xatırlayıram. Romanlarında qızla oğlan bir-birinə doğru yol gəlirdi və bütün əsər bu prosesin üzərində qərar tuturdu. Amma sonda sevgililərin bir-birinə doğru gəldiyi yol alt-üst olurdu; ya körpü uçulurdu, ya bənd dağılırdı, bir sözlə, yazıçı onları qovuşdurmamaq üçün əlindən gələni edirdi.

Sonralar həmin yazıçını real həyatda şəxsən tanıyan adamla ünsiyyətdə oldum. Yazıçı ömrünün dəqiqələrinə kimi tək yaşayıb. Deyəsən nə vaxtsa yaşadığı məyusluq səbəbindən həyatını heç kimlə bağlamayıb. Yeganə həmdəmi tənhalıq imiş. Deyəsən elə ona görə tənhalığını itirməkdən qorxurmuş.

Onda anladım ki, sevdiyim yazıçı öz psixoloji qorxularını yazıb. Bəlkə öz xəyalında da dəfələrlə sevgilisiylə taleyüklü görüşünü təsvir etmişdi, amma yenə öz xəyallarını darmadağın etmiş və şüuraltı olaraq öz seçimini etmişdi...

Sonda həmsöhbətim olan Taleh - 39 yaşlı tipik subay etiraf etdi ki, bəlkə də tənhalığı seçməkdə yanılıb; həyatını hədər yerə yaşayıb:

“Əslində hər şey başqa cür ola bilərdi”.

“Hələ gec deyil, - dedim, - ikinci baharını yaşayan insanların da xoşbəxtliyə haqqı var”.

Amma dərhal həmsöhbətimin şüuraltı qorxularının çevik mexanizmi işə düşdü, yenə “ilk məhəbbət”, “ideal qadın” və s. məchul, anlaşılmaz, naməlum səbəblər sadalandı...

# 4823 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #