news-inner
clock12:30 calendar-gray 09 İyul 2020 view-gray1349 dəfə oxunub
view-gray1349 dəfə oxunub

Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...

Kulis.az sənətşünas Nazlı Əmirovanın “Sənət cərəyanları” silsiləsindən “Ekzistensializm” yazısını təqdim edir

İnsanın cəmiyyətə, onu əhatə edən mühitə yadlaşmasına tarixdə zaman-zaman rast gəlmişik. Bunun daha qlobal yaşandığı tarixi epoxa, heç şübhəsiz Birinci və İkinci Dünya Mühribələrinin baş verdiyi, inqilabların tüğyan etdiyi, bəşər tarixində çoxlu sayda insan itkisinin müşahidə olunduğu, maddi və mənəvi tənəzzülə gətirib çıxaran XX əsrdir.

Hərc-mərcliyin, zorakılığın, siyasi və iqtisadi sarsıntıların hökm sürdüyü cəmiyyətdə Qərb ziyalıları bütün bəşəriyyəti insanın şərəf və ləyaqətinə hörmətlə yanaşmağa, qorxu və tənhalıq hissini aradan qaldırmaq üçün hər kəsi həssas olmağa çağırır, insan hüquq və azadlıqlarının təmin edilməsinin yeni yollarını axtarmağa çalışırdılar. Elm və texnikanın sürətli tərəqqisinin fəsadları, bəşəriyyətin sağlam düşüncəli nümayəndələrini dərindən narahat edir, gözlənilməz hadisələr qarşısında insanlığın necə hərəkət edəcəyi onları ciddi şəkildə düşündürürdü. Məhz belə bir melanxolik şəraitdə insan övladının mahiyyətini, problemlərini, çətinliklərini, varlığını sorğu-suala çəkən, araşdıran yazıçı və filosoflar ekzistensializm cərəyanı ətrafında birləşdilər.

Ekzistensializmlə bağlı fikirlərə ilk dəfə danimarkalı filosof Sören Kierkeqorun yaradıcılığında (XIX əsr) rast gəlinsə də, XX əsrin 60-70-ci illəri ərzində aktual fəlsəfi-ədəbi cərəyana çevrildi.

Ekzistensial fəlsəfə terminini elmə gətirən alman filosof Karl Yaspersdir (1931-ci ildə yazdığı “Zamanın mənəvi vəziyyəti əsəri). Bu cərəyan filosofları iki qrupa bölür - dini (Sören Kierkeqor, Karl Yaspers) və ateist (Martin Haydegger, Alber Kamyu, Jan Pol Sartr, Simona de Bovuar). Onların bəzisi öz fəlsəfi traktatlarında, digərləri isə ədəbi bədii əsərlərində ekzistensialist dünyagörüşünü geniş şərh etmişlər. Cərəyanın mahiyyətini anlamaq, yaranma səbəblərini araşdırmaq üçün təfərrüata və xırda detallara varmadan, mümkün qədər yığcam şəkildə həmin filosof və yazıçıların ekzistensializmlə bağlı görüşlərini nəzərdən keçirək.

Fəlsəfə tədqiqatçılarının fikrincə ekzistensializm cərəyanının yaranmasının əsas səbəbləri Birinci və İkinci Dünya Müharibələri, eləcə də onların arasındakı keçid mərhələsində dünyanı bürüyən mənəvi, iqtisadi, siyasi böhran, insan əli ilə hazırlanan silahların insanlığın əleyhinə istifadəsi, azadlığı buxovlayan, şəxsiyyəti alçaldan faşizm və digər totalitar rejimlərin meydana gəlməsi, bəşər övladının bütün bu baş verənlər qarşısında gücsüzlüyüdür.

Dünyanın bu acınacaqlı mənzərəsi, insanları bədbinliyə, ruh düşkünlüyünə apardığı bir vaxtda ekzistensialistlər bir sıra məsələlərə diqqət çəkdilər. Bunlar şəxsiyyətin unikallığı, hiss və həyəcanların, ümidin, təşvişin, bütünlükdə həyatın dərinliyi, insanın daxili dünyası ilə onu əhatə edən xarici aləm arasındakı ziddiyyət, insanın özünün özünə yadlaşması, həyatın mənasızlığı, absurdluğu, özün “mən”i və cəmiyyətdəki yerini tapmaması kimi məsələlərdir.

Onlar əsla melanxoliyaya təslim olmur, fərdi öz bənzərsiz fitrətinin fərqinə varmağa dəvət edirdilər. Çünki insan elə bir unikal varlıqdır ki, öz mahiyyətini, əməlləri ilə, həyatı boyu fəaliyyəti ilə formalaşdırır. Özü öz dünyasının, azadlığının, potensialının məsuliyyətini daşıyır. Hər bir əməli fəaliyyəti yalnız onun iradəsinə tabedir. Və beləliklə də bu üstün gücünü, enerjisini dərk edən insan əsla ümidsizliyə qapılmamalıdır. Həyatı boyu qarşılaşdığı bütün maneələri elə o güc vasitəsilə dəf etməlidir.

Ekzistensializm aktual fəlsəfi cərəyana çevrilməzdən təxminən yarım əsr əvvəl, hələ XIX əsrin ortalarında, danimarkalı alim Sören Kierkeqor fəlsəfə qarşısında belə bir sualla çıxış etdi: Fəlsəfə düşüncə elmi kimi varlıq, materiya, Allah, ruh, idrakın sərhədləri və işləmə prosesi ilə məşğul olduğu halda nəyə görə insana bu qədər az diqqət yetirir? Kierkeqor belə hesab edirdi ki, fəlsəfə insanın taleyini daim diqqət mərkəzində saxlamalıdır, həqiqət axtarışında onun bələdçisi olmalıdır.

Həmin həqiqətlə o, üzləşməli, seçim etməli, özünü, içindəki “mən”i tanımalıdır. Öz mahiyyətini dərk etməyin yolu bundan ibarətdir. Kierkeqora görə insan iki formada yaşayır. Birinci, cəmiyyətə tabe olaraq, məslək, əqidə sahibi olmadan, öz həqiqi mahiyyətindən, onun imkanlarından xəbərsiz, hamı kimi yaşamaq. Bu, insanın öz həyatını başqalarına görə yaşadığı anlamına gəlir. İkincisi, insan cəmiyyətinin boyunduruğundan çıxaraq, şüurlu şəkildə azad seçim edib, öz taleyinin sahibinə çevrilir. Bax bu, həqiqətən də varolmadır, ekzistensiyadır.

Filosofun gəldiyi qənaətə görə insan buna üç mərhələdə nail olur.

Birincisi, estetik mərhələdir. Bu zaman xarici aləm həyatımızda əsas rol oynayır, hamı kimi yaşayıb, həyatdan yalnız zövq almağa çalışırıq.

İkincisi etik mərhələdir, bu zaman insan şüurlu şəkildə özünü dərk edir, mahiyyətinin gizlinlərini üzə çıxarır, fərqli individinin potensialını görüb, qiymətləndirə bilir.

Üçüncüsü, dini mərhələdir ki, bu zaman artıq insan özünün varoluşunun səbəbini, yaradılış fəlsəfəsini anlayır, daxili dünyasına çəkilir, xarici aləm artıq onun üçün xüsusi məna kəsb etmir. Bu andan etibarən ömrünün sonuna kimi insan həyatın gətirdiyi bütün əzab və iztirabları aşaraq öz taleyinin yükünü daşıyır. Kierkeqora görə insan sonlu və sonsuz, müvəqqəti və əbədi olan azadlığın və zərurətin sintezidir. Bu sintez öz-özünə baş vermir, insan təbiəti tərəfindən də yaradılmır. Onu məqsədyönlü şəkildə öz həyatını quraraq yaratmaq mümkündür.

Alman filosof Karl Yaspersə görə fəlsəfə dini inancla elm arasındakı sərhəddədir. Fəlsəfə bilinən şeyi və özünü başa düşmək istəyir. Bu, düşüncənin məhsuludur, vəhy deyil. Bütün növ ekzistensial suallara - insanla, dünya ilə, ruhla, Tanrı ilə əlaqədar olanların hamısına imanla, Bibliyanın vasitəsilə cavab tapmaq olar. Bunun ən gözəl nümunəsini Soren Kierkeqorun, özünün “dialektik lirika” adlandırdığı “Qorxu və titrəmə” əsərində görürük. Filosof əsər boyu İbrahim peyğəmbərin oğlu İshaqı (Qurani Kərimdə bu hadisə İsmayıl peyğəmbərin adı ilə bağlıdır) Allaha qurban verməsi səhnəsini təsvir edərək, insanın Yaradana inancının hər şeydən üstün olduğunu, həmçinin bunun vahiməli qorxu ilə müşayiət olunduğunu ən incə detallarına kimi təsvir edir. İnsan öz mahiyyətini dərk edirsə, nəyə, nə üçün təslim olduğunu anlayırsa, demək artıq həyatdakı missiyasını başa düşüb.

Ekzistensializm cərəyanının məşhur nümayəndələrindən fransız Jan Pol Sartrın fəlsəfəsinin əsas problemləri seçim etmək, azad və məsuliyyətli olmaq məsələləridir. İnsan ömrü boyu azad şəkildə, həyati vacib qərarlar qəbul etməyə məhkumdur - ixtisas seçmək, həyat yoldaşını seçmək, iş yerini dəyişmək, etiraz etmək, müharibədə iştirak etmək yaxud da bundan imtina etmək. O, yalnız dünyaya gəlib-gəlməməyinin qərarını verməkdən məhrumdur.

Sartr bunları ekzistensial seçimlər adlandırır və belə hesab edir ki, qərar verməklə insan öz həyatının müqəddəratını özü təyin edir və bir mövcudluqdan digərinə keçir. Bu keçidlər də ömrünün son gününə kimi davam edir. İnsanın bütün həyatı ekzistensial seçimlərlə bir-birinə bağlanan kiçik “həyatlar”dan ibarətdir. Sartr hər kəsin mütləq azad olduğu qənaətindədir.

Hər kəs təkcə yaşadığı cəmiyyətdə yox, daxili dünyasında da azad olmalıdır. Özünü həyata, mövcud şəraitə uyğunlaşdırmamalı, öz şəxsi istəkləri, rahatlığı üçün özünə müvafiq şərait qurmalıdır. Hətta ölüm hökmü oxunmuş insanın belə qaçmaq, intihar etmək, yaxud hökmə razı gəlmək kimi müstəqil seçimləri var. Buna görə də insan öz taleyinin hökmünü verməyin məsuliyyətini daşıyır.

Sartrın xanımı Simona de Bovuar da ekzistensializmin tanınmış nümayəndələirndəndir. Onları həyata baxışları birləşdirirdi. Sartrla Bovuar burjuaziyaya qarşı çıxır, həqiqətə söykənən yeni fəlsəfi konsepsiya yaratmaq haqda düşünürdülər. Bunun üçün ekzistensializm ən yaxşı açar rolunu oynayırdı. Fəlsəfi baxışları, qəribəlikləri şəxsi münasibətlərinə də sirayət etmişdi.

Sartrla Bovuar öz aralarında belə bir razılığa gəlmişdilər ki, ailə qursalar da, hər biri azad yaşasın. İstədikləri insanlarla görüşsünlər, vaxt keçirsinlər. Fikirləşirdilər ki, bu onların möhkəm dostluğuna, işbirliyinə, bir-birinə bəslədikləri dərin məhəbbətə xələl gətirməyəcək. Əksinə, belə münasibət ailə ittifaqını daha da möhkəmləndirəcək. Onların zənnincə uşaq ailə üzvlərini məcburi şəkildə bir-birinə qandallayır. Buna görə də belə qərara gəlirlər ki, övlad sahibi olmasınlar. Və bütün düşüncələrini həyata keçirirlər.

Digər ekzistensialist filosof Alber Kamyu fəlsəfənin əsas problemi kimi həyatın mənası məsələsini qabardır və düşünürdü ki, insan həyatının mahiyyəti etibarilə heç bir anlamı yoxdur. İnsanların əksəriyyəti çörəkpulu qazanmaq üçün səhərdən axşamacan işləyir, kiçik sevinclərlə, qayğılarla yaşayırlar. Bu proses ildən-ilə təkrarlanır, insanların həyat amalı, hədəfi yoxdur. Əksəriyyət sadəcə yaşamaq üçün yaşayır. Bu da olduqca mənasız bir ömür sürməyə xidmət edir.

Həyatlarına məna qatıb, müəyyən hədəfə doğru irəliləyən, bu yolda mübarizə aparan, enerji sərf edib çalışan insanlar sonda anlayırlar ki, gec-tez ölüm onları haqlayacaq. Hər bir canlı ölümü dadacaq, həyatı doya-doya yaşayıb, ondan zövq alanlar da, ömrünü bada verib, mənasız ömür sürənlər də. İnsanların özlərini bir ekzistensiya kimi dərk etmələri üçün ölümlə, təşvişlə üz-üzə dayanmaları kifayətdir. Ekzistensialistlər qorxu ilə təşviş anlayışlarını bir-birindən tamamilə fərqləndirərək deyirdilər ki, qorxu hansısa hadisə qarşısında anidən keçirdiyimiz hissdir. Təsiri çox da uzun sürməyə bilər. Lakin təşviş səbəbsiz yaranan ruhi vəziyyətin izaholunmaz halıdır. Ən son günümüzə qədər bizi müşayiət edir. Bunun insana çox böyük faydası var. Çünki məhz bu cür ruhi vəziyyətə gələn insan daxili dünyasına çəkilib, öz mahiyyətini anlamaq iqtidarındadır. Təşviş ekzistensiyanın dərk olunmasında ən böyük açardır.

“İnsanın həyatı başdan-başa absurddur”. Kamyu ekzistensializminin ana fikri budur. Absurddursa, deməli anlaşılmazdır, anlaşılmaz olan bir dünyada necə yaşayıb, xoşbəxt ola bilərik? Filosof insan həyatının mənasızlığına, absurdluğuna iki sübut gətirir. Bunlardan biri ölümlə üzləşməkdir. Xüsusən də sevdiklərimizin, doğmalarımızın qəfil ölümü ruhumuzu silkələyir. Artıq həyata münasibətimiz dəyişir. Əvvəl bizə zövq verən, əyləncəli gələn hər şey, var-dövlətimiz, işimiz, sevdiyimiz məşğuliyyətlər öz aktuallığını itirir.

İkincisi, ətraf mühitlə, təbiətlə təmasdır. İnsan milyon illər öncə var olan, dağılıb yenidən qurulan təbiətin qarşısında acizdir. Kamyu deyirdi: “Mən otların, çiçəklərin ətrini qoxulayıram, ulduzlara tamaşa edirəm, əsrarəngiz təbiətin nəfəsini duyuram, amma heç bir elm yaşadığım bu dünyanın mənə aid olduğunu sübuta yetirə bilməz”.

Bütün bunlara baxmayaraq həm Sartr, həm də Kamyu insanı ümidsizliyə qapılmamağa çağırırdı. İnsan həyatın mücərrədliyinə, mənasızlığına fikir vermədən öz gündəlik həyatını yaşamalı, xüsusən də yaradıcılıqla məşğul olub, hədəf müəyyən edib, həmin hədəfə doğru irəliləməlidir. Əgər hədəf, məqsəd, enerji tükənirsə, bu zaman insanın sonu gəlir. Məhz buna görə də insan əsla dayanmamalı, yeni məqsədlərə doğru getməlidir.

Göründüyü kimi ekzistensializmlə bağlı filosoflar yekdil bir qənaətə gəlməyiblər. Məsələyə yanaşmada özünü göstərən fikir ayrılıqları cərəyanın nə qədər mürəkkəb olduğunu deməyə əsas verir.

Əksəriyyətin fikri belədir ki, ekzistensializm insanın mövcudluğunun unikallığına xüsusilə diqqət çəkir. İnsan yeganə canlıdır ki, özü-özünü bütün həyatı boyu bir layihə kimi formalaşdırır. Özünü dərk etdiyi vaxtdan kimliyini, mahiyyətini yaratmağa başlayır.

XX əsrin ekzistensial insanı həyatı ağılla deyil, hiss, instinkt, intuisiya, inancla dərk etməyə üstünlük verir. Çünki ağıl artıq öz əvvəlki mahiyyətini itirib. Dünyanın həqiqi qavrayışında ixtiyarsız qorxu və ölüm qarşısında acizliyi önəmli rol oynayır. Ölüm və absurdu isə nə ağılla, nə də məntiqlə izah etmək mümkündür. Ekzistensializmin dini tərəfini qabardanlar həmin məfhumları müqəddəs kitabların dili ilə ifadə etməyə üstünlük verirlər.

Lakin digər ekzistensialistlərə görə həyatın heç bir anlamı yoxdur. Anlam yaşadığın zaman özünün yaratdığın yoldur, bu yolu getməkdir, uğrunda mübarizə apardığın məqsədlərindir, həmin mübarizədir, qalib gəldiyin təqdirdə həyat öz mənasını itirəcək. Yenidən axtarmaq lazım olacaq. Əgər axtarışı dayandırsan bu zaman darıxdırıcı, sıxıcı bir ömür səni gözləyir.

Bu məqamda Alber Kamyunun “Sizif haqqında əsatir” əsərini xatırlamaq yerinə düşər. Sizifin cəzası ağır daş parçasını yüksək qayaya çıxarmaqdır. Daş yuvarlandığı üçün Sizif ardıcıl olaraq hər dəfə yenidən, böyük ümidlə daşı qucağına götürüb dağa dırmaşır, hər dəfə də eyni yolun yarısında daş parçası əlindən yerə düşür. Məhz həyatın mənası da elə bundadır.

Təsəvvür edək ki, Sizif həmin daşı dağın ən yüksək nöqtəsinə çıxardı. Artıq onun mücadiləsi bitmiş olacaq. Və Sizifin bu həyatda heç bir amalı qalmayacaq. Məqsəd amala çatmaq yox, onun uğrunda mübarizə aparmaqdır, həyatın təyinatı da bundadır.

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020