Bakıda kitab oğurlayanları necə cəzalandıraq?

Bakıda kitab oğurlayanları necə cəzalandıraq?
7 iyun 2021
# 14:40

Kulis.az Ayxan Ayvazın "Bakıda kitab oğurlayanları bağışlayaqmı?" adlı yazısını təqdim edir.

İlk kitab oğurluğum məktəb kitabxanasında olmuşdu. Onda bu işdə təcrübəsiz olduğum üçün bir az çəkinir, həm də həyəcanlanırdım. Özümü cinayət edən biri kimi hiss edir, qorxu dabanımdan yeriyə-yeriyə bədənimə keçirdi. Amma rəflərdə duran kitabları görəndə, əlimə alıb vərəqləyəndə, yaradılmış ən gözəl nemətin qoxusunu duyanda, özümü saxlaya bilməyib köynəyimin altına bir-ikisini qoyub aradan sivişdim.

İndi də yadıma düşür: o kitablardan biri Gi de Mopassanın, digəri isə Heminqueyin idi. Oğurladığım kitabları necə həvəslə, iştahla oxuduğum gözümün önündən hələ də getmir. Sanki cinayət işləyib aradan çıxmış, izimi itirmiş, indi də uzaqda, kimsənin bilmədiyi bir evdə sığınacaq tapmışdım.

Amma işimi yaxşı tutmuşdum.

Əgər kitabları oğurlayarkən şübhəli hərəkətlər etsəydim, məsələn, kitabın birini yerə salsaydım, əlimi hey qarnımın üstünə qoyub bu şəkildə qapıya tərəf addımlasaydım yəqin ki, hadisə yerindəcə tutulub cərimə olunacaqdım. Sonra gəl buna cavab ver. “Rəis, kitab oxumaq günah deyil” - filan artıq boş sözdür.

Kimdir sənə qulaq asan?

Kitabın müqəddəsliyi, böyüklüyü heç kimin vecinə deyil. Məsələ artıq sənin oğurluq görməyindədir. O saat səni əlli-ayaqlı götürəcəklər, başqa çarən yoxdur. Amma yaxşı ki, məni belə bir aqibət gözləmədi.

Kitabları bitirdiyimin ertəsi günü təzədən məktəb kitabxanasına üz tutdum. Yenə kitab oğurlamaq istəyirdim. Ağıllı oxucularımız burda mənə iki sual verə bilər: “Cinayət” elədiyin yerə təzədən niyə gedirsən? Kitabxanadan müvəqqəti oxumaq üçün kitab ala bilmirsən?

Birinci suala cavab olaraq, onu deyim ki, həmişə cinayət edən şəxs (Allah məndən uzaq eləsin) qanunu pozduğu yerə mütləq gedib vəziyyəti görməlidir. Yoxsa, deyərlər, bu itib-batıb, demək, günah bundadır.

Kiminsə barmağı sənə tuşlanır və: “Tutun, onu!” – deyə onlardan biri bağırır. Nəyə uğradığını belə şaşırırsan. Elə oradaca bürüb-büküb səni “hop” deyə götürürlər.

İkinci suala gəlincə isə, düz deyirsiniz, normal insan kimi kitabxanadan müvəqqəti kitab alıb oxuya bilərəm. Amma mən macəra axtaran bir adam olduğum üçün mütləq arada anormal işlərə də baş qoşmalıyam.

Nə isə, sizin maraqlı və dəqiq müşahidələrinizə əsaslanan suallarınızı cavablandırandan sonra qayıdıram məktəb kitabxanasına. Bu dəfə içəri girəndə hiss elədim, daha təcrübəli görünürəm və yəqin etdim ki, ilk işimdə olduğu kimi bu dəfə həyəcan-filan mənə təsir göstərməyəcək. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Kitabxanaçı qadın məni görən kimi salamsız-kəlamsız sözə başladı:

- Keçən dəfəki kitabları sən götürmüsən, bilirəm. Qaytar geri. – elə dedi ki, elə bildim bu saat kimsə arxadan çıxıb qolumu qandallayacaq.

Özümü bilməməzliyə vurmaq istədim:

“Nə kitabı?” – deyə mızıldandım.

- Özün yaxşı bilirsən. Sabah gətirməsən bir də səni bura qoymayacam. Bilirəm ki, səndədir, çünki səndən savayı bura gələn yoxdur – onun müşahidə qabiliyyətinə, detektiv təfəkkürünə mat qaldım, desəm, yanılmaram.

Kiriyib qalmışdım. Doğru söz acı olar, axı. Həm də özüm-özümdən utandım. Mən iki kitab üçün burda onunla hakim kimi “belə olmadı, elə oldu” deyib sübut, dəlil-zad göstərəsi deyildim ki? Razılaşıb kitabxanadan çıxdım. Elə oradaca anladım ki, oğurluq mənlik iş deyil.

Sabah kitabları gətirdim. Kitabxanaçı gülümsündü:

- Halaldır sənə. Deyən kimi gətirdin. Götür kitablar səndə qalsın. Səni sınamaq istəyirdim. Təki sənin kimi kitab oğurlayan olsun.

Onun sözlərinə əvvəl-əvvəl inanmadım, elə bildim, zarafat eləyir. Amma ciddi görünüşündən sonra anladım ki, səmimidir, burda məzələnmə, aldatma yoxdur.

Kitab da bir məhsuldur və satılmaq üçün kitab mağazasına qoyulur. Yəni o məhsulun müqəddəsliyi, yaxud onun ötürdüyü mesaj DİN üçün maraqlı deyil. Fakt budur ki, oğurluq olunub.

Lakin içimdəki ədəbiyyat sevgisi bu sualı da verməyə bilmir:

O kitab oğrularını bağışlaya bilmərik?

Bu qədər milyonlar oğurlanan, hamının bir yeri qamarlayıb çalıb-çapdığı zamanda o iki oğru çox pak və təmiz görünür...

# 2840 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #