Dayı, nə yaxşı bu yaşda davaya gəlmisən? - Cəbrayıl Dövlətzadə haqqında roman

Dayı, nə yaxşı bu yaşda davaya gəlmisən? - Cəbrayıl Dövlətzadə haqqında roman
21 may 2021
# 09:02

Əvvəli burda

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

On səkkizinci səs

YUMSATANIN TƏK TİRAJLI KİTABÇASINNAN

M.C.BAĞIROV BARTAZ MEŞƏSİNDƏ

Qaçaq İsrafilin dəstəsini çox axtarmaq lazım gəlmədi. Sobudakı dostları onu gizli yolla İsrafilin dəstəsinin gizləndiyi Pəri Bartaza apardıdar. Bir tikə çörək yeyib dərdləşməyə başlamışdılar, keşikçi qaça-qaça gəlib dedi ki, həm Sobudan, həm də Bartazdan milislərlə rus əsgərləri bizi üzük qaşı kmi mühasirəyə alıb. Fərzalı üzünü Qaçaq İsrafilə tutub dedi:

- Mənim adamlarımdan beşi Sobudadır. Yüz tüfəng, çoxlu patronumuz da var. At-qatır götürüb təcili Sobuya enin.

Söz Fərzalının ağzından çıxan kimi başqa bir keşikçi gəlib dedi ki, bolşeviklər Fərzalı ilə danışmaq istəyirlər…

HAŞİYƏ. O vaxt Azərbayjan FK-nın sədri M.C.Bağırov şəxsən özü qaçqınların üzə çıxmasında maraqlı idi. Göndərdiyi elçilərlə məşhur qaçaqlara sifariş edirdi ki, silahı yerə qoyub təslim olsunlar, onlara toxunulmayacaq. Xanlar Bayramovun «Samuxlu Qaçaq Məmmədqasım» kitabında Məmmədqasımın xatirələri verilib. Məmmədqasımın dəstəsinin fəaliyyətinnən qorxuya düşən dövlət yetkililərinin həyacanını buradan daha aydın görmək olar: “Lavrenti Beriyanın Tiflisdən M.C.Bağırova göndərdiyi teleqramda deyilirdi: «Gələn məlumatlardan bəlli olur ki, Zaqatala-Nuxa dairəsində üsyançılar partizan hərəkatına keçərək hərəkət edən hərbi hissələrin arxasınnan şəhər və kəndləri ələ keçirirlər. Üsyançıların partizan hərəkatı formasında fəaliyyəti ona görə mümkün olur ki, onlardan geri alınan kəndlər möhkəmləndirilmir və ordu getdikdən sonra müdafiəsiz qalır»

Daha sonra Qaçaq Məmmədqasım xatırlayırmış: “Bağırov başının dəstəsini, silahını bu üzdə qoyub bərə ilə əliyalın Kürün o tayına keçir. Meşədə hər ağacın başında Qaçaq Məmmədqasımın bir adamı var imiş. Qaçaq Məmmədqasım Mir Cəfəri səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, Mir Cəfər Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox, özünü təkəbbürlü aparsa, davamız davadır”.

Süfrə açılır, yeməklər ortaya gəlir. Bağırov “bismillah” deyib çörək kəsir. Hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri- silahsız, adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı heyrətə gətitir, onun qeyrət damarlarını oyandırır. Qəlbinnən belə bir hiss keçir: "Mir Cəfər Bağırov mənnən də qoçaq və qorxmazdır".

Mir Cəfər Bağırov isə ona deyir: “Məmmədqasım, indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın, nə də dövlətin düşmənisən. Arada zəhmətkeş insanlara ziyan vurursan. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək ki, yaşamaq üçün istər-istəməz kəndləri talamlısan. Xalqın ununu, dənini, mal-qoyununu örüşdən və ya qapısınnan çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl, səni Gəncədə, Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum”.

Qaçaq Məmmədqasımın Mir Cəfərə cavabı belə olur: “Yoldaş Bağırov, bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansısa bir vəzifəyə qoysanız da, düşmənlərim rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin”.

Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, “onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstənnən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç”.

Onlar görüşüb ayrılırlar. Bağırov bərə ilə keçib geri qayıdır, Qaçaq Məmməadqasım isə kiçik bir dəstə ilə Türkiyəyə adlayır.

Daha bir maraqlı fakt Teyyub Qurbanın «Düşmənlərinnən güclü şəxsiyyət» kitabında verilib. Bağırovun istintaq materiallarını və məhkəməsinin sənədlərini araşdıran müəlif yazır:

«Məhkəmədə şahid Orucov belə nəql edir: «1920-ci ildən sonra Bağırov Bakıda Azərbayjan FK-nın sədri idi, onun katibi isə mənim dayım oğlu Hacıağa Şahverdiyev idi. Şahverdiyev Bağırovla ən yaxın dost idilər. Biz üçümüz birlikdə Quba şəhərindəki şəhər məktəbində oxumuşduq.

1922-ci ildə mən Bakıya getdim və Şahverdiyevin evinə düşdüm. Bir dəfə işdən qayıdannan sonra Şahverdiyev mənə dedi ki, Bağırov səni yanına çağırır. Ertəsi günü mən Hacıağa Şahverdiyevlə birlikdə Azərbayjan FK-ya Bağırovun yanına getdim. Bağırovla biz köhnə dost kimi görüşdük. O, məni çox yaxşı qarşıladı. Söhbət əsnasında Bağırov mənnən soruşdu ki, Əli bəy Zizikskini xatırlayırsanmı?

Mən cavab verdim ki, çox yaxşı yadımdadır.

Bir qədərdən sonra Qəni adlı mühafizəçi bildirdi ki, «onlar» gəliblər. Bağırov gələnləri içəri buraxmaq barədə göstəriş verdi. Bağırovun otağına bir-birinin ardınca keçmiş Quba bəylərinnən Şıxlarskinin qohumu Bəybala bəy Alpanski, Bağırovun qubalı dostlarınnan Əli bəy Zizikskinin qohumu tacir Hacıbala Məmmədyarov, eləcə də Əli bəy Zizikski daxil oldular.

Onlar otağa daxil olanda Bağırov ayağa qalxıb qonaqları qarşıladı, hər biri ilə mehribanlıqla görüşdü, Əli bəy Zizikski ilə hətta öpüşdü.

Söhbət zamanı Bağırov ərklə bildirdi ki, sən nə üçün gizlənirsən, özünü alçaldırsan? Bilirsən ki, mən burada işləyirəm.

Əli bəy gözləri yaşarmış halda Bağırova bildirdi ki, onu həbs etməklə qorxudubmuşlar, ona görə də gizlənib. Bağırov o dəqiqə Əli bəy Zizikskinin üzə çıxması üçün sənədlər hazırlamağı Şahverdiyevə tapşırdı. Elə həmin otaqdaca Şahverdiyev sənədləri hazırladı. Bağırov sənədi imzalayıb möhür vurdu. Həmin sənədi Zizikskiyə verib dedi: «Bu sənədə əsasən sən Azərbaycanın harasında istəsən yaşaya bilərsən. Nə qədər ki, mən burada – FK-da işləyirəm, sən heç bir şey üçün narahat olma».

Doğrudan da, Cümhuriyyət dövründə parlament üzvü olmuş, Quba qəza komissarı, qaçaq dəstələrinin ilham mənbəyi, Qubada erməni qırğınlarının qarşısını alan Əli bəy Zizikski sonrakı illər ərzində Bakıda maneəsiz yaşayıb, hətta mülkünün kirayə pulu ilə dolanmışdır.

Bəli, Bağırovun bu sahədə müstəsna xidmətləri olub.

***

Çöpədərə kəndinnən MƏHƏRRƏM MÜƏLLİM xatırlayırdı: «Mir Cəfər Bağırov Bartaza gəlir. Məqsədi Qaçaq Fərzalı ilə görüşmək imiş. Yolda eşşəyə qaratikan yükləmiş bir kişiyə rast gəlir. Kişinin əyni-başı yaman gündə imiş - qaratikan paltarını didik-didik eləmişdi. Bağırov soruşur:

- Fərzalı tanıyırsan?

Kişi qayıdır ki:

- Onu tanımıyana lənət!

Deyir:

- Üzbəsurət görmüsən onu?

Cavab verir:

- Yaxşı igidin adını eşit, üzünü görməsən də olar.

Deyir:

- Yaxşılığın nədə görmüsən?

Qayıdır ki:

- Başının türk sanı erməni qırıb, indi də urusu qırır.

Deyir:

- Deyirlər arvadbazdı axı.

Cavab verir ki:

- Kişinin bazına qurban olum?

Tərs-tərs baxır:

- Paltarın niyə cırıqdı?

Gülüb deyir:

- Ayğırın çulu cırıq olar.

Bağırov hirslə maşının qapısını çırpıb dağlara tərəf sürdürür.

***

Sonralar Qaçaq İsrafil xatırlayırmış (bunu da mərhum sobulu Ağalar kişidən eşitmişəm):

«Biz hamımız mövqe tutub Fərzalı ilə Bağırovun görüşünün nəticələrini gözləyirdik. Mən nisbətən onlara yaxın yerdə idim. Onu deyim ki, Bağırov gələnə yaxın bizi mühasirəyə alan orduya və milislərə geri qayıtmaq əmri vermişdi. Özü də mühafizəsiz-zadsız elə şoferi ilə gəlmişdi görüşə… Fərzalı da, Bağırov da alçaqdan danışırdılar deyin bir şey başa düşmürdüm. Bir az sonra ikisi də səsini qaldırdı.

- Sən axı bu boyda rus qoşununun qabağında nə edəcəksən?!

- İndiyənəcən etdiyimi!

- Fərzalı, bu ucu-bucağı görünməyən rus ordusudur e! O boyda Osmanlı qabağında dura bilmədi, sən necə duracaqsan?!

- Sən bizim dərdimizi çəkmə. Heç Osmanlının da dərdini çəkmə…

- Zəngilanda rus qoşununun sayı-hesabı yoxdur. Qabaqlarını bu gün mən kəsmişəm. Sabah bu meşədə bir ağaca bir soldat olacaq…

- Biz də bu meşədəki ağacların yarpağının sayı qədər patron işlədəjəyik.

Bağırov başını bulayıb:

- Heyf! Mən səni üzə çıxarmaq istəyirdim. Zəngilan milisinə başçı qoyacaydıq səni…

- Gördüm, Bəhlul Behjəti də üzə çıxardınız… Zindanlarda çürüyür…

… Səhəri gün Sobu meşələrində doğrudan da qoşunun sayı-hesabı yox imiş. Fərzalıgil otuz qaçaqla 600 nəfərlik rus qoşununun yarışını qırır. Amma İsrafilin ağır yaralanması qaçaqları meşənin içərilərinə doğru çəkilməyə məjbur edir.

TƏSLİM

İsrafil yaralanır. Qaçaqlardan bir neçəsi gülləyə tuş gəlir. Üstəlik, Bağırov özü iltimasa gəlib. Belə bir vaxtda Gəncinskidən xəbər gəlir. “Artıq ordu, milis və rayon rəhbərliyi Mərkəzin göstərişi ilə qərar qəbun ediblər: əgər Fərzalı bir həftə müddətinə təslim olmasa, onun öz kəndi Qaradərə - Taydolaq Baharlı, üstəlik, o biri baharlılar da, yəni Muğadəm Baharlısı və Keçəllər sürgün olunacaq…

Həsənqulu da eyni xəbəri göndərir. Gecəynən Məmmədqulu da özünü yetirir ki, bəs dayı, gizli qərar qəbul edilib. Bizi sürgün edəcəklər…

Səhəri Fərzalı bütün qaçaqları toplayır və deyir:

- Dağılışın evinizə! Həvəsdi, bəsdi.. Söz veriblər, mən təslim olsam, sizə toxunmayacaqlar…

Qaçaqların ciddi etirazlarına baxmayaraq, Fərzalı qərarından dönmür…

Bacısı oğlu Məmmədqulu xatırlayırmış:

- 1928-ci ilin payızıydı. Dayım Sobudan enib gəldi. Xalanəvəmiz Gülxanımın qızı olmuşdu. “Adını Gülvar” qoyun dedi. Sonra hamımızı yığıb xudafizləşdi. Atını minib geri qanrılıb baxmadan rayon mərkəzinə - Pirçivana getdi… Bütün kənd yas içindəydi. Hiss eləmişdik ki, bu son gedişdir…

***

Bacısı qızı İzafənin xatirələrinnən: “Dayım tutulannan 3-4 ay keçmişdi. Bir gün dayımın qızı Təzəgüllə həyətdə oturub qəmgin halda ozalanırdıq. Birdən bir qızılquş qapımızdakı ağaca qonub səslənməyə başladı. Təzəgül ayağa qalxıb dayımın dilincən onu çağırdı. (Dayımın qızılquşu çağırmağını eşitmişdi) Quş gəlib qızın qolunun üstünə qondu, qıyya çəkdi. Biz quşun dayımın quşu olduğunu bilib ağlaşdıq. O gecə ilan vuran yatdı, biz yata bilmədik.”

AŞIQ ZƏMANƏ ÇALAR...

…Otuzuncu illər imiş. Adlı-sanlı bir aşıq atını həmişə sürdüyü Qaradərəyə səyirdir, elə məşhur dəyirman qabağındaca sazını köynəyinnən çıxardıb “Xətai” havası üstündə “Qoluu boynuma dola gəlmişəm” mətləli qoşma oxuyur. Həmişə belə edəndə təkcə kəndin yox e, bütün elin sayılıb-seçilən adamı, onun sazının səsini uzaqdan tanıyan Qaçaq Fərzalı qabağına adam göndərərmiş. Amma bu dəfə aşıq ha çalır, ha çağırır, bir xəbər-ətər gəlmir. Hannan-hana bir uşaq aşığa yaxınlaşır. Kişinin qırışığı açılır ki, aha, deyəsən, gələn var.

Uşaq aşığı heç saymır da, eləcənə qarğı atını səyirdir. Yorğun aşıq qayıdır ki, ay uşaq, atım acdır, ona bir az saman gətirərsənmi? Uşaq deyir, gətirərəm, amma gərək mənimçün bir ağız oxuyasan. Həə, aşıq sazını bağrına basıb yana-yana oxuyur:

Aşıq zəmanə çalar,
Halım zəmanə çalar.
Min tümənə çalmayan,
Bir torba samana çalar…

On doqquzuncu səs

MÜƏLLİF

Bilmirəm, bir şeyə fikir verdinizmi? Tam yüz il qabaq, İkinci Erməni-Müsəlman davası zamanı da yolxucu xəstəlik yayılmışdı, indi də. O vaxt vəba idi, indi korona virusdur. Tam bir tarix təkrarlanması. Biz bu millətlə 21-ci əsrdə məsələni birdəfəlik həll etməsək, sonra işimiz çətin olacaq.

Millətimiz sübut etdi ki, hətta korona viris kimi bir gözəgörünməz düşmənnən belə qorxmadan bu rəzillərin üzərinə gedib, onları tar-mar etməyə qadirdir...

Əslində, ən böyük vəba da, korona virus da elə bu murdar xislətə malik düşmənlərimizdir...

CƏBRAYIL

Bronojilet 15 kilo, 10 daraq, 6 qumbara, beş-altı da “muxa”, bu da bir cür qumbaradır, arxamda da yük torbası içi silah-sursatla dolu; biz o torbaya yemək, su qoymurduq, döyüş zamanı bizə yemək kömək eləmir, əsas silahdır, sursatdır...

Murovun min ildir əriməyən, üst-üstə yağan qarını yara-yara gedirik. Bax, o dağ ki var, orda erməni postudur. Nədənsə, oranı çox qoruyurlar. Bir minaatanları var, başımıza minanı səhər-axşam yağdırır. Bu zibil də yaman axmaq silahdır. Yanına düşdümü, qəlpəsi bədənini dəlmə-deşik edəcək. Olar ki, ölməyəsən. Amma yarımcan olarsan. Nə qədər uşaq kantuziya alıb, nə qədəri nitqini itirib, gözünnən olan var bu minamyot qəlpəsinnən... İndi yolumuz oradır. O yüksəklikdəki səngərə girə bilsək, qalanı asandır. Əsas odur ki, bizi uzaqdan hiss edib minamyot atəşinə tutmasınlar...

Bir yazıçı demişdim e, radioda “Ağatlı oğlan” verilişinə məni yazan. Yoox, TUMSATAN yox, YAZIÇI deyirəm. Hə burada onun qəhrəmanları ilə görüşmüşəm. Tam bir təsadüf. Uzun caydax biridir, olar əlli yaşlarında. Dedim, dayı, sən nə yaxşı bu yaşda davaya gəlmisən?

“A bala, sənin bu Dursun əmin başının tükü sanı erməni öldürüb... Eynən bizim dağların qaçağı Qaçaq Fərzalı kimi neçə il dağlarda yaşadım, çadırda, yeraltı qazmada yatdım, ermənini kəndimə, rayonuma buraxmadım... Axırı da heylə oldu... Laçın, Şuşa getdi, Qubadlı getdi, Füzuli, Ağdam getdi... Cəbrayıl getdi... Qaldıq mühasirədə Araza toxuyub keçdik o taynan gəldik Bakıya... İndi qaşqınıx... Gəlmişəm ki, o vaxt eliyə bilmədiyimi indi eliyim... Elə beş erməni öldürsəm, bəsimdi...”

Bir az da qurdalayannan sonra bilmişəm ki, bu Dursun, radioda işləyən o YAZIÇI vardı ha, bax onun mənə verdiyi kitabının qəhrəmanıymış... Xosrov, Dursun, Hafiz müəllim, Yapon Səməd, Səkinə*... Mən də elə bilmişəm, bu adlar yazıçının uydurmasıymış... Demiyəsən, həyatda varmış onlar. İndi o romanın qəhrəmanı Dursun hər şeyini atıb gəlib bura – Murovda düşmənlə döyüşür. Özü də kəşfiyyat taqımındaymış...

Gecə məni yanına çağırdı. Siqaretdən saralmış bığlarını tumarlayıb dedi:

- Mənə danışdılar ki, bizim tərəflərdənsən... Yaşın-başın az olsa da, Bəhlul Əfəndini, Qaçaq Fərzalını, Sultan bəyi tanıyırmışsan... Mən davaya gedəndə sənnən də kiçik idim... Heç on yeddi yaşım yoxuydu... Biz tərəflərin məşhur alimi var e, Xosrov Qarabağlı, bax, mən onunla bir sinifdə oxumuşam. Haqqımızda kitab-zad da yazılıb, bəlkə irastıa çıxıb, oxumusan... Həəə... Sözüm ondadı ki, Xosrovun bir qolu müharibədə zədə alıb, işləmir... Ona görə müharibəyə gedə bilmədi. Əmbə məni yola salmağa gələndə bax bu xançalı gətirmişdi... (Kişi yanınnan asılan xəncəri qınınnan çıxardıb yerə qoyur – Müəllif.) Hə, dedi ki, bu xançal Fərzalının yadigarıdı... Amma təkcə Fərzalının dəyil ki... Mını Fərzalının oğlunun sünnət toyunda Nuru Paşa uşağa yadigar veripmiş... Qızıl suyuna çəkilmədir... Hardansa gəlib düşüb Xosrov müəllimin əlinə... O da ağlaya-ağlaya maa verdi ki, qoy sənnən getsin, lazım olanda düşmana ən son zərbəni bununla vurarsan... Böyün maa sənin göstərdiyin rəşadətdən danışdılar. Hamı deyir ki, bir zəngilanlı balası bu gün düşmana qan uddurub...

Bax, ay Cəbrayıl, mən yaşlı adamam, həm də bir böyrəyim də yoxdur... Olar ki, bu dağda-daşda şəhid olub qalam... Kəşfiyyatçıların, adətən məzarı olmur ha. Mühasirəyə düşsək, atışıb öləciyik, meyidimiz də ələ gəlmiyəcək... İstəmirəm ki, bu amanat it-bata düşsün. Mən də saa bağışlayıram. Lazım olar, əlbəyaxa döyüşdə-zadda işlədərsən... Sağ qalsan, geri dönəndə aparıb Xosrov müəllimə, professor Xosrov Qarabağlıya verərsən...

Kişi bunu deyib kövrəlir və mənim də gözlərim dolur...

Səhərə yaxın biz yola çıxanda Dursun dayıgil artıq getmişdilər. O kişini görmək də xoş oldu. Müsbət enerji axdı mənə o adamnan. Gücüm, qüvvəm birə beş artdı. İndi bu yüz illərin qarını xırtıldada-xırtıldada irəlilədikcə Dursun kişini düşünmək, akınçıları yada salmaq, Qaçaq Fərzalını, Bəhlul əfəndini yanında hiss etmək kimi bir duyğu içərisində ayağım yerdən üzülür, sanki PUA-lar kimi, akınçı süvariləri kimi göylə uçuram... Bir də baxıram ki, arxadan məni təqib edən yoldaşlarımnan xeyli aralanmışam...

DURSUN KİŞİ

Pəh! Burda, dünyanın qurtaracağı kimi bir yerdə gör kimlə rastlaşmışam... Öz gəncliyimlə - Cəbrayıl adlı sütül bir oğlanla. Bir neçə dəqiqənin içində nə qədər yaxın olduq, ilahi! O danışdıqca qalxıb qucaqlamaq, o gözəl gözlərinnən öpmək istəyirdim... Xudaya pərvərdigara, səni tanımayan kafərdir... Mənə dayı deyəndə afatım uşdu... Dayı ha!.. Hə də hesabla: torpağımız işğal olunanda 17 yaşım vardı. İyirmi yeddi il də qaşqınnıx. 44 elədi... Nəsimi kinosunda necə deyir? 44 də gəl üstünə zindanlarda yatdığım vaxtlar... İndi mənim də 44 yox, bəlkə bir heylə də artıx yaşım olar. Yəni tam 88. Nə gördüm axı bu dünyada? Kəndim-kəsəyim talan olmuş, qaşqın-köşkünə dönmüşəm, ailəm yox, uşağım yox, avara-sərkərdanam. Anam demişkən, qəribanam...

Və belə bir vaxtda müharibə başladı. Şükür kərəminə, xudaya! İki gündü dava başlayıb, ermənini çəyirtkə kimi qırırıx!.. Bu da o tərəfə, bu gənc oğlan çıxdı qənşərimə, maa Qaçax Fərzalıdan, Sultan bəydən, Bəhlul əfəndidən danışdı, bizi kitaba salan YAZIÇIDAN bəhs elədi... Ruhum təzələndi... İndi bu gecə gözü kəşfiyyata gedirəm uşaxlarla. Qayıtmağım qismət olsa, o uşağı tapım gərək, icazə istəyim, alnınnan öpüm... Elə bil kəndimi, elimi, obamı gördüm onu görəndə... Xostana zəng eləmişəm. Deyirəm, bəs ayə, belə-filan. Cəbrayıl adlı birisi var burda... Sonra ağlamaq tutdu məni. O da o başdan ağlayır... Deyir, ay Dursun, özünü də qoru, o uşaxdan da muğayat ol, sən canın....... Dedim, əyə, professor, amanatını da ona vermişəm... Başıma bir iş gəlsə, gətirib saa verəcəy...

Ya allah, fikir məni aparıb, geridə qalmışam. Kəşfiyyatdan qayıdım, bir də görüşərik inşallah...

---

*Yazıçının “Kuma-manıç çökəkliyi” romanının qəhrəmanları.

Ardı var

# 3721 dəfə oxunub

Oxşar xəbərlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
# # #