writer1

Oğuz Ayvaz

Məqalə sayı

191
clock11:30 calendar-gray 25 İyun 2020 view-gray21877 dəfə oxunub
view-gray21877 dəfə oxunub

Fahişəxanada tanış olduğum Aydan

Fahişələr həyatda həmişə ən kədərli obrazlardır. Bədənlərini satan qadınlar taleyin ağır yüklərini çiyinlərində daşıyırlar. Ədəbiyyatda, kinoda, rəssamlıqda onlardan çox yazılıb, çəkilib. Pikassonun "Avinyon qızları", Markesin “Hüznlü fahişələrim”, Fellininin "Kabiriyanın gecələri"ndə fahişələrlə yaxından tanış oluruq. Fahişə sözünü əslində qəbul edə bilmirəm. Sanki bu söz mənə təhqir kimi gəlir. Ən yaxşısı biz onlara feministlər kimi “seks işçisi” deyək.

Bir gün marağımı boğub fahişələrlə tanış olmaq üçün kaferlərin birinə yollandım. İçki sifariş verib, ətrafı müşahidə etməyə başladım. Qısa ətəkli, yorğun, ənlik-kirşanlı qadınlar diqqətimi çəkirdi. Onlardan ən gəncini əlimlə işarə edib yanıma çağırdım. Cəld yerindən durub yaxınlaşdı, çoxdanın tanışı kimi yanımda oturub gözlərini mənə dikdi. Bu an fahişələr oturan masaya baxdım: onların üzündəki sonsuz kədər mənə toxundu. Adını bilmədiyim fahişəyə "istəyirsən dostlarını da çağır” - dedim. Gülümsədi. Yəqin elə bildi ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Aydan. Neynirsən ki?

- Saat neçəyə qədər burada işləyirsən?

- Səhər beşə kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, qurtar bu söhbəti. Keçək otağa?

Bir şey demədim. Qarşımdakı pivəni sonuna qədər içib ayağa qalxdım. Onun arxasınca otağa getdim. İçəridən çox pis qoxu gəlirdi. Mələfə, döşəkağı, yastıq döşəməyə səpələnmişdi. Elə cəldliklə soyundu ki, bütün ona lap yazığım gəldi.

- Aydan, gəl, bir az söhbət edək.

Gülərək çarpayıya uzandı. Gözlərini tavana dikdi. Öz həyat hekayəsindən danışmağa başladı. Onun səs tonunda qeyri-səmimilik vardı. Standart, şablon hekayələr danışırdı. Bilirdim ki, basıb-bağlayır. İnanmasam da qulaq asırdım. Sonra mənasız lətifələr danışmağa, şit-şit gülməyə başladı. Susmaq bilmirdi. Belə daha da kədərli görünürdü.

İki dəqiqədən bir gülməyi əsəblərimə toxundu. Sanki qarşımdakı qadın deyildi. Mənə elə gəldi ki, sevdiyi insanlar Aydanın üz cizgilərini, vücudunu, saçını, gözlərini belə unutmuşdular. İndi o, öz bədənindən pul qazanan böyük bir boşluğa bənzəyirdi. Heç nə ifadə etmirdi. Yəqin fahişələr bədənlərini satarkən ürəklərini də hərraca qoyurlar.

Birdən ağlımdan qəfil bir fikir keçdi. Fahişələr öz qadın statuslarını dəfn etdiklərinə görə artıq kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

- Aydan, heç sevmisən?

O ayağa qalxdı. Paltarını geyindi. Güzgüdə saçını-başını düzəltdi. Özünə sığal verdi. Bir xeyli otağın içində fırlandı. Yerə dağılmış əşyaları yerbəyer etdi. Sonra mənə baxıb dedi:

- Hə…

Gözlədim ki, danışsın. Amma elə hey susurdu. Susqunluğu çarəsizliyindən xəbər verirdi. Aydan məni düşüncələrimdən ayırdı:

- Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər. O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfə yanına yaxınlaşmaq istədim, məni uzaqlaşdırdı. Səbəbini bilmirdim. Sonra oğlan yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbət edirdim. Rəfiqlərim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim. Üstlərinə qışqırırdım. Axırda dostum dedi ki, sən onu sevirsən. Mən hər yanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla idim. Bir evdə, ər-arvad kimi.

Aydan danışır, mənsə düşünürəm ki, qadınların da sevgisi belədir. Nə vaxt onlara əzab verirsən, özündən uzaqlaşdırırsan, o zaman səni sevirlər. Görəsən, bir fahişəni sevmək necə olar? Yaxud fahişənin sevgisi…

Türk yazıçısı Suat Dervişin “Fosforlu Cevriye” romanı yadıma düşür. Qadın yazıçının qələmə aldığı dramatik əsərdə sonda Cevriye ona heç vaxt toxunmayan, onunla yatmayan, ona fahişə olduğunu unutduran bir kişini sevir və sonu faciə ilə nəticələnir. Cevriye o kişini xilas etməkdən ötrü öz canından keçir. Nədənsə, oradakı kişinin Cevriyəyə verdiyi sualı xatırlayıram və istəyirəm ki, Aydandan da bunu soruşum: “İnsanları sevirsən?” Cevriyenin cavabı belədir: “Hə... Lənətə gəlmiş insanları sevirəm”.

Aydana baxıram. Yanıma çağırıram. Gözlərinin içində məhv olmuş uşaq bağçası görürəm. Yarımçıq qalmış divarın qırıq şüşəli pəncərəsini görürəm.

Və sükut bayrağını qaldırıram...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020
Haqverdiyevlə Üzeyir bəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
16:29 22 Sentyabr 2020