Rafael və Coşqun: “Azdrama”da bizdən şikayət ərizəsi yazdılar” – Müsahibə

Rafael və Coşqun: “Azdrama”da bizdən şikayət ərizəsi yazdılar” – Müsahibə
11 fevral 2021
# 12:11

Kulis.az aktyor Rafael İsgəndərovla müsahibənin davamını təqdim edir.

əvvəli burda

Bu məqamda söhbətə Coşqun Rəhimov da qoşulur və bizə sualı ünvanlayır:

Coşqun: Siz hansı teatrşünasları tanıyırsınız?

- Aydın Talıbzadə, İsrafil Məmmədov, Məryəm Əlizadə...

Coşqun: Məryəm xanımla bitmir axı. Teatra başqa, siz yaşda gələn teatrşünaslar varmı?

- Aliyə Dadaşova, Elçin Cəfərov gəncdirlər. Amma çox vaxt tamaşalar maraqsız olduğu üçün gedib baxmırlar, baxsalar da yazmalı nə isə tapmırlar.

Rafael: Onlar düşmən olmamaq üçün yazmırlar. Onlar teatrşünasdırlarsa, nə haqda yazmaq istəyirlər bəs? Tamaşa zəif də olsa, güclü də olsa teatrşünaslar baxıb yazmalıdırlar.

Coşqun: Bizi isə teatr səhnəsində çıxış etmədiyimiz üçün qınayırsınız.

Rafael: Yox, xanım dönə-dönə dedi ki, gedib tamaşalara baxır.

- Qınamıram. Mən istəyirəm ki, teatrla bağlı gerçəkləri həm də sizin dilinizdən eşidək.

Coşqun: Biz istədiyimiz rolları ifa edirik. Hər ikimiz də xarakter aktyorlarıyıq. Siz Nurəddini (Nurəddin Mehdixanlı - red.) hansı xarakterik rollarda görmüsünüz?

- Şeyx Nəsrullah, Fazil Küleyni rollarında görmüşəm. “Yaşlı xanımın gəlişi” tamaşasındakı Bürqomister rolu nisbətən fərqli idi. Teatrda oynadığınız, oynamaq istədiyiniz rollardan sizə nələrsə qalıb, ya tələf olublar?

Coşqun: Niyə tələf olmalıdır? Onlar hamısı səhnədədir. Bizim nə işıqçımız, nə rejissorumuz, nə rejissor assistentimiz, nə də truppa müdirimiz var. Biz müasir teatrın iki aktyoruyuq. Tamaşaçıya çatdırmaq istədiyimiz də budur. Bayaq deyirsiniz ki, tamaşaçı gülür. Amma o gülüşün altında çoxlu ağrılar, yanğılar var. Biz həmin obrazları oynayanda nə qədər əziyyət çəkirik. Əslində, bizim göstərdiyimiz tragediyadır. Teatr güzgüdür. Tamaşaçı gəlib özünü o güzgüdə görməlidir. Təəssüf ki, özünü görür, amma bunu inkar edir. Biz kloun, təlxək deyilik.

Rafael: Biz sizi nəzərdə tutmuruq a. Amma bizə belə yanaşanlar da var. Bizim təqdim etdiyimiz obrazlar - həkimlər, müəllimlər, qonşular və başqalarıdır.

- Onda sizin təqdimatınız həm də dövrün tələbidir?

Coşqun: Əlbəttə. Hər ay nə qədər qadına xəsarət yetirilir. Bu ya qayınana, gəlin, baldız münaqişəsindən yaranır, ya ərin axmaqlığından, ya da qadının əxlaqsızlıq etməsindən. Bunları biz gülüş formasında tamaşaçıya yedizdiririk ki, tamaşaçı özünü görə bilsin. Bizim işimiz bundan ibarətdir. Biz reallığı oynayırıq. Tamaşaçıya deyirik ki, bax mənə, özünü gör. Amma nə yazıq ki, çoxu kordur.

- Tamaşaçı siz düşünən qədər ayıq deyil?

Coşqun: Xeyr, manqurtlaşma gedir. Hamı istəyir ki, gəlib boş-boşuna gülsün.

Rafael: Yox, hamını demək olmaz, içlərində düşünəni də var.

Coşqun: Ümumilikdə deyirik. Söhbət bizim tamaşaçıdan getmir. Biz obrazları gedib kimlərdənsə müşahidə etmirik. Bu, təxəyyül məhsuludur. Bizim işimiz çox ciddi işdir. Siz bizdən teatrı xəbər alırsınız. Bayaq “Dəli yığıncağı” tamaşasından danışdınız. Niyə o tamaşanı yeni interpretasiyada qəbul etmirik? Niyə Mehdi Məmmədovun yaxasından yapışırıq? Mehdi Məmmədovun dövrü deyil axı. Zaman dəyişib. Bizim bugünkü rejissorlar əsərlərə yeni traktovka verəndə əndazədən çıxırlar, əsəri əsaslandıra bilmirlər. Biz müasirliyin fonunda milliliyimizi, ənənəmizi, dəyərlərimizi, dinimizi qoruyub saxlamalıyıq. Bunu edə bilməsək, düzənimiz pozulacaq, müasir yox, özbaşına olacağıq. Camaat elə bilir müasirlik və demokratiya özbaşınalıqdır. Ona görə də yeni tamaşalardan, bizim konsertlərimizdən sonra teatrşünaslar, teatr tənqidçiləri, sizin kimi jurnalistlər masa arxasında əyləşib müzakirələr etməlidirlər.

- Əslində, bu gün sənətdə baş verən müasir tendensiyalar da klassik dayaqlar üzərində yaranır.

Coşqun: Əlbəttə. Biz Sabiri, Mirzə Cəlili, bütün klassik şair və yazıçılarımızı oxuyanda bugünümüzü görürük. Onlar çox uzaqgörən olub. İfadəmə görə üzr istəyirəm, onlar indiki kimi “odnarazıvı” ssenarilər, filmlər, tamaşalar fikirləşməyib. Düşünüblər, millətin psixologiyasını öyrəniblər.

- Teatr səhnəsi ilə indi çıxış etdiyiniz səhnənin fərqi var?

Coşqun: Biz teatr səhnəsində oynamırıq. Bu da bizim üçün bir əziyyətdir.

Rafael: Mənim bu gün teatr, böyük masştablı tamaşaçı üçün ürəyim partlayır. Amma məni pul kisəsi kimi görməsinlər. Ona görə də hərdən deyirəm, kaş Hüseynağa müəllim sağ olaydı. O, bu gün də mənə desəydi ki, gəl, filan rolu oyna, canla-başla, uça-uça gedərdim.

Coşqun: Amma hansısa rolun, əsərin həsrətini çəkməmişik.

Rafael: Elədir. Heç vaxt olmayıb.

Coşqun: Bir dəfə “Otello” əsərini yeni interpretasiyada səhnələşdirmişdik. Bizim bugünkü teatrlar, inanın ki, o gündədir. Orada iki aktyorun həyatından bəhs olunur.

- Bugünkü teatrlara mesaj idi?

Coşqun: Əlbəttə. Səhnə əndazəni keçmədən azadlığı sevən, məsuliyyətli məkandır. Baxmayaraq ki, neçə illərdi səhnədəyik, həyəcanı yenə hiss edirik. Qorxmuruq, məsuliyyətlə yanaşırıq.

Rafael: Tək tamaşaçıya görə yox. Səhnənin özünün içəridə bir çərçivəsi, mətbəxi var. Coşqun bayaq doğru vurğuladı. Biz heç vaxt hansısa rolun arzusunda olmamışıq. Ona görə ki, onu arzulayıb almamaq daha pis olar, nəinki arzulamamaq.

- Arzunu içinizdə basdırırsınız, ya ümumiyyətlə olmayıb?

Rafael: Olmayıb. Həmişə istəmişəm ki, rejissor məni görsün, mən də onun duz-istiotunu vurum. Bir dəfə Hüseynağadan soruşdum ki, niyə böyük bir tamaşada böyük bir aktyora epizodik, xırda rol verilir? Dedi, ona görə ki, o rol başqasına verilsəydi, batıb gedərdi. Halbuki, böyük aktyora verilən rol tamaşanın içində açar məqamı oynayır. Əliağa Ağayev “Əhməd haradadır” filmində “Min, get” sözü ilə yadda qalıb.

- Bir dəfə adını çəkmək istəmədiyim rejissorlardan birinə sual verdim ki, niyə yaxşı rolların ifaçısı Şahmar Ələkbərovu “Atları yəhərləyin” filmindəki xain kəndli roluna çəkiblər? Cavab təxminən belə oldu ki, görünür rejissor onda həmin xüsusiyyəti görüb.

Coşqun: Düzgün yanaşma deyil. Onda belə çıxır ki, biz qadın rolları oynayırıqsa, qadın xüsusiyyətləri var bizdə?

Rafael: Yox, elə deyil. Sabah Stalini ifa etsəm, çıxıb camaatı repressiya etməliyəm? Bu, düzgün yanaşma deyil. Allaha şükür, biz həyatda oynamırıq. Amma bu həyatda elə oynayan insanlar görmüşəm, şoka düşmüşəm.

Coşqun: Siz də deyirsiniz, gedin, teatrda oynayın. Biz teatra gedib kiminlə rol ifa edək? Gedib, orda ştata girək, sonra da oturub gözləyək ki, kim bizə nə vaxt rol verəcək? Məsələn, bir obrazı verdilər, oynadıq, axı o tempdə deyilik? Baxmayaraq ki, yaşımız artıq xeyli irəliləyib, teatr bizə müasir tempi verə bilmir. Rəhmətlik Hüseynağadan başqa hansı rejissor bizə traktovka verə bilər?

- Bəhram Osmanov edə bilməz?

Coşqun: Bəhram bizi nə ilə təəccübləndirəcək? Məni də, Rafaeli də təəccübləndirən rejissor lazım idi. Bu, olmadı.

Rafael: Bunu bircə Mehriban xanımdan (Mehriban Ələkbərzadə -red) gözləyirəm. Onun bir təklifi vardı. Bu gün mən sizə açıq deyirəm. “Bu şəhərdə”nin bu yerə gəlib çıxmasında Mehriban xanımın böyük rolu var. O, insan kimi də, qadın kimi də, rejissor kimi də çox gözəldir. 99-cu ildə nə qədər qapı döydüm, hamısı sponsor istədi, amma Mehriban xanım yox. “Bu şəhərdə” adını da o qoyub. Mehriban xanımdan teatr adına nə isə gözləyirəm.

Coşqun: Mən heç nə gözləmirəm.

Rafael: Çünki onu da çox sıxırlar. İndi sizə bir söz deyim. Bu dəqiqə teatr üçün burnumun ucu göynəyir. Amma gedib kiminsə qapısını döyüb, ştata girib, işçi olmaram. Teatrın intriqalarından iyrənirəm. Gedib hansısa teatrın yeməkxanasında yer və yaxud rol davası eləmərəm. Bizim işimiz də teatrdır. Öz işimizi kiminsə gözündən salmaq istəmirəm.

İndi teatrlarda kimsə kiməsə rol vermir, kimsə rolu pul ilə satır. Bu isə teatr demək deyil. Heydər Əliyev adına saray təmir olunanda biz “Azdrama”da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? Biz indi durub teatrda və yaxud da çəkiliş meydançalarında nə baş verdiyini açıq şəkildə desək, onda kimlərinsə xətrinə dəyə bilər. Amma iki varlıq var ki, onu aldada bilməzsən. Biri allah, o biri də insanın özü. Mənim teatr intriqalarına nə vaxtım, nə də ömrüm çatmaz. Bunu bilə-bilə ömrünü bada verənlər var. Başqa işin ardınca getmirlər.

- Bəlkə nəyəsə ümid edirlər?

Coşqun: Siz “Brüsseldən məktublar” tamaşasına baxmısınız?

- Bəli

Coşqun: Mirzə Fətəli Axundovun oğlunu kim oynayır?

- Nurəddin Mehdixanlı ifa edirdi, amma Axundovun oğlu səhv etmirəmsə, 18 yaşında intihar edib.

Rafael: O rola Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız.

Coşqun: Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki, üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim.

Rafael: Coşqun həmin vaxt o rol üçün uyğun yaşda idi. Belə səbəblər üzündən indi öz istədiyimizi edirik. Bir-birimizin də rejissoruyuq.

Coşqun: Biz heç nəyi satmamışıq, əksinə nə isə müqəddəs bir şeyi götürüb özümüzlə gətirmişik. Və onu çalışdığımız qədər səhnədə göstəririk. İçimizdə də elə bir hiss yoxdur ki, teatra xəyanət etmişik. Əksinə, biz çıxdığımız günə şükür edirik.

- Sənət baxımından sizinlə hesablaşırlar?

Coşqun: Təbii. Siz təsəvvür edin ki, biz bir tamaşaya gedəndə, aktyorlar bizim üçün oynayırlar.

Rafael: İstəyən də var, zəhləsi gedən də, dəstək verən də.

Coşqun: Hansı gün ki, eşidirlər Coşqun, Rafael və Müşfiq tamaşaya baxmağa gəlib, bizim üçün oynayırlar. Onlar o qədər həyəcanlı olurlar ki, təəccüb edirik.

Rafael: İnanın, teatrın içində çaxnaşma düşür. Bir dəfə teatrların birinə getdim, orda onların həyəcanını görəndə dedim, mən bura komissiya gəlməmişəm. Tələbə yoldaşım dəvət edib, gəlmişəm. Kulisdə nə oyunlardan çıxırdılar, allah bilir. Onlara dedim, siz məni özünüzə niyə yad sayırsınız? Mən sizin bəzilərinizlə bir oxumuşam, bəzilərinizlə işləyib, dostluq etmişəm, mənim gəlişimi niyə şişirdirsiniz? Normal oyununuzu oynayın.

Coşqun: Siz heç vaxt bizim ağzımızdan eşitməzsiniz ki, deyək, bizi rejissorlar görmədi, çəkmədi. Bu da bir taktikadır. Özümüz özümüzü görməyə çalışdıq.

- Bu şüuraltı baş verdi, ya düşünülmüş idi?

Coşqun: Bu da bir naxış idi. Həm də çıxış yolu. Rafael məni ilk dəfə “Bu şərədə”yə dəvət edəndə biz rolların öhdəsindən gəldik. Çünki, baqaj vardı. Teatr intriqalarına qalanda, biz bunlardan çox uzağıq.

- Sizcə teatrda intriqalar nədən baş verir?

Rafael: Paxıllıqdan. O da müalicə olunmur. Gənclər Teatrında işləyəndə Şeksprin “Yay gecəsində yuxu” tamaşasında Coşqun yarım saatdan sonra səhnəyə çıxacaqdı. Onun şleyfinin arxasını qayçı ilə doğramışdılar. Yəni, bu məsələlərdən biz də keçmişik.

Coşqun: Bayaq fikrimi tamamlamadım, Samirə xanım. O müsahibə verən aktyorlar ki var, deyirlər, bizi aktyor kimi görmürlər, bizdən rejissorlar istifadə etmirlər, bizə bu barədə sual verən çalışırıq pozitiv cavab verək. Nə mən, nə də Rafael öz sənətindən şikayət edə bilməz. Əgər məni rejissor görmürsə, deməli, mən görünməzəm. Aktyorun əsas missiyası tanınmaq, məşhurlaşmaq, sevilməkdir. Bizim işimiz budur. Amma indi hamı kimdənsə şikayət edir, kiminsə boynuna nəsə qoymaq istəyir. Ona görə, teatrlarımızın, efirlərimizin vəziyyəti belədir. Jurnalistlər də istəyir ki, elə neqativdən yazsınlar. Axı biz iş görürük, yüz faiz olmasa da, əlli faiz teatra, tamaşaya qulluq edirik.

Rafael: Küçədə məni görüb deyirlər, evimizdəki yataq xəstəsi sizi efirdə görür, qalxıb yarım saat, bir saat sizə baxır, biz onun sevincinə baxıb xoşbəxt oluruq. Bu sözləri mənə deyib ağlayan tamaşaçılar var. Belə məqamlarda mən də deyirəm ki, Allah, sənə çox şükür.

- Hansı yazıçıları oxuyursunuz?

Rafael: Təzə çıxan yazıçılardan heç kimi oxumamışam. Bəxtiyar Vahabzadənin şeirlərinə saatlarla qulaq asaram.

- Bəxtiyar Vahabzadədə bu yana keçə bilməmisiniz?

Rafael: Çoxlu kitablar bağışlanılıb, oxumuşuq da. Amma sevərək hansısa yazıçının, şairin ardınca düşmək faktı yoxdur.

Coşqun: Heç o gəncin özü də öz yaradıcılığının ardınca düşmür, hardasa qırılır, nəyisə bəhanə edir. Bir də deyirik, onu qınama, bunu qınama, balama bir tikə çörək aparıram v s. Bəs biz niyə qırılmırıq? Hamı elə bilir, milyon qazanırıq, amma nə toylara gedirik, nə tədbirlərə. İldə iki dəfə sırf bu konsertlə məşğul oluruq.

Rafael: Ağlaşmaq kimi çıxmasın, şükür allaha, dolanırıq. Biz bu sənətlə kefimizdən məşğul olmuruq, eyni zamanda çörək də qazanırıq. Adam var, həm rejissordur, həm aktyor. Mən heç vaxt ağlıma belə ikili iş prinsipini gətirə bilmərəm. Adam ya rejissor olur, ya da aktyor.

- Bütün bu danışdıqlarımızın yekunu kimi sənət naminə çıxış yolunu nədə görürsünüz?

Rafael: Vallah biz çıxmışıq (gülür). Sənətdə ola-ola o vəziyyətdən çıxmışıq. Bu gün, yenə deyirəm, bizi pul kisəsi kimi yox, yaxşı bir rola uyğun görən olsa, orda olarıq.

- Pedaqoq kimi çağırsalar, gedərsiniz?

Rafael: Məni çağırdılar, getmədim. Çünki mən özüm hələ də öyrənirəm.

Coşqun: Niyə mən on, iyirmi nəfəri şikəst etməliyəm? Mən aktyorluq sirlərini onlara öyrədib başlı-başına buraxmalıyam? Hansısa teatr onları qəbul edəcək, hansısa yox. Hələ onlara rol verəcəklər ya yox, bunu da bilmirik. Hər aktyor olmaq istəyən də aktyor deyil. O qədər olub ki, deyib-gülməklə aktyor olmaq istəyənlər. Amma mikrofonu götürəndə dizlərinin necə əsdiyinin şahidi olmuşuq. O qədər görmüşük, Hüseynağa müəllimə mənə niyə rol vermədin deyənləri. Bəs mənim atam ona pul vermişdi ki, mənə rol versin? Yox. Sadəcə olaraq, o rol istəyən aktyor deyil. Rejissor hər şeyi gözəl görür, istedadsız insanlar isə özlərindəki bacarıqsızlığı görmür. Aktyor deməməlidir ki, mənə rol vermirlər. Əgər bunu deyirsə, yer yarılsın, yerə girsin. Deməli, o, istedadsızdır, bu sənətin başını buraxmalıdır. Rol vermirlər nədir? Sən aktyorsansa, rolunu almalısan. Hüseynağa bu sənətdə çox gözəl yaşadı. Kaş hamı onun kimi bu sənətdən zövq ala biləydi.

Rafael: O, rejissor və aktyor kimi özünü təsdiq etdi. Xoşbəxtəm ki, onun tələbəsi oldum. Onunla səhnədə tərəf-müqabili oldum. Hüseynağa dahi rejissor idi. Açıq deyirəm, onun vəfatı ilə teatr aləminin üzərindən xətt çəkmişəm. Teatr məsələsi mənim üçün qapanıb. Heç kəsin xətrinə dəyməsin, bu gün elə bir rejissorun meydana gəlməsinə inanmıram. Əgər onun kimi biri yaransa, böyük möcüzə olar. Hal-hazırda o, yoxdur, mənim üçün teatr da yoxdur.

- Obrazları ifa edərkən təqdim etdiyiniz peşəni araşdırırsınız?

Rafael: Misal üçün maşın ustasını oynayıramsa, mütləq maşından yaxşı başı çıxan dostlumuzla məsləhətləşirik. Amma elə obrazlar var ki, onu artıq öz müşahidəmizlə həll edirik. Saunada gününü keçirən qadınları canlandıranda Sənubər (Sənubər İsgəndərli - red) mənə dedi ki, siz “priçoska”, “sep”, bilərziklə saunaya gələn qadınları necə bu qədər dəqiq tanıya bilərsiniz? Siz ki, qadınlarla birgə belə yerlərə getməmisiniz. Bu, ancaq hiss etmə məsələsidir. Küçədə gördüyüm obrazı müşahidə edəndə təsəvvür edirəm ki, bu adam salonda, kafedə, taksidə necə davranır. Tamada Sirtuşun geyimini mən konkret görüb götürmüşəm. Hələ bir-iki detalı ordan yığışdırmışam.

- Küçə müşahidələri kömək edir...

Rafael: Lütfəli Abdullayev həmişə küçədə gördüyü adamlarla uzun-uzadı söhbət edirmiş, bir dəfə xanımı əsəbləşir, deyir, sən hər adamla bu qədər danışsan, biz getdiyimiz yerə gecə gedib çıxarıq. Lütfəli müəllim deyir, onlar sənin üçün “hər adam”dı, mənim üçün yeni obraz. Biz də küçəyə çıxanda hədəf götürmürük ki, gedib indi adamları müşahidə edəcəyik. Bəzən özləri yaxınlaşıb deyirlər, məni də yamsılayarsınız. Diqqətlə baxanda görürsən, standartdır. Amma toyda dekolte geyinmiş, kürəyi açıq qadının belindəki banka izlərini görəndə, düşünürsən ki, hə, bax bunu canlandırmaq olar. Axı nə vacibdir belinə banka qoyub, kürəyini açıb, başını da quş yuvasına döndərib toya gələsən? Ya saçını aç tök kürəyinə, ya da örtülü paltar geyin.

# 11256 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #