news-inner
clock08:50 calendar-gray 01 İyul 2020 view-gray1899 dəfə oxunub
view-gray1899 dəfə oxunub

Elza Seyidcahan: “Boşansam da, qapım hər zaman onun üzünə açıqdır” – Müsahibə

Kulis.az-ın “Ulduzlu çərşənbə” rubrikasının qonağı Əməkdar artist Elza Seyidcahandır.

- Elza xanım, karantin günləri nə işlə məşğulsunuz?

- Mənim üçün bu günlərin yeganə dəhşətli tərəfi insanların ölümüdür. Toyun, tədbirin olmaması faciə deyil. Toy yoxdur, efir var, sosial şəbəkə var. Yaradıcılığımdakı yenilikləri tamaşaçılarımla bölüşmək üçün kifayət qədər meydanım var. Öpüşlərdən ayrı düşmüşük. Bu günlərdə gərgin iş rejimindəyik, bəstəkar kimi mahnılarımı bəstələyirəm, şairə kimi şeirlərimi yazıram, ana kimi övladlarımın, nənə kimi nəvəmin qayğısına qalıram. Məsafəmi qoruyuram. Çalışıram ki, ruh düşkünlüyünə qapılmayım. Nə olur-olsun, bizim bədbin olmağa ixtiyamız yoxdur. Mən hər zaman Allahın varlığına inanmışam. Bu gün yaşadığımız vəziyyəti də Allahın imtahanı hesab edirəm. İndi elm, təbabət yüksək səviyyədə inkişaf etdiyi üçün inanıram ki, bu qara günlərin ömrü çox uzun olmayacaq.

- Bildiyimə görə, koronavirusa da şeir yazmısınız. Yoxsa yenə kimsə adınızdan anonim şeir yazıb?

- Yox anonim deyil. Özüm yazmışam “Taclı eybəcər” adlanır şeir. Mən sizə bir söz deyim, mənim həm də öncəgörənliyim var. Öz şeirlərimdə, musiqilərimdə zaman-zaman bu qabiliyyətimi hiss etdirməyə çalışmışam. Məsələn, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstələdiyim mahnıya çox adam ironiya ilə yanaşdı. Ordakı “ha-ha, hi-hi” əslində, mənim bəşəriyyətə, bəzi insanlara qəhqəhəm idi.

- Koronavirusu əvvəlcədən hiss etmişdiniz?

- Şeirlərimin çoxu yaşadığımız hadisələr haqqında verilən bir siqnaldır. Bir vaxtlar “Tikim” şeirini ələ salan, gülən insanlar bu gün ağızlarını maska ilə bağlayıb evlərindən bayıra çıxa bilmirlər. Bu, Elza Seyidcahanın şeirlərinin qüvvəsidir.

- Bəstəkar, müğənni, şair. Hansı sahədə özünüzü daha yaxşı ifadə edə bilirsiniz?

- Səncə, hansında yaxşı ifadə edə bilirəm?

- Mənim fikrimcə, bəstələrinizdə daha yaxşısınız.

- Düzdür, hamı məni ilk dəfə bəstəkar kimi tanıyıb. Amma mən yaradıcılığa şeirlə başlamışam. Sözə, poeziyaya sevgimi uşaqlıqdan məni tanıyanlar təsdiq edə bilər. Hətta məktəb illərində yazdığım şeirləri də saxlayıram. Sənətdən anlayışı olan da, olmayan da, deyir, Elza yaxşı bəstəkardır, amma oxumasın.

- Bəs niyə oxuyursunuz?

- Niyə oxumayım? Mən oxuduğum mahnıların hamısını hit etmişəm. Müğənni kimi öz sözümü səhnədə demişəm artıq. Amma etiraf edim, əvvəllər məni müğənni kimi təqdim edəndə əsəbiləşirdim. Deyirdim, mən bəstəkaram, müğənni deyiləm. Özümü, təbii ki, hər zaman bəstəkar hiss edirəm. Çünki harasa, kiməsə zəng vuranda həmişə deyirəm, sizi narahat edən bəstəkar Elza Seyidcahandır (gülür). Müğənni kimi də klassik musiqimizə və bəstəkarlığıma xələl gətirmirəm.

- Sosial şəbəkədə aktiv sənətçilərdənsiniz. Bu gün tamaşaçı sənətçi haqqında bütün məlumatlara sahibdir. Necə düşünürsünüz, sənətçinin bu qədər ortada olması ona marağın itməsinə gətirib çıxarmır ki?

- Düzdü, deyirlər ulduzlar müəmmalı olmalıdır. Bu, o insanlara aiddir ki, onlar göründükləri kimi deyil. Müəyyən mənada məşhur adamın əlçatmazlığı lazımdır. Amma mən heç vaxt insanların mənim haqqımda hər şeyi bilməsindən ehtiyat etmirəm. Əksinə, bu, mənim qazancım olur. İnsanlar məni səmimiyyətimə görə daha çox sevirlər.

- Tərziniz uzun illərdir tam qəbul olunmur. Hərdən məndə sual yaranır ki, Elza xanım niyə özünü bu qədər çətinə salır?

- Mənim janrım özünəməxsusdur. Bir çoxu mənim tərzimi avanqard hesab edir, əslində isə avanqarddan çox, etnikdir. Çünki ötən əsrin 40-cı illərinə baxsalar, məlumatları olsa, görərlər ki, mənim indi təqdim etdiyim geyimlər, musiqi janrı hələ o illərdə mövcud olub. Məni həmişə bu cür ironik təzyiqlərlə öz yolumdan uzaqlaşdırmaq istəyiblər. Amma tamaşaçılarımdan çox razıyam. Bəzən heç bir musiqi təhsili olmayan, evdar bir xanım mənim ən qəliz mahnımı elə gözəl təhlil edir ki, özünü musiqi xadimi hesab edən bəzi üç diplomlu musiqiçilər yaradıcılığıma o cür rəy verə bilməz. Belə olanda özümə deyirəm ki, Elza, sən doğru yoldasan.

- Elza xanım, həyatınız haqqında həmişə ötəri danışmısınız. Keçmişdən danışmağı sevmirsiniz?

- Hər bir insanın həyatında keşməkeşli dövr olur. Mənim də həyatım istisna deyil. Amma yaşadığım çətin həyatı acınacaqlı hesab etməmişəm keç vaxt. Nə atasız böyüməyim, nə ailəmin dağılması mənim üçün faciə olmayıb. Atam Rusiyada yaşadığı üçün anam bizi trikotaj fabrikində işləyərək saxlayıb. O, bizə atasızlığı heç vaxt hiss etdirməyib. Dördümüzə də ali təhsil verib, el adəti ilə alnı açıq gəlin köçürüb. Olub-bitən şeylərdən danışmaq məni yorur.

- Necə bir evlilik idi sizin evliliyiniz. Müsahibələrinizin birində keçmiş həyat yoldaşınızın sizi hələ də dəlicəsinə sevdiyini demişdiniz. Belə bir məhəbbətin əhatə etdiyi ailə niyə dağıldı?

- Sevib ailə qurmamışam. O vaxt elçilik üsulu ilə tanış olduq, evləndik. Açığı bu mövzuda danışmağı xoşlamıram. Mən hər zaman ailəmdə mehribanlıq, sülh, hörmət yaratmağa çalışdım. Bu söhbətin üstündən uzun illər keçib. Amma türklərin bir mahnısı var - “Olmayınca olmuyor”. Bu saatdan sonra qarşı tərəfi də günahlandırmaq istəmirəm. Bir də mən hər zaman baş verən hadisələrə bir istiqamətdə baxıram. Nə isə baş verirsə, deməli, o, mütləq olmalı idi. Alın yazısına çox inanıram. Uşaqlarımı tək böyütdüm. Onlara həm ata, həm ana olmağa çalışdım. Ancaq atalarının yoxluğunu yaşatmadım. Ataları ilə əlaqələrinin qopmasına izn vermədim. İndi də o adam mənim evimə gələndə qapılarım üzünə açıqdır. İstənilən halda, heç zaman heç kimə boşanmaq məsləhət görmürəm. Allah heç bir övlada ata-anasız böyüməyi nəsib etməsin.

- Peşmanlıq varmı?

- Belə bir söz var, deyirlər, böyük insanların həyatı onların ölüm anından başlayır. Biz insanlar bir şeyi itirəndən sonra doğrunu, yanlışı anlayırıq. Öz adıma peşman deyiləm. Çünki o zaman çox yerində və doğru verilən bir qərar idi.

- Elza Seyidcahan hardan baxır: aşağıdan yuxarı, yoxsa yuxarıdan aşağı?

- Mən tamaşaçı tərəfindən həqiqi, saf sevgi ilə sevilən tək-tük sənətçi xanımlardanam. Bu sevgi qarşısında tab gətirmək hər sənətçiyə nəsib olmur. Başım gicəllənmədi heç vaxt bu şöhrətdən. Mən insanlara nə yuxarıdan aşağı, nə aşağıdan yuxarı baxıram, çünki onların gözlərinin içinə baxmağı sevirəm.

Gallery

- Bu qədər sevginin fonunda qadın kimi xoşbəxtsinizmi?

- Hamının həyatında hökmən biri var, biri yox. Tarixdə qalan qadınlar var ki, heç zaman qadın xoşbəxtliyi yaşamayıblar. Frida kimi qadın belə sevgidə yanılıb. Dəlicəsinə sevgi artıq mənim üçün adiləşib. Hərdən düşünürəm, bəlkə də günah edirəm...

- Ən çox tənqid olunan məşhurlardansınız. Amma heç vaxt tənqid qarşısında susqunluğunuzun şahidi olmadıq.

- Tənqidi əslində çox gözəl qəbul edirəm. Amma bəzi insanlar tənqid düşünüb təhqir edirlər. Mən tənqidlə təhqiri ayırd edəcək qədər açıq gözlü insanam. Çünki özüm ən yaxşı tənqidçiyəm. Məni tənqid etmək fikrinə düşən insan ən az mən səviyyədə, mən savadda olmalıdır.

- Tənqiddən söz düşmüşkən, niyə peşəkar bəstəkarlarımız bu gün özgə xalqlara məxsus ritmlər üzərində bəstələnən mahnılara etiraz etmir. Hanı bizim musiqi tənqidçilərimiz?

- Bu, çox haqlı iraddır. Bu gün biz özümüzü koronavirusdan qoruyuruq, çarə axtarırıq. Musiqimizə xələl gətirən bəzi əcnəbi, bizə yad olan, hətta bizə ləkə vuran, musiqi ənənəmizi darmadağın edən bu yeni mahnılar koronavirusdan da betərdir. Hətta deyərdim atom bombasıdır. Mən peşəkar, ali savadlı bəstəkaram. Bu gün çıxıb efirdə Azərbaycanın müasir musiqisinin uçuruma getdiyini söyləyəndə, həmkarlarım bunu şəxsi müstəvidə dəyərləndirirlər. Aləm dəyir bir-birinə. Sözümü olduğu kimi heç kim qəbul etmək istəmir. Təkcə mübarizə aparıram, heç kim dəstək vermir. Bu gün bizim peşəkar bəstəkarlarımız var ki, mən danışanda gizlində gəlib alnımdan öpür, amma efirdə o adamlara təriflər yağdırır. Elə bir zaman gəlib ki, bu musiqiləri qoşub insanların zövqünü korlayanlara artıq “dur” demək lazımdır. Sovet vaxtı bu cür mahnılar, müğənnilər efirə çıxa bilmirdi, qalırdı elə avtobus dayanacaqlarında. Bu gün senzura yoxdur, yoldan keçən, musiqi təhsili olmayan, hətta orta məktəb təhsili olmayan insanlar gəlib efirə yol tapırlar, məşhur olurlar.

- Əsərlərinizin ilk dinləyicisi kim olur?

- Anam mənim bütün əsərlərimin ilk dinləyicisidir. Ən qəliz əsərlərimi ilk o dəyərləndirir. Bütün qərarlarımda hər zaman yanımda olub. Bir şeydə məni həmişə danlayır ki, heç kimə irad bildirmə. Mən efirdə olanda anam həddindən artıq həyəcan keçirir. Bilir ki, sözün düzünü deyənəm.

- Qulaq asırsınız ananıza?

- Yox, bu məsələdə anamı dinləmirəm. Mən ədalətli insanam və öz sahəmin peşəkarıyam. Elə ciddi səhvlər var ki, onu biz özümüz deməsək, kimsə bizə deməyəcək, başa salmayacaq.

- Şeirlərinizə necə reaksiya verir?

- “Tikim” şeirimi mən anamın yanında yazmışam. Şairlərlə bağlı bir müsabiqədə münsiflər heyətinin üzvü idim. Orda münsif olmağım da çox müzakirələrə səbəb oldu. Hamı deyirdi, Elzanın o müsabiqədə nə işi var. Onları susdurmaq üçün bu şeiri yazdım. Anamın çox xoşuna gəldi. Çünki o, mənim yaradıcılığımın fəlsəfəsini tutur.

- Şeirlərinizə nəzirə yazırlar, bəzən sizi parodiya edirlər. Bütün bunlar sizi qıcıqlandırmır?

- Yox, qətiyyən. Məni o qıcıqlandırır ki, adımdan anonim şeirlər yazırlar. Bəzi şeirlər siyasi istiqamətdə yazıldığı üçün hüquqi prosedur başlatımışam.

Məni parodiya da edə bilərlər. Amma məni parodiya edən adamlara hərdən təəccüblənirəm. Nə məcburdu bu qədər paltarları, saç düzümünü edirlər, şeiri əzbərləyirlər, videoya çəkib səhifələrində yerləşdirirlər. Həqiqətən də çox çətin prosesdir (gülür). Hərdən onlara acıyıram. Fikirləşirəm ki, gör, məni parodiya edən insan necə bəsit yanaşır mənim yaradıcılığıma. Pantomim Teatrı mənim bir şeirimi səhnələşdirdi. Bu, mənim uğurumdur. Mənə gülən adamların həyat tərzləri də məzmunsuzdur.

- Mütaliə edirsinizmi?

- Hər gün mütaliə edirəm. Bir abzas da olsa, mütləq nə isə oxuyuram. Azan vaxtı Quran oxuyuram. Əlimdə nə iş olur-olsun, yarımçıq buraxıb müqəddəs kitabı açıb oxuyuram.

- Millət vəkili olmaq fikri necə yarandı sizdə?

- Bu mənim vətəndaş olaraq haqqım idi. Seçmək və seçilmək hüququm var. Seçkilər dövrü mənim üçün bir məktəb oldu. Çox şey öyrəndim. Öz hüquqi bilgilərimi artırmış oldum. Mən bildim ki, məntəqə nədir, qərargah nədir, bülleten, protokol, akt, imza vərəqəsi, dislokasiya nədir. Məsuliyyət nədir anladım. Qanunlarla tanış oldum. Böyük bir həyat dərsi keçdim. Nə yaxşı bu yolu getdim.

- Seçki məntəqəsində fiziki zorakılığa məruz qalmağınıza dəyərdimi?

- Uğur elə-belə gəlib insanın ətəyində oturmur. Onu qazanmaq lazımdır. Bir insan universitetə girmək üçün imtahan verir, bir bala görə kəsilir. Ruhdan düşmək lazım deyil. İnsan özü-özünü sübut etməlidir. Mənə elə gəlir, mən özümü təsdiq etdim. İnşallah qismət olsa, üçüncü dəfə də seçkilərə qatılacam.

news-inner-user
Günel Musa

43 məqalə

Oxşar xəbərlər