news-inner
clock09:01 calendar-gray 21 Aprel 2021 view-gray1155 dəfə oxunub
view-gray1155 dəfə oxunub

Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə

Kulis.az yazıçı Şərif Ağayarın İctimai Televiziyanın “Ozan məclisi” verilişinin aparıcısı Qorxmaz Tofiqoğlu ilə Aşıq Əlsəgər mövzusunda söhbətini təqdim edir.

- Aşıq Ələsgərin 200 illiyi ilə bağlı sərəncam sizə necə təsir etdi?

- Əvvəla, dəvətə görə çox sağ olun. Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi aşıq sənəti üçün də, Azərbaycan ədəbiyyatı üçün də çox möhtəşəm bir hadisədir. Aşıq Ələsgəri sadəcə bir aşıq kimi təqdim etmək onun ədəbiyyatdakı yerinə qarşı haqsızlıqdı. Prezidentin yubileylə bağlı Sərəncamı da onu göstərir ki, aşıq sənəti dövlətin mədəniyyət siyasətinin tərkib hissəsidir və dövlətin aşıq sənətinə qayğısı var. Bəzən, bu sənəti elat sənəti, tərəkəmə sənəti, elitadan uzaq bir sənət kimi təqdim etmək istəyənlər olub. Bu sərəncam onu göstərdi ki, aşıq sənəti çox ciddi bir sənətdir və ən əsası xalqın milli kimliyidir, bir etnosun musiqi təfəkkürünün başlanğıcıdır.

- Həm də sizin kimi bu sənət üçün əziyyət çəkənlərə mənəvi dəstəkdir...

- Həmçinin aşıqlara da çox ciddi bir mesajdır: işinizdən möhkəm yapışın, ciddi olun, öz üzərinizdə işləyin, sizin də sənətiniz qiymətləndiriləcək! Düşünürəm ki, bu, aşıq sənətinə böyük stimul olacaq.

- Mənə elə gəlir, sazın UNESCO mədəni irs siyahısına daxil olunmasından sonra ikinci böyük hadisə elə bu sərəncamdır.

- Həm də cənab prezidentin bu sərəncamı ilk deyil. Bundan öncə Aşıq Şəmşirin də yubileyi haqqında sərəncam vermişdi.

- Sizin Aşıq Ələsgərlə bağlı xüsusi bir verilişiniz də olub. Necə oldu belə bir ideya yarandı, verilişə gələn aşıqlar sizi qane etdimi?

- Nə mənim o verilişim, nə də hansısa aşığın çıxışı Aşıq Ələsgərin böyüklüyünə çata bilməz. Etiraf edirəm ki, onun böyüklüyü ilə ayaqlaşa bilmədik, amma ən azından cəhd etdik. Üzərimizdə işləyib yubileylə bağlı mütləq bir veriliş ərsəyə gətirməyə çalışacağıq. Ağ Aşıq, Aşıq Alı, daha sonra Aşıq Ələsgər... Bəs bu zəncir indi niyə davam eləmir? Niyə qırıldı? Bunu araşdırmağa çalışacağıq.

- Niyə qırıldı?

- Qafqaza ermənilərin köçürülməsi, irfan sənəti ilə məşğul olanların sıxışdırılması, “aşiq” sözünün “aşıq”la əvəz olunması... Bu, təkcə ad dəyişməsi deyil, həm də öhdəliyin dəyişməsidir. Missiya dəyişəndə, avtomatik olaraq zəncir qırılır. İfaçılığın, xüsusən, solo ifaçılığın önə çıxması yaradıcılığa mənfi təsir edə bilir.

- Klassik aşıq epoxasının Qurbani ilə başlayıb Ələsgərlə bitdiyini deyənlər var. Aşıq Ələsgər doğrudanmı sonuncu mogikan idi? Düzdü, ondan sonra Bozalqanlı, Dədə Şəmşir var, amma onlar, elə bil, Ələsgərin təsirində idilər. Siz bununla bağlı nə düşünürsünüz?

- Məmməd Aslan deyir ki,

Haçan səni içsəm, nuram,
Sən ki, varsan, demək varam!
Dağa çıxdım, daxma quram,
Gördüm, qala yapıbsanmış

Əslində, məsələ budur ki, digər aşıqlar Ələsgər zirvəsindən abır eləyir. Bu gün də bəlkə o cür istedadlı aşıq var, amma artıq təqdim etmək modeli, üslubu o qədər dəyişib ki, həmin o istedadlı aşıq düzgün təqdimetmə metodunu seçə bilmir. Hər halda Aşıq Ələsgər dövründə auditoriyanın da böyük marağı var idi.

- Kino, teatr, televiziya, sosial şəbəkələr... Yəqin, bunların hamısı həmin marağın azalmasına səbəb olub. Aşıq Ələsgər isə yəqin Ağkilsə kəndində yaşayan insanların yeganə mədəni istirahəti idi.

- Bəli. Aşıq həm də informasiya daşıyıcısı idi. Bu gün Aşıq Ələsgərin şeirini digər aşıqlar ya yazmaq istəmir, ya da yaza bilmir, çünki şeir tərəfi güclü deyil, musiqinin, avazının qeydinə qalır.

- Bu mövzü həm də deyəsən sizin tədqiqatınızın, elmi işinizin mövzusudur.

- “Aşıq sənətinin ekran sublimasiyası”. Bu mövzu mənim rəhmətlik elmi rəhbərim professor Aydın Dadaşovun mənim üçün seçdiyi mövzudur. Bu mövzu Azərbaycanda ilk dəfə işlənir. Ən böyük problem isə material azlığıdır. İlk lent yazısı 1938-ci ilə aiddir, ondan sonra da elə çox kadr yoxdur.

- Aşıq Ələsgərin çalğısı ilə bağlı heç bir məlumata rast gəlmirik. Bunun səbəbi nədir?

- Bəlkə də onda ifadan daha çox deyilən sözün hikmətinə fikir verirmişlər. O vaxt dinləyicilər aşığa filan ifanı niyə belə oxudun, niyə elə çaldın deməzdilər. Onda aşığın statusu tamam fərqli idi. Haşiyəyə çıxıb bir hadisə danışım. Aşıq Ələsgərin məşhur Amasiya səfəri, orada Aşıq Nəsiblə deyişməsi var. Nəsib deyirmiş, aşığın gözü görməməlidir. Deməli, Aşıq Ələsgər kəndə gələndə kəndin girəcəyində uşaqların oynadığını görür. Uşaqlardan soruşur ki, a bala, bu kənddə məni kim qonaq eləyər? Uşaqlardan biri Ələsgərin sazını göstərib soruşur ki, aşıqsanmı? Deyir, hə. Uşaq barmağını Ələsgərin gözünə tərəf uzadır. Ələsgər deyir, ay bala, gözümü niyə çıxarırsan? Uşaq soruşur ki, görürsən? Bəs Aşıq Nəsib deyir, aşıq görməz. Yəni, qaydanı aşıq təyin eləyirdi, dəbi o müəyyənləşdirirdi. Hamı da uşaqlı-böyüklü ona inanırdı. Ələsgər sadəcə aşıq deyildi, ağsaqqal idi, kəndin problemlərini həll edirdi, məsləhətlər verirdi, ona görə də heç kim onun ifasına nəsə söz demirdi, özü necə istəsə elə ifa edirdi. Diktə edən tərəf aşıq idi, dinləyici yox. İndi vəziyyət dəyişib.

- Aşıq Ələsgərin bir fotosunun olduğu da ehtimal olunur. Dəli Alının bacısının oğlu Zeynalabdinin toyunda iştirak etdiyi və orada şəklinin çəkildiyi deyilir. Guya həmin foto Leninqrad muzeyinə aparılıb...

- Bununla bağlı məsələ belədir. Çar Nikolayın xanımı Dəli Alı haqqında eşidəndə saraydakılara deyir, niyə sadə kənd adamının üstünə bu qədər qoşun göndərirsiniz? Deyirlər, bacarmırıq, çox çətindir. Bu cavabdan sonra Dəli Alı çarın xanımının marağına səbəb olur və Qafqaza getmək, onu görmək qərarına gəlir. Deyirlər, ora getmək sizin üçün təhlükəlidir. Qadın inad edir. Məcbur qalıb həmin toya fotoqraf göndərirlər ki, Dəli Alının şəklini çəksin. Deyilənə görə, o şəkillərdən birində də Aşıq Alıyla Ələsgər yanaşı durublar. Ancaq o foto varmı, yoxmu, hələ də bilinmir. Şair Ənvər Rzanın bir şeiri var, orada təəssüflər deyir ki, muzeydə şəkli axtarıb və tapa bilməyib.


Aşıq Əlsəgərin Ağkilsə kəndində öz əli ilə tikdiyi ev

- Hətta Ələsgərin səsinin də o arxivlərdə olma ehtimalı var.

- Səslə bağlı hansısa hadisə, məlumat yoxdur, amma ikinci bir şəkil haqqında danışım. Ələsgərin balaca oğlu biyara getmədiyi üçün kəndin koxası tərəfindən döyülür. Bunu eşidən Ələsgərin böyük oğlu Bəşir koxanın qabağını kəsir. Bəşir də dəliqanlı olub deyə koxa qorxur, üzr istəyir, deyir, bir səhvdir eləmişəm. Bəşir deyir, yox, mən də bir səhv eləyib bir güllə atacam, əgər salamat qalsan, sənin qismətin, yox, qalmasan, əvəz-əvəz olar. Gülləni atır və koxanı vurur. Aşıq Ələsgər uzun müddət türkəçarə ilə koxanı sağaldır, amma oğlu Bəşir qaçaq düşür. Hökumət gəlib oğlu Əbdüləzimi və bir neçə digər qohumunu tutub Tiflis qalasına göndərirlər. Deyilənə görə, Ələsgər onların dalınca gedir, müəyyən tanışlıqla-filan onları ordan xilas edir. Səfər zamanı Tiflisdə bir şəkil çəkdiriblər. Ustadın oğlu Talıb kişi xatirələrində deyirmiş ki, dədəm səbir eləyə bilmədi. O vaxt şəkli 5 dəqiqəyə çıxarıb vermirdilər, bəlkə də bir-iki gün lazım idi və vaxt olmadığı üçün o şəkil də orda qalıb.

- Yəqin, heç onun təbiətində şəkil çəkdirməyə həvəs olmayıb.

- Bəlkə də. Ələsgərin şəklinin qalmaması onu bizim təsəvvürümüzdə daha maraqlı edir. Talıb kişinin nəvəsi Nailə xanım Aşıq Ələsgərin rəsmini çəkib. Nailə xanımın nənəsi, Aşıq Ələsgərin qardaşı qızı və gəlinidir. Nailə xanım o rəsmi nənəsinin göstərişləri ilə çəkib. Çünki o, Ələsgəri görmüşdü. Həm də daha çox Aşıq Talıbı nəzərdə tutub çəkiblər. Talıb kişi Ələsgərə çox bənzəyirmiş. Nailə xanım deyir, bir gün nənəm dedi ki, daha şəklə əl vurma, tam Ələsgərə oxşadı. O şəkli indi sosial şəbəkələrdə, saytlarda tapa bilərsiniz.

- Sazı sol əllə çaldığı da deyilir.

- Bəli, sol əllə çalıb. Ələsgərin şagirdlərindən biri olan Aşıq Ağayarın lent yazısı var, İslam Ələsgərov yazıb. Aşıq Ağayardan soruşur ki, doğrudanmı Aşıq Ələsgər yazıb-oxumağı bilmirdi? O da and içir ki, vallah oxuya bilmirdi. Soruşur, bəs onu toya, məclisə dəvət edəndə məktub yazırdılar, necə oxuyurdu? Deyir, oğlu Bəşirə verirdi, o oxuyurdu.

- Axı o ərəb hərflərini mənalandırırdı: “Əlif” qəddim döndəribsən “dal”a sən”. Hərfləri tanımadan bunları necə deyirdi?

- Məni də həmişə düşündürüb ki, bu insan əbcəd hesabını necə bilirdi, “Əlif-lam” şeirini necə yazmışdı? Şagirdi deyir, hamısını qulaq yaddaşı ilə bilirdi, yazırdı. Elə Ələsgərin öz şeirində də var: “Aşığın elmi ilə, helmi yarıdı”. Görünür, elm hardansa öyrəndiyindir, bir yerə qədərdir, helm isə həyatdan öyrəndiyindir.

- Ehtimal var ki, Aşıq Alının yanında 40 yaşacan “təriqət yolu” keçdiyi vaxt öyrənib.

- Bəlkə Aşıq Alı da yazıb-oxumağı bilmirmiş?

- Məncə, yox... Bəlkə, onu bilərəkdən savadsız təqdim edib “Allahsız bolşeviklər”dən qorumağa çalışıblar?

- Bu da ola bilər. Əliağa Vahiddə də təxminən bu baş vermişdi.

- İstəyirəm başqa bir suala keçək. Sizcə, Azərbaycan oxucusu Aşıq Ələsgəri tanıyırmı? Məşhurdur, buna söz yox, yaradıcılığını, əsl kimliyini bilirlərmi?

- Şübhəsiz, Ələsgərin xiridarları var. Amma düşünmürəm ki, cəmiyyət Ələsgəri xiridarlar qədər dərindən bilir. Axı bu, həm də mümkünsüzdür. Bu, elə siz yazıçılara da aiddir. Oxucular sizi istədiyiniz qədər və arzuladığınız səviyyədə oxuyurmu? Ənvər Rzanın bir misrası var, deyir, həssas oxucularım yaxşı şeirlərimin sayı qədərdir. Ələsgəri yüksək dərəcədə anlamağı sadə oxuculardan tələb etmək də düzgün olmaz.

- Mən intellektual baxımdan tamamilə dərk etsin demirəm, sadəcə, mənə elə gəlir ki, çoxluq ümumiyyətlə ondan xəbərsizdir. Ya da yaxşı tanımır. Hətta yazı-pozu əhlinin də bir qismi elə bilir ki, Ələsgər ancaq gözəlləri və təbiətə tərənnüm edib.

- Təəssüf ki, belədir. Xüsusən, gənc, modern düşüncəli yazı-pozu adamları klassikaya, aşıq sənətinə qeyri-ciddi baxırlar, amma elə deyil. Aşıq Ələsgərlə bağlı Hacı Loğman Qorqud Babacanlının 700 səhifəlik kitabı var. O kitab Ələsgərin şeirlərinin izahına, simvolikasına həsr olunub. Bu, Ələsgər yaradıcılığının ciddiyyətindən xəbər verir. Aşıq Ələsgərin şeirlərinin hər bəndinin azı bir saat şərh edilməyə ehtiyacı var.

- Elədir.

- Bir maraqlı fakt da deyim. Ələsgər qədər şeirlərinə bəstəkarlar tərəfindən müraciət olunan ikinci bir aşığımız yoxdur. Bəstəkarlar arasında isə ona Hacı Xanməmmədov qədər müraciət edəni yoxdur.

- Elə aşıqların da ən çox müraciət etdiyi aşıqdır.

- Mütləq şəkildə! Ələsgər bütün qatlarda favoritdir, öncüldür. Görünür, bu, bir az da taledir, onun qismətidir.

- Məncə, Ələsgərin irfaniliyi ilə yanaşı, həm də dünyəviliyi, bəşəriliyi var idi. Bu baxımdan onu Füzuli yox, Nizami ilə müqayisə etmək olar.

- Əslində, düşünürəm ki, Ələsgəri araşdıranlar, haqqında yazı yazanlar hər şeirində bir az ifrat dərəcədə çox irfan axtarırlar. Onu təbiəti, gözəlliyi tərənnüm edən şeirlərini də olduğu kimi qəbul etmək və sevmək lazımdır. Çünki hər şeydən əvvəl o şeirlərdə sənətkarlıq var.

- Onu fanatik səviyyədə sevənlər çoxdur. Bakıda evini Aşıq Ələsgər muzeyinə çevirən bir adam vardı...

- Bəli, Hüseyn kişi. Göyçə mahalındandır.

- Qohumu deyil?

- Xeyr, qohumu deyil, amma bəlkə də elə ən yaxın qohumu odur.

- O muzey haqqında bir az məlumat verə bilərsiniz?

- Üç otaqlı evdir, Montində yerləşir. Binanın 4-cü mərtəbəsindədir. Hətta, Aşıq Ələsgərin yekə bir portretini də binanın çölündən asıb, heç kim də buna etiraz eləmir. Muzeydə çoxlu köhnə vallar var, insanlar da hədiyyə edirlər. Təkcə Ələsgərlə bağlı yox, digər aşıqlara aid vallar, fotolar... Hüseyn kişi o muzeydə yaşamaqdan zövq alır.

- Ümumiyyətlə, mənə görə, türkdilli şeirin 3 əlçatmaz zirvəsi var: Füzuli əruzda, Nazım Hikmət sərbəstdə, Dədə Ələsgər hecada...

- Əziz Nesinin də belə bir fikri var. Azərbaycanda heca şeirində Aşıq Ələsgər kimdirsə, sazda da Aşıq Ədalət odur. Yəni Ədalətin sazının böyüklüyündən danışanda Ələsgərlə paralel aparılır.

- Sizcə, bu il Aşıq Ələsgərlə bağlı faydalı nə etmək olar?

- Əslində, neyləsək könüldən eləməliyik. Onda daha gözəl olur. Ən əsası, media qurumları, telekanallar, saytlar, qəzetlər Aşıq Ələsgər yaradıcılığını elmi, fundamental yöndən təbliğ etməlidir ki, gənc nəsil də onu düzgün tanısın.

- Dədə Ələsgərin yubileyi ilə bağlı sərəncamın qələbədən sonra verilməsi elə bil həm də o torpaqlara mənəvi qayıdışdır.

- Keçən dəfə verilişimizdə də demişdik; bu sərəncam geniş saz-söz auditoriyasını həm də ona görə sevindirdi ki, Qarabağın azad olunmasından sonraya təsadüf elədi.

- Hətta Şuşada da Aşıq Ələsgərlə bağlı bir tədbir baş tutsa, çox gözəl olardı. Bildiyim qədərilə Şuşaya yolu tez-tez düşüb.

- Eşitdiyim bir hadisəni danışım. Ağdamdan Aşıq Abdal Qəhrəman var, ağdamlı aşıqlarla bağlı hazırladığımız verilişdə belə bir xatirəsini danışdı. Talıb kişidən soruşurlar ki, bəs Aşıq Ələsgərin Aşıq Valeh haqqında söhbəti düşərdimi, deyərdimi Valeh necə aşıqdır? Deyir, Talıb kişi belə bir xatirəsini danışıb: Bir dəfə Qarabağdan toydan qayıdırdıq, Tərtərdən keçəndə dedim, deyirlər Aşıq Valehin nəvəsi Abbasqulu kənddə toydadır, bəlkə onu görək? Ələsgər dedi, Valeh ocağı müqəddəs ocaqdır, davamçıları da hörmətli olmalıdır. Deyir, Aşıq Valeh haqqında çox yüksək fikirlər söylədi. Ələsgər özündən əvvəlki aşıqları yaxşı bilirdi və yüksək qiymətləndirirdi.

- Sonda demək istədiyiniz nəsə varmı?

- Aşıq Ələsgər haqqında danışmaq çox çətindir. Ona sadəcə sevgimi bildirirəm. Bəlkə digər yazıçılara, şairlərə haqsızlıq olacaq, amma ilk dəfə ədəbiyyatla tanış olanda Ələsgəri oxusam, elə onu ədəbiyyatın özü sayardım. Bircə Ələsgəri oxusaydım da ədəbiyyatdan məmnun qalardım, şeiri təkcə Ələsgərə görə də sevərdim.

- Yəni sözə vurulmaq üçün sizə bir Ələsgər bəs eləyir.

- Dostoyevskinin Servantes haqqında məşhur bir sözü var: bəşəriyyət Qiyamət günü Allahın qarşısında “Don Kixot” əsəri ilə özünə bəraət qazandıra bilər. Mənə görə də Ələsgər yaradıcılığı bu səviyyədədir.

news-inner-user

18674 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021
Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
11:21 06 May 2021