news-inner
clock16:00 calendar-gray 20 Dekabr 2012 view-gray1484 dəfə oxunub
view-gray1484 dəfə oxunub

“Molla Nəsrəddin”in bitmiş missiyası

Böyük ədəbiyyatın zaman və xalq qarşısında dəyişməz mənəvi vəzifəsi maarifçilikdən ibarətdir. Şərqdə bu işığı ilkin yandıranlardan biri Mirə Fətəli Axundov oldu. Bu gün Şərqin bədii və demokratik fikir tarixində Axundovun imzası və ünvanı açıq-aydın görünür. Məlum həqiqəti yenidən təkrarlamağa hacət olmasa da yazıçı dostum Qan Turalının “Əsrin tələbi və mollanəsrəddinçilik epiqonizmi” məqaləsiylə bağlı fikirlərimi yazmaq barədə düşünəndə Axundovun bu böyük tarixi xidmətini bir daha xatırladım və yazıma da elə bu xatırlatmayla başlamağı lazım bildim.

Azərbaycanda bədii tərəqqinin Axundov mərhələsi maarifçiliyin və inqilabi yenilikçiliyin əsaslarını yaratdı. Böyük maarifçi Həsən bəy Zərdabinin atdığı toxumlar cücərdi, maarifin əhəmiyyətini dərk edən və bunun üçün maddi dəstəyini əsirgəməyən milli burjuaziyanın varlığı reallığa çevrildi. Eyni zamanda mövcud ehtiyaca cavab verməsə də xalqın maariflənməsi yolunda hər cür məhrumiyyətə sinə gərən maarifpərvər, savadlı milli pedaqoji kadrlar yetişdi. Bu əsaslar Mirzə Cəlil kimi dahini yetişdirdi. O Mirzə Cəlili ki bu gün də bir çox suallara dəqiq, dürüst cavabı onun əsərlərində tapırıq. Sözsüz, Mirzə Cəlil təlimi aktuallığını itirməyib. Yazıçının böyüklüyü də ondadır ki, zaman keçsə də öz aktuallığını qoruyub saxlayır.

Amma hər bir yazıçının uğuru həm də ondan ibarətdir ki, onun ideyaları nə vaxtsa həyata keçir. Mirzə Cəlil özü deyirdi ki, “Molla Nəsrəddin”i zəmanə yaratdı”. Zaman bunu tələb edirdi. Amma bu gün zaman yazıçının qarşısında başqa tələblər qoyur.

Qan Turalı yazır: “Molla Nəsrəddin” ideyalarını dəstəkləmək adına epiqonçuluq meyllərini inkişaf etdirmə cəhdləri ikrah doğurur”. Bax, bu fikirlə razılaşmamaq mümkün deyil. “Molla Nəsrəddin” ideyalarını dəstəkləməklə bu ideyaları amansızcasına istismar etmək tamam fərqli anlayışlardır. Bir qrup adamlar məhz psevdomollanəsrəddinçiliklə, o ideyaları sözün əsl mənasında istismar etməklə məşğuldurlar. Təsəvvür edin ki, Azərbaycanda günün bu günündə “Molla Nəsrəddin” jurnalı çıxarıb “reketçilik”lə məşğul olan adamlar var. Bu, epiqonçuluq da deyil, Mirzə Cəlil ideyalarına tüpürmək deməkdir. Məhz belə adamlar həmişə hər yerdə “Molla Nəsrəddin” ideyalarıyla manipulyasiya etməklə məşğul olublar və bu proses bu gün də davam edir.

Mirzə Cəlil heç vaxt hansısa məmurun karikaturasını jurnalda dərc edib sonra ondan pul almazdı.

Biz hamımız zaman-zaman yazılarımızda cəhalətə, fanatizmə qarşı çıxmışıq. Elə Qan Turalının özü də bu gün maarifçilik missiyasını yerinə yetirir. Amma zaman bizim qarşımızda başqa tələblər qoyur. Bu gün ən ucqar dağ kəndində yaşayan, kitab-dəftər üzü açmayan insanlar da Mirzə Cəlilin Novruzəlisindən yüz qat məlumatlıdır. Biz o vaxt Mirzə Cəlil səviyyəsinə qalxa bilərik ki, onun qəhrəmanlarının yaxasını buraxıb indiki dövrün qəhrəmanlarını ədəbiyyata gətirək. Yüz il sonra bizim nəslin yazdıqlarını oxuyanlar məhz bu dövrün insanını görə bilsinlər. Yeni ədəbi məktəb yaratmağın yolu burdan başlayır. Yeni nəsil öz ənənələrini, öz ideyalarını yaratmalıdır.

İnsanlığın mənəvi yüksəlişi dövründə, qloballaşmanın sərhədləri aşıb dünyanı bürüdüyü bir zamanda dünya vətəndaşı ola bilmiriksə, Azərbaycan ədəbiyyatı hələ də sərhəddə ilişib qalırsa, bunun əsas səbəbi məhz psevdomollanəsrəddinçiliyimizdir.

Cəlil Cavanşir öz yazısında israrla Mirzə Cəlil ideyalarının gerçəkləşənə qədər inkişaf etdirilməsinə və təbliğinə ehtiyac olduğunu yazır. Mirzə Cəlil ideyaları öz bəhrəsini çoxdan verib, bu missiya artıq bitib. Bu xalq daha “Danabaş kəndinin əhvalatları”ndakı avam xalq deyil. Biz indi yeni ideyaların peşində olmalıyıq.

Maarifçilik missiyası estafet kimi nəsildən-nəslə ötürülür. Bu günün fəal ziyalısı bu missiyanın daşıyıcısı olmalıdır. Xüsusən də yeni ədəbiyyatı yaradanlar!

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi
16:30 05 Dekabr 2020
Ceyms Bondun tapançası satıldı
15:45 05 Dekabr 2020
“Humay” mükafatının qalibləri məlum olub
14:35 05 Dekabr 2020
Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi
13:30 05 Dekabr 2020
Hüseyn Caviddən gözəl bir qoşma - Günün şeiri
12:30 05 Dekabr 2020
Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək
11:15 05 Dekabr 2020
Həvəskar və peşəkar rəssamlar arasında rəsm müsabiqəsi keçirirlir
10:12 05 Dekabr 2020
Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
09:01 05 Dekabr 2020
Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
20:05 04 Dekabr 2020
"Italyansayağı xoşbəxtlik" tamaşası onlayn nümayiş ediləcək
19:30 04 Dekabr 2020
Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Günel Eminlinin yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini
13:01 04 Dekabr 2020