news-inner
clock15:26 calendar-gray 15 Fevral 2021 view-gray712 dəfə oxunub
view-gray712 dəfə oxunub

"KVN"-nin Qarabağa töfhəsi: "Bir topa adam"

Kulis.az Hafiz İmamnəzərlinin "Gerçəyin ekran həlli" yazısını təqdim edir.

“Bir topa adam” filmi haqqında düşüncələr.

Müqəddəs Vətən müharibəsi başlayandan “Parni iz Baku KVN” komandası siyası stendapları ilə vətəndaş təəssübü və peşəkar səviyyə müstəvisində Dövlətə, haqq işinə, Ali Baş Komandanın gərgin mücadiləsinə mənəvi dəstək oldular.
44 qünlük savaş müddətində və sonrakı günlərdə rejissor Ənvər Mansurovun hazırladığı, Əməkdar artist Tahir İmanovun rus dilində səlist nitq, aydın diksiya ilə çatdırdığı tutarlı, daşdan keçən məntiqə söykənən, tarixi həqiqəti əks etdirən, bir az da sarkastik ruh qatılmış xüsusi buraxılışların həqiqət alovu illərlə özgə kölgəsində daldalanmış ermənilərin köksünü yandırdı.

Yaradıcılıq təşkilatının növbəti filminə baxdım. Titrlərdə tanıdığım və gücünə bələd olduğum imzalar idi: ssenari müəllifləri Tahir İmanov, Ənvər Mansurov, quruluşçu rejissor Ənvər Mansurov. İlk baxışdan sadə dramaturji modeldir. Yeri behişt olsun, Vaqif İbrahimoğlu demiş: amma və lakin. Şikəst bir Qarabağ qaçqının (hərçənd, resjissor “priyomu”na görə emalatxanadakı dinamik hərəkətli planlardan dolayı hələm-hələm onun şikəstliyi bilinmir) dərdi təzələnəndə “fleşbəq” ayrıntısı Vaqifi yoluxmağa gəlirmiş kimi, şühudi keçmiş zaman şəkilçisi ilə yük daşıyır.
Amma bu sadə dramaturgiya xətti bir topa adamın törətdiyi ağır fəlakəti, ümumilikdə, Qarabağ münaqişəsinin sosial-siyasi, mənəvi-psixoloji, ictimai-fəlsəfi mahiyyətini, ən başlıcası, fitilin alovlanması tarixini özündə ehtiva edir. Filmdə erməni xisləti, erməni düşüncəsi bütünlüklə açılır, həm də sadə detallarda. Bəri başdan diqqəti bir məqama yönəltmək istərdim.

Dünya kinosunda faşizm xislətinə müəllif münasibətini qrotesk, karikatur kadr elementlərindən istifadə yolu ilə bildirmək nümunələri yetərincədir. Bu filmdə də bir neçə səhnədə belə üsuldan istifadə olunub. Əslində bütün faciələrin gizlində deyil, üzdə rəsmi şəkildə başlaması üçün açar sözü Parisdə söyləyən və baş katibdən xeyir-dua alan iqtisadçı akademik, dövlət rəhbərinin müşaviri Aqambekyanın epizodu xüsusi ilə seçilir. Rejissor əsasən iri planlardan istifadə etməklə cümlə fəlakətlərə bais adamın deformasiyaya uğramış, harmoniyası pozulmuş iç dünyasının portretini yarada bilib. Əməkdar artist Azad Şükürovun fakturası və rejissor tapşırığından dürüst bəhrələnməsinin nəticəsi olan oyun manerası qroteski tamamlayır. Alimin ürəkbulandıran hərəkətləri, ədəbsiz yemək jesti, heyvani davranışı əslində rejissor yozumunda mənəvi çirkabın çölə vurmuş eybəcərlik çibanı, ruhi naqisliyin fizioloji təqdimatıdır. Rejissor Ənvər Mansurovla obrazı canlandıran Azad Şükürov alim cildinə girmiş, cümlə fəsadlara bais iblisin bioloji natamamlığının fonunda onun daxili bataqlığını, mamır bağlamış təfəkkürünü belə versiyada çatdırmaq istəyiblər.

Məşhur erməni ideoloqları Zori Balayanın, Silva Kaputikyanın, Robert Koçeryanın, Serj Sarkisyanın iştirak etdiyi səhnədə də müəlliflərin karikatur yanaşması var. Üstəlik bu epizod yalnız iri və orta planlarla ərsəyə gəlib. Rejissor xalqın şüurunu zəhərləyən bu ideoloqlara da eyni dərəcədə qroteskin obyektivindən baxıb. Onların şər düşüncələrini, şeytani niyyətlərini, insanlığa qara ləkə olduqlarını belə göstərib. Videokameranı dustaq kamerasına çevirib. Tamaşaçının ürəyi sıxılır, təntiyir, burada hava çatmır. Ekranda “vozdux”un-havanın olmaması zəhərli ideyaların boğuculuğunun rəmzidir. Eyni zamanda kameranın hərəkət trayektoriyasında, plan sıralamasında bir dramaturji mesaj verilir.

Nikah mərasimində quzu fağırlığı ilə oturub tez-tez gülümsəyən Arturun qəfil dəyişkənliyi, vəhşiləşməsi və özündə ən ağır cinayəti törətmək gücü tapması istedadlı aktyor Ceyhun Dadaşovun ifasında bütün incə nüansları və rəng çalarları ilə doğru təqdim olunur. Erməni qızı ilə saf sevgi üstündə ailə qurmuş, baş verə biləcək hadisələrin bir çox taleləri büsbütün yandırıb külə döndərmək missiyasından bixəbər Vaqifin sadəlövhlüyü, qəlbigenişliyi, daha sonra dost deyib bağrına basdığı Arturun dönmüş üzünü görərkən keçirtdiyi sarsıntını aktyor Əli Əlizadə uğurlu oyunda realizə edir. Aktrisa Səbinə Məmmədova ərini, uşaqlarını sevməkdən, ocağına bağlanmaqdan alayı bir vəzifə bilməyən erməni qızı Ritanın obrazını təbii boyalarla verə bilir. Əslində Aqambekyanın fiti, Qorbaçovun xeyir-duası ilə başlanan böyük şərəfsiz oyun bir beynəlmiləl ailənin faciəsi konteksində tamaşaçıya çatdırılır. Bu həm də bəşəri dəyərlərin qorunmasına çağırş edən, sivilizasiyaların qovuşması ideyasını dəstəkləyən, milli ayrı-seçkiliyə net şəkildə etiraz bildirən, insan faktorunu qabardan, fəqət bizə gələndə gözlərinin önünə tor çəkilən , qulaqları qapanan dünyaya, Qərbə, Avropaya kino dilində verilmiş ritorik sualdır.

Vaqif ilə Ritanın son xoşbəxt məqamı, həyətdə biri-biriləri ilə nazlı-duzlu zarafatları, uşaqların qayğısız oyunları darvazada gözünü qan tutmuş Arturun qəfil peyda olması ilə sona çatır. Xoşbəxt cütlüyün sifətlərində çox qısa bir xronometrajda heyrət nidasının çaları əvəzlənir. Bu məqam da Əli Əlizadə və Səbinə Məmmədova tandemində uğurlu alınıb. Artıq-əskik heç nə tapmazsan. Nəhayət, acı gerçəyə tam əminlikdən sonra hər ikisinin simasında donmuş təbəssüm… zənnimcə, bunu filmin kadr-topu adlandırmaq olar.

…Və o donmuş təbəssümü bir də 30 ildən sonra Bakıda, nimdaş emalatxanada çalışan, dostu Artur tərəfindən ailəsini, özünün ayaqlarını itirmiş yaşlı Vaqifin üzündə görürük. Vaqifin içində boğub qaraltdığı qüssə, daşa döndərib ürəyindən asdığı sitəm yükü, yaşadığı faciə istedadlı aktyor Əbdülqəni Əliyevin klassik kino maneraları ilə avanqard məktəbin vəhdətindən doğan oyun tərzində mükəmməl rənglərlə çatdırılır. Daxili səsi olmasa belə, Əbdülqəninin iç oyunu, yaşama, göstərmə peşəkarlığı bir qəmli dastanın sızıldayan havacatını çalır. Aktyorun açıq plana işləyən fizionomiyası, çevik reaksiyalar və oyun plastikası daşıyan mimikası habelə, rejissorun qarşıya qoyduğu tapşırıqdan dürüst bəhrələnməsi ümumilikdə bəşəri-sosial problemin rəng çalarını bəlli edir.

Əbdülqənidə pauza və lüft pauzaların kameranın bucaq dəyişmələri, interşumlar, hətta emalatxananın aurası ilə riyazi dəqiqlikdə ayaqlaşması dramatizmin kino dilində nəqlini aydınlaşdırır. Əvvəllər qeyd etdiyimiz kimi, film Vaqifin acı xatirələri üstündə qurulub. O, təkcə köhnə əşyaları təmir etmir, içini dağıdıb haray çəkən dərdlərinin yaralarını toxtadır sanki. Olub bitənlər fleşbəqdə göstərildikcə qaysaq bağlamayan yaralar yenidən göyüm-göyüm göynəyir. Televiziya aparıcısının qələbə xəbərindən sonra hadisələr açılmağa başlayır. Distansion və paralel montaj bir topa adamın törətdiyi faciələrlə zəfər günü arasındakı 30 illik məsafəni yüyrək olan nağıl dilinin ekran təcəssümündə gerçəkləşdirir. Əlil arabasında insanların küçədəki zəfər yürüşünə qatılan qəhrəmanın bir gözü ağlayır, bir gözü gülür. 30 ilin həsrəti ilə bu günün qalibiyyət fərəhi, öləzimiş ümidlər ilə yeni doğulan ümidin təzadı milli təfəkkürümüzün təcəlla etdiyi muğam guşələri, xalça çeşidləri kimi Əbdülqənin üzündə qat-qat açılır. Ovqat rəsmi ismin halları kimi şəkildən-şəklə düşür. Acı tamı hələ damaqdan getməmiş dünənlə xoşbəxt sabahın rəng dəyişimi sürətlə əvəzlənir. Əlil arabası uzaqlaşır və sanki Vaqif ağrıdan indi-indi dinclik tapan Vətən yaralarının simvoluna çevrilir.

30 il ərzində ikili standart ölçüsündə papağı başına əyri qoyub həqiqəti görməyən, görmək istəməyən idraksızların, xəstə xislətlilərin, ədalət anlayışını anlamazların üstünə şığıyır və hayqırmaq istəyir. Vaqif inanır ki, onun arabası haradasa dayanacaq və ayaqlarını torpağa basa biləcək.

Tural Məmmədlinin film üçün bəstələdiyi musiqi bütün epizodların daxili dramaturgiyasına qədər nüfuz edə bilir. Sanki 2 ci qatda musiqi də qoşulduğu, şahidi olduğu dərdi, nisgilli hekayəni çatdırmaq istəyir, həm də yana-yana. Ssenari müəllifləri Tahir İmanovun, Ənvər Mansurovun, quruluşçu rejissor Ənvər Mansurovun, quruluşçu operator Cəbrayıl Rəfiyevin, icraçı prodüserlər Ələkbər Əliyevin, Elman Şeydayevin, montaj rejissoru Oqtay Ağamalıyevin, qrim rəssamı İradə Gülbabayevanın, prodüserlər Tahir və Cabir İmanovların, aktyorlar Əbdülqəni Əliyevin, Azad Şükürovun, Ceyhun Dadaşovun, Əli Əlizadənin, Səbinə Məmmədovanın, Dağlar Rüstəmovun, Əliqulu Səmədovun, Əsmət Qəşəmovanın, Manaf Dadaşovun, Məmməd Rüstəmovun, Cavad Məmmədlinin və digər peşə sahiblərinin birgə fəaliyyəti nəticəsində uğurlu bir film alınıb, həm də çox aktualdır. Unutmayaq, böyük qələbəmizdən cırnamış erməni lobbisinin yalanlarına qarşı mübarizə aparmaq və Müzəffər Ali Baş Komandanın həm də uğurlu informasiya müharibəsində ona dəstək olmaq hər bir vətəndaşın şərəf borcudur və bu qəbildən olan filmlər həqiqətin hayqırtısıdır, zəruridir. Gəlin yaradıcı heyətin təşəbbüsünə alqışlarımızı qızırğanmayaq.

news-inner-user

18021 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sevdiyim qızdan ayrıldığım o qarlı gün...
13:39 25 Fevral 2021
Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."
12:33 25 Fevral 2021
Rəsulzadənin doğum tarixini yanlış bilirik: İlginc arxiv materialları - Foto
11:54 25 Fevral 2021
20 yaşlı yazıçı mənzilində ölü tapıldı
11:12 25 Fevral 2021
... olsaydım – Alov İnannadan yeni şeir
10:30 25 Fevral 2021
Azərbaycan kitabları Fransa Milli Kitabxanasında
10:01 25 Fevral 2021
Azad medianın yaratdığı totalitarizm – Aqşin yazır...
09:01 25 Fevral 2021
Varisin romanı Özbəkistanda çap olundu - Foto
08:37 25 Fevral 2021
Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
18:56 24 Fevral 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
18:12 24 Fevral 2021
Yeni iddia: Kennedini Xruşşov öldürdüb
17:35 24 Fevral 2021
Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
16:50 24 Fevral 2021
Azərbaycanda yeni teatr yaradıldı
16:02 24 Fevral 2021
Puşkin və 44 günlük Vətən müharibəsi – Cavid yazır...
15:13 24 Fevral 2021
Jerar Depardye təcavüzdə günahlandırıldı
14:22 24 Fevral 2021
101 yaşlı şair vəfat etdi
13:38 24 Fevral 2021
Sonuncu qar - Gənc şairin yeni şeiri
12:51 24 Fevral 2021
Ona Bakının Alen Delonu deyirdilər, son filmini çəkib Azərbaycandan getdi... - “Dədə-Qorqud”un Turalı necə Mark Jozef oldu?
12:10 24 Fevral 2021
Hamı bir-birini didməyə hazırdır - Sevda yazır...
11:30 24 Fevral 2021
Xalq artisti Nuranə Nurun sözlərinə mahnı oxuyub - Video
11:01 24 Fevral 2021