Uğrunda ölmədiyim qadınlar var bu şəhərdə - Ümid Nəccarinin yeni şeirləri

Uğrunda ölmədiyim qadınlar var bu şəhərdə - Ümid Nəccarinin yeni şeirləri
15 aprel 2021
# 18:24

Bu gün Ümid Nəccarinin doğum günüdür. Kulis.az bu münasibətilə şairi təbrik edir və onun yeni şeirlərini təqdim edir.

Uğrunda ölmədiyim qadınlar

Sirlidir,
şimşəklər təki vahiməli və qəribə, bir anda baş verir, işiğı sərt, səsi gur...
Hündür binaların liftinə minərkən keçirdiyim hissləri verir, ürəyimin döyüntüsünü gecə barların ritminə tənzimləyir
Gözlərin...
Gözlərini deyirəm...
Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə
Gecəni özünü romanlarda oxşadan, günəbaxan geyimində olan...
Eyvanlarına çörək doğrayanlar...
Əlçatmayan qadınların ətri də fərqli olur
Bunu soyuq bir qış günü öyrəndim
Piyada keçidində yanımdan keçən qadının paltosundan...
Bükülüb kölgəsinə döndüm o zamandan

17 yaşımı büküb çantasına qoyduğum qızdan başlandı gözümdəki kainat
Güzgüyə baxdığımda fərqli bir oğlan gördüyüm gündən...
Ağlıma ilk dəfə şübhələndiyimdən başlandı hər şey.
Mən həmin mən deyil,
Daha o getdi burdan, bu evdə həmin insan, bu nömrədən həmin oğlan daha danışmır, demişdim ona.
Mən həmin mən deyiləm....
Hələ uğrunda ölmədiyim qadınlar var bu şəhərdə
Kağız ətirli, qəzetlərdə şeir axtarışından yorulmayanlar
Sərv təki hündür, ürəyinin oduna sığınmadığım qadınlar var hələ də...
Nə bilim, bəlkə bu binanın hansısa mərtəbəsində,
Bəlkə də avtobusda üzləşdiyim,
Ya keçiddəki işə tələsəndir, nə bilim...

Unutmaq

Gördüyüm quru ağac deyirdi:
"Qayıtsa bir də o günlər,
əyilib yerdən yarpaqlarımı yığardım".

Yuvasını külək aparan quş,
"Məzarım üstə bir azca göy üzü səpin", - deyirdi.
Yanmış kibrit dənələri dünyanın sürgün şairləri idi.
Yandılar...
Söndülər...
Atıldılar uzaqlara.
Qutusuna qayıtmaq arzusu ilə can verdi şairlər.

Gördüyüm körpünü sel apardı, sel...
Üstündən bir kimsə keçmədən.

Balıqlar isə unutdular hər şeyi
Quru ağacları...
Yuvasız quşları...
Şairləri...
Körpüləri unutdu balıqlar.

Balıqlar bir səhər yuxudan durmadılar.
Balıqlar ürək döyüntülərini unutdular.

Karantin günləri...

Burası Bakıdır.
"Korona" küçəsi.
Hamı gizlənib maskalarında.
Ağ yaşmaqlılar yanımdan keçir bulud kimi
Tanımıram kimsəni.
Tanımırlar məni.
Burdayam, "Korona" küçəsində.
İşini itirən klounun gülümsəməsidir dünya,
Gülümsəyir üzümüzə karantin günlərində.
Küçələrdən kimsəsizlik gedib-gəlir.
Boylanır pəncərədən bir quşun səsi.
Divarlar qəfəs rəngində.
Uşaqların sükutu oynayır məhəllədə.

Burası Bakıdır.
"Covid - 19" döngəsi.
Necə çılpaqcasına üşüyər gecələr "karantin" aylarında.
Uzanıb ölər tənhalar yalqızlıq qibləsinə.
Gedər-gəlməz qatarın relslərində it kimi vurular sabahlar.
Vurular günəşə kölgələr.
Vurular oda ağaclar.

Burası Bakıdır.
Çin markalı telefonumla anama zəng edirəm:
- Ana, necədir Təbrizin kefi?
- Qızdırması var, Təbrizin,
Təbriz öskürür saat meydanında,
Pişəvəri ömürlük Vətən virusuna yoluxur,
Vətəndaşlar gedib,
daşları qalır...
Bayraqları qaldırmağa gücü çatmır küləyin,
Telefonu bağlayıram.

Burası Bakıdır.
Qeyri-vətəndaşlar siyahısındayam.
Vəsiqəmi cibimdə görmürəm.
Mən bir ögey kölgə,
bu şəhərin soyuq küçələrində,
Sərt adamların izdihamında itirəm.
Hamı gizlənib maskalarında.
Ağ yaşmaqlılar yanımdan keçir bulud kimi.
Tanımıram kimsəni.
Tanımırlar məni.

***

Məni yuxunda gördün
Ayaqlarımı unutduğum gün
Əllərimin sahibsizliyini bildiyim saatdan
Mən payızın buruq-buruq küçələrindən
sənə danışıram.

Məni yuxunda gördün
Küləklər şəhərində kül olduğum gecələr
Qurbəti gözlərimə yüklədiyim an
Mən quru yarpaqlar Radiosundan
sənə danışıram
Dinlə:

Sənsizliyə bir stansiya qalmışam mən
Sənsizlik acı dərmandır toxtatmır dərdlərimi

Məni yuxunda gördün
Bir qullab udduğum bulud da
Sənsizlikdir
Güzgüdə görünən hər nə varsa
Hislərimin saçları ağarır yoxluğunda
Hislərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.

Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım
Sənsiz darıxmadır hər addım
Qürbətimə ağlayınca
Mənə bir çətirlik vətən saxla yağmurda.

# 1529 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #