Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?

Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
14 avqust 2020
# 11:27

Kulis.az Simran Qədimin "Masonların gizli planı" essesini təqdim edir.

“Fövqəladə iddialar fövqəladə sübut tələb edir”. (Karl Saqan)

Bir şeyin mahiyyətini anlamaqdan ötrü hökmən onun əksini görmək lazımdır, yoxsa nə qədər istəsək, lap özümüzü daşa-divara çırpıb bədənimizdəki bütün hüceyrələri səfərbər etsək də, bu, mümkün olmayacaq.

Gecəni görməsək - gündüzün, xəstəlik keçirməsək - sağlamlığın, yalanla qarşılaşmasaq - həqiqətin nə demək olduğunu anlaya bilmərik.

Antik çağlardan gələn, kimsədə zərrə şübhə doğurmayan fundamental bir fəlsəfədir bu. Qarşımıza çıxan hansısa absurd əsəri oxuyanda, ya filmə baxanda, ixtiyarsız, içimizdən qəribə bir narahatlıq, anlaşılmazlıq hissi keçib gedir:

“Axı kimə və nəyə lazımdır bu cür mənasız, cəfəng şeylər?!”

Amma hisslərimiz zehnimizdə nə qədər əminlik duyğusu yaratsa da, çox vacib bir məqamı nəzərdən qaçırırıq: absurdla üzləşməsək - rasionallığın, məntiqin nə demək olduğunu anlaya bilmərik...

Bir-biriylə əlaqəsi olmayan bəzi faktları birləşdirib müəyyən səmtə yönəlmiş fikir formalaşdıraq, nəticədə, konspirologiya, türklər demiş, “komplo teorisi” yaranacaq. Məsələn, pandemiyaların kütləvi insan tələfatına səbəb olması və dünya əhalisinin sürətlə artaraq Yer kürəsinə sığışmaqda çətinlik çəkməsi ayrı-ayrılıqda danılmaz faktlardır. Amma bu o demək deyil ki, fövqəlgücə malik məxfi bir təşkilat gizli laboratoriyada yaradılan virusla camaatı qırmaq istəyir. Nə qədər maraqlı, cəlbedici gəlsə də, belə şeylərə inana bilmərik. Əgər bir mövzu haqda ortaya ciddi, əsaslı arqumentlər qoyulmursa, tutarlı mənbələrə istinad yoxdursa, ümumiyyətlə, ona önəm verməyə dəyməz.

Bəzi insanlar konspirologiyalara inanmaqla kifayətlənməyib, hətta onları yaymağa, uzun-uzadı müzakirələr açıb, digərlərini də özləri kimi düşünməyə məcbur etməyə çalışırlar. Atdığı addımlarını, həyatlarının gedişini bu cür fərziyyələrə görə müəyyənləşdirən, ağlını, məntiqini, skeptik – şübhəçi düşüncə tərzini itirən adamlar da var. Kənardan baxanda hansı hissləri keçirdiyini ayırd edə bilmirsən, mat-mat duruxub, təəssüflə köks ötürürsən eləcə. Əgər ilk baxışdan ağlabatan belə nəzəriyyələr azca araşdırılsa, mənzərə tamam dəyişər, bunların büsbütün söz yığnağı, cəfəngiyat, ağız büzdüyümüz həmin o absurd olduğu aydınlaşar.

Tarix boyu mövcud olan konspirologiyalar daim ictimaiyyəti müəyyən maraqlar uğrunda aldatmağa, manipulyasiya etməyə çalışıb: siyasi, iqtisadi, dini, milli maraqlar uğrunda...

XX əsrin ikinci yarısından etibarən isə, media vasitələrinin, internetin, son dövrlərdə sosial şəbəkələrin də təsiriylə “informasiya bumu” yaşanmaqdadır. Dolayısıyla, konspirasiya nəzəriyyələri daha da çoxalıb, əvvəlki dönəmlərlə müqayisədə yayılma sürəti qatbaqat artıb.

Bu gün internetdən ağlımıza gələn-gəlməyən hər şey haqda məlumat əldə edə bilirik, ən ağlasığmaz iddialar belə, hansısa mənbələrlə özünü “legitimləşdirir”. Ona görə də kim nəyə inanmaq istəyirsə, inanır. Bu azmış kimi, əminliklə, sidq-ürəkdən haqlı olduğumuzda israr edirik: aldanıldığımızın, bilgisizliyimizin, saflığımızın fərqinə varmadan. Gərək bir şeyin doğruluğuna dərhal inanmayıb, beyninin süzgəcindən keçirə, aldığın informasiyanın səhihliyini dəqiqləşdirəsən. İnsan özü həqiqət axtarışında olmasa, axır-əvvəl başqalarının “həqiqət”lərini qəbul etmək məcburiyyətində qalacaq.

Konspirologiyalar məqsədyönlü şəkildə elə düzülüb-qoşulur ki, onları təsdiqləmək mümkün olmadığı kimi, inkar etmək də müşkülə çevrilir. Digər yandan, yağış kimi yağan hər cür cəfəngiyatı daim təkzib etmək, hərəsinə ayrıca vaxt və enerji xərcləmək nə dərəcədə mümkündür? İndiki dövrdə yaxşı uydurulan, əldəqayırma faktlarla bəzədilən istənilən sayıqlama bir günün içindəcə milyonlarla adamın diqqətini cəlb edir, çox böyük miqyaslarda, fantastik effektlər doğurur. Qorxu, vahimə, ya ümid, təskinlik tapmaq istəyi, ya da sadəcə maraq, həqiqəti bilmək arzusu – bunlara hesablanan uydurmalar boşluq görər-görməz ayaq açıb yeriyir, asanlıqla “konspiroloji zehniyyətlər”ə yol tapır.

İnsanlar baş verənləri anlamaqda çətinlik çəkib çaşbaş qalanda zehinlərindəki suallara qavranılması rahat cavablar axtarırlar. Bəzən isə əksinə, həqiqətin sadəliyini qəbul edə bilməyib, cavabların mürəkkəb olmasına can atırlar. Hər iki halda gizli həqiqətləri bildiyini iddia edən konspiroloqlar çıxır ortaya: ya çox qəliz bir proses üç-beş cümləylə, hansısa sirli təşkilatın bir düyməni basması qədər asanca izah edilir, ya da müəyyən xəstəliyin yol açdığı adi insan ölümü ən yüksək səviyyədə reallaşdırılmış sui-qəsd planına çevrilir. Beləliklə, bütün situasiyalarda “komplo teoriləri” meydan sulayır, kosmik sürətlə saytlardan-saytlara, dildən-dilə gəzib beyinləri zəhərləyir.

Əslində, hamımızın içində böyük, ya kiçik bir konspiroloq gizlənib, sadəcə bu “yaramaz”ı boş-boş informasiyalarla qidalandırıb böyütməyin mənası yoxdur. Əks təqdirdə, həmin o savadsız, cahil paranoik-şizofren bizi əsarətinə salıb sağlam düşüncədən uzaqlaşdıracaq, təkcə nağıllara, “şəhər əfsanələri”nə inanan məntiqdən məhrum birinə çevirəcək. Bütün suallara cavab tapan, hər şeyin səbəbini gizli qüvvələrdə, paranormal, mistik hadisələrdə axtaran konspirologiyalar bu günün mifləridir. Hamı aldanılmaqdan ehtiyatlansa da, bəzən bizi yoldan çıxaran elə öz beynimiz olur: asana qaçmaq naminə yanlış səmtlərə köklənən, alternativ fikirlərdən çəkinən tənbəl beynimiz...

Bu gün istifadəçilərin maraq dairəsini bilən, bizi “biz”dən yaxşı tanıyan, Oruellvari dillə desək, “Böyük qardaşımız” olan müasir texnologiyalar var: kompüterlər, planşetlər, smartfonlar; sosial şəbəkələr, saytlar, bloqlar, yazılı və video formatlı platformalar... Hamısı da təkrar-təkrar qabağımıza biz istədiyimiz – bir çox hallarda “özləri” istəyən - məlumatları çıxarır. Yaranan qapalı çevrədə elə hiss formalaşır ki, sanki bütün dünya məhz bizim kimi düşünür. Düşünməlidir! Əgər özümüz istəməsək, yalnız bizi təsdiqləyən materiallarla qarşılaşacağıq:

“Bir bu xəbərə bax, sənin fikirlərini izah edir”, “Görürsənmi, bu adam da elə düşünür”, “Əlbəttə, sən haqlısan, axı burda da belə deyilir”...

Hipnoz altındaymış kimi, şəbəkənin sehrindən qurtula bilmirik, daima təsdiqlənərək özümüzü haqlı çıxarmaq istəyirik. Eynilə virtual aləmə qapılıb reallıqdan qopan, rəqəmsal köləyə çevrilən – “Yeni dünya” adlı müasir hekayə qəhrəmanı - Rəcəb kimi.

Nəsə bir hadisə baş verər-verməz konspiroloqlar əllərinə keçən bütün mənbələri açıb analogiyalar tapmağa girişirlər. Sən demə, neçə-neçə əsrlər, minilliklər əvvəl bu hadisə gizli şifrələrlə, sətiraltı eyhamlarla haradasa “öncədən” görülübmüş: müəyyən bir kitabda, romanda, ya qədim bir papirus əlyazmasında, qayaüstü rəsmdə, ya da hansısa Hollivud filmində... Məntiq isə tamam başqa şey deyir: axı indiyəcən sonsuz sayda mətnlər yazılıb, rəsmlər çəkilib, filmlər ekranlaşdırılıb; deməli, ya dolayı, ya da birbaşa yolla hər şeyə nəsə bir bənzərlik tapmaq olar.

“Dərin dövlətlər, gizli təşkilatlar, 11 Sentyabr hadisəsi; sui-qəsd planları, ölməyən ölülər - Maykl Cekson sağdır, Hitler başqa adla uzun illər yaşayıb; yadplanetlilər, UNO-lar, qara magiya, ekstrasenslər - Nostradamusun, Vanqanın öncəgörmələri; İtmiş qitə Atlantida, “Bermud üçbucağı”, “Apollon-11” missiyası - Aya ekspedisiyanı Stenli Kubrik səhnələşdirib; “Sion müdriklərinin protokolları”, tampliyerlər - məbəd cəngavərləri, dünyanı idarə eləyən “Bilderberq klubu”, illüminatlar, masonlar...” Bu mövzular gecə-gündüz tirajlanaraq beynimizə yeridilir, biz isə “Od olmasa, tüstü çıxmaz” prinsipiylə qulaq asırıq. Belə çıxır ki, hər şeyə inanmaq, istənilən fikrə haqq qazandırmaq mümkündür: hər cür yalana, şərə, böhtana... Bütün yalanlar həqiqət, həqiqətlərsə yalan imiş, sən demə.

Məşhur konspirologiyalardan bəzilərinə nəzər salaq:

İtmiş qitə Atlantida – bu haqda geniş şəkildə antik yunan filosofu Platonun iki əsərində - “Timey” və “Kritiy” dialoqlarında yazılıb. Guya eramızdan 9500 il əvvəl Atlantida adlı qitə dəhşətli fəlakətlə bir günün içindəcə məhv olubmuş. Əslində isə, bu, sadəcə Platonun təxəyyül məhsulu, fəlsəfi-mifoloji hekayətidir.

“Bermud üçbucağı” – statistikaya görə, dünyanın digər bölgələrində daha çox gəmi batıb, təyyarə qəzaya uğrayıb. Sadəcə 1945-ci ildə 5 bombardmançı təyyarənin yoxa çıxması həmin ərazini məşhurlaşdırıb, sonrakı hadisələr isə mistik şəkildə əfsanələşdirilib.

“Sion müdriklərinin protokolları” – yəhudilərin dünya ağalığına yiyələnmə planlarını təsdiqləyən sənədlər kimi qələmə verilsə də, mətnlərin saxtalığı, mistifikasiya olması dəfələrlə təsdiq edilib. Ən çox səslənən ehtimala görə, protokollar "Cəhənnəmdə Monteskyö və Makiavelli arasındakı dialoq" pamfletinə əsasən tərtib olunub.

Masonluq – Orta əsrlərdə avropalı bənnaların yaratdığı peşə birliyi, sənətkarlar gildiyası. Vaxtilə zadəganları, intellektualları, filosofları ətrafına toplamaqla müəyyən nüfuza sahib olsa da, bu gün ancaq mifik şəkildə gündəmdə qalır. Günümüzdə konkret ünvanlara, əlaqə vasitələrinə sahib bir təşkilat, fəlsəfi-etik prinsipləri olan dərnək kimi fəaliyyət göstərir.

Yaxud məsələyə tamam başqa rakursdan, tərs məntiqdən baxaq: bu yazıdakı fikirlər yalandan, təhrifdən, spekulyasiyadan ibarətdir. Masonların gizli planının tərkib hissəsi kimi, diqqətləri öz üzərlərindən yayındırmağa hesablanıb.

# 2566 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #