Maşınla qovaladığımız erməni qız

Maşınla qovaladığımız erməni qız
23 noyabr 2020
# 11:03

Kulis.az Ayxan Ayvazın “Gördüyüm ermənilər” yazısını təqdim edir.

Tiflisdə yaşadığımız vaxtlar idi. Atamla bazara getmişdik. Mən onda çox balacaydım. Bazar tünlükdü, qışqır-bağır, malını satmaq üçün dəridən-qabıqdan çıxan adamlar və atamla mənim yorğun-arğın yerişimiz.

Anam olsa, daha çox yorulardıq. Bazarı elədən-belə, belədən-elə gəzər, bütün satıcılarla danışar, qiyməti öldürməyə çalışar və öz istədiyini əldə etməyənə qədər hər yerə baxardı. Yaxşı ki, atam elə deyildi. Kişilər bazarlığı sevmir axı. Atam da bütün kişilər kimi əlinə nə keçdi alır, satıcılarla çənə-boğaz olmur, qiymət öldürmürdü.

Axır-axırda ürəyim mandalin istədi. Atam dedi, alaq da, nə çətin bir şey var? Biz mandarin yeşiklərinin qalaqlandığı yerə çatıb nəfəsimizi dərdik. Atam satıcıyla danışdı və elə ki satıcı ağzını açdı, o saat əlinə aldığı mandalini yerinə qoyub mənə sərt şəkildə dedi:

“Getdik”.

Sən demə, satıcı erməniymiş və o vaxtlar da müharibə təzəcə başlamışdı. Atam bu səbəbdən ondan bir şey almaq istəmirdi.

- Mənim nə günahım? – erməni satıcı dil tökürdü.

Atam sakitcə getdi və üzündəki ifadədən bunları oxudum: “Hamınız günahkarsınız”.

***

Rusiyaya getmişdim, bibimgilə. Bibimoğlu təzə maşın almışdı, hər gün onu sürməkdən özünü saxlaya bilmirdi. Mən də ona qoşulur, bütün günü balaca şəhəri gəzib, təzədən evə qayıdırdıq.

Maşınla gəzdiyimiz günlərin birində maraqlı bir hadisə yaşandı. Bibimoğlu rusdilliydi, təzə-təzə bizim dili öyrənməyə girişmiş, üstəlik türk müğənnilərinə qulaq asmağa başlamışdı. Mən də o vaxt Sezen Aksunun diskini gətirmişdim. Maşında gedirdik, Sezen Aksu da bir yandan içimizi dağıdırdı. İşıqforda bibimoğlu saxladı.

Qarşımızdan bir qız keçdi və əliylə mahnının gözəlliyini bildirmək üçün əla işarəsi elədi.

- Ermənidir. – dedi bibim oğlu və birdən onun üstünə maşını sürdü. Qız hürküb geri çəkildi. Nə olduğunu anlamadan qaçmağa başladı.

Bibimoğlu gülümsündü:

- Onlar adam deyil.

***

Başqa bir gün məclisdə təsadüfən iki erməni peyda oldu. Özümü pis hiss eləyirdim, durub getmək üçün bəhanə axtarırdım. Məclisdə yunanlar da vardı, ruslar da. Bibimoğlu da məni qoyub harasa getmişdi.

Birdən dişimdən dəhşətli ağrı qopdu. Özümə yer tapa bilmirdim. Ermənilər dedi:

- Bizə görə narahatsan? Biz burda böyümüşük. Buralıyıq.

Dişimə işarə elədim:

- Bərk ağrıyır.

- Vallah, biz bilirik ki, ora sizin torpaqlardı.

Yenə dişimi göstərdim, xeyri olmadı. Ermənilər bir əldən üyüdür, özlərinin günahsızlığını sübut eləmək üçün dastan açıb baş-beyin aparırdılar.

Axırda məclisi tərk elədim. Durub arxamca da gəldilər. Əsəbiləşib dedim:

- Dişim ağrıyır. Məni rahat buraxın!

***

Erməni xalq deyil əslində, düşüncə tərzidir. İçində o düşüncəni daşıyan biri faşistdir, qaniçəndir. Əslində, onları məhv edən bu xəstə təfəkkürdür. O gün bir tarixçilərinin müsahibəsini oxudum. Deyir, biz harda kilsə gördük, oranı öz torpaqlarımız adlandırdıq. Yəni, bu qədər məzmunsuz və komikdirlər.

Şərif Ağayar yazır: “Erməni təkcə millətin deyil, həm də təhlükəli bir düşüncənin adıdır. Ermənini söyənlər xalqdan çox o düşüncəni söyür, zənnimcə... Və düşmən də olsa etiraf edək, erməniçilik hamıdan artıq erməni xalqına ziyan vurur. Bu gün o ziyan zərbəyə çevrilib başlarında partlayır. Bax dünyanın və Ermənistanın bilmədiyi, bilmək istəmədiyi gerçəklik budur”.

Onlara qarşı münasibətimizin dəyişməməsi də buna görədir. Ermənilər yaxşı qonşu olmadılar: yediyi qaba tüpürdülər, özlərinə əl qatıb “bura bizimdir” dedilər. Təəssüf ki, bu düşüncə çoxlu facilələrə səbəb oldu. Əslində bizim də nifrətimiz bu səbəbdəndir: olanları unuda bilməmək.

Ermənilərin öz torpaqları zənn etdiyi yerlərdən çıxıb gedərkən hər şeyi dağıtmaları, yandırmaları da bayaq dediyim düşüncə tərzinin məhsuludur.

Biz o yerləri tərk edəndə ya bir ovuc torpaq götürüb getdik, ya sazımızı, ya oyuncağımızı apardıq özümüzlə. Onlar isə unitazlarını. Biz gedərkən içimizdə bir nisgil vardı. Onlar gedərkən isə cığallıq eləyirdilər.

Biz öz torpağımızdan çıxırdıq və o torpaqlara qayıdacağımızı bilirdik. Ona görə evin açarını atmamışdıq, o yerləri unutmamışdıq.

İnsan torpağa, təbiətə münasibətə görə seçilir. “Fəryad” filmində evi yandırmaq istəyən qəhrəman uşağın ağladığını görüb bu qərarından vaz keçir. Ermənilər də onun bu addımına çaşıb qalırlar.

Biz heç vaxt onlar kimi olmadıq.

Ola da bilməyəcəyik.

Çünki biz haqlıyıq.

Haqlı olan tərəf heç vaxt namərdlik eləmir.

# 9163 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #