news-inner
clock14:49 calendar-gray 21 İyun 2021 view-gray281 dəfə oxunub
view-gray281 dəfə oxunub

Şair, yazıçı, müğənni, bəstəkar…

Kulis.az sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Rəhmanlının “Universal istedadın ünvanı: Şair, yazıçı, ifaçı, bəstəkar Zəka Vilayətoğlu” məqaləsini təqdim edir.

Tarixən Azərbacanda nadir istedada, böyük zəkaya, müxtəlif yönümlü biliyə, mükəmməl bacarığa malik insanlar yetişərək ədəbiyyata, incəsənətə və musiqi mədəniyyətinə öz töhfələrini vermişlər. Xalqımız, vətənimiz bu barədə sevinə, qürurlana, öyünə, böyük fərəh hissilə yaşaya bilər. Adları və misilsiz xidmətləri ilə tarixdə yaşayan elə musiqi xadimlərimiz olmuşdur ki, onlar muğamları, ədəbiyyatı, qəzəliyyatı dərindən bilmiş, musiqi əsərləri, muğam şöbə və guşələri, dəramədlər, təsniflər, rənglər, diringilər yaradaraq ifa etmiş, hətta notlaşdıraraq özlərindən sonrakı dövrlərə ötürmüşlər. Bu barədə daha dərin mahiyyətə malik iş görən, musiqi tariximizdə dərin iz salan, sanballı çalışan Səfiəddin Urməvi (1216-1294) və Əbdül Qadir Marağalının (1353-1435) sonrakı dövrlərdə davamçıları da olmuşdur. Dahi Üzeyir Hacıbəyli (1895-1948) zəngin, məhsuldar və nümunəvi, hərtərəfli, zəngin ömür yaşayaraq ədəbiyyatda dərin iz salmış, milli musiqimizi ucalara qaldıraraq bəstələdiyi mahnıları, romansları və milli operaları ilə incəsənətimizi dünyaya tanıtmışdır.

Klassik xanəndələrimizdən Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani (1851-1917) qəzəllər yazmış, təsniflər bəstələyərək oxumuş və muğam sənətini zəngiləşdirmişdir. Şərqin böyük xanəndəsi sayılan Cabbar Qaryağdıoğlunun (1861-1944) şairliyi və mahnı bəstələmək qabiliyyəti də vardı. O, deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz. Cabbarın sayagəlməz təsnif və mahnıları, yalnız öz repertuarında deyil, yaşadığı dövrün və davamçıları olan bütün xanəndələrin dilindən düşməmiş və onların səsində, nəfəsində, avazında səslənmişdir.

Xanəndə Hacıbaba Hüseynov (1919-1994) muğamlarımızı dərindən bilir, bu sahədə tədrisdə çalışır, xanəndələrin yetişməsində xüsusi xidmət göstərir, təsniflər bəstələyir və qəzəllər yazırdı. Həmin təsniflər və qəzəllərdən bu gün də istifadə olunur.

Milli opera səhnəsində yaratdığı orbazlarla tarixdə və yaddaşlarda qalan görkəmli xanəndə Qulu Əsgərov (1928-1987) gözəl mahnılar bəstəkarı idi. Xanəndələr onun bəstələdiyi mahnıları hazırda da sevə-sevə oxuyurlar.

Ustad xanəndə, xalq artisti Əlibaba Məmmədov (1930-sağ) zəngin yaradıcılıq yolu keçərək həm də müxtəlif şairlərin sözlərinə özünün də sayını bilmədiyi xeyli mahnılar və təsniflər bəstələmişdir. Bir zamanlar özünün oxuduğu bu zəngin material illərdir ki, əksər xanəndələrin və hazırda isə gənc sənətçilərin repertuarındadır. Ə.Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında yaradıb rəhbərlik etdiyi “Hümayun” xalq çalğı alətləri ansamblının repertuarına özünün bəstələdiyi muğam dəramədləri və rənglərini də daxil etmişdi.

Yazı müəllifi olaraq deyirəm ki, radio çıxışlarımın birində demişəm ki, Əlibaba Məmmədov azərbaycan xalqının çox böyük və məhsuldar çalışan mahnı bəstəkarıdır. Ölkəmizdə keçirilən bütün muğam müsabiqələrində əsasən Əlibaba müəllimin təsnifləri və mahnılarından istifadə olundu. Bu bir daha ona sübutdur ki, onun əsərləri həmişəyaşarlıq qazanıb.

Xanəndə Novruz Feyzullayev (1932-2008) Güney Azərbaycanın Ərdəbil şəhərində doğulub. Uşaqlığı orada, gəncliyi İranın Tehran şəhərində keçib. O, Şah rejimi zamanı İranın rəqs ansamblının rəqqası-solisti olmaqla bərəbər, həm də Novruz Əfşar kimi tanınan məşhur xanəndə idi. İranda “Əfşar” muğamının ən yaxşı ifaçılarından biri olması ilə bağlı olaraq Novruza Əfşar tanıtması verilmişdi. Bu sətirlərin müəllifi 1994-1995-ci illərdə Tehranda səfərdə olarkən bu soydaşımızla bağlı tədqiqat aparmışdır.

Qeyd: “Əfşar” İranda çox sevilən, populyar muğam olsa da, bizdə oxunmur. N.Feyzullayev ahıl çağlarında, ömrünün sonuna bir-iki il qalmış “Əfşar” dəstgah muğamını oxuyaraq milli rədiomuzun finduna təqdim etmişdir”.

Novruz Əfşar 1962-ci ildə valideynləri ilə birgə Qüzey Azərbaycana mühacirət edib, Bakıda məskunlaşıb və burada bir xanəndə kimi Feyzullyev soyadı ilə tanınıb. O, Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansmblının, 1970-ci illərdən “Hümayun” xalq çalğı alətləri ansamblının, 1980-ci illərdə isə İslam Rzayevin (1934-2008) rəhbəri olduğu instrumental ansamblın solisti olaraq ölkəmizdə məşhurluq qazanmışdır. O da istedadlı insanlarımızdan, yazıb yaradan xanəndələrimizdən biri idi. Novruz, təsniflər və mahnılar bəstələyərək öz repertuarına daxil edir, radio fonduna yazdırır və AzTV-də canlı çıxışlar vasitəsilə təqdim edirdi. Sağlığında da və indi də onun mahnılarından və təsniflərindən istifadə edilir.

Xalq artistləri Arif Babayev və Canəli Əkbərov bəstələdikləri təsnif və mahnıları nota köçürtdürərək məcmuə halında nəşr etdiriblər.

Milli opera səhnəsində maraqlı obrazlar qalereyası yaradan, xüsusilə Məcnun rolunda özünü təsdiq edərək daha da məşhurlaşan, görkəmli sənətkar, xalq artisti Baba Mahmudoğlu (1940-2006) da yaradıcı insanlardan idi. Onun da bəstələdiyi təsnif və mahnılar var ki, o, bunları Sovet dövründə AzTV-də, mlli radioda, səhnələrdə xalq, aşıq mahnıları kmi təqdim edirdi. Əks təqdirdə bunların səslənməsinə imkan verilmirdi. Müstəqilliyin ilk dönəmindən başlayaraq onun da mahnıları müəllif kimi öz adı ilə təqdim olunmağa başladı. Bu sətirlərin müəllifi kimi qeyd edirəm ki, bütün bunların şahidi olmuşam. Belə ki, B.Mahmudoğlunun yaradıb rəhbərlik etdiyi “Dastan” folklor və “Misri” xalq çalğı alətləri ansambllarının instrumental ifaçısı və musiqi rəhbəri kimi onun bəstələdiyi mahnıların işlənməsi və aranjeman edilməsində xidmətim olub. Baba radio və televiziya fondu üçün oxuduğu “Bayatı-Şiraz” dəstgahına dəraməd və bir neçə rəng bəstələyib.

Xanəndə, xalq artisti Niyaməddin Musayev (1940-sağ) gənclik illərindən mahnılar bəstələmiş və oxumuşdur. Sovet dönəmində bəstəkarlıq təhsili olmayanların ekran-efirdə, səhnələrdə və bədii-kütləvi tədbirlərdə adları müəllif kimi qeyd olunmurdu. Niyaməddinin də mahnıları müstəqillik günümüzə qədər başqa həmkarları kimi xalq mahnısı və ya təsnif adı ilə elan olunurdu. Onun mahnıları xüsusuilə son dövrlərdə gənc müğənnilər tərəfindən oxunur. Yəni bütün mahnıları yaşamaqda və sevilməkdədir.

Xalq artisti Məmmədbağır Bağırzadə (1950-2005) xanəndələr arasında yalnız təcrübəli, gözəl sənəkar olaraq deyil, həmçinin sözə, qəzəliyyata həssaslığı, bilikli olması, həm də diksiyası və usta ifası ilə seçilirdi. Onun bəstələyib oxuduğu bütün mahnılar populyar olur, dəbə düşür, toylara, səhnələrə yol alır və bütün gənc müğənnilərin səsində, nəfəsində və avazında səslənirdi. Məmmədbağır həm də qəzəllər yazırdı. Onun xüsusilə tematik mahnılarından hazırda daha çox istifadə olunur.

Məqalənin girişində adlarını çəkdiyim xanəndələr kimi hərtərəfli istedada malik, yaradıcılıq işlərində çox nailiyyətlər əldə edən bir soydaşımızı da onların sırasında gördüyüm üçün yazını məxsusi ona həsr edərək haqqında səhih bilgi verməklə geniş şəkildə cəmiyyətə tanıtmaqda israrlıyam. O da müğənni kimi sevilir və bəstələdiyi 200-dən artıq mahnı illərdir ki səslənməkdədir. Onun səsi Azərbycandakı televiziyalardan, radiolardan, həm ölkəmizdə və həm də ondan kənarda səhnələrdən gəlir və İnternetin Youtube kanalında yaymlanır. Gənclik illərindən başlayaraq ifaçı, yazar, bəstəkar kimi geniş fəaliyyətdə bulunaraq bu insan səmərəli, çoxşaxəli və zəngin yaradıcılıq yolu keçmişdir. Və onun sənət bulağı daim aşıb-daşdığı üçün bu gün də öz işini davam etməkdədir.

Zəka Vilayətoğlu 1971-ci il noyabr 17-də Gədəbəyin Arabaçı kəndində ziyalı ailəsində dünyaya gəlib. İstedad insanla bir doğulur-fikri Zəkanın qismətində də özünü tam döğruldur. O, da qeyri-adi və hərtərəfli istedada malikdir. 5 yaşından mahnı oxumağa və gitara çalmağa başlayıb. Onun istedadının cilalanması, doğru isteqamətə yönələrək inkişaf etdirilməsində böyük istedad sahibləri; ana babası, kənd məktəbində rus dilindən dərs deyən Muxtar müəllim, dayısı, tarix müəllimi Novruzun xüsusi xidmətləri olmuşdur. Muxtar baba tar çalar, klassik muğamlarımızı zil pərdələrdə şirin, təsirli tembrlə oxuyardı. Qoca çağında Füzulinin qəzəllərini pəs, ahəstə səslə təqdim edərək dinləyənləri heyran qoyur, hamıya xoş əhval və əsl zövq bəxş edirdi.

Zəkanın gitarada çalmaq həvəsi dayısı ilə bağlı olub. Novruz müəllim el şənliklərində gitara çalırdı. Uşağın həvəs və istedadını nəzərə alan atası Vilayət müəllim Zəkaya akustik gitara almışdı. Hələ bundan əvvəl Zəkaya saz alınsa da, alət keyfiyyətsiz hazırlandığı üçün geri qaytarılmışdı. Zəka: “Sazı çox sevsəm də, geniş imkanları ilə gitara məni özünə daha çox cəlb edirdi”. Beləliklə, Zəka ilə gitara arasında möhkəm dostluq yaranır. Hara getsə gitara onunla birlikdə olardı. Təhsil aldığı Arabaçı kənd orta ümumtəhsil məktəbin sevimli şagirdinə çevrilərək o, burada keçirilən bütün tədbirlərdə çıxış edirdi. Gədəbəydə çıxan rayon qəzetində bu istedadlı uşaq haqqında dəfələlərlə maqalələr özünə yer almışdı. Sinifdən sinfə adladıqca, gitarada daha mükəmməl çalğıya yiyələndikcə onda mahnı bəstələmək meyli və imkanı yaranır. 7-ci sinifdə oxuyarkən Əhməd Cavadın sözlərinə yazdığı ilk mahnısı meydana çıxır. Zəka: “Bunun ötəri həvəs olmadığını duyduqda, yeni mahnılar bəstələməyə can atırdım. Yəni bu işə ürəyimi məcbur etmədim, hiss etdim ki, nəsə bulaq kimi çağlayıb gəlir və bununla könül rahatlığı tapıram. Beləliklə, yazıb yaratmaq, mahnı qoşmaq həvəsim anbaan, günbəgün, aybaay artmağa başladı. Sonralar rayon səviyyəsindəki tədbirlərə qatıldım, rəhbərlikdə çalışanlar keçirilən bədii-kütləvi tədbirlərə məni də dəvət edirdilər”.

Zəkanın ölkə səviyyəsindəki ilk çıxışı da çox maraqla qarşılanıb və uğurla bitib. O, həmin zaman 8-ci sinif çagirdi ikən Respublika sarayında keçirilən Müəllimlərin VII qurultayında çıxış edərək rəğbət və alqışlar qazanıb. 9-cu sinifdə ikən Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Respublika baxış-müsabiqəsində ustad sənətkarlardan ibarət münsiflər heyətinin qarşısında böyük həyəcan içərisində çıxış etsə də, yaxşı nəticə əldə edib.

Həmin illər ərzində musiqi ilə yanaşı onun ədəbiyyata olan həvəsi də şölələnərək qüvvətlənib və və tədricən öz yerini alıb. Zəka özünü artıq ədəbiyyatsız, şeirsiz, musiqisiz təsəvvür edə bilmirdi. O, ilk şeirini də 7-ci sinifdə yazıb.

Zəka:“Şer yazmağa davam etsəm də, üzə çıxarmaq fikrinə düşmədim. Həmin illərdə kiçik məqalələr yazaraq qəzetlərə göndərirdim. İstər rayon, istərsə də mərkəzi qəzetlər yazılarımı həmən dərc edir və qonorar yazırdılar”.

Vilayət müəllim oğlunu jurnalist və ya filoloq görmək istəsə də, musiqiyə sonsuz və böyük istedad Zəkanı ardınca çəkirdi. Odur ki, o, 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olur və atasının tövsiyəsi ilə təşkilatçı-metodist ixtisası üzrə təhsl alır. Belə ki, ata Zəkanın, şeirlər, məqalələr yazmasını nəzərə alır və bu sahəyə yaxın oxumasını istəyirdi. İnstituta daxil olduğu il Zəkanın ilk hekayəsi işıq üzü görür. Sonra onun hekayələri “Ulduz” jurnalında dərc olunur. Əlbəttə bu gənc yazar üçün ədəbiyyata açılan qapı idi. Beləliklə, ilk uğurun davamiyyəti başlayır və çox yaxşı nəticə verir.

Z.Vilayətoğlu təhsil illərində yaxşı tələbə kimi seçilir, istedadı ona qol-qanad verdiyi, imkanlar yaratdığı üçün yeni mahnılar bəstələyir, şeirlər, hekayələr yazır və axşamlar bacarıqlı, sevilən gənc müğənni kimi bir sıra konsertlərdə və Bakı toylarında oxuyur.

Bir neçə il sonra Akif Səmədlə tanışlıq Zəka üçün yeni imkanlar yaradır. O, Zəkanı Azərbaycan Dövlət Radiosuna aparır və beləliklə, bu istedadlı gəncin burada mütəmadi çıxışları olur. Təhsil illəri, Bakı ədəbi-bədii mühiti, musiqi həyatı, xalqın toy-büsatı bu bacarıqlı, xoşbəxt taleli gənci daha da formalaşdıraraq irəli aparır. Z.Vilayətoğlu 1993-cü ildə institutu uğurla bitirir. O, ilk dəfə AzTV-də 1994-cü ildə çıxış edir və yeni səs, yeni avaz sahibi kimi musiqisevərlərin diqqətini özünə yönəldə bilir. 1995-ci ildə Bakıdakı Şəhriyar adına mədəniyyət mərkəzində tanınmış aktyor, gülüş ustası Arif Quliyevin (1949-2021) iştirakı ilə Zəka Viləyətoğlunun solo konserti keçirilir. Bütün bunlar onun bir müğənni kimi mükəmməl şəkildə yetişməsinə böyük təkan olur və sənət üçün onun məsuliyyət hissi daha da artır. Bu kimi uğurlar bu ilin noyabr ayında 50 illik yubileyi olacaq tanınmış bir sənətkar üçün ən şirin xatirələrdir.

Bu sətirlərin müəllifi kimi qeyd edirəm ki, 1990-cı illərin əvvəllərində Zəka ilə bir neçə toyda olduq və bu zaman mən mütəxəssis, təcrübəli müsiqiçi kimi onun məlahətli, geniş diapozonlu, axıcı, titrək, təsirli səsini duydum və daha bir istedadlı müğənnini kəşf etdim. Mən həmin məclislərin aparıcısı idim. Zəkanın yarı-yaraşığı, boy-buxunu, gülər üz cizgiləri, mimikası, təbəssümü sənətilə həmahənglik yaradırdı. Belə üstün cəhətlər bu gün də onda var. Deməliyəm ki, bu qeyd olunanlar müğənnilik, səhnə sənəti üçün mühüm cəhətlər və əsas xüsusiyyətlərdir. Zəka istər səhnədə, istərsə də el şənliklərində insanlarla təmas qurmağı, sənətini təqdim etməyi, özünü-sözünü sevdirməyi çox yaxşı bacarır. O, gənclik illərindən hazırkı dövrə qədər sevimli müğənni kimi tanınır və sənət işlətməyi bu qaydada da davam edir. Onun sənətində tamlıq, bütövlük, əsl peşəkarlıq və səmimiyyət var. Zəkanın sənəti parlaqdır. Bu artıq illəri adlamış, cilalanmış, formalaşmış, təcrübəyə malik sənətdir.

Bəstəkar-müğənni Z.Vilayətoğlu şair və yazıçı kimi də göz önundədir. Onun ilk kitabı, “Şah ölüm” tarixi romanı 2000-ci ildə nəşr olunaraq yayılıb və geniş oxucu marağına səbəb olub. İndiyə qədər beş nəsr və bir şeir kitabı çıxıb. Yazıçılar Birliyinin binasında Zəkanın şeir kitabıının imza gününün iştirakçısı olmuş və qısa çıxış da etmişəm. Hazırda Zəkanın iki kitabı nəşrə hazırlanır.

Doğrudan da Z.Vilayətoğlu yazar kimi meydandadır, onun öz oxucuları, fikir bildirənləri və dəyər verənləri var. O, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və 2019-cu ildə prezident təqaüdünə layiq görülüb.

Şair Oqtay Rza (1934-2019) Zəkanın yaradıcılığını daim izləmiş və onu “Aysberq” adlandırmışdı. Tanınmış, istedadlı yazar Aydın Can isə Z.Vilayətoğlunu “Bard” sayır.

Zəka bəstəkar kimi səmərəli çalışıb və 200-dən artıq mahnı bəstələyib. Bəzi mahnılarının sözləri özünün olsa da, xeyli şairlərin yaradıcılığına müraciət edib. Qeyd etdikçə böyük siyahı alınır: İmadəddin Nəsimi, Əhməd Cavad, Fikrət Qoca, İlyas Tapdıq, Füruzə Məmmədli, Əbülfət Mədətoğlu, Təbrizə Pünhan, Narıngül Nadir, Şəfəq Sahibli, Elmira Aslanxanlı Turan, Nəcibə İlkin, Adilə Nəzər, Aysel Xanlarqızı, Arzu Müzəffərqızı Nuri, Afaq Şıxlı, Yadigar Təvəkkül, Arifə Nağıyeva, Akif Səməd, İlqar Türkoğlu, Ayaz Arabaçı, Damət Salmanoğlu, Qəzənfər Bəxtiyar, Novruz Nəcəfoğlu, Əlirza Həsrət, Elşən Əzim, Əlizadə Nuri, Ramiz Abdullayev, Vüqar Əhməd, Aydın Kəsəmənli, Mikayıl Bozalqanlı, Musa Ələkbərli, İdris Babayev, Hacı Malik Xəlil Ağaquluoğlu, İslam Əlibəyli, Mais Kamiloğlu, Zahid Əziz, Qabil Dərdli, Səttar Qarağaclı. Bir sıra bəstəkarlar eyni dəsti-xətli şairlərin sözlərinə mahnı yazmağı daha üstün tuturlar. Zəka isə görün nə qədər şairin təbini, ilhamını, dəsti-xəttini duyaraq onların sözlərinə mahnılar bəstələyib. Zəka öz mahnılarını Azərbaycanda fəaliyyət göstərən televiziyalar və radiolarda dəfələrlə oxumuş və musiqisevərlərin məhəbbətini qazanmışdır. Bu iş hazırda da uğurla davam edir. Zəka: “Yazdığım mahnılardan təbii ki, məni qane edənlər də az deyil. Mətn baxımından zəngin olan mahnılarım çoxdur və düşünürəm ki, uğurlu alınıb. Fikrim budur ki, gözəl, dəyərli, mənalı, dərin məzmunlu mətnə bəsətəçinin uğursuz musiqi bəstələməyə ixtiyarı yoxdur. Əks təqdirdə həmin mətn yaralanmış olur”.

Zəkaya tövsiyə olaraq bildiririk ki, o, mahnılarının notlaşdırılması qayğısına qalaraq məcmuə halında nəşr etdirsin. Əlbəttə, bu özü də zamanın bir tələbidir. Bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə də etmək mümkündür.

Bəstələdiyi mahnıları yalnız onun özü oxumur, həm də başqa müğənnilər onun mahnılarından seçim edərək öz repertuarlarına daxil ediblər. Bu sırada Rusif Məmmədov (1949-2003), Elxan Osmanlı, Turanə Babayeva, İlham Xanhüseynoğlu, Dürdanə Ələkbərova, Aybəniz Mütəllibova və başqalarının adını hörmətlə qeyd edirik. Z.Vilayətoğlunun yaradıcılığına hörmət və həssaslıqla yanaşan tanınmış jurnalist Aydın Can ona bir neçə maqalə həsr edib.

Z.Vilayətoğlu haqqında böyük sənətkarlar, tanınmış simalar efir məkanında, mətbuatda nəsə deməsələr də, xalq artistləri: bəstəkar Ramiz Mirişli (1934-2015), Niyaməddin Musayev, Canəli Əkbərov, Ağaxan Abdullayev (1950-2016), əməkdar incəsənət xadimləri: bəstəkar Tahir Əkbər, Azərbaycan radiosunun musiqi verilişlərinin baş redaktoru vəzifəsində çalışmış Hacıbaba Məmmədov (1947-2019) müəyyən tədbirlərdə yüksək və səmimi fikirlər söyləmişlər. Zəka, Vahid Poeziya evində şair Hacı Mailin (1935-1993) yubiley tədbirində “Orta Segah” oxuyarkən, burada iştirak edən böyük sənətkarlar və onlar arasında Ağaxan Abdullayev məmnunluqlarını, xüsusi zövq aldıqlarını, maraqlı bir səs eşitdiklərini dilə gətirmişdilər. Ustad Ağaxan Zəkanın musiqi dərsi aldığını, müəllimin olub olmadığını soruşmuşdu, demişdi ki, istəsən sabahdan mənim dərsimə gələ bilərsən. Zəkanın səsinə heyranlığını gizlətməyən Azərbaycan Dövlət Musiqili Teatrının baş rejissoru Ədalət Ziyadxanov Zəkanı xalq artisti, ustad xanəndə İslam Rzayevin yanına apararaq tanış etmişdi. İslam müəllim Zəkanın səsini, diksiyasını, ifa manerasını bəyəndiyi üçün onun rəhbərlik etdiyi ansamblın məşqlərinə gəlməsini məsləhət bilmişdi. Həmin dövr toyların qaynar vaxtı olduğu üçün əksər müğənnilər kimi Zəkanın da başı şənliklərə qarışdığı üçün məşqlərə gedə, ansambla üzv ola bilməmiş və belə gözəl fürsətdən kənar qalmışdı.

Zəka Qədim Borçalı, Qarayazı, Başkecid ellərinin sevimli müğənnisi olaraq illərlə orada keçirilən bayram tədbirlərinə və el-obanın toy büsatına dəvət olunmuşdur.

Z.Vilayətoğlu gen yaddaşında olan aşıq mahnılarının da bacarıqlı ifaçısıdır. Bu mahnılar onun ruhuna çox yaxındır, səsində, ifasında məzmunlu və təsirli alınır.

Z.Vilayətoğlu müntəzəm səfərlərdə olaraq səsini minlər, milyonlara ərməğan etmişdir. Onun səsi-sədası çox yerlərdən gəlmiş, nəğmələri ellərə yayılmışdır. O, Türkiyənin, Rusiyanın, Ukraynanın, Gürcüstanın, Tatarıstanın ən böyük şəhərlərində konsertlərdə olmuş, harada soydaşlarımız yaşayırsa, onların toylarının çarçısı kimi çıxış etmişdir. Z.Vilayətoğlunun 2001-2016-cı illəri əhatə edən sənət səfərləri uğurlu olmuş, özünə pərəstişkarlar qazanmış, hər yerdə xalq, aşıq, bəstəkar mahnılarını, muğamlarımızı layiqincə təbliğ etmişdir. O, Türkiyənin Malatya şəhərindəki İnönü Uiversitetinə orada təhsil alan tələbələrin dəvətilə getmiş və çox möhtəşəm görüş baş tutmuşdur. Bu maraqlı səfər də Zəkanın həyatını ən gözəl naxış kimi bəzəmiş və xatirəsində qalmışdır.

Zəka kimi insanları fitri, hərtərəfli istedad adlandırırlar. Bəli, doğrudur, hərtərəfli istedada malik olanların təbi, ilhamı aşıb-daşır və yaradıcılıq işi çox zəngin olur. Zəka da cəmiyyətimiz üçün qənimət sənətkarlar sırasındadır. Əslində belə adamların yaradıcılığını bir məqalədə tam əhatə etmək mümkün deyildir, gərəkdir ki, onlar haqqında monoqrafiya yazılsın. Düşünürük ki, Zəka Vilayətoğlu haqqında kitab yazılacaq, orada onu yaxından tanıyanlar, doğmalar, sənət adamları, şairlər, yazıçılar, tamaşaçılar, dinləyiçilər və bir sözlə Zəkasevərlərin ürək sözləri səhifələrə düzüləcək. İndiyə qədər gördüyü işlər, keçdiyi geniş, çoxşaxəli yaradıcılıq yolu, səfərlərdə qazandığı nailiyyətlər və rastlaşdığı maraqlı hadisələr ona həsr olunacaq kitabın meydana çıxmasına tam haqq verir.

Z.Vilayətoğlunun emosional təsirə malik səs imkanlarını, diapozonunu, boğaz qaynatmalarını, xırdalıqlarını, yerli-yerində işlətdiyi melizmləri nəzərə alaraq ona tövsiyələrimiz də var. Çox istərdik ki, o, səsinin, sənətinin şirəli, bəhrəli, sənətinin sanballı və təcrübəli vaxtı bir sıra dəstgah muğamları disklərə yazdırsın. Düşünürük ki, onun ifasında “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Mahur hindi” və “Hümayun” muğamları çox gözəl alınar və səs-sənət tariximiz üçün əsl ərməğan olar.

news-inner-user

19416 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021
“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb
15:15 23 İyul 2021