Ədəbiyyatın fiziki izahı - Əli Şirin yazır...

Ədəbiyyatın fiziki izahı - Əli Şirin yazır...
30 dekabr 2020
# 10:06

Kulis.az şair-esseit Əli Şirin Şükürlünün "Ədəbi Suprematizm: Hərəkət, Zenon paradoksları və ədəbiyyat" adlı essesini təqdim edir.

Hərəkət elm sahələrinin obyekti olmaqla yanaşı, fəlsəfi dünyagörüşünün də daim diqqət mərkəzinə aldığı bir anlayışdır. Hərəkət haqqında elmi informasiyaların fəlsəfi düşüncə sisteminə sızması müxtəlif maraqlı, eyni zamanda ziddiyyətli düşüncə şəbəkəsi yaratmışdır. Həm də fəlsəfi sistemlərdə hərəkət barədə mövcud olan fikirlər elmi sahələrin tətqiqat obyektinə çevrilmişdir. Yəni bu anlayış ətrafında həm elmin, həm də fəlsəfənin aşkara çıxardığı bir çox həqiqətlər və mübahisələr uzun bir dövrü əhatə edir. Hərəkət barədə müxtəlif maraqlı və ziddiyətli fikirlər incəsənətin müxtəlif sahələrinə və bədii əsərlərə sirayət etməklə bir çox fərqli, intellektual əsərlərin yaranmasına səbəb olmuşdur.
Bir halda ki, hərəkət anlayışı ətrafında yaranan fikir şəbəkəsi ədəbiyyatdan da yan keçməyib, onda bu anlayışa əvvəlcə, qısaca da olsa, həm elmi, həm də fəlsəfi aspektdən yanaşaq. Sonra isə bu yanaşmalardan istifadə edərək konkret bədii mətnlərin üzərində dayanaq.

Fizika. Sadəlik üçün ilk növbədə düzxətli bərabərsürətli hərəkətə nəzər salaq. Cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edir. A-dan B-yə düz xətt boyunca hərəkət zamanı cızdığı xətt onun trayektoriyası adlanır. İki nöqtə arasında trayektoriya hissəsinin uzunluğu qət edilən yoldur. Sürət anlayışını daxil edirik: v = s/t; v - sürət, s – gedilən yol – məsafə, t – sərf olunan zamandır (sürət vahid zamanda yerdəyişmədir).

Fəlsəfi yanaşma. Elmi informasiyadan keçək fəlsəfi müstəviyə. Fikrimizin izahı üçün bir fəlsəfi yanaşma ilə kifayətlənirik. Cisim A nöqtəsindən B nöqtəsinə gəldi. Demək, gəlmək üçün ilk növbədə getmək lazımdır. Yəni cisim B nöqtəsinə gəlib çatmazdan öncə A nöqtəsindən getməli idi.

Bədii təfəkkür vasitəsilə bunu belə ifadə edə bilərik: bütün gəlişlər gedişdir öncə. Bu, mövzuyla bağlı elmi informasiyanın fəlsəfi təfəkkürdən keçirərək bədii ifadəyə çevrilməsinə aid nümunələrdən yalnız biridir.

Beləliklə, bu formatda daha çox nümunələrlə tanış olmaq məqsədilə intellektual bədii mətn yaratmaq üçün təklif etdiyimiz modeldən (Eİ – FD – BT) – mövzuya uyğun elmi informasiyanın (Eİ) fəlsəfi düçüncə (FD) vasitəsilə bədii mətnə gətirilməsi (BD – bədii təfəkkür) texnikasından istifadə etməyə cəhd göstərək: elmi informasiya – fizika elminin hərəkət barədə verdiyi məlumatlar; fəlsəfi düşüncə – hərəkət anlayışına fəlsəfi yanaşma və bədii təfəkkür – hərəkət anlayışına elmi-fəlsəfi yanaşma nəticəsində alınan mənaların bədii mətndə ifadə olunması.

Gedir: X-ci ildə doğulub
Qatar
vaqonlardan ibarətdir,
vaqon adamlardan,
bir də pəncərələrdən.

Vaqondakı pəncərələr
daha çox göz və əllər deməkdir,
göz və əllərdən
ibarət olur adamlar
ayrılıqlar gəldiyi zaman.

Gedər, qatarlar gedər.
Qalar, ayrılıqlar qalar
qatarların getdiyi yerdə.

Vağzallar
ayrılıq yeri deyil ki təkcə,
görüş yeridir həm də.

Gələr, qatarlar gələr.
Qalar, ayrılıqlar qalar
qatarların gəldiyi yerdə.

Hər ayrılıq bir görüş,
hər görüş bir ayrılıq nöqtəsi,
hər nöqtə
son və başlanğıcın sığındığı yer.

A nöqtəsindən B nöqtəsinə gəldi,
B nöqtəsindən C nöqtəsinə getdi.
“Gəldi” və “getdi”lər
parça-parça doğrayar yolları;
ayrılıq – kəsilən yeri yolların.

A nöqtəsindən B nöqtəsinə gəldi –
elə A nöqtəsindən getdi deməkdi.
Bütün gəlişlər gedişdi öncə.

Gedir beləcə hər şey:
bəzisi sürətlə, bəzisi asta,
bəzisi tərpənmir – gedir amma.

Gedir o ağac,
gedir
o ağacın yanındakı o ev,
gedir
o evin içindəki
o masa, o şkaf, o çarpayı.

Çarpayıda
illərdi yataq xəstəsi:
baxıb ümidsiz-ümidsiz
“gedirəm” – dedi.

O
nə vaxtsa yaraşıqlı –
səyahət etməyi sevərdi qatarlarda,
indi ümidsiz xəstə:
X-ci ildə “gəlib” dünyaya.

Yuxarıda daxil etdiyim sürət düsturuna (v = s/t) əsasən elmi informasiyanın (Eİ) fəlsəfi təfəkkürdən (FD) keçirərək bədii mətnə (BT) çevrilməsinə aid bir nümunə də göstərək:

Ömür sürəti

Həyat – surətçıxaran aparat sanki,
qapağı altında tale yazısı.
Bir parça ağ kağız tək udar adamı,
udar – çevirər, köçürər o biri üzünə son nöqtəsinədək
qapağı altındakı tale yazısın.
Sonra ötürər sonsuzluğa, ötürər asta-asta
bir üzü ağ, bir üzü qara.

Hara, nəyə baxsan bir həyat macərası,
yəni bir həyat modeli.

Deyirəm
kaş imkanın olaydı, oğul,
ağ mərmərdən baş daşı qoyaydın məzarım üstə:
qara hərflərlə yazılaydı bir adım, bir də doğum tarixi,
yalnız doğum tarixi. Çünki, axı mən ölənlərdən deyiləm, oğul.

Vallah, ölənlərdən deyiləm, dostlar.
Ax, zalım dostlar, zalım dostlar!
Demədiniz, demədim – deyilməyən sözlər qaldı
ömür əhvalatından sonra.

Keçdiyin yolları (s) yaşadığın zamana (t) bölsən
ömür sürətini (v) tapa bilərsən:
bir adı “ömür yorğunluğu”.

Gedib, gedib, yorulub qayıtdığın yollar var ha,
üst-üstə gəl onları da.
Artar ömür sürəti, lap uçuşa bənzər.

Bir çiçək qopub düşdü otağımdakı gül kolundan.
Yoruldu deyəsən, yoruldu – dəqiq. Asta-asta enirdi yorğun.
Yox, uçurdu. Uçurdu asta-asta, yıxıldı döşəməyə;
artıq ömür sürəti – sıfır.

Tarazlıq halında – budağın, kolun üstündə yaşayar çiçəklər,
yaşayar güllər. Yerindən qopdusa, elə hərəkətdə ölər,
ömrü tükənər
ətrini, gözəlliyini itirməsə də.

Gördünüz! Hərəkətdə ölüm,
ölümdə gözəllik - bu da bir həyat macərası,
yəni bir həyat modeli, dostlar.

Ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim də!

Hara, nəyə baxsan bir həyat macərası.

Hərəkətdə yaşayar
çiçəkdən, güldən fərqli – təsadüfi prosesdi insan.
bilməz onu nə gözləyər t (te) andan sonra, bilməz ki ...
bilməz ki
başına nə gələcək bu zaman zəncirinin
bir zaman kəsiyində.

Biri hərəkətdə yaşayar, o biri sükunətdə.
Biri sükunətdə ölər, o biri hərəkətdə.
Çiçəyin qırılıb keçdiyi yoldu – çiçəyin öldüyü yerdi
insan həyatı.
Bu da bir həyat macərası, həyat modeli.

Hara baxsan, nəyə baxsan cürbəcür həyat macərası,
amma eyni həyat modeli, dostlar, - düzdür?

Ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim a!


Zenon paradoksları

İndi isə hərəkət barədə qədim yunan fillosoflarının köməyi ilə fərqli və bir qədər də gözlənilməz fikirlərlə tanış olaq. Amma bu fikirlər fərqli və gözlənilməz olduğu qədər də ağlabatandır. Bu fikirlər nə qədər məntiqli olsa da, həyatda şahidi olduqlarımızla heç cür uzlaşmır. Fəlsəfi həqiqət gerçəkliyi üstələyir, yoxsa gerçəklik fəlsəfi həqiqəti? – gəlin, əvvəlcə hərəkət barədə bəzi fikirlərlə tanış olaq, sonra mülahizələrimizə meydan verək.

Parmenidə görə, varlıqda hərəkət yoxdur. O, hesab edirdi ki, varlıqlar tamdır, bütövdür və onlar hissələrə bölünmür. Əgər varlıq hissələrə bölünərsə, onda hissələrin özlərinin də hissələri olacaq. Eyni zamanda həmin hissələrin də hissələri olacaq və s. Hər bir hissə sonsuz hissələrdən təşkil olunacaq və beləliklə, bütün hissələr bir-birinə və varlığın özünə bərabər olacaqdır. Deməli, hər bir kəsim içində olduğu kəsimin özü boyda olacaq. Bu isə məntiqə ziddir. Yəni varlıq hissəsizdir. Hərəkət üçünsə ən azı iki nöqtə lazımdır. Varlıqsa təkcə bir nöqtədir və nöqtədə isə tərpənişə yer yoxdur.

Eleyli Zenon öz müəllimi Parmenidi müdafiə edir: varlıqda hərəkət və çoxluq mövcud deyil. Hərəkəti və çoxluğu qəbul etmək həllolunmaz ziddiyətlərlə nəticələnir.
Onun öz fikrini əsaslandırdığı iki mülahizəsi ilə tanış olaq. Yunan dilində bu paradokslara aporiyalar deyilir:

Birinci aporiya – dixiotomiya (yarıyabölmə). Bir nöqtədən digər bir nöqtəyə çatmaq üçün əvvəlcə yolun yarısını qət etmək lazımdır. Amma əvvəlcə yolun yarısının da yarısını keçmək lazımdır. Bundan da əvvəl yarısının yarısının da yarısını keçmək lazımdır və s. Beləliklə, bir nöqtədən digər nöqtəyə gedib çatmaq üçün sonsuz belə hərəkət tələb olunur və nəticə etibari ilə heç bir hərəkət baş vermir.


İkinci aporiya – Axilles və tısbağa. Əgər tısbağa itiayaq Axillesdən qabaq hərəkətə başlayıbsa, Axilles heç vaxt tısbağaya çata bilməz. Çünki Axilles tısbağanın olduğu nöqtəyə çatana qədər tısbağa yeni bir nöqtəyə çatacaq və bu, sonsuz təkrar olunacaq və Axilles hər zaman tısbağadan geri qalacaq. Deməli, hərəkəti qəbul etmək ziddiyətə gətirib çıxaracaq.
Ona görə də Zenon bu nəticəyə gəlir ki, hərəkət və çoxluq mövcud deyildir.

Hərəkət haqqında söylənilən bu kimi maraqlı olduğu qədər də ziddiyətli elmi və fəlsəfi fikirlər daha estetik bir aləmə - ədəbiyyata yol açır. Görək bu yolu gerçək mənada başa vurmaq mümkün olacaqmı, yoxsa Zenon aporiyalarına inandığımız halda, dayandığımız nöqtədən bir addım da tərpənə bilməyəcəyik?

Dayandı – gedirdi amma
Gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?

O isə
“gəlirəm” – dedi. Elə bilirdi gəlir,
gedirdi amma.

Keçirəm, gözlə - çığırırdı. Yolu keçməyə
hazırlaşırdı. Keçirdi. Elə bilirdi yol keçir,
özündən keçirdi – fərqində deyildi sadəcə.

Çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi
bir az əsəbi. Hə, çatdım, bu da mən. Dayanıb, nəfəs dərdi
yorğun, hüznlü.
Dayandı. Gedirdi amma, xəbəri yoxdu, deyəsən.

Elə bildi çatıb. Çatdığı özü idi – bilmirdi hələ.
Çaşqınlıq içində boylandı ətrafa:
Hardayam, azalmaqdansa çoxalıb məsafə,
geriyə gəlmişəm ki.

Nə baş verdiyini bilən bilirdi, mən də bilirəm:
Çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə.
Amma əvvəlcə yolun yarısının yarısını. Ondan da əvvəl
yarısının yarısının yarısını…
Beləcə, sayacaqdı yerində gedə-gedə. Sayacaqdı yerində,
gedəcəkdi amma, elə hey gedəcəkdi.

Gözləyən isə
düşünürdü gözləyə-gözləyə:
Bu gəlişlə
“itiayaq Axilles də çata bilməz tısbağaya”.

Amma reallıq göstərir ki, varlıqlar daim hərəkətdədir və hərəkət onların təzahür formalarından biridir. Hərəkət bir nöqtədən digər nöqtəyə keçid olaraq dəyişmə, çevrilmədir. Hətta varlıqlar sükunət halında belə hərəkətdədirlər. Lakin bu dəyişmələr azalma və tükənmələrlə baş verir. Əks halda, belə deyək, varlıq hərəkət zamanı durmadan “çoxalardısa”, o zaman sona deyil, sonsuzluğa üz alar və varlıqların əbədiliyi yaranardı. Hərəkət – dəyişmələr olmasaydı, monotonluq yaranar, hadisələr və varlıqlar donar, kainat böyük bir fotoya bənzəyərdi.

Qadınım üçün sentimental şeir
Payız öncəsi
oğlumun toyunda
profildən çəkdirdim şəklimi
üzüm tam görünməsin deyə.

Profildən çəkilən bu cür fotolar
“tədricən yoxaçıxma”nın şəklidi əslində.

Gələn payız ... yox.
Gələn payızdan sonra qışda,
doğum günümdə gələrsən, – yaxşı?
Gələrsən ilk görüşə gəldiyin tək –
üzündə təbəssüm.

Gələrsən, – yaxşı? Mütləq gələrsən.
İşdi, mən olmasam da,
şəklim mütləq gülümsəyəcək üzünə.
İlk görüş yadına düşər –
heykəl kimi dayanmışdım.
Sənsə üz-gözündə sevinc
lap “sevgi”yə bənzəyirdin. Heç söyləmədim:
o vaxt mən sevdaya tutulmuşdum,
indi sənə əzab, mənə ağrı verən
xəstəliyə tutularkən xatırladım bunu bir də.

Gələn payız ... yox.
Gələn payızdan sonra, qışda
doğum günümdə gələrsən, – yaxşı?
Mütləq gələrsən. Vədimə xilaf çıxmaram,
gözləyəcəm. Ən azı heykəl şəklində -
üzündə qərib təbəssüm.

# 2901 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #