writer1

Zamin Hacı

Məqalə sayı

10
clock09:01 calendar-gray 17 İyun 2021 view-gray1548 dəfə oxunub
view-gray1548 dəfə oxunub

Cırıq maskalılar

Kulis.az Zamin Hacının “Cırıq maskalı teatr” yazısını təqdim edir.

Böyük ispan şairi və dramaturqu Federiko Qarsiya Lorka teatr haqda deyib:

“Teatr millətin inkişaf və ya tənəzzülünü göstərən barometrdir. Ayıq-sayıq, uzaqgörən teatr bütöv bir xalqın duyğular obrazını sayılı illər ərzində dəyişər, qanadlar yerinə dırnaq uzadan şikəst teatr isə millətin əxlaqını pozar, uyudar”.

Sonra bəs nə oldu?

İspaniyada hakimiyyətə gələn faşistlər Lorkanı tutub güllələdilər. Əməkdar şair adı vermək yerinə.

Keçən il pandemiyadan ən çox zərər çəkən sahələrdən biri teatr oldu. Neçə aktyoru itirdik. Aktyorluq isə müqəddəs peşədir. Səyavuş Aslanın qəhrəmanının sözü olmasın, “yenə keçək atalar sözünə”:

Aktyorlar zaman səyyahlarıdır.

Bunu kim deyib, yadıma gəlmir. Deyəsən, Kamyunun sözüdür. Hələ də qapıları qıfıllı qalan əsas iki sahəmiz var, bunlardan biri teatrdır, ikincisi toyxanalar. Ola bilər, sıralamanı düz eləmədim, toyxana birinci yazılmalıydı.

Lakin ümid işığı yanmışdır, bugünlərdə mədəniyyət naziri anons verdi:

“Teatrları necəsə işə salmaq haqda düşünürük”.

Açıq havada toyları da həmçinin. ADO teatrının müdiri Elmin müəllimə gözaydınlığı, muştuluq! Açıq havada toylar və tamaşalar olsa, onun keçmiş mədəniyyət naziri Əbülfəs müəllimlə uzun illər apardığı “yeldəyirmanı savaşının” zəfərlə bitmək ehtimalı yüksəlir. Ancaq bu süpürləşmə başlayanda teatrın adı ODA idi. Lap axırda ad dəyişib ADƏ olacaqdır. Bizə ən çox yaraşan teatr-sənət adıdır. Adə, sən kimsən axı bizə ağıl öyrədirsən, mütrüfün biri mütrüf!

Köhnə kişilər kimi papağımızı (lap olsun beysbol şapkası) və maskamızı qabağımıza qoyub, əl-ayağımızı dərmanlayıb teatrın açılma perspektivini düşünəndə, şəxsən mənim ağlamağım gəlir.

Yaxşı, birdən Operativ Qərargah sizə tamaşa oynamağa icazə verdi, orda nə göstərəcəksiniz?

Axı uzun illərdir bizim milli teatrın testi mənfi işarə altındadır.

Hüseynbala Mirələmovun Vilyam Şekspirdən hörmətli olduğu səhnədə xalqın gələcək və keçmişini əlləyərlər, hələ səhnə arxasında başına min oyun açarlar. Axundovun yazdığı kimi:

“De görüm, sən Teymur ağa ilə pərdənin dalında nə qayırırdın?”.

Ya da Mirzə Cəlildən sitat:

“Bacılar hanı, bacıları görmürəm”.

Hüseynağa Atakişiyevi tez-tez xatırlayıram.

90-cı illərdə bir gün onun Gənclər Teatrına getmişdim, nəsə xəbər hazırlamalıydım. Teatr Xadimləri İttifaqı binasının arxa tərəfindəki balaca otağında çox kədərli oturduğunu gördüm. Dedi, bir tamaşa hazırlayır, adı “Neron oynayır” olacaq. Burada tamaşa qəfəsin içində keçməlidir, tamaşaçılar isə səhnədə oturacaqlar.

Lakin Hüseynağa müəllim dekoru, rekviziti - qəfəsi tapmaqda çətinliklə üzləşmişdi. İnanılmaz hadisəydi. Azərbaycanda içində tamaşa oynamağa qəfəs tapılmırdı. Məhkəmələrdə isə insanları qəfəsdə mühakimə edirdilər. Müstəqillik bizim məhkəmə sisteminə heç SSRİ-də olmayan qəfəsi gətirmişdi.

Ancaq Hüseynağa müəllim həyatını teatra həsr eləmiş fanatiklərin, mogikanların sonuncu nəslinə aid idi və sonralar qəfəsi hardansa düzüb-qoşdu, tapdı. Biz də o möhtəşəm tamaşaya baxdıq. Neronu Abbas Qəhrəmanov oynayırdı.

O nə quruluş idi, o nə oyun idi Abbas Qəhrəmanov çıxarırdı?..

Siz Abbas bəyi bambılı teleseriallarımızın karikatur müdir, rəis obrazlarından tanıyarsınız, ancaq onun içində hansı qəhrəmanlar ölüb, ölməkdədir, bunu bilən yoxdur.

“Hanı dediyim bəy ərənlər...”

May ayında Vaqif İbrahimoğlunu itirməyimizdən 10 il keçdi. Adam inana bilmir. Onun üçün indi kim yuğlasın? Yenilikçi insanlar, rəngli teatrlar, divar uçuran rejissorlar, səhnəyə sığmayan aktyorlar...

Hamısı fəxri adlara və fəxri evlərə yığışdılar. Ondan sonra bizim teatrı gördüm deyən olmadı. Ən aşağı rütbəsi xalq artisti olan teatrda rejissor nə qələt eləyər artistə göstəriş verər? Xalq artisti istəsə özü rejissoru oynadar.

Oynatmaq demişkən...

Bir dəfə bizim ana teatrımıza sirkin müdirini başçı qoymuşdular, o da səhnədə alovlu halqa uzadıb pişik-aktrisaları içindən tullandırırdı. Zarafat edirəm, bu fantaziyalarımı da nəsə Freydə-zada, pis mənaya yozmayın. Sadəcə, həmin eksperimentin axırı yaxşı olmadı. Artistlər səhnədə taxta qılıncla vuruşmaq yerinə, teatrın bufetində bir-birinə çəngəl atırdılar.

Xülasə, bəlkə də indi ən yaxşısı pandemiyanın uzanmağı olardı. Onsuz maska teatrın simvoludur, niyə çıxaraq? Gül kimi qalıb üzümüzdə. Gül üzümüzdə.

Qaldı Lorka, o da çox ağır söhbət eləyib, heç yaraşdırmırıq. Hələ deyir frankoçu faşistlər onu öldürməyə aparanda ağlayıbmış. Püff... Adə, nöş ağlayırsan? Adam kişi olar. Cəsur olar. Bax, bizim bu boyda teatrımız ölüb, heç ağlayırıq? Əksinə, mahnı oxuyuruq:

Göbəyin ağ dələmə,
Görmüşəm, düymələmə...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021