O mən idi, mən o deyildim - Şəhla Nihandan yeni hekayə

O mən idi, mən o deyildim - Şəhla Nihandan yeni hekayə
27 may 2020
# 16:34

Kulis.az Şəhla Nihanın "O mən idi, mən o deyildim" hekayəsini tıəqdim edir.

(Paralel dünyalar)

Onlar hər dəfə seçim qarşısında durduğunuz zaman yaranar. Yaranıb sizdən xəbərsiz yaşayar. Beləcə siz tirajlanarsınız.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Səhv nəticələr almaqçun düzgün qərarlar verilməlidir.

I. Alternativ

Gecə. Zülmət. Yol boyu fənərlərmi? Ah, zarafatı buraxın. Burada yolu işıldaquşların öhdəsinə buraxıb, onların nura boyayacaqlarını zənn edirdilər. Onlarınsa belə bir vəzifələri olduğundan xəbəri yox idi deyəsən.

Yol ikitərəfliydi. Üçü şəhərdən periferiyaya, üçü periferiyadan şəhərə olmaqla altı hərəkət zolağı vardı. Bir tərəf hündür qamışlarla əhatə olunmuş bataqlıq, o biri tərəf təkəm-seyrək tikanlı kolları olan boz çöllük idi.

Həmin gecə Ay da görünmürdü və şosse ilə ara-sıra şütüyən maşınlar olmasaydı, düşünərdin ki, buraları cəsarətlə Yerin yaddaşından silmək olar və buralarda bir də səhər açılmayacaq.

Məhəlli adı Əyri olan bu yerdə düz adına yeganə şey yolu ikiyə bölən qoşa ayırıcı xətt idi ki, onu da burula-burula gedən yol öz axarına tabe edib əymişdi.

Dinləyicilər olsaydı iri, boz ilbizlər həvəslə zümzümə edərdi onlar üçün. Amma kim eşidəcəkdi ki... Küləklə yarışan sürücülərin ilbiz xoru çətin ki, zövqündə olsun... Ona görə zavallılar susmuşdular.

~

150 km/saat-a yaxınlaşdığının yalnız indi fərqinə vardı, gözlərini spidometrdən çəkmədən ayağını əyləcə basdı və ani olaraq “kaş həyatda da hər şeyi beləcə, pedalı basmaqla, dəstəyi çəkməklə, lingin, leverin, tumblerin köməyilə dəyişmək mümkün olaydı...” fikirləşdi. “Hər şeyi silib yenidən yazmaq üçün görəsən hansı düymələrdən istifadə edilməlidir?” Ayağı əyləcdə, əli qeyri-ixtiyari radionun düyməsinə sarı uzandı. Düyməni basıb sükandakı keçiricilərin köməyilə kanalları axtarmağa başladı.

Smith. “I’m not the only one”. Sonra Adele. “Rolling…” yox, daha ritmik bir şey istəyirdi, ağır fikirləri qovmaq üçün. Yanke “Limbo”. Aha! Səsi artırdı. Yarıaçıq pəncərədən içəri dolan dekabr küləyinin vıyıltısı mügənninin səsinə qarışıb vahiməli kakofoniya yaratdı.

- Off, sus! – radionu söndürüb pəncərə şüşəsini axıra qədər endirdi, ikiəlli sükandan yapışdı, kürəyini söykənəcəyə dirəyib saçlarını dəli küləyin ixtiyarına buraxdı. Külək sillələdi solğun yanaqlarını öz saçları ilə, dodaq boyasını sıyırıb sifətinə üfüqi qırmızı paralellər çəkdi. “İndi yəqin çox gülməli görkəmim var” düşündü, başı üstündəki günlüyü endirib, ön hissədəki güzgünü açmaq, özünə baxmaq istədi, paralel cızıqlara. Elə bu vaxt arxadan eşidilən siqnal səsi onu fikrindən daşındırdı. Sürətlə ona yaxınlaşan crossover (qoşadifer) tipli ağ avtomobil sağdan ötməməkçün yol istəyirdi.

Öz sürət zolağında olmasa da “İki sıra boşdur, heç yerə çəkilən deyiləm!” – deyə özlüyündə qət etdi.

Maşının aramsız zəngulələri əməllicə qıcıqlandırdı onu. Sürücünün barmağını siqnal zəngindən qopartmaq fikri yox idi deyəsən.

Uzun-uzadı siqnal. Əsəbləri gərilmiş halda yenidən sürəti artırdı ki, təki təqibdən canını qurtarsın. Bihudə! Az keçməmiş crossoverin yenidən ardınca gəldiyini gördü. Var belə sürücülər, istədiyini etməyincə əl çəkməz. Hərəkət qaydasına əməl etmədiyi üçün guya onu cəzalandırmaq istəyirdi. Baş qoşmamağı, maşını sağa verib zolağı boşaltmağı qərara aldı.

- Gəl, gəl, öt! Yolda tələsən sürücü ölümünə tələsir. Gəl sür, keç! – sürücünün qarasına deyindi.

~

1. Böyük sürətlə manevr edib sükanı qıraq sağa fırlatdı. Maşın asfaltdan çıxıb sağ civarla bir az irəlilədi. Yanından vıyıltıyla ötüb keçən avtomobilin küyü qulaqlarına doldu. Sükanı sola burub əvvəlki çərgəyə qayıtmaq istəyəndə idarəetməni itirdi. Asfalt üzərində böyük bir qövs cızıb qarşı yola çıxdı. Sutkanın müəyyən saatlarında burdan maşın karvanı keçərdi, şəhər kənarında yaşayanlar işdən evə dönərdilər. Gecə saatlarıydı deyə yol boş idi, yoxsa kiminləsə kəllə-kəlləyə gəlməkdən qurtulmayacaqdı. Təkərlərin tükürpədici səsi “indi sən maşını yox, maşın səni idarə edir” mesajı ötürdü ona. Olay ani baş verdiyindən nə fikirləşməyə, nə reaksiya verib hadisələri kontrol altına almağa imkan tapdı…

Maşın əks istiqamətdəki üç sıralıq yolu yarıb asfaltı tərk etdi, elə həmin sürətlə palçıqlı, çınqıllı qrunt torpaqla irəliləyib burnu ilə yaxınlıqdakı hündür qamışlara çırpıldı. Zənn etdi ki, maşın dayanar bu çırpılmadan. Zənn etdiyi kimi olmadı. Bu dəfə arxası ilə qövs cızıb qamışları biçə-biçə suya qədər getdi, arxa təkərlər lilə girəndə dayandı.

Cəld mühərriki söndürdü. Başı möhkəmcə söykənəcəyə dəydiyindən diskomfort hiss etdi. Başqa elə bir şey yox idi, xəsarət almamışdı. Bir az salonda oturub sonra tərk etdi maşını. Onsuz da pəncərələri bağlaya bilmədiyindən salon da soyuq idi. Təmiz hava ilə ciyərdolusu nəfəs aldı və… elə bu an dəhşətli ürəkbulanma hiss etdi,... ardınca başağrısı. Gicgahlarını ovdu, hər şey aydın idi, beyin silkələnməsinin əlamətləriydi.. Sınığı, çıxığı, zədəsi yox idi, yaxşı qurtarmışdı. Bəlkə parenximatoz (daxili) qanaxma var? Ondan belə tezliklə xəbər tutmayacaqdı, sızmalar ola bilərdi, nəticəsi sonra bilinən… “Nə olacaqsa olsun. İstəyimdən asılı bir şey deyil” – özünə ürək-dirək verib maşının həndəvərinə dolandı. Vəziyyət ürəkaçan deyildi, uzunmüddətli təmirə ehtiyac vardı. Gözəyarı xərcini hesablayıb əlüstü özünü təbrik etdi.

Zəng etmək lazım idi. Əlini gödəkcəsinin cibinə saldı. Telefonu cibinə qoyduğu yadına gəlmirdi amma. Əlinlə qoymadığın yerdə nəyisə axtarmaq düzgün bir şey deyil. Maşını açıb salona baxdı. Adətən yanında olurdu, iki oturacaq arasındakı xüsusi yerdə. Orada yox idi. Çantasından fənər çıxarıb salonu axtarmağa başladı. Arxadan, oturacağın altından tapdı telefonu. Götürüb nömrəni yığdı.

- Sağam, qorxma. Bura gəlmən lazımdır.

Bayaqki dəli külək sanki onu izləyən maşının salonuna dolub aradan çıxmışdı. İstədiyi elə bu hadisə imiş, törədib qeyb olmuş, yerini bataqlıqdan əsən sərin xəfif mehə vermişdi. Meh yararsız maşına söykənib gecənin avazında üşüyən gənc qadının başı üzərində asılı qalmış pasportu vərəqləyərək, onun adını oxudu və hadisənin şahidlərinə - bataqlığa, qamışlara, qaranlığa pıçıldadı:

Avrora..

~

2. ……. Böyük sürətlə manevr edib sükanı qıraq sağa fırlatdı. Maşın asfaltdan çıxıb sağ civarla bir az irəlilədi. Yanından vıyıltıyla ötüb keçən avtomobilin küyü qulaqlarına doldu. Sükanı sola burub əvvəlki çərgəyə qayıtmaq istəyəndə idarəetməni itirdi. Asfalt üzərində böyük bir qövs cızıb qarşı yola çıxdı. Orta zolaqla sürətlə irəliləyən Sportage ilə kəllə-kəlləyə gəldi. Qəza qaçılmaz idi, bu yol adətən boş olmazdı. Müdhiş bir an yaşadı. Fatalizm duyğusu bütün ruhunu sarıb qaçılmazlığı bəyan etdi ona. Vaxt yavaşıdı sanki, sonra dayandı və o yavaşıdılmış kinoxronikanın iştirakçısına çevrildi.

Toqquşma. İki maşın iç-içə keçmiş… Dəhşətli mənzərəydi..

Başı zərblə sükana dəyəndə gözləri yumuldu. Açanda özünü bir yığın metal qırıntısının içində gördü. Başının yanlarından isti bir şey axdığını hiss edib huşunu itirdi.

Özünə gələndə ilk gördüyü solğun palata divarları və başına yığışmış tibbi personal oldu. Bir neçə günlük komadan ayılmışdı. Yerimə qabiliyyətini və nitqini həmişəlik itirdiyi sonralar müəyyən olacaqdı..

~

3. ……. Böyük sürətlə manevr edib sükanı qıraq sağa fırlatdı. Maşın asfaltdan çıxıb sağ civarla bir az irəlilədi. Yanından vıyıltıyla ötüb keçən avtomobilin küyü qulaqlarına doldu. Sükanı sola burub əvvəlki çərgəyə qayıtmaq istəyəndə idarəetməni itirdi. Asfalt üzərində böyük bir qövs cızıb qarşı yola çıxdı. Əks istiqamət zolağını da yarıb asfaltı tərk etdi. Kələ-kötür qrunt yolda yan təkərlər iri çalalardan birinə düşdüyündən maşın ləngər vurub aşdı. Daha bir dəfə çevrildi. Son düşündüyü kəmər oldu, bağlamamışdı. Zülmət… Sonrasından xəbəri olmadı. Nə səhərə yaxın qamışlıqda tapıldığını, nə təcili yardım maşınını, nə xərəyə qoyulub üzünə örtük çəkilməsini və dünyadan belə vaxtsız getməsini bildi…

~

4. ……. Sonrasından xəbəri olmadı. Nə səhərə yaxın qamışlıqda tapıldığını, nə təcili yardım maşınını, nə xərəyə qoyulub üzünə örtük çəkilməsini və dünyadan belə vaxtsız getməsini bildi..

Çox sonra ayıldı.., məzarı tərk etməkçün. O birilər də çıxmışdı. Demək olar, heç kəsi şəxsən tanımırdı, amma ümumən hamı tanış idi ona. Burada “salamat” adam yox idi. Onun bir əli dirsəkdən və biləkdən, bir ayağı dizdən aşağı sınmışdı. Daxili orqanlarında çoxsaylı zədələr vardı. Qolu eybəcər şəkildə sallansa da, axsasa da buradakıların hamısından gözəl idi, çöhrəsinə xəta toxunmamışdı. Başqalarınınsa görkəmi qan dondururdu. Yəni əslində onları özlərindən qeyri görən yox idi, özlərininsə qanı onsuz da donuq idi damarlarında. Və elə o səbəbdən də buranın sakinləri qan-damar xəstəlikləri, ateroskleroz, oksigen çatışmazlığı filan bilməzdilər nədir. Avrora-4 üçün bu mənzərə yeni olduğundan çalışırdı onlara baxmasın, pərişan olurdu. Gözü pırtlayıb çıxmış kim, qopmuş başı qoltuğunda veyllənən kim, çiyni çapılmış, ayaqsızlar və s…

Bir müddətdən sonra özünə çoxlu pərəstişkar tapdı. Kürəyinə bıçaq saplanmış KAR və boğazında kəndir gəzdirən MA ən yaxın dostları oldu. Burada hamıdan gözəl olduğu üçün onu kraliça seçmişdilər. (Gözəllik belədi, hər yerdə kara gəlir). O da KAR/MA tandemini ədalət etalonu elan edib, hamının taleyini onların “narıngöz süzgəc”indən keçirirdi.

Həyat tərzləri çox maraqlı və fərqli idi, çox da zəngin. Heç bir vəzifə borcu, missiya, məqsəd, labüdlük, qrafik yox idi. İş-filan, fəaliyyət növü, məktəb/bağça, ailə/uşaq, ev tikmək-ağac əkmək-oğul böyütmək kimi öhdəliklərdən də azad idilər. Heç kim yanındakına baxıb “onda var, məndə niyə yoxdur?” demirdi. Hamı cır-cındır içində, çöhrəsi kül rəngində və hər şeydən razı. Heç kəs özünü öymür, başqasından üstün tutmurdu, amal və məqsəd sərhədi adlayıb bu taya keçməmiş, onları rahat buraxmışdı. Hamıda hər şey vardı və eyni zamanda heç nə yox idi. Ən əsası kədər bilməzdilər nədir və çox güman, xoşbəxtlik elə bunun özü demək idi.

Hər şey o qədər sadə ki... Fon ağ-qara-boz. Və O – bu Boz Kədərsizlər səltənətinin taclı Kraliçası!

***

Masa üzərində əl boyda bloknot var, ağappaq və tərtəmiz. Amma bu görüntüdür yalnız. Ona diqqətlə baxmaq kifayətdir ki, yazılar aşkarlansın. Müşahidəçinin oxunuşunda:

/// Devid Bomun nəzəriyyəsinə görə kainat hər seqmenti Bütövün strukturu haqda informasiyaya malik holoqram sistemdir. Bütöv zərrədə, zərrə bütövdədir. Beyin də holoqram prinsipi ilə işləyir və məhz buna görə istənilən informasiyanı tapıb üzə çıxara bilir. Stanislav Qrof: “Şüur labirintdir, o indi mövcud olan və haçansa mövcud olmuş digər şüur substratları ilə, hər atomla, orqanizmlə əlaqədardır.”

~ ~ ~ ~ ~

Kainat təkcə n-ölçülü fəzalardan təşkil olunmayıb, o həm də dürlü dünyaların qarşılıqlı əlaqəsindən ibarətdir.

İç-içə geydirilmiş gəlinciklər (matryoşka).

Ən böyük dünya ən kiçiyinin içinə yerləşdirilə bilər.

(“Eniologiya”. V.Roqojkin)

~ ~ ~ ~ ~

Everettin multikainat interpretasiyasına (1954) görə hər an dünya çoxlu miqdarda surətlərə bölünmə xüsysuyyətinə malikdir. Yeni əmələ gələn ekizlər də durmadan bölünür. Hər dəfə seçim qarşısında qaldığımızda alternativ dünyalar yaranır. Hər hadisə dünyamızın klonlaşmasına gətirir. Klonların ssenarilərin sayı hadisənin mümkün variantlarının sayı qədər ola bilir. Hər dünyada biz varıq. Hər dünyadakı Mən özünü tam anlamı ilə qavrayır, duyur, dərk edir. Paralel dünyalar hər hansı bir hadisənin çoxvariantlılıq reallaşmasıdır.

(“Kainatın parçalanması nəzəriyyəsi”. amer.fizik Hugh Everett )

~ ~ ~ ~ ~

Siz yuxuda olarkən başqa dünyada yaşamadığınıza, burada yatarkən orada şıdırğı həyat sürdürmədiyinizə çoxmu əminsiz?

Fərqli fiziki (ya qeyri) qanunlarla idarə edilən, başqa zaman/məkan moduslarının (ya bunlarsız) təşəkkül tapdığı dünyaların olma ehtimalı mümkündür.

~ ~ ~ ~ ~

“Hamını və hər şeyi sevirsinizsə, deməli, özünüzü də sevirsiniz. Özünüzü sevirsinizsə, heç nəyi və heç kəsi sevmirsiniz”.

N.Tesla kəpənək effekti haqda: “Ən kiçicik canlının belə xəfif hərəkəti kainatda müəyyən titrəyişlər törədə bilmək iqtidarındadır”. Kainatda hər şey bir-birinə qohum, bir-birindən asılı, biri digərilə əlaqədardır. Orada yad heç nə yoxdur. ///

Baxışlar bloknotdan ayrılan kimi yazılar itir.

II. Qoy, həyatını yaşayım

1. Yarıqaranlıq uzun dəhlizlə irəliləyirdi. Divarboyu düzülmüş spotların üçündən ikisi yanmırdı. Başı üzərində vərəqlənən sənəddən adı oxunur:

Silviya.

Əlləri əsdiyindən tepsidəki bulaşıq qablar, hündür dekorativ fujerlər bir-birinə dəyib cingildəyirdi. Möhkəmcə məcməyinin dəstəklərini sıxmışdı ki, yerə salıb qab-qacağı sındırmasın. Ardınca eşidilən tənə, nifrət dolu sözləri qulaqardına vurub mətbəxə tələsirdi. Mətbəx kandarını adlarkən qəribə bir hal yaşadı, sanki çəkisini itirirdi. Sonra möcüzəli, hərəkətsiz uçuş baş verdi, özündən və eyni zamanda özünə uçuş (inside out – özlüyündən çıxma. K.Kedrov).

~

2. Kandarı adlayıb əlindəki tepsisi ilə birlikdə səhərdən xörək tədarükündə olduğundan təmizləməyə vaxt tapmadığı kirli və boğanaq mətbəxə yox, tamamilə yad bir yerə düşdü. Geniş, səliqəli zalın gur işıqları gözünü qamaşdırdı. Ofis stilində bəzədilmiş otaqda qəribə bir soyuqluq və rəsmiyyət hökm sürürdü. İri, girdə masanın orta, boş hissəsinə zərif qammalı gül kompozisiyası yerləşdirilmişdi. Masanın ətrafında tanımadığı adamlar əyləşmişdi. Bir tərəfdə natiq kürsüsü, otağın aşağı hissəsində dinləyicilər, qonaqlar üçün oturacaqlar qoyulmuşdu. Divardan müxtəlif cədvəllər, diaqramlar, tablolar, şəkillər, baş tərəfdə isə slayd lövhəsi asılmışdı.

Bu zalda Silviya-2 konfrans keçirməliydi. Silviya-2 Silviya-1-dən (yəni ondan) çox-çox illər qabaq Mister X-ə ərə gedib-getməməsi ilə bağlı gərgin düşüncələr burulğanında boğulduğu zaman ayrılmışdı. Silviya-2 Silviya-1-in uzaq şaxəsi idi. Həmən o dönüş anından yolları kəskin ayrılmışdı. Silviya-1 ailə həyatını, məişət rutinasını seçmış, perspektivli işini ailəsinə qurban vermiş, Silviya-2 isə karyeranı üstün tutub tək qalmaq istəmişdi. İndi Silviya-1 həyatını uduzulmuş zənn edib, hər gün üzü danlanıb təhqir olunduğu zaman Silviya-2 karyera pillələri ilə inamla irəliləyib özünə sanballı biznes qura bilmişdi. Bu gün burada konfrans idi.

Silviya-1 otağın qapısı ağzında durduğundan içəridəkilər onu hələ görmürdü. O özünün bu zaldakı rolunu heç bir çətinlik çəkmədən anladı. Tez əlindəki məcməyini yaxınlıqdakı kətilin üstünə qoyub, önlüyü əynindən çıxartdı. Saçını əli ilə hamarlayıb donunun ətəyini dartışdıra-dartışdıra biznes ledinin yerinə keçdi.

Onu görcək hamı ayağa qalxıb alqışladı. Gur başlanan alqışlar korporasiya prezidentinin yan basa-basa yerişi, pırtlaşıq saçları, iri güllü alabəzək donu, ayağındakı toxunma məstlər və makiyajsız yorgun çöhrəsi fonunda get-gedə öləziyirdi. Daim ciddi, eleqant şalvarlı kostyumlarda, qar kimi ağappaq bluzkada, dikdabanlarda olan, yüksək zövqlü, aristokrat maneralı bir xanımın bu cür transformasiyaya məruz qalması oturanları heyrətləndirməyə bilməzdi. Nə olmuşdu ona? Özü də belə qısa sürədə... Dünən iş gününün axırında yola saldıqları bir adam idi, bu gün qarşılaşdıqları başqası sanki..

Silviya-1 başını dik tutaraq prezident kürsüsündə əyləşdi. Sağ tərəfində oturmuş cılız, saçı androgen alopetsiya tipli tökülmüş (gicgah nahiyələrdə), qısa saqqallı kişi cib dəsmalı ilə eynəyini yaxşı-yaxşı silib yenidən gözünə taxdı. Sanki gördüklərini eynək xətasına yazmaq istəyirdi. Sol tərəfindəki zabitəli, səliqəli saç düzümü ilə prezidentdən seçilən xanım business woman imicini tamamlayan son dəbli tünd terrakot rəngli pencəyinin yaxasındakı nəfis sancağı sığallayaraq ah çəkdi, sonra cibindən çıxartdığı təzyiq dərmanını ağzına atıb, susuz uddu.

Silviya-1 damarları çıxmış, dərisi ev işləri görməkdən korşalıb qabıq verən manikürsüz əllərini masa üzərinə qoyub, böyük maraqla ətrafındakı adamları seyr edirdi. İlahi, necə də pafoslu idi hamısı... O saat görünür ki, iş adamlarıdır, çoxu da eynəkdə..., yəqin ağıllıdırlar... Bir şey aydın idi ki, bu insanlar buraya hansısa biznes layihəsini müzakirə etməkdən ötrü yığılıblar. Özü də onunla! O burada böyük adamdır, bu müəssisənin rəhbəri, məsələn. Bu fikirlərdən kürkünə birə düşdü, ayaqlarının altının qaşındığını hiss etdi. Qorxanda həmişə belə olardı, dabanları qaşınardı, o da corablarını çıxarıb ləzzətlə qaşıyardı, qorxusu bir az keçərdi onda. İndi burda, bu qədər vacib adamın yanında necə qaşınsın?..

Başını aşağı salıb altdan yuxarı oturanları süzürdü. Araya naqolay sükut çökmüşdü. Sancaqlı təmtəraqlı xanımın yanındakı cavan işçi sükutu pozmaq missiyasını öz üzərinə götürüb yerindən qalxdı. Onun söylədiklərindən belə çıxdı ki, bu gün burada korporasiyanın uğurlarına həsr olunmuş mini konfrans keçiriləcək. Tədbirdən sonra isə işçilər qalıb biznes planı, digər biznes strukturları ilə işgüzar əlaqələri və s. məsələləri müzakirə edəcəklər. İşçi sözünün sonunda tədbiri açıq elan edib əyləşdi.

Oturanları qonaqlara təqdim edəndə məlum oldu ki, Siviyanın sağındakı keçisaqqal (Silviya onu ilk baxışdan belə möhürlədi) kompaniyanın vitse-prezidenti, soldakı zabitəli xanımsa marketinq şöbəsinin müdiridir. Tədbiri açıq elan edənsə kadrlar şöbəsinin müdiriymiş. O hamını təqdim edəndən sonra prezidentdəki matqoyucu dəyişikliyin yaratdığı çaşqınlığı ört-basdır etmək üçün onların liderinin (Silviyanın) yaradıcı xislətli eksperimentator və novator olmasından, bu keyfiyyətlərin innovasiya və yeni texnologiyalara münasibətdə onun çox karına gəlməsindən ağız dolusu danışdı. Ümumiyyətlə, onların lideri orijinal yanaşma metodu tələb olunan hər bir işdə başdır. O, insan kapitalı ilə də düzgün rəftar etməyi bacardığından bir rəhbər kimi heç şübhəsiz əvəzi yoxdur. Prinsipialdır, daim öz üzərində çalışır, özünə və başqalarına qarşı tələbkardır və s. bu kimi şeylər.

Prezidentin imicinin belə kəskin dəyişilməsi oturanları o qədər çaş-baş salmışdı ki, konfransın əvvəldən müəyyən olunmuş planı yaddan çıxmışdı. Qonaqlar arasında potensial klientlər vardı, onları itirmək heç də arzuolunan bir şey deyildi. Ona görə də kadrlar şöbəsinin müdiri pərtliyi aradan qaldırmaq üçün rəhbərin hərəkətinə don geyindirməyə başlamışdı. İlk toparlanan o olmuşdu deyə vəziyyətə müəyyən qədər aydınlıq gətirməyə çalışırdı.

Daha sonra vitse-prezident ayağa qalxıb korporasiya haqda ümumi sözlər dedi. Dedi ki, onlar uzun illərdir ki, cəmiyyətə canla-başla qulluq edirlər. Kompaniyanın məhsullarından – sağlamlaşdırıcı geyim vasitələrindən, biorezonans terapiyadan danışdı. Silviya dinməz oturmuşdu. Tanış olmayan kəlmələr qulaq seyvanına dəyib geri qayıdırdı: vibrasiya və rezonans effekti, amplituda-tezlik xarakteristikası, diapazon, kamerton, biofoton, kriogen işləmə və s. və il.. Sonra kimsə özünü ağıllı göstərməkçün çıxıb herslərdən, fotonun dalğa uzunluğundan, dəriyə nüfuz etmə dərinliyindən uzun-uzadı danışdı. Bir xeyli də rəqəmli faktlar qatdı nitqinə, slaydlar üzərində izah etdi. Siviya fikirləşdi, bu qədər rəqəmi necə yadda saxlamaq olar?... O heç öz telefon nömrəsini yadında saxlaya bilmir..

Natiq indi korporasiya məhsulları ilə tanış olacaqlarını qeyd edib yerinə əyləşdi. Zala iki nəfər cavan qız daxil oldu. Ciddi ofis uniformasında olan qız əlində tutduğu kiçik keysi masa üzərinə qoyub açdı. İçindən müxtəlif geyim əşyalarını çıxarıb masaya düzdü. Saçları tarım yuxarı yığılmış, kip əyninə yapışmış qara lateks kostyumlu ikinci qız geyim dəstlərini nümayiş etdirməyə başladı. Vitse prezident irəli çıxıb onlar haqda ətraflı məlumat verirdi. Bunlar sağlamlaşdırıcı geyim elementləriydi. Silviya nağıl dinləyirmiş kimi qulaq asır, “bu lap ağ oldu ki,... paltarla da müalicə olar?...” deyə düşünürdü. Vitse prezidentin sözlərindən belə çıxdı ki, bu, nanotexnoloji nailiyyətdir. Üzərinə bitki ekstraktları hopdurulmuş təbii liflər insan dərisi ilə təmasda olduqda 5-25 mkm uzunluqlu dalğalar şüalandırır, bu da orqanizmdə bir sıra dəyişikliklər törədir. Bədəni toksinlərdən təmizləyir, blokları, spazmı aradan qaldırır, kapillyarların tutulmasının qarşısını alır, qan dövranını tənzimləyir və s.

Şərhçi danışa-danışa qız da haqqında söhbət gedən geyim əşyalarını öz üzərində əyani olaraq göstərirdi. Burada nələr yox idi... papaq, gözlük, dizlik, bel kəməri, əlcək, corab, tərlik, gecə köynəyi, qadın qarnituru. Silviyaya maraq güc gəldi, bu sehrli əşyalara toxunmaq istədi. Əlini uzadıb bir cüt ağ-bozumtul rəngli qolçağa oxşar bir şey götürdü və qollarına taxdı. Ölçüsü onunku deyildi, çox yekəydi. Onları çıxarıb kiçik ölçülüsünü tapdı, yenə qoluna keçirib o tərəf-bu tərəfə fırlatdı, qəribə istilik hiss etdi. Nə rahat şeydir, görəsən nəyə lazımdır bu? Qışda soyuqdanmı saxlayacaq? Orada daha nələr var? Ah, bu girdə, yumşaq olanlar nədi belə? Bayaq gözlükdən danışırdılar, bəlkə gözlük elə budur? Bir qədər böyük olsa da yarayardı bu məqsəd üçün. Onlarla gözlərini qapatıb oturdu. Yenə o xoş istini hiss etdi. Bundan nə vaxt istifadə etmək olar, maraqlıdır? Bəlkə yatanda?... Elə bu fikirlərlə başını qaldıranda hamının ona diqqət kəsildiyini gördü. Qonaqlar pıqqıldaşır, işçilər xısınlaşırdı. Vitse prezident qızarıb pörtmüşdü, başı ilə uniformalı qıza işarə etdi. Qız Silviyaya yaxınlaşıb nəzakətlə ondakı əşyaları geri aldı, onun qoluna taxdıqlarını dizlərinə keçirtdi, “gözlük”ləri isə sinəsinə tutub durdu. Natiq şərhə davam etdi:

- Bunlar dizlikdir, artrit, damar genişlənməsi kimi problemlərdə istifadə olunur. Digərləri isə büsthalter içinə qoyulan içlikdir. Süd vəzisi xəstəlikləri üçün nəzərdə tutulmuşdur.

Natiq danışıb qurtarandan sonra zala ölü sükut çökdü. Sükutu pozmaq üçün qonaqların biri izhar etdi ki, onlar biofotonlu geyimin iş mexanizmləri, orqanizmə təsir prinsipləri haqda geniş məlumatı bilavasitə prezidentin öz dilindən eşitmək istərdilər. O biri qonaqlar da “bəli, bəli” deyib razılıqla başlarını tərpətdilər. Bu nədir? Onu, Silviyanı biabır etməkmi idi amacları?? Yerində qurcalandı, fotonun təsir mexanizmi haqda danışmağa dəvət edirdilər onu. Qətiyyən məlumatı olmayan bir şey haqda...

Ürəyində onu pis vəziyyətə qoyanın qarasına deyinə-deyinə yerindən qalxdı. Divardan asılmış tablo və cədvəllərin qarşısında danışmalı idi. Ona uzun göstərici çubuq verdilər. Yəni buyur, bu meydan... Şəkillərdən birinə yaxınlaşdı. İçində törəmələr olan çevrə təsvir olunmuşdu. Kənarlardan çoxsaylı oxlar çəkilmişdi. Oxların bəziləri çevrəyə doğru, bəziləri ondan ətrafa doğru idi. Duruxub qaldı. Nə etsin?? Çaş-baş ora-bura baxanda gözü cibinə sataşdı. Ah, rüsvayçılıq! Sağ cibi yarıya qədər cırılıb sallanmışdı. Yadına düşdü ki, neçə gündü evdə elə beləcə gəzirdi, vaxt tapa bilmirdi tikə... Cəld çubuğu sol əlinə verib sağ əlini cırığın üstünə qoydu.

Şəklə diqqətlə nəzər salıb yazıları gördü. Hər törəmənin adı üstündə yazılmışdı. Çevrə isə hüceyrənin özü idi. Bir-bir yazıları oxumağa başladı. Oxları göstərib, onları başa düşdüyü tərzdə “izah etdi”. İfrazatla qidalanmanı qarışdırdığından oturanlar pıqqıldaşdılar.

“ Aman allah, nələr baş verir? Ona bu gün nə olub?”- özlüyündə mızıldanan vitse prezident yaylıq çıxarıb geniş alnının tərini sildi. Silviya yenə nəyisə dolaşdırdığını duyub kiridi. Pərt halda zaldakıları süzəndə gözü işçilərdən birinə sataşdı. Ola bilməz! Bu o idi! “Məlun! Bura necə gəlib çıxıb?! Yoxsa ardımca düşüb? Axı mən heç özüm də bilmirəm haradayam... Mən mətbəxə gedəndə o, qonaq otağında oturmuşdu. Uff, onun əlindən torpağın altında da rahatlıq olmayacaq...”

Silviya-1-in xoş vədlərinə aldanıb ailə qurduğu, Silviya-2-nin yaxınına buraxmayıb kompaniyasında adi marketoloq kimi işlətdiyi şəxsinsə fikrindən başqa şeylər keçirdi: “Ax, idbar qadın! Hanı bəs?! Hanı həmişəki zəhmin, əzəmətin, gözəlliyin, iş vərdişlərin, deklamatorluq qabiliyyətin? Bilsən, necə xoşdur sənin belə aciz, alçalmış vəziyyətini izləmək! Nə yaxşı! Nə yaxşı ki, ölməyib bu günü gördüm. Şadam... Hələ bir bunun cırıq cıbınə, şəp-şəpilərinə bax! Bircə çatmayan əlinin çömçəsidir. Hi-hi. Əminəm ki, mətbəxdə, plitə önündəki yer sənə daha çox yaraşardı. Sən dünyaya xörək bişirib qazan qarışdırmaq, ər qulluğunda durmaqçun gəlmisən, biznes idarəçiliyi üçün yox! Mənə və mənim kimi yüzlərə göstəriş vermək üçün yox!”

Başqa dünyada ər-arvad, bu dünyada isə rəhbər-işçi münasibətində bulunanlar göz bataliyasında ikən konfrans öləziyə-öləziyə davam edirdi.

Nəhayət, Silviyanın solunda əyləşmiş şöbə müdiri – zabitəli, hündürboy qadın buxağını əsdirə-əsdirə yerindən qalxıb bu biabırçılığa son qoymaq üçün konfransı bağlamaq qərarına gəldi. Bu zaman Siviya-1-in başqa dünyadakı əri qadının kifayət qədər cəzalanmadığını özlüyündə qət etdiyindən “qisasa davam!” amacı ilə yerindən dilləndi:

- Niyə belə tələsirik? Geyimi qonaqlara göstərdik. Axı bizim kompaniyanın sağlamlığın qorunması və profilaktikası məqsədilə geniş tətbiq olunan preparatları da var. Biz onlarla çox gözəl nəticələr almışıq. Onlar haqda da danışmaq lazımdır. Onları da hörmətli qonaqlara təqdim etmək lazımdır. Təklif edirəm, prezident özü bu barədə məlumat verib yekunlaşdırsın konfransı.

Qonaqlar bu yaramazın təklifini bəyəndilər və baxışlar yenidən Silviyaya tuşlandı. Artıq neçə nəfərin dodaqları məzəli bir şeyi seyr edəcəyi önyarğısından sarkastik təbəssümlə əyilmişdi. Şöbə müdiri çarəsiz halda bayaq qızların masaya qoyduğu keysə yaxınlaşdı. Oradan bir neçə qab çıxarıb stol üzərinə düzdü. Vitse prezident əlləri ilə başını tutub oturmuşdu. Silviya yalvarıcı nəzərlərlə qadına baxırdı, qadın da eyni nəzərlərlə onu süzüb, sanki “səndən çox xahiş edirəm, barı sonunda biabır eləmə bizi” demək istəyirdi. Qadın nəfis işlənmiş, üzərində çiçək və arı şəkli olan yastı qabı Silviyaya uzatdı. Bu, arı tozcuğu idi. Silviya əlləri əsə-əsə qabı alıb açdı. Birdən gözü cırılıb sallanan sağ cibinə sataşdı. Sağ əlini cəld cırıq yerin üstünə qoyanda zərif qab o biri əlindən sürüşüb masa üzərinə düşdü. Sapsarı narın tozcuq bir anda havaya qalxıb aləmə yayıldı. Hamı asqırmağa başladı. Adamlar heç cür sakitləşə bilmir, elə hey asqırırdılar. Bu vaxt kimsə atılıb pəncərəni açdı ki, bəlkə təmiz hava asqırtını kəsə, insanlar nəfəs yollarına dolmuş bu qıcıqdan xilas olalar. Amma gözlənilən olmadı. Pəncərə açılan kimi yüzlərlə arı içəri şığıdı. Sanki onlar bayır tərəfdə durub pəncərənin açılmasını gözləyirdilər. Arılar özlərini gül tozcuğuna vurur, otaqdakıların burun-qulağını dişləməklə əylənirdilər. Silviya böyük heyrətlə olanları izləyir, sidq-ürəklə dua edib, indi öz mətbəxində, plitə qarşısında olmağı arzulayırdı. Əfsus, burada, bu yad məkanda olaylara dözmək zorundaydı. Bir an ona elə gəldi ki, bu arılar onun dünyasının arılarından fərqlənir, onlardan daha iri, daha çevik, daha diribaş idi bu arılar... və daha özgür...

... arzusu reallaşdı., ani keçid, çıqqıltı, qaranlıq və yenidən işıq.

Silviya-1 geriyə, öz mətbəxinə dönəndə elə zənn etdi ki, artıq axşam olub. Amma divar saatına baxarkən vaxtın demək olar dəyişmədiyini görəndə onun təəccübünü təsəvvür etmək çətin deyildi. Qonaq otağından gələn təhdid səsləri hələ də səngiməmişdi.

***

Mücərrəd müşahidəçinin baxışları yenidən bloknota dikilir, yazılar canlanır:

/// Multikainat termini ilk dəfə 1895-ci ildə filosof və psixoloq U.Ceyms tərəfindən təklif olunmuş, başqa müəlliflər alternativ reallıqlar, paralel dünyalar, digər postinflyasion domenlər kimi definisiyalardan da istifadə etmişlər.

~ ~ ~ ~ ~

Obyektiv reallıq nədir? Güman ki, bu reallıq real olaraq yoxdur.

Şekspir metaforası: Dünya səhnədir.

Şərq fəlsəfəsində mayya (ilğım) adlanan fenomenə görə biz reallığı onun haqda fikirlərimizlə dəyişirik. Proses saniyəbəsaniyə davam edir və bu yanılma həqiqi gerçək mənzərəni görməyə imkan vermir. Kvant mexanikası da bu fenomeni təsdiq edir. Fiziki dünya tərəfimizdən yaradılan illüziyadır. B.Rassel “çaydan” analogiyasının interpretasiyasında bildirmişdi ki, insan psixikası erkən yaşlardan ona qəbul etdiriləni doqma kimi qəbul edir. Bu baxımdan körpəlikdən hər birimizə ilğımın həqiqi model kimi təlqin olunduğu zənn edilə bilər.

İnsan hər şeyi bildiyini sanınca bir çox sirli aləmlərin qapısını öz üzünə bağlamış olur. Bu zaman bütün qəribəliklər, paradokslar, paranormal olanlar insan assosiasiyalarına tabe edilir. O, qeyri-müəyyəni müəyyənə transformə edib, naməlumu - bilmədiklərini məlumla - bildikləriylə izah etməyə çalışır.

“İnsanın təbiətin sirrlərinə tam dəqiqliklə vaqif ola bilməməsinin bir səbəbi də onun özünün açmasını axtardığı tapmacanın tərkib hissəsi olmasıdır”.

İyirminci əsrin ən böyük mistiki K.Kastaneda “görünməz olanı görmək üçün onu öz daxilinə buraxmalısan” söyləmişdi. Bunun üçün heç vaxt səngiməyən daxili dialoq susdurulmalıdır. Tonalı (qəbul olunan dünya) ifadə etmək, başa düşmək olar, Naqval (qeyb) isə dərkolunmazdır.

Kastanedaya görə şüur ətraf mühiti daha yaxşı dərk etmək üçün onu bəsitləşdirib fiziki dünya səviyyəsinə endirmiş, sonra isə bu barədə unutmuşdu.

Problem insan idrakının reallığı dərk etmə iqtidarında olduğuna əminliyimizdədir (Michio Kaku). ///

~

3. Otaqda üzbəüz dayanmışdılar. Gur işıq pəncərədən düz onun üzərinə düşdüyündən üz cizgiləri aydın görünürdü – gicgah hissədə şişib qabarmış göyümtül damarları, gərginləşib qırışmış alnı, ağzının səyriməsi. Üzü alışıb yanır, əllərisə bumbuz idi. Həyəcanlananda həmişə belə olurdu.

Heç nə eşitmirdi artıq. Nə hədənı, nə bağırtını, sakitcə dayanıb durmuşdu. Beynində dolaşan yeganə sual: “Bitirməkmi?...” Yol ayrıcındaydı.

Qovuqcuq törədi... Üçüncü alternativ reallıq – Silviya-3. Balaca bir otaqda həmin bu şəxslə qabaq-qənşər dayanmışdı. Çox sakit görünürdü. Səlahiyyətli şəxs rəsmi prosesi başa çatdırıb hökmü oxudu:

- Bu gündən sizin nikahınız etibarsız sayılır.

Silviya-3-ün qulağında sonuncu kəlmələr əks-səda verdi: etibarsız sayılır...

Otağı tərk etdilər, hərə öz yoluyla getdi, biri sağa, digəri sola.

***

Növbəti ağ yazılar:

/// “Reallıq mövcud durumla razılaşdığınız sürəcə sizdən asılı olmayaraq mövcuddur.” (“Reallığın transerfinqi”. V.Zeland)

Bu müəllif insanın paralel reallığa keçə bilməsinin mümkünlüyünü ehtimal edir.

Reallıq – fikirlərinizlə üzərində nələr təsvir edəcəyinizi gözləyən kətan parçasıdır.

Zənnimizə görə hadisələr bizim başımıza gəlir. Əksinə ola bilməsi mümkündürmü? Bəlkə biz hadisələrin başına gəlirik?... Mümkün ssenarilərdən durumumuza və ovqatımıza uyğun olanını seçməklə A.Tarkovskinin “Stalker” filmində reallıq modeli olan Sahə belə səciyyələndirilir: Biz necəyiksə, Sahə də elədir. Burada bizimlə baş verənlər öz vəziyyətimizdən asılıdır.

~ ~ ~ ~ ~

Borun Kopenhagen məktəbinin əsas postulatlarından biri:

Müşahidəyə qədər obyekt bütün mümkün vəziyyətlərdə eyni zaman kəsiyində mövcuddur. Məhz müşahidə obyektin vəziyyətini müəyyən edir. Ona baxdığımız zaman dalğa funksiyası kollaps edib obyektin hər hansı bir vəziyyətə keçməsinə imkan yaradır. Müşahidə aktı dalğa funksiyasını pozur və obyekt real olaraq qavranılma şansı qazanır.”

“Meşədəki ağac”

Meşədəki ağac eyni anda müxtəlif vəziyyətlərdədir: ildırım vurmuş, yıxılmış, odun üçün doğranılmış və adi halında. Müşahidəçi onun necə olacağını təyin edir. Yəni ağacın baxıldığı andakı vəziyyəti müşahidəçinin (ya qrupun) təməl keyfiyyətlərindən, durumundan asılıdır. (yenə Tarkovskinin Sahə xarakteristikası)

Kosmik fəzada sağ-sol, yuxarı-aşağı və digər istiqamətlər yoxdur. Tək yeganə istiqamət var – özündən. Özündən cisimlər hərəkət edirlər. (“Paralel dünyalar”. Michio Kaku)

~ ~ ~ ~ ~

Foton spinin (vektorun) istənilən göstəricisində, müxtəlif yerlərdə və vəziyyətlərdə eyni vaxtda ola bilir. Kvant superpozisiyası.

~ ~ ~ ~ ~

Tibet tantristlərinə görə hər mental akt, proses xüsusi növ enerji ayrılması ilə müşayiət olunub, fəzada müəyyən dalğalar yaradır və kainat məxluqatın ümumi fikir məhsulundan başqa bir şey deyildir.

~ ~ ~ ~ ~

Eyni reallıqda eyni məqamda iki müxtəlif məkanda olmaq fenomeni bilokasiya adlanır və cismin holoqrafik proyeksiya olduğuna şahidlik edir. ///

~

4. Yenə yolu mətbəxədir. Tələsə-tələsə çay süzməyə gedir. O, otaqda çay gözləyir.

İnside out. Yenə o məşum (?) keçid nöqtəsini adlayıb başqa reallığa düşür.

Meşənin qurtaracağındakı kötüyün üstündə oturub qarşısında açılan işıqlı talaya baxır. Arxası meşəyə, üzü talaya doğru oturmuşdu. Bir tərəfdən meşənin dərinliyindən sirayət edən nəm qoxulu kölgəlik qeyri-müəyyənliyə sövq edir, digər tərəfdən günəşli tala aydınlığa çağırırdı. Qeyri-müəyyənliyə maraq elə o vaxtdan formalaşmışdı...

Dizləri üstündə albomdan cırdığı vərəqlər və rəngli karandaşlar vardı. Günəşi çəkirdi, talanı və quşların səsini. Yaşının azlığına baxmayaraq, quşların nəğməsini çəkməyi çox gözəl bacarırdı. Rəsmlərində yırtıcı quşlar olmurdu heç vaxt, hamısı nəğməkar..

Yanaqlarına tökülmüş birçəkləri məsum çöhrəsini daha da şirinləşdirib mələklərə bənzədirdi onu. Totuq barmaqları sonuncu ştrixləri vurub şəkli dikəltdi. “Əsər”lərinin ilk seyrçisi günəş olardı. İndi də ona göstərdi çəkdiyini. Günəş öz şəklini bəyənib, şıltaqcasına göz vurdu ona, saçlarını sığalladı. Silviya-4 parlaq İstilik ilahəsinin hərarətindən qürrələnib şən qəhqəhələrlə uğunub getdi, vərəqlər və karandaşlar şehli otların üstünə səpələndi. Əyilib onları qaldırdı. Dikələndə yaxınlığında əlində quşatan tutmuş bir oğlan uşağının peyda olduğunu gördü. Oğlan çəp-çəp ona baxıb nəsə deyirdi. Silviya-4 o qədər xürrəm idi ki, onun dediklərini eşitmir ya vecinə almırdı, oğlansa inadla nəsə anlatmağa çalışırdı. Silviya-4 əlindəki karandaşla onun üstündən çarpaz xətt çəkdi. Oğlan yox oldu.

Uşaqlığa səyahət hər zaman gözəldir..

~

Çay süzüb geri dönəndə otaqda heç kəs yox idi. Ayağında onu illərdən bəri narahat edən trofik xora da yox olmuşdu.

***

Baxışlar son bir dəfə sürüşür bloknotun yazısız mətni üzərində:

/// Vaxt Borxesin “şaxələnmiş cığırlar”ından başqa bir şey deyildir.

Stephen Hawking “tarixi tarixçilər üçün saxlamaq” baxımından zaman səyahətlərinin əleyhinə idi.

Astral-mental planda keçmiş və gələcək yoxdur. Yeganə eyləmlər meydanı – indidir.

Fantast yazar Rene Barjavelin zaman maşını. Keçmişə səyahət edib babasını qətlə yetirən uşağın indisi. Paradoks.///

III. Məkan (?)

Müxtəlif şəhərlərdə yaşayan, heç vaxt görüşməyən, ünsiyyətdə olmayan, bir-birini tanımayan iki nəfər kafedə kiçik masa arxasında oturub şirin söhbət edirdilər. Söhbəti bitirib yenidən mütaliəyə girişdilər.

Avroranın qarşısındakı kitab A.Deyçin (Deutsch) “Myobius lenti” səhifəsində açılmışdı. Fantastik hekayə yeni xəttin istismara buraxılmasından sonra Boston metropoliteninin topoloji xassələrinin dəyişilməsi, bir qatarın itib, paralel reallığa düşməsi haqda idi.

Silviya qəzetdə maraqlı material tapmışdı. 1994-cü ildə, məşhur “Titanik”in batmasından 82 il sonra Şimali Atlantika sularında Titanik yazılı xulasedici kəmərə bağlanmış on aylıq qız uşağı tapılıbmış. Qız anası ilə birgə məşum gəmidə səyahət edirmiş. Alternativ reallıqda 82 illik zaman kəsiyini dəqiqələrə yaşayıb, donsa da sağ qalıb.

Sonra oxuduqlarını bir-birinə ötürdülər. Avrora başını qəzetə dikmişdi ki, birdən ayaqlarının soyuduğunu hiss etdi. Bir azdan hissiyyat itməyə başladı, ayaqları sanki ağır qaya parçalarına çevrilmişdi. Başını qaldıranda önündə əlil arabasında oturmuş Avrora-2-ni gördü, dizlərinin üstünə iri şal atılmışdı. Arabanı hərəkətə gətirib Avrora-1-ə yaxınlaşdı. Qız onun danışa bilmədiyini başa düşdü, telepatik mesajını “dinlədi”.

“Beynim hərarəti hər cür dərəcələr şkalasını aşa biləcək pıqqıldayan qızmar qurğuşun dənizi kimidir, bilirsənmi?”

- Bilirəm – dedi Avrora-1. Klonun adamı dəlib keçən baxışlarında dərindən dərin hüzn oxudu.

“Mən beləyəm ki, sən asudə hərəkət edib danışa biləsən. Mən belə olmasaydım sən də elə olmazdın. Onu da bilirsənmi?..”

Avrora-1 başını aşağı salıb dinmədi. Avrora-2 qalib görkəmlə ayrıldı ondan.

Biz azdan bədəninə qəribə süstlük çökdü, daxili çox rahat və sakit idi, duyğular itmişdi. Sağa boylananda Avrora-3-ü gördü. Stereo şəkillərdə olduğu kimi ümumi fonun bir hissəsi parlaqlaşıb qabarmışdı. O qabarmada öz siluetini tanıdı. Plazmoid. Yavaş-yavaş irəliləyirdi, şəffaf olduğundan arxasında hər şey aydınca görünürdü.

Sonra Avrora-1 ağrı hiss etməyə başladı, bədəninin hər yerində, qollarında, ayaqlarında. Sümükləri sanki ovulur, daxili parçalanırdı. Avrora-4 soldakı dekorativ sütuna söykənib durmuşdu. Sınıq-salxaq olsa da çox xoşbəxt görünürdü.

Bir qlamur xanım dikdabanını tıqqıldadaraq gəlib masa arxasında özünə yer elədi. Ayaqlarını üst-üstə aşırıb buradakıları yuxarıdan aşağı süzdü. Bu Silviya-2 idi. Sonra qətiyyətli Silviya-3 onlara qoşuldu və nəhayət, balaca, mələksima Silviya-4 möhtəşəm səkkizliyi tamamladı.

~

Mübahisə qızışırdı. Məkanı araşdırıb, ortaq məxrəc axtarırdılar. Harada olduqlarını anlamağa və anlatmağa çalışırdılar.

- Bura xəstəxana palatasıdır, bu da mənim illərlə uzandığım yataq – Avrora-2 əli ilə bir yerə işarə edib telepatik ötürmə yolu ilə anlatdı.

Avrora-3 gülüşünü güclə boğub söylədi:

- Sən nə danışırsan? Nə xəstəxana? Xəstəxanadan keçib artıq. Bura məzarlıqdır. – elə həmin yeri göstərib əlavə etdi - Bax o gördüyünüz də mənim daimi məkanım.

- Ora mənim yatağımdır. Dedim axı, illərdir ki, uzanıram.

- İllərlə? Ha-ha. İllərlə... Neçə il, de görüm.. Bəs sən heç bilirsən daimi nə deməkdir? Da-i-mi...

Avrora-4 söhbətə qoşuldu.

- Siz eynək taxmalısınız, ya da ağlınız yerindən oynayıb. Nə məzarlıq, nə xəstəxana? Bura Boz Kədərsizlər diyarıdır. İndi dostlarım gələcək, böyük, təntənəli şadyanalıq olacaq. İnauqurasiyanın davamı.

- Nə? Nəyi qeyd edəcəksiz?

- Tacqoyma mərasiminı. Mən kraliçayam axı!

- Sənsən kraliça? Bəs tacın hanı, kraliça? – hamı qarnını tutub uğundu.

Avrora-4 cibindən çıxartdığı tacın büküşlərini açdı, üzərinə üfürüb qolçağı ilə sildi, düzəldib başına qoydu.

- Di baxın! – Tac parıl-parıl parıldayırdı. – İndi dostlarım gələcək və tədbir baş tutacaq. Sizlər də qalıb iştirak edə bilərsiniz.

Klonlar yenə uğundular.

- Çox razıyıq. Amma biz snobizmlə süslənmiş bu nağılın iştirakçısına çevrilmək fikrində deyilik.

Avrora-4 üzünü Avrora-1-ə tutub soruşdu:

- Orada asdığın nədir?

- Harada?

- Orada - əli ilə qapı ağzındakı asılqanı göstərdi.

- Pencəyimdir.

- Niyə asmısan onu?

- Bura daxil olanda çıxarıb asdım. Qəribə nə var ki? Nə olub axı?

- O olub ki, başqasına aid olan bir şeylə özününkü kimi rəftar etmək düzgün deyil. Pencəyi imiş... Ha! O sənin pencəyin yox, mənim ən sevimli heyvancığazımdır. Bütün günü kürəyimə sarılıb durur. Sənsə onu qulağından asmısan, indi o zarıldayır, imdad diləyir... get çıxart onu mıxçadan.

Avrora-1 üzünü çevirib təəccüblə asılqandakı pencəyə baxdı. Çox müti görünüşü vardı, amma zarıltı-filan eşidilmirdi. Hər ehtimala qarşı pencəyi ordan götürüb dizləri üstünə qoydu.

Silviya-2 hövsələsiz halda uzun, manikürlü barmaqları ilə masanı döyəcləyib səsini qaldırdı.

- Bu nə bazardı! Nə çərənləyirsiz?! Məzarlıq nədir, palata nədir? Bura konfrans zalıdır, bir neçə dəqiqədən sonra mən nitqə başlayıram. Farağat oturun, sizə söz verəndə dillənərsiniz! Ya da zalı tərk edin, lütfən.

Silviya-3 əli ilə saçını hamarlayıb müdaxilə etdi:

- Dinmirəmsə o demək deyil ki, sizlərlə razılaşıram. Bura məhkəmə zalıdır və mən beş dəqiqə öncə azadlığıma qovuşmuşam.

Yığışanlar onu birağızdan təbrik etdilər.

Silviya-4 əlindəki qələmi onların hamısının üstündən çarpaz xətt çəkib delete etmək üçün havaya qaldırdı.

- Heç də yox, xalalar! Bura meşədir və siz də hərəniz bir ağaca söykənib durmusunuz. Tutalım, heç bir şey görmürsünüz, bəs yaxındakı taladan küləyin qovub gətirdiyi xoş gül ətrini də duymursunuz? Quşları da eşitmirsiniz?

Avrora-1 ilə Silviya-1 ikisi də eyni vaxtda əlləri ilə qulaqlarını tıxayıb qışqırdılar:

- Susun! Susun Allah xatirinə, bəsdirin! Bura siz dediklərinizin heç biri deyil! Bura kafedir və biz masa arxasında oturub kofe içirik, mütaliə edirik, söhbətləşirik. Sizlərsə burada, bu kafedə hərəniz bir yerdə dayanıb boş-boş danışırsınız.

Sonra onlar əllərini masa üzərindən bir-birinə uzatdılar. Barmaqlarını bir-birinə keçirib gözlərini yumdular. Masa ilə birgə fırlanmağa başladılar. Sürət get-gedə artırdı. Masa fırlandıqca qızların konturları daha çətin seçilirdi. Əslində bura nə kafe, nə konfrans zalı, nə meşə, nə də digər sadalananlar deyildi. Bura yüksək sürətlə maşınlar şütüyən geniş bir şosse idi. Aşağıda sürətli hərəkət, yuxarıda, yəni səma ilə isə müxtəlif tərkibli informasiya axını. Qəzalar, danışıqlar, kompensasya, kompromiss, küsüşmələr, barışıqlar, doğum, ölüm haqda məlumat və müxtəlif xəbərlər. Sonra şosse bəsitliyə uğrayıb (yolsayağı inside out) tozlu, çınqıllı yola çevrildi. At və eşşək arabası gözə dəyməyə başladı. Yolun şosse olan vaxt üstündən keçən gəlin kortejindən bir xatirə - maşının qabağındakı qızılgül səbətindən bir qırmızı tər buta yerindən qopub göydə fırlanaraq şossenin sonrakı transformasiyasında - çınqıllı yolla hərəkət edən və birini son mənzilə yola salan at arabasına düşdü.

Çınqıllı yol incəlib daralıb cığıra döndü. Klonlar iki cərgəyə bölünüb addımlayırdılar. Bir tərəfdə Avroralar, digər tərəfdə Silviyalar. Cığır daraldıqca klonlar toplanır, bir-birinə keçir, bir-biri olurdular. Nəhayət hər cərgədə bircə nəfər qaldı, kafedə görüşən birincilər. Bu zaman adların qovuşması başladı. İki ismin hecaları havada bir-biri ilə müxtəlif kombinasiyalarda birləşib rəqs edirdi. Rəqs birinci ismin ilk hərfi ilə ikincinin son hərfi qalana qədər davam etdi. Bu iki A hərfi birləşəndə onlar da qovuşub, bir nöqtəyə çevrildilər və üfüqdə yox oldular. Yox oldular ki, başlanğıca start versinlər. Hər şey A-dan başlayacaqdı..

~

Məkana sığmayan ol biməkan məkanı nedər?!

(Nəsimi)

# 5344 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #