Rəhmətlik Seymur Baycan – Sərdar Amin yazır...

Rəhmətlik Seymur Baycan – Sərdar Amin yazır...
6 aprel 2021
# 12:45

Onu daha çox “Quqark” romanı və o romandakı yaralı gənclərin açıq yaşıl yarpaqlara sürtülmüş qanı ilə xatırlayıram, ardınca da bu cümlə: “19 yaşında ölmək dəhşətlidir, özü də baharda...”

Seymur Baycanın da digər nəsildaşları kimi Azərbaycanda aşdıqları və aşırdıqları steriotiplərə, publisistik əziyyətlə yumruqladıqları üfüqlərə toxunmasaq belə, yerdə bir yazıçı Seymur Baycan qalırdı...

Seymur Baycanın romanları, hekayələri Azərbaycanda ən çox oxunan çağdaş bədii əsərlərdən idi və eyni zamanda ən çox tənqid olunan, ağız büzülən, bəyənilməyən də yenə bu mətnlər olurdu. Onun kitabı çıxanda gələn reaksiyalara baxsan, düşünərdin ki, bu qədər yerə vurulan, tənqid olunan əsərin müəllifi artıq növbəti əsəri yazmaz, yazsa belə, kimsə o kitaba yaxın durmaz. Seymur isə yenə də, yenə də, yenə də... yazırdı hər kitabı bir az da artıq oxucu toplayırdı...

O, 80-90-cı illəri bilən və o proseslərin bədii simasını dəqiq konturlarla ədəbiyyata gətirən çox az yazıçılardan idi. Mən o illəri cəsarətlə - cəsarət deyəndə həm siyasi, həm mental, həm mənəvi baryerlərə yazıçı münasibətini nəzərdə tuturam – qələmə alan ikinci azərbaycanlı yazıçı oxumamışdım.

Seymur Baycan həqiqətlə üz-üzə duranda heç vaxt ədəbi qeyrətini əldən vermədi. Bəzən prinsipiallıq, bəzən radikallıq müstəvisində olsa belə o çırağı – sənət məşəlini sönməyə qoymadı.

Seymur Baycanın tənqid etdiyi məsələlərə, şəxslərə diqqət etdikdə həmişə bir məqamı aşkarlamışam, Seymur yazıçı kimi, publisist kimi həmişə səmimiyyətin yanında durub, xilqətində zərrə dəyişkənliyi olan şəxslərə qarşı olduqca amansız olub – həmin şəxs sənətkar olsa belə...

Seymur sevmədiyi dəyərlərə, əsərlərə qarşı sözünü olduqca kəsə və birbaşa deyib – hansı ki, bəzən sırf həmin kriteriyalarla yanaşıb klassikləri tənqid edəndə insanlar ona gülürdü.

Fikir versəniz, görərsiniz ki, onun küncə sıxışdırdığı adamlar həmin tənqid mətnindən danışdıqda, yalnız özü ilə bağlı məqamlarla razılaşmayıb, mətndəki digər bütün məqamlardakı iradları qəbul edib. Bu da o deməkdir ki, Seymur bir çox iddialarında nə qədər radikal görünsə də, bu radikallıq təkəbbürdən, “mən”indən irəli gəlmirdi.

Seymur Baycan əsl ədəbiyyatın nə olduğunu anormal həddə hiss edirdi, onun faş etdiyi olduqca sadə situasiyalarda gizlənən dağ boyda ədəbiyyatın, sənətin şahidi olanda insan Allahı min kilometrlərlə uzaqda, ərşdə, ağır mətnlərdə, filosofların fikirlərində axtarmağı bihudə sayır, düşünür ki, o böyük həqiqət də çox sadə bir yerdə qərar tutub, o qədər sadə ki, insanın özü üçün köpdürdüyü şardan görünmür.

Seymur özünə qarşı da çox qəddar davranırdı. Bütün mətnlərdə özünü kəskin tənqid edir, bəzən ələ salırdı. Düzdür, bu fənd, əslində, şəxsin özünün xeyrinədir, lakin özünütənqid fənd olmaqdan əvvəl keyfiyyətdir və bu cəsarət bir çoxlarında yoxdur.

Yəni, fənd olmaqdan daha əlahiddə bir şeydir.

Onu çox adam sevmirdi, çünki illərlə öz yalanları ilə yaşayan insanların büründüyü riyanı qaldırmaq, gizlin gecə keçirənlərin üstündən qəfil yorğanı çəkmək qədər rəzil görüntü yaradırdı.

Təəssüf ki, bütün bunların əvəzində Seymura istədiyi mənzərəyə tamaşa etmək qismət olmadı. Seymurun təmənnası xüsusi sevgi qazanmaq, dəbdəbəli həyat yaşamaq deyildi, onun istəyi də sadə idi: metroda, parkda, evdə kitab oxuyan insanlarla rastlaşmaq...

Düzdür, bu da bir fənddir, hansı ki, Seymur ölkəsinin metrosunda, parklarında, kitabxanalarında yetərincə gənc görsə, bu, həm də onun sevilməsi və qayğısız yaşaması demək idi, lakin Seymurun bu istəyi də fənd olmaqdan daha əlahiddə bir şeydir.

Çox qəribədir ki, biz keçmiş zamanda danışdığımız insanları çox rahat qəbul edirik, ona qarşı paxıllığımız, kinimiz yox olur. Badalağımızı yığışdırıb normal addımlayırıq. Gün gələcək, hamı Seymuru və onun fəaliyyətini etiraf edəcək.

Çünki Seymurun bədii mətnlərindəki qüsurlar, ona qarşı edilən tənqidlər təkcə “Qab qacaq səsi”ndə eşidilməz olar...

Bu gün ona qarşı olan mənfi münasibət, sağlığından irəli gəlir. Seymur bu gün ölsə, 10 gün sonra artıq Azərbaycan üçün fenomenal bir şəxsiyyət kimi qiymətləndirilməyə başlanacaq. Seymurun nəfəsi, sağlığı insanların ona qarşı sevgisinə mane olur. Çünki bizə meyitləri sevməyi öyrədiblər. Biz ən səmimi etiraflarımızı, sevgimizi mərmər başdaşılarına, heykəllərə pıçıldamağa öyrəşmişik.

Seymur Baycan haqqında keçmiş zamanda yazmağım da özlüyündə bir fənd ola bilər, amma eyni zamanda bu cəhd də fənd olmaqdan əlahiddə bir şeydir.

# 5527 dəfə oxunub

Oxşar xəbərlər

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

“Yoxsul ola bilərəm, amma zövqsüz yox...” - Teofil Qotye üçün əsl zənginlik nə idi?

16:37 23 oktyabr 2025
Uşaqların sevimli yazıçısı  - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

Uşaqların sevimli yazıçısı - Hansı mükafat ona dünya şöhrəti qazandırmışdı?

16:30 23 oktyabr 2025
İmpressionizmlə kubizm arasında... - Pikasso niyə  “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

İmpressionizmlə kubizm arasında... - Pikasso niyə “Biz Sezanın uşaqlarıyıq” deyirdi?

16:22 22 oktyabr 2025
Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

Əsərləri diplomatik hədiyyə kimi verilən xalçaçı-rəssam

13:30 22 oktyabr 2025
"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr  Nobel mükafatından niyə imtina edib?

"Yazıçı özünün instituta çevrilməsinə yol verməməlidir..." - Sartr Nobel mükafatından niyə imtina edib?

11:30 22 oktyabr 2025
Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

15:30 21 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər