Bizi hansı ətirlər xoşbəxt edir? – Məşhur əttar yazır...

Bizi hansı ətirlər xoşbəxt edir? – Məşhur əttar yazır...
18 may 2020
# 18:16

Kulis.az məşhur azərbaycanlı əttar Murad Məsudun "Ətirli ədəbiyyat" yazısını təqdim edir.

"120 gündən sonra İnteqralın tikintisi başa çatır. İnteqralın beynəlxalq fəzaya çıxacağı o böyük, tarixi an çox yaxındır. Min il bundan əvvəl sizin qəhrəman əcdadlarınız dünyanı zəbt edərək Vahid Dövlətin hakimiyyəti aldıtna saldılar. Sizin qarşınızda daha şərəfli fədakarlıq durur: şüşə,elektrik, odpüskürən İnteqral ilə kainatın sonsuz tənliyini bütünləşdirmək.

Sizin qarşınızda başqa plantelərdə yaşayan – ola bilsin ki, hələ də azadlığın şiddətli vəziyyətində olan – qəribə məxluqları zəkanın faydalı əsarətinə tabe etmək durur. Əgər onlar bizim onlara riyazi-səhvsiz xoşbəxtliyi gətirəcəyimizi başa düşməsələr, borcumuz onları xoşbəxtliyə məcbur etmək olacaq…

Mən, D-503 İnteqralın qurucusu – mən Vahid Dövlətin riyaziyyatçılarından yalnız biriyəm. Mənim rəqəmlərə öyrəşmiş qələmucum ahəngdar musiqilər və qafiyələr yaratmaq gücündə deyil. Mən yalnız nə gördüyümü, dəqiq şəkildə nə düşündüyümü, bizim nə düşündüyümüzü qeyd etməyə cəhd edirəm…”

***

Flanker ətirlər bəzi dəyişikliklərlə yanaşı əsasən xələfinin bir neçə atributunu özündə ehtiva edən yeni ətrə deyilir. Ya şüşəsini, ya adını, ya da qoxusuyla özündən əvvəlkinin təkrarıdır. Qısa olaraq onu deyim ki, əsasən üç növ flanker olur:

Konsentrasiyasında dəyişiklik edilən - əgər EDT-dirsə EDP olub və ya EDPdirsə EDT versiyası təqdim olunur və.s.

Notlarında dəyişiklik edilən – bu zaman ətrin ümumi DNT-si və yaxud skeleti qorunmaqla bəzi notlar əlavə edilir, ətir intensive, aquatic və.s formada yenidən təqdim edilir.

Marketinq flankeri – bu halda isə ətrin adından və qablaşdırılmasından başqa bütün tərkibi dəyişdirilir.

Sual yarana bilər ki, axı niyə marka yeni ətir deyil, köhnəsinin üzərindən bir ətri təqdim edir? Bunun bir çox cavabları ola bilər, ən əsası odur ki, marka yeni ətri təqdim, təbliğ etməyin xərclərini azaldır, köhnənin reklamından və ya şöhrətindən istifadə edərək yeni ətri satır.

***

“O hündür olmayan kresloda oturdu. Önündəki dördkünc stolda içində yaşıl zəhərə bənzəyən maye olan ətir şüşəsi və iki dənə kiçik stəkan var idi. Ağzının kənarına tüstü verən, qədimdə istifadə edilən nazik kağız çubuqlardan taxmışdı…
İ-330-un qəribə gülüşü uzun sürdü. Sonra gözlərini mənə zillədi, düz içimə baxaraq…
Birdən əllərini boynuma sarıdı; dodaqları dodaqlarıma…Yox, harasa daha dərinə, daha qorxulu…And olsun ki, bu mənim üçün tamamilə gözlənilməz oldu və bəlkə də buna görə… Edə bilməzdim - indi bunu aydın şəkildə başa düşürəm ki, sonra baş verən şeyləri mən istəyə bilməzdim,bu mümkün deyil…”

***

Hərdən elə gəlir ki, fincanımda israrla dodaq yeri qoydurduğum növbəti çayımı içərkən və ya sürətlə gedən avtomibilin pəncərəsindən əlimi çıxarıb havada elastik formada süzdürərkən və ya günəbaxan tumlarının arasından irilərini seçib çırtlayarkən, yəni barəsində sorğu sual olunmayacağmızı düşündüyüm ən dəxilsiz işləri gördüyüm bir anda qəfil ətirlərdən imtina edəcəm, yorulacam. Qorxmalı olduğum məbuda şərik qoşmagqdan ehtiyat edəcək qədər nə vaxtsa ətirlərin məni sıxacağından, həyəcanlandırmayacağından qorxuram.
İnsanı ayaqda saxlayan yeni ləzzətlər deyilmi? İnsan daima axtarışdadır, beyin müvafiq xoşbəxtlik hormonları ifraz etmək üçün başımızın ətini yeyir…Bu hər zaman belədirmi?

“Niyə? Bəs niyə bizim lələklərimiz, ya da qanadlarımız yoxdur? Çünkü qanadlar artıq lazım deyil… Qanadlar uçmaq üçündür, bizim isə uçmağa yerimiz yoxdur, biz artıq uçacağmız yerə qonmuşuq, tapacağmızı tapmışıq...”

Sənin pərvazın, sənin şövqün, sənin ətrə qatdığın həyəcanın heç kimə gərək deyil. Ruhunu özünə saxla. Əlavə qanada, ruha ehtiyac yoxdur. Onları ekstripasiya etməlisən. Artıq bir fikir formalaşdırılıb, ya o qaydalarla oynayacaqsan ya da…

Bir məsələ də var, sən qaydalarla oynasan da, onlar qədər sevilməyəcəksən. Ətrin nə qədər fərqli olacaqsa, bir o qədər diqqətdən kənarda qalacaq, nə qədər onlara bənzətsən də, onlar qədər tanınmadığın üçün yenə də kənarda qalacaqsan. Bu bir növ özünü başqa qövmə bənzədən, öz kimliyinə, fərdiliyinə, toplumuna acıqlı olan, var gücü ilə onlardan qopan, amma yekunda özünü zorla aid etdiyi toplum tərəfindən də qəbul edilməyən kimsənin halıdır. Ortalıqda kimliksiz, sərgərdan bir növ fəzada oksigen balonlarında hava tükənənə qədər rahat, sakit formada süzülən kosmonavtın halı…

Çox güman ki, bu səbəbdən dolayı bugünə kimi bütün qaydaları kənara atan, öz prinsipləri ilə davranan növbəti iki məşhur ətir markası da ard-arda öz flankerlərini təqdim etdilər. Qədim ənənəyə, böyük büdcəyə, bütün dünyada sevildiklərnə baxmayaraq, onlar da “qapaqlarını çıxarıb havaya atdılar”.

Böyük bir tribunada ümumi sifətlərin içində ilk baxışda yalnız öz tandıqlarımızın üzünü seçə bilirik. Ətrin içində olan notları da o halda tanıyırıq ki, o qoxunu mövcud şüşənin fövqündə də nə vaxtsa duymuşuq.

Ümumilikdə isə bütöv bir kompozisiya hansısa ətri bizə xatırlatdıqda bizi daha çox xoşbəxt edir. Axı suallar bizi yorur, naməlumluq bizi narahat edir. Gündüzlər cavabını yerində verə bilmədiymiz mübahisələr gecələr bizi rahat yatmağa qoymur, yuxuya getməzdən öncə bir neçə ssenari yazır, rəqibimizi öz xəyalımızda susdurur, cəzalandırır sonra yatırıq. Məchullar komfortumuza qayçıdır - kəsir, doğrayr. O üzdən də ətirlərin bir birini təkrar etməsi onların yarıtmazlığından irəli gəlmir. Onlar fərqinə varıblar ki, tanış, bənzər ətirlər bizə daha doğma olur, bizi daha çox sevindirir.

Bənzər ətirlər dediklərimiz də zatən bir-birinə rəqib markalar deyil. Bugün ən məşhur markaların çoxu LVMH transmilli şirkəti adı altında birləşib. Bizim zövqümüz, günün trendi, ətir anlayışı bir nöqtədən formalaşdırılır.Yəni bir növ ətirlərin çoxu başqa marka adı ilə, başqa şüşələrdə, əslində isə bir-birinin flankeridirlər. Siz yerli parfümer olaraq ətrilərinizin sevilməsini istəyirsizsə, mütləq avropalı burunların altından keçərək məmləkətə dönməlisiz, sizin ətirləriniz sonradan işə yemək aparacağınız “şöhrətli paket”lər bəxş edən yerli mağazalar şəbəkəsində satıldıqda daha çox bəyənilmək şansı qazanır.

***

“Növbəti gün mən, D-503 havadarın hüzuruna getdim və xoşbəxtlik düşmənləri barədə mənə məlum olan hər şeyi ona danışdım. Görəsən niyə əvvəllər bunu etmək mənə çətin gəlirdi? Anlamıram. Bunun yeganə izahı var: əvvəlki xəstəliyim – ruh”.

Gallery

# 4410 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #