news-inner
clock09:00 calendar-gray 06 İyun 2020 view-gray41990 dəfə oxunub
view-gray41990 dəfə oxunub

Çəkilişində rejissorun, operatorun, fotoqrafın həlak olduğu filmimiz - "Mən ki gözəl deyildim"in faciəvi kadr arxası

Kulis.az “Mən ki gözəl deyildim” bədii filminin təhlilini təqdim edir.


1968-ci ildə ekranlara çıxan “Mən ki gözəl deyildim” filmi Xalq yazıçısı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılıb.

Sovet dönəmi milli kinematoqrafiyamızda güllə səsinin eşidilmədiyi, döyüş səhnələrinin olmadığı, arxa cəbhədə insanların müharibə illərində necə yaşadığını, fəaliyyətini göstərən əla filmlər çəkilib: “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi” və s. Bu filmlərinin rejissorları müharibənin çətinliyini görüb yaşamış adamlardır.

“Mən ki gözəl deyildim” filminin rejissorlarından biri Ramiz Əsgərovun uşaqlığı müharibə illərinə təsadüf edib və o, çətin uşaqlıq yaşayıb. Ancaq çox təəssüf ki, biz heç vaxt R. Əsgərovun sağ qalacağı təqdirdə onun filmi necə quracağını, necə bitirəcəyini bilməyəcəyik.

Məsələ ondaydı ki, filmin çəkilişi zamanı partlayış baş verir və həlak olanların arasında R. Əsgərov da olur.

Gallery

Hadisənin şahidlərindən biri, filmin operatoru təyin edilmiş Rasim Ocaqov hadisə haqda danışırdı: "1967-ci ildə "Mən ki gözəl deyildim" filminin birinci yaradıcı heyətilə Lənkəranda faciəli hadisə baş verdi. Həmin epizodda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməliydi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Sonra studiya adətiylə ilk günü şampanla “yumaq” üçün ziyafət verməyi də nəzərə aldıq. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexnikərə işarə verilir. “Çəkiliş başladı. Birinci kadr. Birinci dubl.” Birinci, üçüncü...beşinci partlayış-hər şey əladır. Altıncı! Ayaqlarımızın altında nəsə guppuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqədən çıxmışdı, içalatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik uzanmışdı. Hər şey tüstü içindəydi. Qana bulaşmış Ramiz yanımda idi. O, əlini mənə uzadıb dedi: “Rasim, bax barmağımın üçü yoxdu”. Ayağa durmağa çalışdı, ancaq qalxa bilmədi. Qıçlarının ikisi də üzülmüşdü, lakin bunu dərk etmirdi, ağlına yerləşdirə bilmirdi. Mən də qıçımdan yaralanmışdım, qanaxmanı saxlamaq üçün yaramı dəsmalla bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə kömək etməyə çalışır. “Desantlar” qayıqda avar çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd nəfər həlak oldu (üçü elə yerindəcə, Ramiz isə ertəsi gün hospitalda). Dörd nəfər yaralandı. Sonra bizə dedilər, bədbəxt yoldaşlarımızın cənazələrini studiyadan götürüblər. Çoxlu adam varmış, hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb, üstünə mindiyimiz saldakı qurğunu partladıb".
R. Əsgərov ümidverici rejissor idi. “Yaşamaq gözəldir, qardaşım” adlı ilk tammetrajlı bədii filmi onun milli kinomuza yeni nəfəs gətirəcəyindən xəbər verirdi. Hətta müəllimi, məşhur rus rejissoru Mixail Romm R. Əsgərovu ən istedadlı tələbələrindən biri sayırdı.

Gallery

Baş vermiş faciədən sonra ciddi problemlər yaşanır. Sağ qalan üzvlər yenidən başlayacaq çəkilişdən imtina edirlər. Yerli rejissorların çoxu yarımçıq qalmış işi boynuna götürmək istəmir. Digər tərəfdən filmə xeyli pul xərclənmişdi, kinostudiyada plan kəsiri yaranmışdı. Vəziyyətdən çıxmaq üçün Moskvada yaşayıb fəaliyyət göstərən, əslən iranlı olan Sasanpuru rejissor kimi dəvət edirlər. İkinci quruluşçu rejissor kimi Ağarza Quliyev təyin olunur. Operator isə Moskvadan dəvət edilir: Aleksandr Polkanov. Ancaq Polkanov rəhbərliyə Sasanpurun əsərin ruhunu, mühiti hiss edə bilmədiyini deyir. Çox çək-çevirdən sonra Tofiq Tağızadə rejissor təyin olunur. O, Məzahir roluna dəvət olunmuş Oleq Xabalovu dəyişdirir və bu obrazı Şahmar Ələkbərov oynayır. Yeri gəlmişkən, R. Əsgərov Xabalovla ilk filmində də işləmişdi. Çingiz roluna isə gürcü aktyoru dəvət edilibmiş. T. Tağızadə onu Rus Dram Teatrının aktyoru Eldar Əliyevlə əvəzləyir. Azərbaycan tamaşaçısı bu aktyoru daha çox “Dəli Kür” filmindən Rus Əhməd kimi xatırlayır. Səidə obrazına uzun müddət aktrisa axtarılır və Xuraman Qasımovanın üzərində dayanılır. X. Qasımova bu filmə kimi artıq “Liftçi qız” filmində oynamışdı.

Gallery

Hadisələr İkinci Dünya Müharibəsi illərini əhatə edir. Əsas qəhrəman, Azərbaycanın dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidə uşaq ikən anasını itirib, müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Film də elə bu epizodla başlayır.

Əmisi Qurbanın (Sadıq Hüseynov) himayəsində yaşayan Səidəyə əmisi arvadı, qonşular uşaq kimi yanaşır. Və rejissor bizə kadrbakadr Səidənin necə böyüdüyünü, yetkinləşmə prosesini göstərir. Əhvalatın əvvəlində sərt gerçəkliyə hazır olmayan, gördüklərinə sadəlöhv reaksiya verən Səidəyə poçtalyon Şərif (İsmayıl Osmanlı) öncə atasının ölüm xəbərini demir. Səidə poçtalyon işləyəndə bərkə boşa düşür, bərkiyir və onun bu acı xəbərə hazır olduğunu görən Şərif həqiqəti deyir.
Yeri gəlmişkən, atasının ölüm xəbərini aldığı səhnə heç cürə alınmırmış. Buna görə rejissor aktrisaya bacarıqsız olduğunu, Səidənin taleyini yaşaya bilmədiyini deməklə ağladıb və bundan sonra o, dərin kədəri ifadə edə bilib.

Gallery

Filmdə Səidənin həyatı fonunda arxa cəbhədəki insanların məişəti, güzəranı, dövrün mühiti verilir. Dərindən olmasa da, qadına cəmiyyətdə münasibət məsələsinə də toxunulur. Səidənin Məzahirlə dostluğunun dedi-qodu yaratması, əmisi arvadı Gözəlin onu məhz qadın olduğuna görə təzyiq altında saxlama cəhdi və s.

Müəllif müharibənin törətdiyi faicəni göstərmək üçün oğul, əhvalatı ər, ata itkisinin yaşayan insanların naləsi ilə yükləyir. Üstəlik, Fikrət Əmirovun ayrılıqda mükəmməl olan musiqisi ilə filmi daha da ağırlaşdırır. Ona görə bəzi səhnələrlə musiqi artıq görünür. Çünki onsuz da təsvirlər danışaraq daha çox söz deyir. Hərçənd, Məzahir, Çingiz, Qurban obrazları bəzi hallarda ağırlığı yumorları ilə yüngülləşdirə bilir.

Ən maraqlı səhnələrdən biri oğlunun qara kağızını alan ananın ağlaması zamanı onu yox, məhz Səidənin, onun reaksiyasının göstərilməsidir. Bu halda ağrı daha ifadəli, təsirli alınır. Yaxud Şərifin Səidəyə atasının ölüm xəbərini deyəndən sonra, gənc qızın kədəri poçtalyonun möhürü məktublara tez-tez, əsəbiliklə vurması ilə sinxronlaşır və bu maraqlı həll ilə vəziyyətin gərginliyini daha çılpaqlıqla hiss edirik.

Gallery

Dublyajda bəzi səslər xarakterlərə oturuşmur. Özəlliklə də, epizodik ifaçılarda. Uşaqlara isə yaxşı işlənilməyib. Bəzi səhnələrdə mizanların quramalığı nəzərə çarpır. Filmin adı “Mən ki gözəl deyildim” olsa da, onu doğruldan bir epizod belə yoxdur. Hər halda Səidənin zahiri görkəmi ilə bağlı komplekslərini görmürük.

İlk quruluşda bir neçə döyüş səhnəsi çəkilsə də, bunlar növbəti quruluşa salınmayıb.
1969-cu ildə Kiyevdə keçirilən kinofestivalda Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə diploma layiq görülüb...

Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində və pavilyonda aparılıb.

P.S. Bəzi faktlar Aydın Dadaşovun “Rejissorların yetim qızları, yaxud ayaqsız cənnət quşları” məqaləsindən və Ulduzə Qaraqızının “Azərbaycan filmlərinin yaranma tarixi” kitabından götürülüb.

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020