news-inner
clock08:55 calendar-gray 20 Oktyabr 2020 view-gray2348 dəfə oxunub
view-gray2348 dəfə oxunub

Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə

Kulis.az “Hekayə günü” Mahirin “Ehtiras” hekayəsini təqdim edir.

Əgər siz heç vaxt balıq ovunda olmamısınızsa, bu hekayəni oxumaya da bilərsiniz...

Ora çatanda dan yeri yenicə işıqlanırdı. Üzünə sərilmiş qara tül götürüldükcə gümüş rəngi alan gölün azacıq balıq qoxuyan sərin havası maşının açıq pəncərəsindən içəri doldu. Çox sevdiyi bu havanı ciyərlərinə çəkdi, yol boyu beynini deşən bütün fikirlər, qayğılar bir anda uçub getdi, yerini qəribə bir sakitliyə, həzin ehtirasa buraxdı. Gölün qırağında heç kəs yox idi. Sevindi. Maşını həmişə oturduğu yerin lap yaxınına sürdü. Düşüb səssizliyi dinlədi. O, bu səssizliyin içindən balıqların üzgəc səsini, qamışlığın arasından tənbəl-tənbəl çıxan tısbağaların hənirini, işgüzarcasına ov dalınca şütüyən ilanların asta fısıltısını, qurbağaların nəfəsini eşidirdi. Gölün içində fərqli bir dünya olduğunu bilirdi və bu dünyayla yaxın olmağı sevirdi.

Üst paltarını soyunub səliqə ilə qatlayaraq oturacağın üstünə qoydu, ov çantasından bozarmış hərbi paltarı çıxrtdı, tələsmədən geyindi. Həmişə olduğu kimi, əvvəlcə mavi rəngli qatlama stulu açıb yerə qoydu. Bu stul da o biri ov ləvazimatları kimi illərdir maşının yük yerinin daimi sərnişiniydi. Çox sevirdi hamısını, əzizləyirdi, qoruyurdu, ən yaxınına da qıymırdı. Yoxsa 15 il tilov, qatlama stul dözərmi? İndi satılanlarda keyfiyyət də yoxdur.

Lazımı əşyaları stulun ətrafına, əlinin çatacağı yerə düzdükdən sonra tilovları uzun çantadan çıxarıb açdı. Xüsusi yem hazırlamamışdı, eləcə konservləşdirilmiş qarğıdalı dənələri götürmüşdü. İri balıqları tutmaq üçün istifadə etdiyi atma tilovları çıxarmadı. Yalnız iki üzücü nişanı olan tilovun iynələrinə qarğıdalı taxıb gölə salladı. Yerini rahatladı, həmişəki kimi siqaretini yandırıb gözü tilovlarda, fikri onun yanında gözləməyə başladı.

O dediyim gölün ən iri, ən təcrübəli balığıydı. Neçə balıqçının qarmağını qıran, əllərini dizinə çırpıb peşmanlıqla inildəməsinə səbəb olan, gecələr yuxusunu qaçıran balıq... Bu gölün qeydsiz-şərtsiz lideri. Dəfələrlə görmüşdü bu azmanı, hərdən müxtəlif yerlərdə suyun üzünə qalxıb ovuna çıxanlara yanıq verir, meydan oxuyur, suların bağrını yaran şappıltıyla yoxa çıxırdı. Bir dəfə qarmağına da ilişmişdi, ancaq bircə təkanla kapron sapı qıraraq getmişdi. Gölün hər tərəfindən qurbağaların istehzalı gülüşü ucalmışdı. Çoxdan olmuşdu, neçə ilsə qabaq. Di gəl yadından çıxmırdı. Özünə sığışdırmırdı bu məğlubiyyəti. Nələr eləməmişdi hesablaşmaq üçün? İnternetdən öyrəndiyi müxtəlif üsullar, hazır satılan və ya özünün hazırladığı növbənöv yemlər... Hərdən həzin, hərdən vəhşi ehtirasla gəlirdi hər dəfə.

Günəş ətrafı daha yaxşı görmək üçün yatağından qalxıb yüksəldikcə payızın kürəyi uyuşduran soyuğu yumşalmağa başladı. Qarşıdakı dağdan düşən günəş şüaları gölü yarıb keçdi. Çantadan iri günlüklü papağını çıxarıb başına keçirdi. Növbəti siqareti yandırmaq istəyirdi ki, tilovlardan birinin üzücü nişanı batıb-çıxdı. Əli qeyri-iradi tilovun sapına yönəldi. Uzun illərin təcrübəsi öyrətmişdi ki, səbirlə ikinci vuruşu gözləmək lazımdır. Balıq yemi görüb, yan-yörəsində hərlənir, təhlükə hiss eləməsə ikinci vuruş gələcək. Elə də oldu, iki-üç dəqiqə keçməmiş növbəti ani vuruş və üzücü nişan suda görünməz oldu. Tilovu cəld qaldırdı. Ağır gəlir, əməlli-başlı müqavimət var. Ancaq o deyil. Təxmini çəkisini də müəyyənləşdirdi; yarım kilodan bir az artıq olar. Barabanı yığaraq balığı sahilə kimi gətirdi və sakitcə kənara atdı. Heç kəs olmadığından özü-özünə “ya siftə, dalı bol olsun!” dedi. Yerdə çapalayan balığın ağzından qarmağı çıxardı, qulpuna uzun ip bağlanmış tor zənbilə salaraq suya atdı, ipini qamışların gövdəsinə bağladı. Ovun axırında qərar verəcəkdi bu balığın taleyinə, əksər vaxt ya “mən axtardığım deyilsən, get yaşa” deyərək suya buraxır, ya da kiməsə pay verirdi. Demək, balıqlar yemə çıxıb, hava təzyiqi normadadır, qismət olsa, ardı gələcək. Qarğıdalıların içindən gözünə iri dəyən birini qarmağa taxıb yenidən suya atdı.

Bütün bədəninə yayılan günəş istisi səhərin soyuğunu canında əridib əhvalını dəyişdi. Qəribə bir ehtiras gəldi canına, qadın arzuladı. Gözünün qarşısında elə səhnələr canlandı ki... Eh, bu da bir xəstəlikdi, yuxuna haram qat, bu qədər yol gəl... Hələ xərcini demirəm. İtirdiyi zamanı, çəkdiyi xərci bədənini bürüyən bu ehtirası söndürmək, əylənmək, həyatdan başqa cür zövq almaq olardı. Peşmanlıq nəyi dəyişir? Eybi yox, bu sakitlik nəyə desən dəyər.

Növbəti vuruşla bədənini bürüyən ehtiras da, peşmanlıq hissi də yoxa çıxdı. Əlini tilova uzadıb bütün diqqətini üzücü nişana yönəltdi. İkinci balıq daha balaca, daha təcrübəsiz idi, ağzındakı iynəylə sahilə doğru əylənirmiş kimi həvəslə üzür, müqavimət göstərmirdi. Sudan çıxan kimi tilovun ucunda çapalamağa başladı. Yazığı gəldi balığa, ağılsız yeniyetməyə oxşatdı. Eh, balaca balıq, sən bu gedişlə böyüyə bilməyəcəksən. Qarmaqdan çıxarıb suya buraxdı və ürəyində həmişəki kimi “get, böyüyünü göndər” deməyi də unutmadı. Ürəyiyumşaq idi, tutduğu balıqlara yazığı gəlirdi, incitmək istəmirdi onları. Təsadüfən qarmağına balıq əvəzinə tısbağa ilişəndə az qala üzrxahlıq edə-edə iynəni ağzından çıxardır, özünə bəraət qazandırırdı: “Mənlik olmadı vallah, günah səndədi, get, bir də mənim qarmağıma yaxın gəlmə”. Yoldaşlar gülürdülər ona, “öldür” deyirdilər, “qoymayacaq balıq tutaq”, ancaq o, tısbağaların da, ilanların da, qurbağaların da öldürülməsini istəmirdi. Niyə hansısa canlını öldürəsən axı?

Qarmağa yem taxıb suya atmaq istəyəndə digər tilovun ucunun gölə doğru əyildiyini gördü. Cəld qaldırdı. Bu dəfə əməlli-başlı ağırlıq hiss elədi. İridir, azı bir kilo olar, ancaq o deyil. Yavaş-yavaş barabanı yığdı, qısa mübarizədən sonra balıq artıq otların üstündə atılıb-düşürdü. Vəssalam! Tor zənbildəki balıq darıxmayacaq, həmsöhbəti var.

Ov ehtirası anadangəlməydi onda, ağlı kəsəndən silaha, balıq ovuna olan sevgisi də içində özüylə böyümüşdü. Qayğısız, xoşbəxt uşaqlığından bu sevgisinin yaşatdığı bir travma da yaddaşının dərinliyindən baş qaldırırdı. Dağların qoynunda yerləşən kəndlərində göl yox idi, heç balıq da. Kimdənsə eşitmişdi ki, kəndlərindən xeyli aralı, dərin dərələrdən axan Çayqovuşanda balıq var. İsti yay günlərinin birində özündən iki yaş balaca dayısı oğlunu da başdan çıxardıb heç kimə demədən yollanmışdılar balıq tutmağa. Eləcə, kimsədən məsləhət almadan, alətsiz-filansız. Uzaq, təhlükəli yollarla Çayqovuşana çatanda gün günortanı keçmişdi. Çayın qırağıyla ta toran qovuşana kimi balıq axtarmışdılar. Yorğun, ac, qorxmuş və məlumdur ki, əliboş kəndə gəlib çatanda artıq gecə yarıya yaxınlaşırdı. Bütün kənd ayaqdaydı, səfərbər olmuşdu onlar üçün. Hamı danlayırdı, hamı ən pis iş görmüş kimi baxırdı ona. İlk dəfəydi atasını bu qədər acıqlı görürdü. İlk dəfəydi atasının gözlərində mənasını çox-çox sonra anlayacağı qorxu görürdü. İlk və yadında qaldığı qədər son dəfə ağır cəzalandırmışdı atası. Onda ilk dəfə düşünmüşdü ki, bu dünyada onu heç kim anlaya bilmir...

Günəş yüksəldikcə ümidi azalırdı. Narahatlıqla saata baxdı – 11-ə işləyirdi, günortaya qədər oturacaqdı burda. İri balıqlar əsasən səhər tezdən, bir də axşam şər qarışanda yemlənir. Deyəsən, bu gün də əliboş dönəcək. Hər dəfəsində məğlub qayıtmaq onun qeyzini, inadını artırırdı. Hərdən ona elə gəlirdi ki, bu dünyadakı ən vacib işi o balığı tutmaqdır. Bəlkə də hər şey yoluna düşər, hətta dünya da düzələr o balığı tutsa.

Üzücü nişanlar eyni vaxtda tərpəndi. Hər əlini bir tilova yaxınlaşdırıb diqqətlə izləməyə başladı. Ürəyində tilovlarını həvəsləndirdi: “Görüm hansınız daha qoçaqsınız, hansınız çempion olacaqsınız”. Vuruşlardan biri daha bərk idi və elə o da birinci batdı. İkinci tilova vuran balığı qaçırmasın deyə cəld hərəkət elədi, yenə orta çəkili bir balığın bəxti gətirməmişdi və tezliklə tor zənbildəki yoldaşlarına qoşuldu.

Yem qoya-qoya bir gözü digər tilovun nişanındaydı. Arada yavaşca tərpənir, sonra dayanırdı. Yəqin, xırda balıqdır, yemi qurdalayır, götürə bilmir. Gözləmək lazımdır. Hərdən iri, təcrübəli balıqlar da belə edir, aldadır balıqçını. Sakitlik yarandı. Bitdimi? Üzücü nişan iki-üç dəqiqə sonra yenidən tərpəndi, yavaş-yavaş, oğrun-oğrun və yenə sakitləşdi. Elə bil səbrini yoxlayırdı. Balıqlar nə biləydi ki, həyat özü ona öyrətmişdi səbirli olmağı, yenə gözləməyə qərar verdi. Nə isə qeyri-adi bir şeyin olacağı hissi doldu içinə. Əli tilovun üstündə donub qalmışdı. Siqaret yandırmaq istədi, ancaq tərpənsə o qeyri-adi şeyin baş verməyəcəyindən qorxdu. Bu an suyun altını görməyi elə istərdi ki. Bəlkə də yanılır, xırda balıqlardır, həmişə, hər yerdə o qədər aldadırlar ki bizi. Yox, tam dayandı deyəsən...

Üzücü nişanın suda qalan hissəsi yavaş-yavaş yuxarı qalxmağa və suyun üzündə uzandıqdan sonra gölün ortasına doğru getməyə başladı. Bu, dəqiq iri balıqdır. Bir az da gözləmək lazımdır. Lap az. İndi. Qarmaq balığın ağzına yaxşı keçsin deyə tilovu yüngülcə çəkib buraxdı. Bundan bərk çəkməz olmaz, kapron ip qırılar. Aha, ilişdi. Balığın ağırlığından və gücündən ikiəlli yapışdığı tilov əyildi. Şübhəsiz bu həmin balıqdır! Mücadilə başladı. O bu anı nə qədər gözləmiş, nə qədər arzulamışdı! İllərdir yarımçıq qalmış hesabın revanş anı yetişmişdi. Bütün bədəni heç vaxt olmadığı qədər gərildi, qollarının əzələləri küt ağrıyla şişdi. Sakitliyi, təmkini getmiş, əvəzində üzünü həyəcan dolu qəzəb bürümüşdü. Gözləri vəhşi ehtirasla parlayırdı. Balıq daha təmkinliydi deyəsən, həmişə olduğu kimi yenə kapron ipi qırıb qaçacaqdı, yenə sağdan-soldan qurbağalar balığı alqışlayıb, balıqçıya güləcəkdi. Yox, balığın bəxti gətirməmişdi bu dəfə, altılıq ip bağlanmışdı, qırılmazdı. Tilov da keyfiyyətlidir, iynə də təmiz poladdandır, əyə bilməyəcək!

Balıq bir neçə dəfə sürətlə sağdakı sahilə yaxın qamışlığa, daha sonra eyni sürətlə sol tərəfdəki daşlığa sarı şığıdı. Ancaq o, bütün bunları xəyalən dəfələrlə yaşamışdı, nə edəcəyini bilirdi. Dözmək və yormaq lazımdır. Dözmək və yormaq! Belə qaça bilməyəcəyini hiss edən balıq sahilə - ona sarı yönəldi. Bu ən təhlükəli an idi – tarım saxlanmış kapron ip boşalsa, çevrilib ya iynəni ağzından çıxarmağa çalışar, ya da qəfil geriyə təkan verər. Güclü təkan altılıq ipi, hətta nə qədər keyfiyyətli olsa belə tilovun özünü qıra bilərdi. Barabanın əyləcini azca boşaldıb ipi yığmağa başladı. Balıq məğlub olmaq istəmir, eyni çılğınlıqla xilas olmağa çalışırdı.

Dözmək və yormaq lazımdır!

Dəqiqələr ötdükcə qollarına düşən ağırlığın azaldığını hiss edirdi. Alnından tökülən şor tər damcıları gözlərinə dolsa da yaxınlaşmaqda olan qələbəni əldən verməmək üçün bütün gücüylə çalışırdı. Və nəhayət, müqavimət göstərməkdən yorulmuş balıq suyun üzündə göründü. Barabanı ağır-ağır yığdı. Gölün lap dayaz yerinə gətirdiyi balığı çıxarmaq üçün suya girməli oldu. Əllərini nəhəng balığın qəlsəmələrindən salaraq sudan kənara, xeyli uzağa sürüdü. Artıq hər şey bitmişdi, balıq nə qədər partlasa da burdan geriyə, hökmranlıq elədiyi gölə dönə bilməyəcəkdi.

İllərdir gizli-aşkar davam edən mücadilə sona çatmışdı.

O, qalib gəlmişdi.

Göl sükuta qərq olmuşdu. Qurbağalar susmuşdu. Suilanları yerlərində donub qalmışdı, tısbağalar arıq boğazlarını sudan çıxardıb çaşqın-çaşqın sahilə baxırdılar. Gölün şəriksiz lideri məğlub olmuşdu.

O, illərdir ovuna çıxdığı, xəyalıyla yatıb-durduğu, arzularındakı balıqla baş-başaydı. Balığın onsuz da böyük olan gözləri bir az da böyümüşdü, qan rəngi almışdı. Otların üstündə partlamasına, ağzını açıb-yumub oksigen axtarmasına baxdıqca, içindəki ehtirasın söndüyünü hiss edirdi. Tərəddüdlərdən, qarışıq fikirlərdən başına ağrılar doldu. Son vaxtlar adət elədiyi kimi əliylə sinəsinin sol tərəfini, ürəyinin üstünü ovuşdurdu.

Balığın çatmayan nəfəsilə birlikdə onun da gücü, həvəsi tükənirdi. İndi anladı ki, bu balığın məğlub olmasını istəmir, göldən kənarda, havasızlıqda yenə özündə təpər tapacağına, yenə geriyə dönəcəyinə, onunla çarpışacağına ümid bəsləyir. Ancaq onun gözlərindən süzülən yaşa rəğmən, balıq artıq susmuşdu, çapalamırdı, həyat işartısı göstərmirdi, böyümüş gözləri öləzimişdi. Özünü ittiham edə-edə balığın yanına yüyürdü, onda hələ həyat əlaməti axtarmağa başladı.

Təəssüf, balığın nəfəsi sönmüşdü.

25.09.2020

news-inner-user

17209 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi
16:30 05 Dekabr 2020
Ceyms Bondun tapançası satıldı
15:45 05 Dekabr 2020
“Humay” mükafatının qalibləri məlum olub
14:35 05 Dekabr 2020
Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi
13:30 05 Dekabr 2020
Hüseyn Caviddən gözəl bir qoşma - Günün şeiri
12:30 05 Dekabr 2020
Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək
11:15 05 Dekabr 2020
Həvəskar və peşəkar rəssamlar arasında rəsm müsabiqəsi keçirirlir
10:12 05 Dekabr 2020
Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
09:01 05 Dekabr 2020
Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
20:05 04 Dekabr 2020
"Italyansayağı xoşbəxtlik" tamaşası onlayn nümayiş ediləcək
19:30 04 Dekabr 2020
Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Günel Eminlinin yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini
13:01 04 Dekabr 2020