news-inner
clock12:15 calendar-gray 07 Dekabr 2020 view-gray978 dəfə oxunub
view-gray978 dəfə oxunub

Saatından vurulan Polad – Yeni müharibə hekayəsi

Kulis.az Mahirin “Vaxt” hekayəsini təqdim edir.

Müharibə ölmüş ümidləri cücərdən sonsuz yuxudur

Qara gözlü gecənin zülmətində donub qalmışdı. Bura haradı, necə, nə vaxt gəlib bura və ən əsası niyə gəlib? Ayaqlarının altını yoxlayıb bir addım irəli atdı, yenə dayandı. Yox, belə olmayacaq. Hər şey aydınlaşmalıdır. Elə indi! Üzünü sığallayan buz kimi soyuq mehin özüylə gətirdiyi ətri içinə çəkdi. Tanış gəldi bu ətir ona, meşə ətridir, dəqiq bilir. Bəs qoxusu onun üçün doğma gələn bu meşə haradır? Axı onun doğulub-böyüdüyü yerdə meşələr yoxuydu.

Hardansa eşitmişdi ki, belə qəfil qaranlığa düşəndə gözlərini yumub, ürəyində ona qədər sayıb sonra yenidən açanda görmək olur. Elə etdi. Doqquz, on... Kim deyibsə, haqlıdır, ya qaranlıq nisbətən azaldı, ya gözlərinə işıq gəldi. Meşənin içində, dar cığırda dayanmışdı. Qarşısında da nəhəng bir siluet vardı – yerlə göyü birləşdirən siluet.

Təəccüblənməyə macal tapmadan xatırladı, öz-özünə gülməyi tutdu keçirdiyi ani qorxuya. Bu ki həmən qayadır - ilk dəfə görəndən əzəmətinə heyran olduğu “Daşaşıran”qayası. Adı qəribədir, hə? O, artıq bu qayanın niyə belə adlandırıldığını öyrənmişdi, amma indi onun yeri deyil, gecə-gecə niyə gəlib ki bura? Çiynində də neçə vaxtdır daşımağa alışdığı avtomatın ağırlığı. Bu silahı heç sevmirdi əvvəldən, özünə can yoldaşı edə bilmirdi, qanı isinmirdi, başqası olmadığından dəyişə də bilmirdi. Düz atmırdı mərət, bir az sağ, bir az da yuxarı vururdu. İndi gəl belə silahla döyüş, özünü, torpağı qoru. Cığırla yavaş-yavaş dünən ilk döyüşün getdiyi yerə doğru irəlilədi. Ağır döyüş olmuşdu dünən və o, ilk dəfə müharibənin həyəcanını bu qədər yaxından yaşamışdı, insanın insanı öldürmək ehtirasını hiss eləmişdi, güllənin insana dəydiyini görmüşdü...

Sakitcə mürgüləyən gecə ilahəsi ölüm saçan atəş səslərindən səksəndi. Göyün üzü bir-birinə doğru uçuşan yanar güllələrdən işıqlandı, “Daşaşıran” qayası “Burdayam, arxanızdayam” - deyrmiş kimi bir anlıq bütün əzəmətiylə özünü göstərdi. Belə açıqda ləngimək təhlükəliydi, qaçıb, özünü ağacın arxasına verdi. Avtomatı çiynindən çıxarıb tək-tək atış sisteminə keçirdi. Patron darağı yanar güllələrlə doldurulmuşdu. O, bunun gecə döyüşündə təhlükəli olduğunu, atəş açılan yeri düşmənə bəlli etdiyini bilsə də indi patron dəyişmək vaxtı deyildi. Həm də aralıdan atırlar, hücum-filan yoxdur, “burdayıq” atışmasıdır. Düşmənə doğru, daha dəqiqi, qaranlığın özünə atəş açmağa başladı. İlk atdığı güllə avtomatın lüləsindən çıxan kimi havada qırmızı qövs cızıb yana, daşın arxasında səngər tutmuş “bizimkilər”ə sarı döndü, qaranlıqda üzlərini görmədiyi yoldaşlarından hansısa inildəyərək yıxıldı. Avtomat əlində quruyub qaldı. Lənətə gəlmiş avtomat! Yox, olmasın, yox, yoooxxx!!!

... Polad öz qışqırığına yuxudan dəli kimi ayıldı. Qan-tərin içindəydi. Yerindən qalxıb sökülən dan yerinin közərtisinə çərçivə tutmuş pəncərəyə yaxınlaşdı. Pəncərəni açan kimi qışın oğlan çağının soyuğu üstünə şığıdı. Təri kimi həyəcanı da buza döndü. Diqqətlə “Daşaşıran” qayasına sarı boylandı. Sakitlik idi. Çox sevdiyindən gecələr də qolundan çıxarmadığı, sferblatı, əqrəbləri və yazıları işıq saçan fosforlu saatına baxdı – 7-yə qalırdı. Atasının hədiyyəsi idi bu saat, milis məktəbini bitirib öz rayonlarında işə başladığı gün vermişdi. Demişdi ki, qolundan çıxartma, qanunları, ədaləti qoruyan vaxtın dəyərini bilməlidir.

Siqaret yandırdı, dərindən bir qullab vurub tüstünü sinəsinə şəkdi. Barmaqları arasında siqaretin közərtisini yuxusundakı yanar gülləyə oxşatdı, nifrətlə bayıra tullayıb dan yerinin sönük mənzərəsini yenidən çərçivəyə saldı...

...Gecənin şaxtasından üzü donmuş qar dənələri yanvar ayında az-az görünən günəşin şüaları altında işıq saçırdı. Başının üstündəki qayaya dəyən güllələr kənara sıçradıqca quş civiltisinə oxşar səs çıxarırdı. Şiddətli atışmanın ortasına necə düşdüyünü xatırlamağa çalışdı. Kazarmaya çevrilmiş kənd evində yatmışdı, pis yuxu görmüşdü. Sonra? Poladın yazığı gəlirdi qaldığı evə.

Bir zamanlar içində yaşayanların qayğısıyla qayğılanan, sevinciylə sevinən, körpə səsləri ilə şənlənən bu evlər kazarmaya çevriləndən məsum görünüşü dəyişmişdi; dərin düşüncələrə dalan qocanı xatırladırdı. On beş günlük döyüş ezamiyyətinin nisbətən sakit keçən yarısını yaşadığı bu ev-kazarma elə doğmalaşmışdı ki ona...

Aha, xatırladı...

Gecə gördüyü yuxunun təsirindən əhvalının yerində olmadığını hiss elədilər. Kimsə zarafatla dedi:

- Nooluf ə, nə mısmırığını sallamısan? Qorxub eliyərsən ha birdən. Dünən dərslərini elə vermişik ki, qaçıb gizləniblər.

Hamı gülüşdü. Poladın da dodağı qaçdı:

- Ə mən qorxan oğulam? Bu avtomata kefim pozulub, düz atmır.

- Bəs bizə niyə demirdin? İndi düzəldərik.

...Burada qalmaq təhlükəliydi, həm də çox! “Daşaşıran”ın üstündə dayanmış erməni pulemyotu dayanmadan atəş açsa da dibinə sığındığı qaya qoruyurdu onu, ancaq qarşıdan, qayanın solundakı meşədən atılan güllələr yan-yörəsində dəyir, qəzəblə kənara uçurdu. Bizimkilər qayadan sağda, 25-30 metrlik həyatla ölüm açıqlığının sonunda mövqe tutmuşdu. Ora getmək lazımdır! Əlindəki avtomat borcunu yerinə yetirmək üçün hazırdır, özü də düz vurur hədəfi artıq, ancaq o hədəfi görüb atəş açmaq üçün bu qayanın dibindən çıxmaq, bu “tələ”dən qurtarmaq lazımdır! Axı necə?

Yəqin indi kənddən köməyə gəlirlər. Bir az da dayanmaq lazımdır!

Sakit idi Polad, özü də cənnətin ortasında düşdüyü bu cəhənnəmdə belə soyuqqanlı qalmasına təəccübləndi. Günəşin işığında parıldayan saatına baxdı – ikinin yarısıdır.

Vaxt necə də dəyərlidir, saniyələri göstərən əqrəb necə də dəqiqliklə irəliləyir...

Yadına saldı qaya niyə belə adlanır. O qədər hündürdür, dibindən atılan daş başına çatmır. Deyirdilər, tək bir dəfə bir çoban atdığı daşı bu qayanın üstündən aşırıb, ona görə adı belədir. Bir də deyirdilər, daşı atıb saata baxırsan, qayıdıb yerə düşənə qədər az qala bir dəqiqə keçir... Təəssüfləndi - qayanın başı yaxşı mövqedir, heyf, əclaflar bizi qabaqladı. Di gəl, çıx burdan. Yaxşı ki, evlənməmişəm. Bura gəlməsəydim də hərbçi olmaq təhlükəli idi. Olsun. Bu peşəni özüm seçmişəm, bura döyüşməyə də könüllü gəlmişəm.

Yenə soldakı meşəliyə, görünməyən hədəfə doğru bir neçə güllə atdı.

Patron da azalır daraqda, gərək çox götürəydim...

Görən neçə dəqiqə oldu? Yenə saatına baxdı və təəccübləndi – bərq vuran əqrəblərin üçü də yerində sakit dayanmışdı.

Çıxmaq qərarına gəldi.

Atəş aça-aça, sürətlə qaçaraq keçmək olar açıqlığı.

Vaxtdır, elə indi!

... Sol biləyində şiddətli ağrı hiss elədi, büdrədi. Güllə saatın ortasından biləyini deşib keçmişdi. Özünü toparlayıb ağacın arxasından çıxmağa çalışan qaraltıya doğru atəş açdı. Qaraltı yıxıldı. İrəliləmək istədi. Bu dəfə sinəsini qəribə bir istilik bürüdü.

...Meşənin içindən yaxınlaşmaqda olan fit səsinə gözünü açdı, harda olduğunu xatırlamağa çalışdı. Uzandığı yerdən qalxıb ətrafa boylandı. Bu ki həmin qayadır, “Daşaşıran”. Rahatlıqla dolu sakitliyi ancaq quşların qayğısız nəğmələri pozurdu. Gördüyü mənzərəyə heyrətlə baxdı - fəsil dəyişmişdi, tər-təmiz, mas-mavi səmanın altında qayanın sinəsinə, yaşıl meşənin bitdiyi yerə qədər qırmızı lalələr xalı kimi döşənmişdi. Günəş həvəslə yerə işıq və istilik səpirdi.

Burnuna kəklikotunun tünd qoxusu doldu. Fit səsi yenidən eşidildi, kimsə “Apardı sellər Saranı” mahnısını fitlə çalırdı. Meşənin başında qırılan quru ağacların şaqqıltısının ardınca iri burma buynuzlarıyla öndə yeriyən təkəbbürlü təkə, ardınca da qoyun sürüsü çıxaraq qayanın “döşü”nə yayıldı. Sürünün ardınca əli ağaclı, çiyni torbalı çoban göründü. Poladı görəndə fit çalmağı saxladı:

- Salam, qardaş! Kimsən?

- Əleykum salam! Bərəkətli olsun. Hə, qonaq gəlmişəm buralara.

- Xoş gəlmisən, bilirsən bu qayanın adı nədir?

- Hə, bilirəm, “Daşaşıran”

- Bu qayanın başına daş atanda düz bir dəqiqəyə düşür yerə.

- Eşitmişəm.

- Saatın varmı, qonaq qardaş?

Polad saata baxmaq üçün sol qolunu qaldırdı.

13.10.2020

news-inner-user

17731 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021