writer1

Sərdar Amin

Məqalə sayı

121
clock14:39 calendar-gray 11 Fevral 2021 view-gray3510 dəfə oxunub
view-gray3510 dəfə oxunub

Əlixandan sonra Kənan: onlar harda yandırır?

Bir şeyə sevinmək olar ki, son günlər “Pul yoxdu, ona görə çəkə bilmirik”, - deyən rejissorların bəhanəsini kəsən filmlər görürük: eyni məkan, minimum aktyor-aktrisa, minimum büdcə...

Kənan Yusifovun “Köhnə piano” və ondan bir neçə gün əvvəl Əlixan Rəcəbovun çəkdiyi “Luger” qısa filmləri...

Hər iki filmdə ilk düşünülən məsələ büdcədir. Hansı ki, Nuri Bilgə Ceylan “Qızıl palma budağı”nı aldıqdan sonra verdiyi müsahibədə deyirdi ki, büdcəli səhnələrdən qaçıram. Yəni, bu işin ustası da büdcəli səhnə yazmaqdan yayınırsa və özü üçün qurduğu sərhədlər içində şedevr yaradırsa, qəpiyə güllə atan azərbaycanlı rejissorlar bu məqamı düşünmək zorundadır.

“Köhnə piano” bir məktəb binasının həyətində çəkilib. Rejissor kameranı yerindən, demək olar ki, tərpətməyib. (Eyni məkandan çəkilən ayrı rakursları nəzərə almasaq).

Hansı ki, “Luger” filminin final səhnəsini də rejissor elə dükan daxilində qura bilsəydi, əlavə bir üstünlük qazanacaqdı: bir kiçik mağazada film çəkdim!

Dünyada sırf məhdudiyyətlərinə görə qiymətləndirilən filmlər az deyil; Cəfər Pənahinin “Taksi”, “Bu film deyil” filmləri uğuru təkcə əsərin məziyyətlərinə görə deyil, ekran işinin məhdudiyyətlər çərçivəsində çəkildiyinə görə qazandı. Eyni zamanda, telefonla çəkilmiş filmlər var ki, onlar “Oskar” salonlarına qədər gedib çıxa bilib. Səbəb yenə də məhdud imkanla yaxşı iş ortaya qoymaqdır. Belə çatışmazlıqlar rejissora əlavə üstünlük qazandırır. Yəni, analoji filmlərdə rejissor süjet xətti ilə yanaşı bizə bunu deyir: Telefonla bu cür film çəkmişəmsə, görün keyfiyyətli avadanlığım olsaydı neyləyərdim!

Eyni məkanda mini imkanlarla çəkilən filmlər öz mesajları ilə yanaşı bizə əlavə potensial da vəd edir.

Kənan Yusifovun “Köhnə piano”su də mənə ilk olaraq bu tərəfi ilə maraqlı gəldi. Rejissor dar bir çərçivədə bizi həyəcanlandıra bildi.

“Köhnə piano”nun mövzusundan danışmağa xüsusi lüzum görmürəm, çünki 13 dəqiqəlik filmə hər kəs istədiyi zaman baxa bilər.

“Köhnə piano”da məni ən çox incidən məqam 13 dəqiqəlik filmə seçilmiş mövzudur. Elə mövzular var ki, onlar toxunulma prizmasından asılı olmayaraq, tam metraj tələb edir.

Adam öldürmüş, buna görə 15 il həbs cəzası almış, onun 10 ilini yatıb çıxandan sonra - içəridə olduğu müddətdə onun “papağını yerə soxan” keçmiş həyat yoldaşını öldürməyə gələn bir kişinin hekayətini 13 dəqiqəyə sığdırmağı düşünmək sadəlövhlükdü: nə etsən çiy görünəcək!

Ədəbiyyata yad olan, yalnız qlamur məclislərdə qalın kitablardan danışan diletant oxucuların bir sözü var: “Tolstoyu oxuyanda ürəyim sıxılır, adam Günəşin doğuşunu təsvir etməkdən ötrü niyə 3 səhifə mətn yazır?”

Baxın, o sualın cavabı “Köhnə piano”da dəqiq görünür. Sən çox dramatik bir hadisəni bizə çatdırmaq istəyirsənsə, eyni zamanda, onu da arzulayırsansa ki, həmin dramatik məqam sənə təsir etdiyi kimi bizə təsir etsin, o zaman həmin hadisə üçün adekvat bir fon qurmaq zorundasan. Ən qədim mətnimiz olan “Kitabi Dədə Qorqud”da belə ifadələrə tez-tez rast gəlirik:

“Gedəlimmi, axıdalımmı al qanını bəyaz təninə?”

Əgər əsas məsələ hadisə haqqında informasiya vermək olsaydı, dastanda eyni ifadəni bu cür qələmə alardılar: Gedib öldürməkmi onu?

Məgər kim bilmir ki, tən bəyaz, qan al olur? Hamı bilir, sadəcə burda təhkiyəçi o səhnəni ilmə-ilmə gözümüzdə hörür, bir səhnə yaradır, həmin zaman biz hadisənin dəhşətini, necəliyini bir daha həssaslıqla hiss edirik.

Mətləbdən uzaqlaşmadan deyim ki, “Köhnə piano”nun ən böyük problemi rejissorun demək istədiyi hadisənin filmin içinə bir daş kimi düşməsidir. O daş film başlayan kimi qarşımıza düşdü, sona qədər tərpənməz qaldı. Hansı ki, rejissor həmin daşın əvəzinə filmə bir qumbara atardı, o qumbara sona qədər tüstüləyərdi... Sonda istəsə partlayar, istəməsə partlamazdı...

Qısa bir filmdə müəllif bu gün cəmiyyətin boğulduğu çirkin sulardan ürək yanğısı ilə danışır, az müddət ərzində çox məsələni həll etməyə çalışır. Bu gözəl niyyət qarşısında qadınların təhsil problemi, namus cinayətlərində uşaqların-qadınların arxa planda qalması, həbsxanadan çıxanların yenidən cinayətə, ələlxüsus da “qeyrətini təmizləmə” məsələsinə həssas olması, islah müəssisələrinin effektsiz işi, kişilərin gözəl dul qadına cinsəl baxışı, işsizlik və s. məsələlər sıx sıralanıb. Hər biri ayrı bir filmin mövzusu olan bu problemlər filmdə öz layiqli həllini tapa bilmir, jarqonla desək, sanki filmə “rajok”la pərçimlənir.

Məni incidən ikinci məqam qəhrəmanların inamsız oyunudur.

Dialoqların mətni effektiv işlənsə də şifahi nitqə adaptasiya zamanı problemlər üzə çıxır. Yenə də qəhrəmanlar “ifa edirəm”, “nə etməli idim”, “mən əxlaqsızlıq eləməmişəm” kimi yazılı ifadələri olduğu kimi əzbərləyirlər.

Üstümüzdə Allah var, aktrisa Sənura Cəfərova bu çətin situasiyanın öhdəsindən mümkün qədər gəlməyə çalışıb. Artıq mən əmin oldum ki, bu aktrisa daha çox dramatik rolların əhlidir.

Kənanın çətin situasiyalarda çarəsiz qalması, üz ifadələrini ənənəvi şablon qırışlara kökləməsi uğursuz alınır. Ancaq az əvvəl qeyd etdiyimin əksinə, bu, aktyorların inamsız oyunundan irəli gəlmir. Dialoqların tam inandırıcı olmaması girişdə yazdığım məqamla əlaqəlidir. Dramatikliyi yüksək olan bir əhvalatın atmosferi olmadığından yük ifaçıların üzərində qalır. İnanın, həmin situasiyada oynayanlar Kənan Yusifov və Sənurə Cəfərova yox, Xoakin Feniks və Monika Belluçi olsaydı, yenə bu rolların öhdəsindən gələ bilməyəcəkdi. Çünki problem aktyor yox, müəllif problemidir.

Ancaq bütün uğursuz ifadələri enerjisində boğan yeni, orijinal fikirlər, cümlələr dialoqları bir çox yerlərdə vəziyyətdən çıxarır. Kənanın verdiyi “niyə” sualı və aktrisanın bu sualdan yayınma fəndi, “nə sənin anan yiyə durdu, nə mənim anamın gücü çatdı” cümləsində qadınlara xas incə iynələmələr olduqca peşəkar işlənib.

Filmdən bəlli olur ki, kişi “namus məsələsi”nə görə adam öldürüb. Dialoq zamanı çox maraqlı bir dilemma alınır:

- Qə*bə, mən sənə görə...
- Özünə görə! Öz adına görə elədin!

Bu dialoqda mentalitetimizin qara dəliyi olan namus məsələsindən həyatımıza girən problemlər puç qoz kimi suyun üstünə çıxır.

Kənanın müəllif kimi qızıl ortanı axtarmağa çalışması, həm kütləvi maraq kəsb edən, həm də olduqca lazımlı problemlər qaldırması sevindiricidir. Bu iki lazımlı məqamın minimal səhnələrlə işlənmə üsulunun tapılması isə çağdaş filmimizin axarını tapması kimi qiymətləndirilə bilər.

P.S. Yeri gəlmişkən, bir məsələyə də toxunaq. Enerji içki istehsalçılarına üzümü tutub deyirəm: hansı planetdən gəlmisiz? Zövqünüz hansı coğrafiyada formalaşıb? Niyə rejissorları, ssenaristləri məcbur edirsiniz ki, məhsulunuzu gözümüzə soxsun? Əziz menecerlər, belə olduqda siz məhsulunuzu sevdirmirsiz, əksinə iyrəndirirsiz, filmi də zay edirsiz. Arabir beynəlxalq təcrübələrə göz atın, xarici filmlərdə gedən reklam fəndlərinə baxın. Əmin olacaqsız ki, ən effektiv reklam fonda olur. Bu tip reklamlar insanın şüuraltına işləyir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında - Fərid Hüseyn yazır...
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021
Leonardo da Vinçinin çəkdiyi rəsm hərraca çıxarılacaq
13:45 10 May 2021
Məşhur yazıçı vəfat etdi
12:30 10 May 2021
Allah üçün bənna kimdir? - Şəhriyar Del Gerani yazır...
11:30 10 May 2021
Türkiyəli bəstəkar Qarabağ Zəfərinə mahnı bəstələdi - Video
10:20 10 May 2021
Kimi Kreml xəstəxanasına müalicəyə göndərdi, kimi "KQB"-nin qəzəbindən qorudu? – Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələr
09:30 10 May 2021
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi
19:45 09 May 2021
Ədəbiyyatımızın ən gözəl müharibə şeirləri - Mətnlər
14:28 09 May 2021
9 May qələbəsində rus arağının rolu - “Tamamilə məxfi” sənədlər
10:30 09 May 2021
Paşinyan Cıdır düzündə “Yallı” gedəndə – Bircə yazır...
09:01 09 May 2021