Mən səni sevirəm, ölməzsən heç vaxt - Qəşəm Nəcəfzadənin şeirləri...

Mən səni sevirəm, ölməzsən heç vaxt - Qəşəm Nəcəfzadənin şeirləri...
1 aprel 2021
# 13:41

Bu gün şair Qəşəm Nəcəfzadənin doğum günüdür. Kulis.az bu münasibətlər Qəşəm müəllimi təbrik edir və onun seçmə şeirlərini təqdim edir.

Süd daşıyan sürücü

Ay baxçaya süd daşıyan sürücü,
Əlinə bax, əllərində gül açıb.
Bu baxçaya sən gələndən, gedəndən
Barmaqların körpə kimi dil açıb.

A bəxtəvər, kaş yerinə mən olam,
Bu baxçanın qapısını açam mən.
Birdən – birə böyüyələr uşaqlar,
Uşaq kimi qabağına qaçam mən.

Hərdən sənə şaxta baba deyirlər,
Bu uşaqlar görən nəyə aldanıb?
Elə bil ki, daşıdığın o süddən,
Külək vurub, saqqalına calanıb.

Uşaq kimi yüyürürsən, qaçırsan,
Yazanda da hərfləri yeyirsən.
Yerə düşsə uşaqların kökəsi,
Ondan qabaq özün yerə dəyirsən.

Nahar vaxtı söykənirsən divara,
Dincəlirsən, cingildəyir qaşıqlar.
Uşaqlığın hər düşəndə yadına,
Ağlayırsan, kiridənmir uşaqlar.

Ayağı göbələkli atlar

Ayağı göbələkli atlar
Gəlib kəndimizin yanından keçdilər.

Çapdılar, çapdılar
Göydə buludlar
Yerdə göy atlar.

Atların nəfəsi ilə darandı
Ağ yovşanlar,
Göy otlar.
Uşaq vaxtı atamdan soruşmuşdum:
Atların alnındakı ağ nədi?
Atam demişdi:
Atlar otlayanda
Alnını qara batırıb
Mart qabağı.
Ayağı göbələkli atlar
Alnını vurdu buludlara
Yağış yağdı səhralara.

Ayağı göbələkli atlar
Getdilər,
Getdilər,
Gözdən itdilər.
Bizdə onların yəhərini,
Yüyənini
Köhnə daxmaların bir küncünə atdıq,
Unutduq.

Bir səhər ayağı göbələkli atlar
Qayıtdılar,
Bizdən yəhərlərini istədilər,
Tapmadıq.

Mən səni sevirəm, ölməzsən heç vaxt

Get ağ balıncına saçlarını tök,
Heç qorxub eləmə gözlərini yum.
Sən Allah, sinəndən qolunu aç, tök,
Bu ölmək fikrini bir tərəfə at.
Gözünü yummağa qorxursan, quzum,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Gördün, mən deyəndi dünyanın işi,
Könlün istəyəni milyon əlli tut.
Qara gözlərinə ölüm ilişsə,
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt.

Qorxma, üstündədi gözüm həmişə,
Ölüm bir tükünə toxuna bilməz.
Qorxursan, gəl düşək torpağın üstə.
Düşək ayaqyalın yeriyək, quzum.
Düşək qatarlardan, təyyarələrdən,
Düşək tuflilərdən, mərtəbələrdən,
Düşək torpaq dadsın ayaqlarımız,
Enək çiçəklərə, güllərə nolar.
Əgər ayaqyalın yeriyə bilsək,
Düşüb dalımızca gələr adamlar.
Hələ qatardayıq, təyyarədəyik,
Hələ güllə üstə, bomba üstəyik.
Nə olsun,
Mən səni sevirəm, get arxayın yat.

Ürəyin ağrısa, qatar yıxılsa,
Təyyarə sürüşsə göyün üzündən
Qorxma,
Mən səni sevirəm, ölməzsən heç vaxt,
Ölməzsən heç vaxt.

Sənin dərsin

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al dayanıram.

Adın tək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.

Vaxt axır… şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.

Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.

Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.

Misra dodaqların yorular hərdən,
Saçların pırtdaşar, əllərin əsər.
Bir gözəl, bir göyçək oğlumuz olar,
Bu dəcəl qızların səsini kəsər.

Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.

Evə qayıdanda...

Həyat yoldaşım Tabəs xanım üçün

Evə qayıdırarn uşaqlar yatıb,
Sənin də gözündən yuxu sürüşüb.
Adımı əlinin içinə yazmaq,
Görəsən hayandan yadına düşüb?!

Mən sənin ən pinti, dəcəl balanam,
Hər gün üst-başımı təmizləyirsən.
Məni dəli kimi sevdiyin üçün,
Mənimlə bir qabda yemək yeyirsən.

Yaşın otuz üçü keçibdi çoxdan,
Qız xasiyyətini dəyişməmisən.
On səkkiz yaşında qaldığın üçün,
Hələ zəmanəyə uyuşmamısan.

Qadın ol, ana ol, qız olma daha,
Sevginlə başıma oyun açırsan.
Başında on səkkiz yaşm sevdası,
Məni qayğılarda qoyub qaçırsan.

Sevirəm mən səni bu həyat kimi,
Sənə sevgilərim yüz cürə donda.
Harda şeirlərim qafıyəsizdi,
Uşaqların üstün örtmüşəm onda.

Çörək-su dalınca çıxmışam evdən,
Məni pis adamlar yüz yerdən sıxıb.
Evə qayıtmışam axşamlar, bəzən,
Sevirəm söyləmək yadımdan çıxıb.

Gör necə ucadı qəlbimdə yerin,
Sən ki aşağıda dayanmamısan.
Sənin haqqındadı hər sevgi şerim,
Sən bu xoşbəxtliyə inanmamısan.

Bu gecə itləri güllələdilər...

Başçı küçədəki itlərə baxıb,
Yanında durana nə isə dedi.
Hər şeyi birinci duyan alabaş,
Bu gizli qorxunu hiss eləmədi.

Üç qorxaq balaydı, biri anaydı,
Üçü dümağ idi, biri qaraydı.
Götürdü küçəni hay- harayları,
Qaldı küçələrdə çörək payları,
Suları ağlaya - ağlaya qaldı.
Küçəni süpürən qoca qadın da
Balaca üzünü ovcuna aldı-
Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,
Asfalt döşəməyə səpələnirdi.
Uşaqlar yuxudan oyanırdılar,
Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,
Asfaltın üstündə can verən ürək,
Allahı çağırdı, Allah baxırdı...
Allah eşidirdi, Allah bilirdi...
Çöldə taxılımız göyərməyirdi...
Itlərin səsləri göyə çıxırdı,
Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,
Sevdiyi torpaqdan qopa bilimirdi.
O yana - bu yana qaçırdı itlər,
Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,
Torpaq innən belə qan bitirəcək.
Ayağımız altda qalan çörəyi,
Görəsən küçədən kim götürəcək?!

May be an image of 2 people, including Qəşəm Nəcəfzadə

# 3249 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #