Onu dilənçi zənn etdilər, sevdiyi qadın onu rədd elədi, öləndə Fəxri Xiyabana qoymadılar – Xəstəliyindən xəbərsiz olan Xalq rəssamımız

Səttar Bəhlulzadə. Rəssam

Səttar Bəhlulzadə. Rəssam

25 iyul 2022
# 12:00

Kulis.az Xalq rəssamı Səttar Bəhlulzadə haqqında maraqlı faktları təqdim edir.

Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Bəhlul kişi elə həmin ilin yanvar ayında itirdiyi Səttar adlı oğlunun adını yeni doğulmuş körpəyə qoyur. Bəhlul kişinin ailəsində dörd övlad böyüyür. Səttar bu ailənin üçüncü övladı olur.

***

Xasiyyətcə sakit biri olan Səttar riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağına şübhə etmir. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara köməklik etməkdə ad çıxardığından onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayır.

1927-ci ildə o, müvəffəqiyyətlə imtahan verib Rəssamlıq Texnikumunun tələbəsi olur. Sonralar "Əzimzadə məktəbi" kimi məşhurlaşacaq bu texnikumda Səttar Bəhlulzadə 1931-ci ilə kimi təhsil alır.

***

Təhsil illərindəki ilk uğurları böyük rəssam Əzim Əzimzadənin diqqətindən yayınmır. O, Səttarı baş rəssamı olduğu "Kommunist" qəzetində işləməyə dəvət edir. Həmin qəzetdə işlədiyi iki il müddətində Bəhlulzadə qrafik sənəti sahəsində özünün dəst-xəttini formalaşdırır.

***

1933-cü ildə Səttar Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olur. Tələbəlik illərinin birində Səttarın həyatında çox əlamətdar bir hadisə baş verir. Krımda keçirilən yay təcrübəsi zamanı onun rəsmlərindəki özünəməxsusluğu duyan məşhur rəssam Q.M. Şeqal Səttara rəngkarlıq fakültəsinə keçməyi təklif edir. O, bu təklifi məmnuniyyətlə qəbul edir və üçüncü kursdan etibarən Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilinə davam edir. Təhsil illərini başa vurarkən o, diplom işi olaraq, Babək hərəkatı mövzusunu seçir. Mövzunun daha əhatəli olması üçün o, material toplamaq üçün Bakıya qayıdır. Gənc rəssam diplom işini tamamlasa da, onu müdafiə edə bilmir. 1941-ci ildə başlanan Böyük Vətən Müharibəsi onu vətəndə qalmağa məcbur edir. Müharibə illəri bitsə də, Səttar diplomunun müdafiəsi üçün təkrar Moskvaya qayıtmır. Bunun səbəbini soruşanlara isə "Məgər diplomsuz rəssam olmur?" cavabını verir.

Özünü bütünlüklə sənətinə həsr etmiş insanın təkliyi, ailə qurmamağı ətrafdakı doğmalarını, dostlarını narahat etməyə başlayır. Lakin yalnızlığını alın yazısı hesab edən rəssam anası Hökümə xanımı körpə övlad məhəbbəti ilə sevir.

***

Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birgə həyatı baş tutmur və ayrılmalı olurlar. Deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş.

***

Şair Xeyrulla Camal danışır ki, bir dəfə Səttar Bəhlulzadə ilə trolleybusda söhbət edə-edə yol gedirdik. Dayanacaqların birində trolleybusa minən bir qadının yanındakı 2-3 yaşlı uşaq Səttarın üzünü görəndə (Tanrı Səttar Bəhlulzadənin bütün gözəlliklərini içinə yığmışdı, çölünə heç nə saxlamamışdı) qorxudan ağlamağa başladı və ovunmadı. Səttar növbəti dayanacaqda, yarı yolda məni məcbur elədi ki, o uşağın xətrinə trolleybusdan düşək. Düşdük də…

Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedir. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılır. Süfrə arxasında əyləşən Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyranı andıran rəsm çəkib deyir: "Füzulinin bütün qəzəlləri bitkin bir portretdir. Mən portretçi olsaydım, Füzulinin nəinki qəzəllərinin, hətta hər bir beytinin portretini çəkərdim".

***

Füzulinin qəzəllərinə olan vurğunluğunu o, hər zaman belə dilə gətirir. "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin: qədim xalça və miniatür sənətimizin, bir də ki, Füzulinin odlu-alovlu poeziyasının böyük təsiri olub".

***

Füzuliyə olan sevgisini rəssam bir dəfə daha qəribə və özünəməxsus formada büruzə verir. Dekabrın 15-də ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib oradan xeyli şam gətirir. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayırlar. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.

Yetmişinci illərin ortalarında «Ulduz» jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam «Ulduz»un redaksiyasına gəlir və soruşur:
– Nə qədər qonorarım var?
Cavab verirlər:
– Min beş yüz manat.
Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:
– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu «Avrora» tapasız!

***

Səttar Bəhlulzadə sufi həyatı keçirirmiş, geyim-keçiminə qətiyyən fikir verməzmiş, həmişə nimdaş paltarda gəzərmiş. Hətta əsgər şinelini də geyinməyi özünə ar bilməzmiş. Bir sözlə o, geyimə bəzək kimi yox, isti-soyuqdan qoruyan şey kimi baxırmış. Bir dəfə rəssam elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

***

Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox adamla bölüşmədiyindən yaxınları onun xəstəliyindən çox gec xəbər tuturlar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışır ki, o, qayğıdan, diqqətdən də kənarda qalır. Onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranırlar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır.

Yaxın dostlarından biri onun bu halını görüb çox pis olur və onun üz-gözündən öpüb leçkomissiyaya aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən?

***

Lakin rəssamın vəziyyəti günü-gündən pisləşdiyindən onu 1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.

***

Vaxt keçir rəssamın səhhətində heç bir irəliləyiş gözə çarpmır. Elə həmin ərəfədə həm də onun Moskvada ilk fərdi sərgisi açılır. Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına deyir: - Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Altmış dörd yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?..

Bu sözlərdən sonra həkimlər ona heç bir yoluxucu xəstəliyi olmaması haqqında arayış verirlər. Tezliklə Səttar Bakı-Moskva qatarı ilə Moskvaya yola düşür. Sərgidə güclə ayaq üstündə dayanan rəssamın halı sərgidən sonra daha da pisləşir. Ertəsi gün onu Petrovski adına xəstəxanaya aparırlar. Üç gündən sonra isə o, əməliyyat olunur.

***

Əməliyyatdan sonra saçları dibindən qırxılmış rəssam yaxınlarını yenə də gülərüzlə qarşılayıb onlardan onu əməliyyat etmiş cərrah Çernousova və tibb bacılarına yaxşı hörmət etmələrini xahiş edir. Çernousov isə bir qəpik pul da götürməyib deyir: "Heç bir hörmət lazım deyil, o müqəddəsdir, Allah adamıdır. Həm də onun xəstəliyi artıq şiddətlənib. Qara ciyərində, öd kisəsinin yolunda xərçəng var. Özünə yaxşı baxarsa bir il, baxmazsa altı ay yaşayar. Bir də Moskvaya gətirməyin. Boş zəhmətdir..."

Əməliyyatdan sonra xəstəliyi haqqında heç bir məlumatı olmayan Səttar qatardan düşərkən onu qarşılayan insanlara: "Xoş gördük, dostlar. Sağ-salamat gəlib çıxdım doğma torpağa" deyir.

***

1974-cü ilin yağışlı oktyabr ayının 15-də böyük sənətkar gözlərini əbədi olaraq yumur. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılır.

# 65403 dəfə oxunub

Oxşar xəbərlər

Ulucay Akifin şeir gecəsi olacaq

Ulucay Akifin şeir gecəsi olacaq

13:18 6 dekabr 2024
Bu küçəyə xalq artistinin adı verildi

Bu küçəyə xalq artistinin adı verildi

13:02 6 dekabr 2024
Sviftin kitabı rekord həddə satıldı

Sviftin kitabı rekord həddə satıldı

12:41 6 dekabr 2024
“Tablolarda nağıllar” adlı sərgi-müsabiqəsinin yekun tədbiri keçiriləcək

“Tablolarda nağıllar” adlı sərgi-müsabiqəsinin yekun tədbiri keçiriləcək

11:44 6 dekabr 2024
"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək

11:15 6 dekabr 2024
Şəhriyar Del Gerani AYB və YAP-dan istefa verdi

Şəhriyar Del Gerani AYB və YAP-dan istefa verdi

10:42 6 dekabr 2024
# # #