Küçələrdə qalan istedadlar

Küçələrdə qalan istedadlar
28 noyabr 2012
# 08:45

Hər il nə qədər azərbaycanlı gənc ölkəmizin müxtəlif təhsil ocaqlarını ədəbiyyatın və incəsənətin müxtəlif sahələri: rəssamlıq, musiqi, kino, teatr və digərləri üzrə bitirir. Tələbəlik illərini Picasso, Rembrandt, Beethoven, Çaykovski, Fellini, Tarkovski, Stanislavski, Tolstoy, Markes ilə “keçirən” gənclərimiz təhsil ocaqlarından çölə çıxan kimi bayırda JEK-lə, bazarla, toy adamlarıyla, əlqərəz cəmiyyətimizin dominant sifətləriylə qarşılaşırlar.

Bu zaman onlar depressiyaya düşür, nə onlar bunları, nə bunlar onları anlayırlar. Yaradıcı gənclər birdən ayılırlar ki, yaş ötüb keçib, ortalıqda da heç nə yox.

Bu gün ölkəmizdə yaradıcı insanların normal yaşayışı üçün şərait çox zəifdir. Kasıb ölkə də deyilik ki, günahı taleyin, gərdişin üstünə ataq. Maşallah, təbiət də yaxşı, sərvət də var, pul da... Olmayan bir şey varsa o da mədəniyyət və ona sərmayə qoymağı hələ də anlamamağımızdır.

Nə qədər gənc rejissor, rəssam, musiqiçi, yazıçı tanıyıram ki, beyinlərində bir-birindən maraqlı ideyalar küçələrdə qalıblar.

Bunların avara qaldığı küçələrdə isə bir yemək-içməyə on minlərlə manat xərcləyənlər bahalı maşınlarda gəzir, açığı heç özləri də bilmirlər ki, nə edirlər.

Və kənardan Azərbaycan necə görünür? Çoxlu pullu, amma zövqsüz yaşayan insanların cəmiyyəti. Təxminən pullu ərəb ölkələri kimi. Bunun isə ziyanını bütünlükdə özünü “azərbaycanlı” kimi təqdim edən hər kəs çəkir. Əvvəllər dünyada tanınmırdıq və bunu dərd edirdik. İndi tanınırıq, amma bu da bir başqa dərd yaradıb.

Qonşu Türkiyəyə baxaq. Orada bir yaradıcı gənc nəsə yaratmaq istəsə, bunu gerçəkləşdirmək üçün yüzlərlə, bəlkə minlərlə ünvan var ki, onu dinləyəcəklər, kömək edəcəklər. O qədər fond, bank, şirkət var ki, bunda maraqlıdırlar. Özlərinin də adı sənət tarixində qalır, həm də çox müsbət reputasiyaya malik olurlar.

Hətta bankların, şirkətlərin orkestrləri var. Festivallar təşkil edirlər, kitabların, jurnalların nəşrinə köməklik göstərirlər, tamaşaların səhnələşdirilməsinə vəsait ayırırlar. Kinonu da demirəm...

Türkiyənin son illərdə mədəni inkişafının sirlərindən biri də budu. Nobelçisi də var, bütün böyük şəhərlərində Opera və Balet teatrları da, simfonik orkestrləri də. İncəsənət sahəsində təhsil alan türk gənc də gələcəyi özünə çox problem eləmir.

Hələ bu Türkiyədi. İndi görün Qərbdə incəsənət adamlarının vəziyyəti necədi.

Bizdə niyə vəziyyət belədi?

Çünki varlı təbəqənin çoxu sərvəti təsadüf nəticəsində əldə edib. Azsaylı şəxsləri çıxmaq şərtiylə əksəriyyətinin nə zövqü var, nə dünyagörüşü. Gözləri də heç nədən doymayıb.

Neçə-neçə ölkələrdə müşahidə etmişəm – yuxarı təbəqə həmişə yüksək incəsənətlə məşğul olur, qalereyalar, konsert zalları tikir, studiyalar açır, rəssamları emalatxanalarla təmin edir.

Bizimkilər isə aşağı kalibrli incəsənətin vurğunudu. Süni kompüter səsləri, sintezatorlarla yazılan, bir-birinə bənzəyən mahnılara qulaq asır, ucuz şoulara maraq salırlar.

Bəs necə edək?

Banklar, şirkətlər, imkanlı adamlar incəsənət və ədəbiyyat layihələrinə açıq olmalı, təklifləri dinləməlidirlər.

Olmasa belə özləri axtarmalıdır. Ədəbiyyat və incəsənət sahələrində qrant layihələri elan olunmalıdı. Qoy gənclər öz ideyalarını yazsınlar, göstərsinlər.

Amma münsiflər heyəti əsla qoca, sovetlər zamanı yaradıcı birliklərdəki intriqalarla məşğul olan, ədəbiyyat və incəsənətə təsadüfən gəlmiş adamlar olmamalıdı. Çünki onların çoxunun zövqü çox aşağı səviyyədədir.

Daha proqressiv, dünya incəsənətindən anlayan, müasir tələbləri bilən dəyərli sənət xadimləri tapmaq olar ki, onlar gənclərin layihələrini qiymətləndirsinlər (lap bədəbəddə münsifləri xaricdən gətirmək olar, bu qədər texnika gətiririk, alınmır, bəlkə adam gətirək, alınsın).

Dövlət də incəsənətə sərmayə yatıran şirkətlərin, qurumların vergisini azaltmalı, ya da buna bənzər güzəştlər etməlidir.

Bu zaman bir neçə il ərzində biz Azərbaycan incəsənətinin bütün sahələrində necə inkişaf baş verəcəyinin şahidi olacağıq.

İncəsənətə qoyulan sərmayədən bütün cəmiyyət xeyir götürür.

Özü də uzun müddət boyunca.

# 3965 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #