Ölülər, taun və karantin – Tural İlyas yazır

Ölülər, taun və karantin – Tural İlyas yazır
15 iyul 2020
# 18:31

Kulis.az Tural İlyasın “Ölülər, Taun və Karantin” yazısını təqdim edir.

Ölülər, Taun və Karantin... Axı bu nə üçlükdür? Deyim ki, mən də görsəm belə deyərdim.

İlk olaraq ölülərdən başlayaq. Bir neçə ay əvvəl Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini oxudum və dostlarla birgə öz oxucu birliyimizdə müzakirə etdik. Sizə danışıram hələ koronanın Azərbaycanda söz birləşməsi olduğu vaxtdan. Cəlil Məmmədquluzadə dövrümüzdə də yaşayan bir şəxsiyyətdir. Necə yaşayır? – Yazılarının öz aktuallığı ilə. Hardasa 1 əsr əvvəl yazılan əsər necə öz aktuallığını saxlayıb? Mənə də çox maraqlı idi, ta ki ilk olaraq “Ölülər”i müzakirə edənə, ikinci olaraq isə koronanın mürəkkəb söz və virus olaraq gəldiyi an. Ümumiyyətlə, günümüzə baxsaq, ölüləri hələ də görərik. Harada? – Yolda, avtobusda, toyda, yasda, falçıların evinin qarşısında – bir sözlə, hər yerdə. Sözümü təhrif edib kontekstdən çıxaran olmasa, deyərdim ki, Azərbaycan ölülərin yaşadığı cəmiyyətdir. O vaxtı Şeyx Nəsrullahımız var idi və onu dəvət edən dindarlar var idi, indi də telekanalizasiyalarımız: Elgiz, Zaur, Xoşqədəm, onların qonaqları, Bayram Nurlu, Nadim, Zirəddin var. Şeyx Nəsurullah heç olmasa internetin – texnologiyanın olmadığı dövrdə var idi və Cəlil bəy onu real həyatdan götürüb ədəbi obraz yaratmışdı, amma biz ədəbiyyatın Şeyx Nəsurullahların götürüb Bayramlar, Zirəddinlər yaradırıq, bunlar əlimizdən qızlarımızı alıb təcavüz etməsə də, qızıldan dəyərli vaxtımızı, cibimizdən pulumuzu alır və gündəmi də zəbt edir.

Tanıdığım, tanımadığım çox insan Cəlil bəyi tənqid edir, hətta təhqir edən mədəniyyətsizlər də görmüşəm. Yazımla özümü Kefli İskəndər yerinə qoyuram, koronanın spirtlə cütləşdiyi dövrdə... Kefli İskəndər demişkən koronadan əvvəl metro və avtobusa saat 8-dən sonra daxil olanda hələ də ölüləri və Kefli İskəndəri görmək olardı... Əvvəlcə ölülərin nə üçün aktual olduğunu qeyd edim, sonra avtobusdakı İskəndərləri. Təsəvvür edin, bir insan ali təhsil alır, 40-50 il yaşayır, dünya görüşü olur, ailə-uşaq sahibi olur, amma hələ də kamilləşmir, hələ üstəlik ölüləri də oxumuş olur, soruşanda hə tamaşasına da baxmışam deyir.. Amma di gəl ki, oğlu ilə gəlini dalaşanda ailə psixoloquna yox, falçıya müraciət edir. Bu məsələyə aid cüzi bir misal, ikinci isə avtobusdakı Kefli İskəndərlər, əslində, avtobusdakı İskəndərlər içməsələr problemi həll edərlər. Dindirsən problemim var, maddi durumum pisdir, sağlamlığım əldən gedib və ya səhəri gün başqasını dindirsən, ə, bu gün yaxın qardaşın ad günüdü içmişəm deyə fərqli cavablar alarsan. Bir əsr boyu Azərbaycan kişiləri hər bəhanəyə içib sərxoş olduğu, qadınları da hər bəhanədə həkimə - elm adamına yox, dindara, cindara, falçıya yaxınlaşdığı üçün biz hələ ayılmamışıq. “Ölülər”dəki kimi qalıb, ölü cəmiyyətə çevrilmişik. Gələk Cəlili tənqid edib, problemi göstərib, cavabını verməyib deyənlərə... Qardaş, bacı, gəlin sizə bir tapmaca deyim: Əlimdə bir şey var, bişirsən qayğanaq olur... İndi gedin “Ölülər”i bir də oxuyub cavab axtarın. O ki, qaldı təhqir edənlər, gəlin sizə də bir misal çəkim – Soğan yeməmisinizsə, içiniz niyə göynəyir?

Arada koronavirusdan çox danışdım, sonda başa düşəcəksiz niyə belə deyirəm. İndi isə gələk “Taun”a. Albert Kamyü ilk dəfə “Yad” əsəri ilə tanıdığım cəmiyyətə yadlaşmış müəllif. “Taun” əsərində Əlcəzairin Oran əyalətində vəba (taun) xəstəliyi yaranır və şəhər karantinə alınır. Əslində isə yazıçı faşistlərin Fransanı işğal etməsini təsvir edib. Az əvvəl ölülərdən bəhs edirdiksə, indi də bir mərhələ aşağı ölümdən bəhs edəcəyik. Kamyü Taun ilə insanlara ölümün bir addımlığında olduğumuzu və daim pisliklə bir yerdə mübarizə aparmalı olduğumuzu qeyd edir. Məsəlçün “Taun”da diqqətimi çəkən məqamlardan biri də keşiş obrazı oldu. Əsərin əvvəlində insanlara taunun onların bu günə qədər işlətdikləri günahların cəzası olduğunu bildirir, amma əsərin ortalarında az yaşlı uşağın ölümündən sonra fikrindən daşınır və insanlara – Vaxt gəlib çatıb ya hər şeyə inanmaq lazımdır, ya da hər şeyi inkar etmək, − deyə müraciət edir. Taundan altını xətlədiyim cümlələrdən bir neçəsini sizlərlə bölüşəcəm. – Kotar danışırdı ki, varlı tacir qonşularından biri evinə çoxlu ərzaq alıb toplayırmış ki, baha düşəndə satsın. Amma özü xəstəliyə tutulub və onu xəstəxanaya aparmağa gələnlər çarpayısının altında çoxlu konserv tapıblar. Kişi öldü, taunu pulla sağaltmaq olmur. İzah verməyəcəm, bu hislər, yəqin ki, sizə də tanış gəlir. Kamyü əsərdə taun – pislik və faşizmin nə dərəcədə olduğunu göstərməyə çalışdı. Ölümün daim bir addımlığımızda olduğu zaman nəyə lazımdır axı bu olanlar? Kefli İskəndər Şeyx Nəsurullaha və onun kimilərə inanmamalı olduğumuzu bildirəndə Kamyü də keşişə aşağıdaki kimi deyir.

− Sevgi haqda mənim fikrim başqadır. Körpələrə əzab verən bir varlığı sevməyə ölüncə razı olmaram.

Düşünürəm ki, hər şeyə izah verib çox uzatmayaq. “Ölülər” ondan əvvəlki mərhələ ölüm və ondan da əvvəlki Karantinə keçid edim. Hal-hazırda bu yazını yazdığım dövrdə mən, çox güman ki, sən və dünyada milyonlarla insan karantindədir. Bəs nədir bu karantin? Niyə Karantindən danışdım və niyə yazdım? Karantin yoluxucu xəstəliklərin qarşısını almaq üçün bir tədbirdir, italyancadır – 40 gün deməkdir. Keçmişdə limanlara yaxınlaşan gəmilər virus və xəstəliklər yoluxdurmasın deyə 40 gün karantində qalırmış. Bu məsələnin hərfi tərcüməsi, bəs bədii tərəfi nədir. Əvvəldə qeyd etdiyim kimi bu üçlüyün bağlılığı var. Ölüləri oxuduğum və müzakirə etdiyimiz dövrdə karantini söz birləşməsində mürəkkəb sözə çevirib pyes etmişdim. Ölülərdən ilhamlandığım bu pyesdə müasir ölülər, Nəsirullahlar və İskəndərlər var idi... “Ölülər” əsərində cəhalət və ölü cəmiyyət, “Taun”da müasir bəlalardan pislik, müharibə və hazırki Covid 19-un qardaşı taun var və bir cəmiyyət ondan əziyyət çəkir. Karantində isə müasir cəmiyyətimiz, yaşayan ölülər və Covid 19 adlanan bu taclı virus var. Hər 3 nümunədə ortaq xüsusiyyət cəhalət, pislik və ölümün bir addımlığında olmağımızdır. Vəziyyətin Karantin, Taun, Ölülər ardıcıllığı olmaması üçün evdə qalmaq, ÜST (Ümumdünya səhiyyə təşkilatı) dediklərinə əməl etmək bacardığımız qədər özümüzü təcrid etmək lazımdır. Bəs Ölülər, Taun, Karantin olmaması üçün nə etmək lazımdır? Bayaqki məsəli bir də çəkirəm: əlimdə bir şey var, bişirsəm, qayğanaq olur... Bayaq qorunmaq, xilas olmaq üçün özümüzü təcrid edirdiksə, indi isə təhlil etmək lazımdır. Çalışın “ölülər”ə çevrilməyin!

# 3545 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #