Göyərçinlər uçub gedib - Cəbrayıl Dövlətzadə haqqında roman

Göyərçinlər uçub gedib - Cəbrayıl Dövlətzadə haqqında roman
28 may 2021
# 09:00

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayıl əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

CƏBRAYIL

Bu gecə heç üç saat yatmamışam. Dəhşət bir yuxu görürdüm. Gördüm dağ başında bir meydandır. Elə bil, şəbih çıxardırlar. Bir kişi ağ atla girdi meydana. Dedim, yəqin, Yeziddir. Bir kişi də o başdan bir əlində kitab, birində də qılınc irəli çıxdı. Dedim, aha, bu da... Amma yox, belə şəbih olmaz ki... Atlı adam əli kitablını görən kimi atdan endi, qarşısında baş endirib ədəblə salam verdi.

- Bəhlul əfəndi, xoş gəlmisən! Bu dağlar çoxdandır belə məsud və baxtiyar olmamışdı...

- Hə, Fərzalı, ölmədik, bu günü də gördük... İndi bizim balalar buralara sahib çıxmaq üçün silaha sarılıblar. Mən də səsimi bu səslərə qatmağa gəldim.

- Əfəndim, burda bizim bir gənc balamız var, adı da Cəbrayıldır. Onu sənə təqdim etmək istərdim... Hələ lap uşaq kimidir, amma düşmən əlinnən cilov gəmirir!..

Və qəribə də olsa, mənim qolumnan tutub qabağa çəkdi. Sonra hardansa Sultan bəy çıxdı, sonra Qaçaq Nəbi də göründü... Və Nuru Paşa! Ay allahım, bu nə yuxudu mən görürəm! Sonra o radioda gördüyüm YAZIÇI da yerdən çıxıbmış kimi gəlib saçıma əl çəkdi... Bir abid kimi adam göründü, ağ saqqalını tumarlayıb “Yapon Səmədin təbrikini qəbul et, igidim” dedi və sinəmə bərq vuran bir nişan taxdı. Bir də baxdım ki, sinəmdə nişan əlinnən yer yoxdur – hər gələn birin taxır. Hər gələn bir ulduz taxır, məni təbrik edir... Nuru Paşa da qayıdasan ki, “əmanətimi yaxşı saxla”!.. Yəqin Dursun kişinin verdiyi xəncəri deyir... Niyə axı?! Mən nə etmişəm ki? Dünən beş-altı erməni öldürmüşəm, ona görəmi?.. Nə bilim axı? Bir də gördüm mamam ağlayır, nənəm ağı deyir... Niyə axı, niyə? Belə şad gündə də ağlayarlar? O YAZIÇI yaxşı ki, məni qucaqladı və üzünü yığılanlara tutub dedi:

- Cəbrayıl daha 19 yaşlı uşaq deyil! O yüz ilin qəhrəmanlarının sırasına qoşuldu!

Diksinib ayıldım. Ayılan kimi də utandım. Bu nə yuxu idi, ay allah... O kişilər burda neynirdilər? Bəlkə müharibə başlayannan nağıllardan, rəvayətlərdən çıxıb yanımıza gəliblər?!

Nə bilim axı...

Yaxşı...

Düşmən postuna az qalıb. Di salamat qalın...

MÜƏLLİF

İçimdə ağır bir sükut var. Çiyinlərimdə bu qəhrəmanların yükü kimi ağır bir nəsnə əyləşib. Gənc qəhrəmanımla yaşlı qəhrəmanımın burada, ölkəmin ən hündür yerində üz-üzə gəlməsi xoş bir duyğu olsa da, nigarançılıq və qorxu hissi məni əzir. Qəhrəmanlarımın əvəzinnən mən qorxuram. Elə bil ürəyimin damarları bir kaman simi kimi gərilib, həmən qırılmağa bənddir. Dua etməkdən başqa əlimnən bir iş gəlmir...

DURSUN

Kəşfiyyatdan qayıdırıq. İçimdə bir narahatlıq var. Elə bil bir tərəfim yoxdur...

Niyə axı? Kəşfiyyat uğurla keçdi. Düşmənin bütün atəş nöqtələrin müəyyən etdik. Hələ qəfil qarşılaşdığımız iki dığanı da şil-küt eləyib özümüzlə aparırıq. Bəlkə lazimi məlumatlar əldə edə bildik.

Bəs niyə belə narahatam?..

CƏBRAYIL

Postu almaq uğrunda gərgin döyüş gedir. Gün ərzində bir neçə dəfə oranı alsaq da, əlimizdə saxlaya bilmədik. İt xılı, köpək sürüsü! Elə bil yerdən çıxırlar. Yaxşı ki, postun aşağısında daldalanmağa bir kiçik təpəcik var, yoxsa axırımıza çıxarlar... Əmr də var ki, nə olur-olsun, bu postu almalıyıq. İtkimiz çoxdur. Onlardan da xeyli qırmışıq. Amma lap indilərdə əlavə kömək gəldi bunlara dediyim kimi. Dayan bir... Qoy yaxşı-yaxşı baxım... aha, NİVA-dan sonra daha bir minik maşını, elə bil XAMMERdir, gəldi... İçinnən zabitlər düşür. Aha. Deyəsən, bunlar lap yüksək rütbəlilərdir. Heyf ki, yaxşı görə bilmirəm... Nəysə... Bunların başı qarışmışkən hücum etmək lazım. Sürünüb bir daşın dalına keçirəm. Sonra o birisinin arxasına və qalxıb sağa-sola vura-vura yanımda partlayan mərmilərin, qulağımın dibində vıyıldayan güllələrin müşayəti ilə düşmən postunun lap üç yüz metrliyinə çayıb bir qayanın arxasında saxlanıram. Burdan postun içini əl içi kimi görürəm. Bizimkilərlə ara məsafəm, təxminən 700-800 metr olar. Bir iş var ki, şəhid olsam, nəşimi götürə bilməyəcəklər. Bizimkilər telefnla səslənirlər:”Cəbrayıl, ya geri dön, ya da hələ atəş açma, gözlə bizə də arxadan kömək gəlməlidir, gəlsinlər, birlikdə hücuma keçək. Mənsə onlara deyirəm:”Qardaşlar, sizin ailəniz, uşağınız var. Kömək gəlməyincə irəli çıxmayın. Mən subayam... Mənə fikir verməyin...”

Və çiynimdəki ağır yükümü endirib rahat nəfəs alıram. Onlarsa yerimi bildiklərinnən səngərdən çıxıb məni mühasirəyə almaq istəyirlər. Nişan alıb ikisini dalbadal vururam. O birilər qaçıb səngərə girirlər. Və az sonra bütün silahlardan olduğum nöqtəni aramsız atəşə tuturlar. Mənim və yoldaşlarımın sursatımız tükənmək üzrədir. Kömək isə hələ də gəlib çıxmayıb. Ona görə patrona qənaət edirəm. Boşa bircə patron da atmaq olmaz. Aha! Sol çiynimin aşağısı isinir. Deyəsən yaralanmışam. Amma boş şeydir, əzələmə dəyib. Qanı saxlamaq üçün bir az daldaya çəkilib sarıqla sıxıram. Tək əllə çətindir, amma bir təhər öhdəsinnən gəlirəm. Sonra avatomatı götürüb əvvəlki yerə sürünürəm. Boy! Cındırlar yenə gəliblər ki!.. Deyəsən, bunların fikri məni diri tutmaqdır. Ay siz öləsiniz... Al gəldi!.. Dalbadal iki qumbara və leş olan olur, qalanları qaçıb siçan deşiyinə doluşurlar...

Tək bir qumbaram və bir xeyli də patronum qalıb. Bizimkilər yenə zəng edirlər ki, qayıt... Daha gecdir, əzizlərim. Mən bu it xılı ilə məsələni çürütməliyəm ki, siz kömək gələnnən sonra bu yüksəkliyi rahat götürəsiniz...

Yenə səngərdən çıxıb mənə tərəf gəlməyə çalışırlar. Görünür bayaq gələn yüksək çinli bunları məcbur edir. Yoxsa niyə ölümə gəlsinlər ki?.. Təxminən altı nəfərdir irəliləyən. Güllə-zad atmadan əyilə-əyilə gəlirlər. Düz yetmiş metrəcən buraxıb sonuncu qumbaranı atıram və yenə ölən ölür, qalanları qaçır.

Bu oyun iki saatacan sürür. Üzümnən qoluma qan damlayanda hiss edirəm ki, güllə yanağımı paralayıb keçib. Durbini çıxardıb postdakıları saymağa çalışıram. Hardasa otuza yaxın hərbçidir. İçlərində bir polkovnik də var mən bilən. Artıq gözüm yaxşı görmür. Üzümnən axan qana görədir yəqin. Bir qədər sonra allah möcüzə göstərir. Qalın duman dağı başına götürür və mən də, düşmənlər də görünməz oluruq. Boşalmış yük qabıma baxıb irəli getməkdən başqa şansımın olmadığını düşünürəm. Bu duman mənə tanrının hədiyyəsidir. Duman çəkilməmiş bıçağımı, süngümü, bir də kiçik xəncəri sazlayıb irəli yüyürürəm. Və artıq onların öz dillərində danışığını eşidirəm. Biri dumanın içinnən çıxıb mənə baxır və ermənicə nəsə deyir. Zabit olduğunu anlayıb süngünü sinəsinə soxub çəkirəm. Qışqırmağa macal tapmır, bir də vururam və arxadan onu tutmaq istəyən əsgəri də şişləyirəm. Bu vaxt daha biri görünür və ermənicə nəsə qışqırır. Aha! Bu lap generalmış ki! Bunun boğazını Nuru Paşanın, Fərzalının əli dəymiş xəncərlə sivirirəm. “Al köpəy oğlu! Al oğraşbaşı!..” O da yıxılır. Bu vaxt qıçımnan güllə tutur, amma yıxılmıram. Bir-birini ayaqlayan bu it xılının üstünə avtomatımı çevirib özlərinə gəlməmiş bir şığal atıram. Qarşımdakılar tut kimi tökülür. Üstümə atılan ermənini xəncərlə yerə sərirəm. Bədənimi artıq hiss eləmirəm. O qədər güllə dəyib ki... Və daha bir zabit qarşımdadır. “Ay qurumsaq, səni bayaq öldürmədim?! Hə, gəl, gəl şandığa!” Daha nə bıçağım var, nə süngüm yoxdur. Xəncəri isə əlim tuta bilmir. Onu bu vurhavurda cibimə soxuram ki, itməsin. Avtomatda da patron qalmayıb. Nə olsun?! Mən ki Xüsusi Təyinatlıyam! Əlim də, ayağım da silahdır!

“Al it balası!”

Bir yumruq vururam, yıxılmır. Peysəri yoğun olsa da, qucaqlayıb boğmağa çalışıram. Amma oğraş çox güclüdür. Ya da mən gücdən düşmüşəm. Neynək. Hələ Cəbrayıl ölməyib. Özümə tərəf çəkib dişlərimi boğazına keçirirəm və sıxıram... Onun qanı şorlayıb üzümə sıçrayır, daş kimi yerə yıxılır. Qarşımdakı əsgər heyrətlə mənə baxıb dəli kimi avtomatdan sinəmə dalbadal atəşlər yağdırır, sonra qışqıra-qışqıra qaçır...

Və mən... Arxası üstdə uzanıram... Haramnansa isti qanın torpağa axdığını hiss edirəm... Ağzımda isə qəribə tam var. Bu nə tamdır belə? Aha... Düşmən qanı... “Düşmənin qanını içmək” deyimi bu imiş?!. Şükür yaradana! Bu arzuma da çatdım...

Oh... Göy üzü necə gözəlmiş. Mənim göyüm. Bizim göyümüz. “Eyyyy! “O” dediyim Sarı qız! Sən indi haralardasan? Kaş indi göy üzünə baxaydın... Bəs deyirlər gündüz səmada ulduz olmur? Hə... Bura çox yüksəkdədir axı. Haçansa gələrsən bu yerə. Onda buralar bizim olacaq, bilirəm. Bax, burada, sol yanımda uzanıb ulduzlara baxarsan. Mənim ulduzumu görəcəksən. Hə... Qana bulaşıb bir az, amma qorxma, mənim qanımdır... Vətən üçün axıb... İmisti. Qan qırmızısı...”

ANA

Telefonuna yenə zəng çatmır.

Nə olar, ay səs sahibi, qurbanın olum, demə ki, bu nömrəyə zəng çatmır... Mən balamın səsinə möhtacam axı. Onun səsini eşitməsəm, yaşaya bilmərəm. Səsim də, ünüm də, gücüm də, heyim də odur. Bəs niyə telefonuna zəng çatmır? Niyə? Niyə?!

Qışqırmaq, kimlərisə köməyə çağırmaq, haray çəkmək istəyirəm. Fəqət... Səsimə səs verən olmayacaq. Bəlkə Nurlanı yığaq? O balamın döyüş yoldaşıdır. Özü onun telefonunu vermişdi...

Yığıram. Nurlana da zəng çatmır. Ay bala, ay uşaq, mənim ürəyimə güllə dəysin, ürəyimə bir şey damanda olur... Balamın başında qəza var. Cəbrayıl bu səbrin yiyəsi deyil...

...Qəfiz zəng gəlir. Əllərim əsə-əsə telefonu açıram...

“...oğlunuz Cəbrayıl Dövlətzadə qəhrəmancasına...”

Ay mənim ürəyimə...

Ana! Ana!.. Yandım ay ana...

MÜƏLLİF

Müharibənin ilk günlərində bu xəbər ildırım sürəti ilə bütün ölkəyə yayıldı: Cəbrayıl Dövlətzadə adlı 19 yaşlı bir gənc erməni səngərinə hücum edərək əlbəyaxa döyüşdə ikisi yüksək çinli zabit olmaqla düşmənin onlarla canlı qüvvəsini məhv etmiş, özü də qəhrəmancasına həlak olmuşdur.”

Sanki gəncin bu qəhrəmanlığı əsgərlərimizin gücünə güc qatdı, düşmən üzərinə daha sürətlə şığıdılar, düşməni daha çox əlbəyaxa döyüşdə məhv etdilər.

Gəncin fədəkarlığı ölkə prezidenti Ali Baş komandan tərəfindən yüksək qiymətləndirilərək yüksək döyüş mükafatları ilə mükafatlandırıldı.

...Döyüş yoldaşlarını axtardım. Nurlanı dedilər. Məlum oldu ki, bir qədər sonra o da şəhid olub... O birilər də...

Bəs?

Bəsi yox ki. Onlar TƏK olurlar. O da Sərhəd Qoşunlarınnan tək ərizə verib döyüşə yollanmışdı. Dostu silahı, arxası Vətən, bir də tarixdən tanıdığımız yol yoldaşlarıydı... Sultan bəy, Bəhlul əfəndi, Qaçaq Fərzalı, Nuru Paşa...

DURSUN KİŞİ

Gəldim ki, taborda hamı yas içindədir. Deməyəsən, o gənc oğlan, hamımızın sevimlisi Cəbrayıl şəhid olub. Özü də elə belə yox e....

Gücüm yoxdur daha danışmağa. Bu gecə o köpəklərdən o gəncin qisasını almasam, mənə də Dursun deməsinlər!..

POLKOVNİK ƏLƏKBƏROV

Zəngilanı 24 saat müddətində azad etdik və o torpağa bir sərhədçi kimi ayaq basanda ilk yadıma düşən Cəbrayıl oldu. Axı o əslən Zəngilan rayonundan idi və həmişə bu barədə yanıb-yaxılaraq danışırdı. İldırımsürətli əməliyyat zamanı Cəbrayılı təsadüfən xatırlamadım. Belə sürətli hücum, düşməni bir an içərisində məhv etmək müharibənin ilk günlərində Cəbrayıl kimi igidlərin sayəsində baş tutmuşdu. Cəbrayıllar həmişə Azərbaycan ordusunda olub, olacaq.

RAMİLƏ

Mən Bakı məktəblisiyəm. Yazdığım inşada sizə bir qəhrəmandan danışacağam.

“Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq,vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına yazdılar. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar.

Azərbaycanın belə mərd oğullarından biridə Polad Həşimovun qisasını alan 19 yaşlı Cəbrayıl Dövlətzadədir. İndi 19 yaşlı bu gənc qəhrəmanın adı Azərbaycanda dillər əzbəridir. O düşmənin bir generalını və palkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.

Mən də bu kiçik inşamı ona həsr etdim. Bağışlayın ki, onun gənc yaşında şəhid olması könlümü qanatdı. Bu yazını da ona görə yaxşı tamamlaya bilmədim... Axı onun da ömrü yarıda qırılmışdı...”

İSRANUR

Mən türkiyəli bir öyrənciyəm. Azərbaycanlı qardaşlarımız olan əsgərlərə bir şeylər etmək keçdi könlümnən. Planşet almaq üçün yığdığım 36 lirəni Azərbaycan ordusuna yardım fonduna köçürürəm. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!

Biz bir millət, iki dövlətik!

QOCA FİLOSOF

Bu kitabın müəllifi mənim dostumdur. Yazdığı bütün kitabları oxumuşam. Dünən telefonla danışdıq. Dedi ki, çətin bir əsər üzərində işləyir. Sonra həmin əsərdən parçalar oxudu. Əsərdə daha nələr var, deyə bilmərəm, amma 44 günlük müharibənin ən gənc qəhrəmanlarınnan birinə həsr olunmuş yazıdan parçalar mənə çox təsir etdi. Axşam bunları yazdım:

“Müharibə bitdi, müharibə davam edir: bir qazimiz özünü asıb, bir qazi minaya düşüb şəhid olub, bir şəhidimizin bacısının ürəyi partlayıb ölüb... bir şəhidimizin nişanlısı intihar edib... Müharibə bizə böyük uğur gətirsə də, torpaqlarımız azad olunsa da, millətimiz qəddini düzəldib xəcalətdən, töhmətdən çıxsa da... qan, ölüm və məyusluq da gətirdi. Üç minəcən şəhid evinə yas düşdü, bir o qədər qazimiz yaralıdır... Təxminən altı-yeddi il sonra ölkənin demoqrafik vəziyyətində ciddi çatışmammazlıqlar baş qaldıracaq. Minlərlə gənc qız ərsiz qalacaq. Birinci siniflərə şagirdlərin sayında ciddi azalma müşahidə ediləcək... Müharibə hələ on illərlə evlərdə, insan bədənlərində, məktəblərdə, mədəniyyətimizdə, ədəbiyyatımızda davam edəcək... Hələ neçə mina partlayacaq bundan sonra, neçə ömür yarıda qırılacaq...

Amma bir gerçəklik var: Azərbaycan əsgəri dünyaya car elədi ki, bizim xalqla hərb dilində danışanı hərb dilində də susdura bilər. Elə susdurdu da. 44 günlük müharibəmiz dünya hərb tarixinə bir səhifə kimi düşüb. İndi müharibəşünas tarixçilər bizim Vətən müharibəsinin dünya hərb tarixinə bəxş etdiyi yenilikləri incələməklə məşquldurlar.“

XOSROV QARABAĞLI

Şəhidlər Xiyabanına getmişdim. 19 yaşlı şəhidimizin məzarını ziyarət edib qayıdırdım ki, bir nəfər mənə yanaşdı. Altmış yaşlarında bir polkovnik idi. Gözləri dolmuş halda dedi:

- Professor, məndə sizə çatacaq bir əmanət var. Cəbrayıl mənim oğlumla dost idi. İkisi də bir taborda döyüşürdülər. Cəbrayıl şəhid olanda oğlum gətirmişdi cənazəsini. Bu qədimi xəncəri mənə verib dedi ki, bir alim var, Xosrov Qarabağlı... Cəbrayıl gözlərini yumanda dedi ki, üstümdə xəncər var, hansısa qaçağın yadigarıdır... Aparıb Xosrov Qarabağlıya verərsiniz... Bir də deyin ki, o xəncərlə neçə-neçə düşməni məhv etmişəm...

Məni ağlamaq tutdu. Polkovnik də ağladı və bir az aralıdakı məzarı göstərdi:

- Cəbrayıldan bir həftə sonra oğlum da şəhid oldu... Bu da onun məzarıdır...

Əllərimi açıb hər iki dosta, bir az aralıdakı general Polad Həşimova və cəmi şəhidlərə dua oxudum. Sonra 100 ilin əmanətini də götürüb Xiyabanı tərk etdim.

Tarix türkün dastanını bu kiçik xəncərlə Qarabağda, Qafqazda yenidən yazdı... Yeni dastanımız mübarək olsun...

EPİLOQ

Bir dəstə göyərçin hər səhər Qurd qapısı tərəfə - 2-ci Şəhidlər Xiyabanına - uçar, Xiyabanın üstündə dövrə vurar, qanadlarını bir an saxlayıb sanki nələrsə duyurar, daha yuxarı qalxaraq fırlanar, fırlanarlar. Sonra qəbirlərdən birinin üstünə enib alçaqdan uçuşar, sanki yenə nələrsə anlatmaq istəyərlər. (Kimsə deyirmiş ki, burada yatan şəhidlərdən birinin göyərçinləri imiş bunlar. O, burada dəfn olunannan sonra hər gün bir dəfə bura baş çəkər, məzarlığın üstündə qanad gərib uçuşar, uçuşar, uçuşardılar.) Aşağıda hələ tək-tək məzarıstana gələn başı örpəkliləri görüncə bir az da ucalara qalxar, göy üzünü ağ nöqtələr kimi bəzəyər və oradan yerə boylanıb qanadlarını şaqqıldadar, ölüm ilgəyi vurar, sonra göyün ənginliklərinə qalxıb yox olarlar.

...Göyərçinlər uçub gedib. Ziyarətçilərin də sırası seyrəlir axşama doğru. Sonuncu ziyarətçi xiyabanı tərk edəndən sonra qara geyimdə, sarı saçları omuzuna tökülən bir qız qəfil Xiyabana girir. Girəcəkdə dayanıb salavat çevirir. Dua oxuduqdan sonra addım-addım Cəbrayılın məzarına yönəlir.

“Sənə çiçək gətirmədim. Özümü gətirdim. Çiçək almaq oğlanların işi. Bu haqqına girə bilmərəm. Sən mənimçün heç ölmədin ki. Amma mənim də olmadın... Dedin səninəm, amma ölkənin, dövlətin, xalqın, millətin oldun... Mənsə tək mənim olmağını istəyirdim... Sənsə hamının oldun... Neynək, o hamıdan biri də mən olum... Tək gəlirəm ki, hamının içində məni seçə bilməzsən... Haçan gəlməsəm, bil ki, səhərlər gələn göyərçinlərdən birinə dönmüşəm. Göyərçin qanadlarımla qucacam, sarı dimdiyimlə öpəcəm məzarını, ruhunu... Mənim igidim, qəhrəmanım... Əfsanəm, Cəbrayılım... Sən indi əfsanəyə dönmüsən. Cəbrayıl Əfsanəsinə... Yeni adın, yeni ünvanın mübarək, igidim..."

Oktyabr 2020 – fevral 2021

Son

# 3339 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #